Məhkəmə qərarları › İş №2(103)-7460/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7460/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7460/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X6, Cavabdeh1 nümayəndəsi və vəkilləri Vəkil2ovun, X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(001)-3983/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 112151.73 avro məbləğində pulun ödənişinin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12144.73 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi verilən zaman iddiaçı olan İddiaçı1 sonradan təşkilati –hüquqi formasının dəyişməsi ilə yenidən təşkil edilmiş və onun hüquqi varisi “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbi baxımından həmin tərəfi hüquqi varisi ilə əvəz etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(001)-3983/2021 nömrəli qərardadı ilə “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin(əvvəlki adı ilə İddiaçı1) Cavabdeh1 qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbinə cavabdehdən vurulmuş ziyana görə 77652 avro, mənəvi ziyana görə 10000 manat, məhkəmə xərclərinə görə 519,8 manat pul vəsaitinin cavabdehdən reqres qaydasında tutulması hissəsində icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(001)-3983/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 34499.73(otuz dörd min dörd yüz doxsan doqquz avro, yetmiş üç sent) avro Mərkəzi Bankın 23.04.2019-cu il üçün müəyyən etmiş olduğu məzənnəyə uyğun olaraq manatla və 1624.93(bir min altı yüz iyirmi dörd manat, yetmiş üç qəpik)manat tutularaq iddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə(əvvəlki adı ilə İddiaçı1) ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 944/2018 saylı, 07.02.2018-ci il tarixli qətnaməsinin mövcudluğu və həmin qətnamədə cavabdehin vaxtilə calışdığı İddiaçı1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia tələbi ilə dəymiş zərərin əvəzi olaraq 34499,73 (otuz dörd min dörd yüz doxsan doqquz Avro yetmiş üç sent) Avro alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624,93 (min altı yüz iyirmi dörd manat doxsan üç qəpik) manat cavabdeh İddiaçı1ndən iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə həkim olaraq adı keçən Cavabdeh1 prosesə cəlb edilməmiş , məhkəməyə dəvət olunmamış, qətnamə onun maraqlarına toxunduğu halda iştirakı təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, 07.02.2018-ci il tarixli qətnaməsi ilə tanışlıq zamanıİddiaçı1 özünün də məhkəmə baxışında xəbərdar olmasına baxmayaraq iştirak etməməsi Cavabdeh1 qarşı reqress tələbini istisna etməlidir. 2.İddia tələbindən də göründüyü kimi Cavabdeh1 və İddiaçı1 arasında əmək müqaviləsi mövcud olmuşdur. ƏM-in 198-ci maddəsi işçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti müəyyən edərək göstərmişdir ki, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Tərəflərin tam maddi məsuliyyət barəsində razılaşmaya dair iddiaçı hec bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2ov apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, 07.02.2018-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmadığına görə Ali Məhkəmənin sədrinə cavabdeh müraciət etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 da apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hal-hazırda tərəflər arasında barışıq yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən müəyyən etmişdir ki, 1) iddiaçı tibb klinikası olmaqla tibbi xidmətlər göstərən müəssisə, cavabdeh isə ilk dəfə 02.03.2005- 01.12.2009-cu illər ərzində İddiaçı1ndə(Leyla Şıxlinskaya klinikası) həkim vəzifəsində işləmişdir. 2) X5 adlı şəxs həkim Cavabdeh1 hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdeh İddiaçı1ndən tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və 05 mart 2009-cu il tarixli, 2(011)-209/09 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qətnamədən verilmiş şikayətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 04.05.2010-cu il tarixli, 2(103)-1605/10 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi 05 mart 2009-cu il tarixli, 2(011)-209/09 saylı qətnaməsi İddiaçı1ndən 77652 avro məbləğində pulun ödənişin icra edildiyi gün üçün müəyyən edilmiş məzənnə üzrə manatla və 519.8 manat məhkəmə xərclərinin tutularaq M.Hüseynovaya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin icra vərəqəsi 27 iyul 2011-ci il tarixli inkasso sərəncamı ilə icra edilmiş və 77652 avro və 9971.65 manat İddiaçı1ndən tutulmuşdur. Bundan sonra 13.01.2012-ci ildə İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 106833.62 manat İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli,2(001)-1893/2012 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı1nə 40000 manat məbləğində pul vəsaitini ödədikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsinə əsasən reqres qaydasında pul tələbinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair Cavabdeh1 qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini və iddiasından imtina edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən 40000 manat pul vəsaiti İddiaçı1nə mədaxil edilmişdir və bununla bağlı 01 avqust 2012ci ildə DAZ N 080641 nömrəli kassa mədaxil orderinin qəbzi vardır. 3) İddiaçı Hüseyn qızının cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və İddiaçı1nə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(006)- 79/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh İddiaçı1ndən dəymiş zərərin əvəzi hesabına 113753.9 avro icra vaxtı manata olan məzənnə ilə iddiaçı X2 xeyrinə tutulmuşdur. Həmin qətnamədən verilən şikayətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, 07.02.2018-ci il tarixli qətnaməsi qəbul edilmiş və cavabdeh İddiaçı1ndən 34499.73 avro alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624.93 manat tutularaq İddiaçı X4 ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və 02.09.2019-cu iltarixdə icra məmurunun inkasso sərəncamı ilə İddiaçı1ndən 34499.73 avro Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla və 1624.93 manat pul vəsaiti tutulmuşdur. Göründüyü kimi hazırki mübahisədə iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə ilə bağlı tərəflər arasında barışıq olmuş və iş üzrə icraata xitam verilmişdir, ikinci hissə isə 02.09.2019-cu il tarixdə icra məmurunun inkasso sərəncamı ilə İddiaçı1ndən tutulmuş 34499.73 avro Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatın və 1624.93 manatın reqres qaydasında Cavabdeh1 tutulmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı icraata xitam vermişdir. Odur ki, məhkəmə hazırki iddia ərizəsinə yalnız 34499.73 avronun Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla və 1624.93 manatın reqres qaydasında Cavabdeh1 tutulması hissəsində hüquqi qiymət vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını deliktdən irəli gələn öhdəlik münasibətləri təşkil edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin hallarından göründüyü kimi yuxarıda qeyd olunan məhkəmə qətnamələri əsasında Cavabdeh1 təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində üçüncü şəxsə zərər vurduğu müəyyən edilmişdir. Həmin məhkəmə qətnamələri preyudisial əhəmiyyət daşıyır. Bu baxımdan cavabdehin təqsirinin dərəcəsi və.s hallar hazırki mübahisədə araşdırılmamışdır. Üçüncü şəxsə vurulmuş zərər işəgötürən tərəfindən ödənilmişdir və hazırda təqsirkar şəxsdən reqres qaydasında tələb edilir. Məhkəmə hesab edir ki, iddiaçının reqres qaydasında tələb hüququ əsaslı olsa da, lakin tələb olunan məbləğ Mülki Məcəllənin 114.1-ci maddəsinə uyğun hesablanmamışdır. Belə ki, həmin normada qeyd olunmuşdur ki, vurulmuş zərəri ödəmiş şəxsin ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ vardır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçı hazırki tələbində 34499.73 avro məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tələb etsə də, həmin məbləğ artıq 2019-cu ilin 23 aprelində inkasso sərəncamı ilə icra edildiyindən, cavabdehdən tutulmalı olan 34499.73 avro məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.2019-cu il üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənilməlidir. Bundan başqa məhkəmə cavabdehin iddiaçı ilə əmək münasibətlərində olduğu üçün əmək haqqı miqdarında maddi məsuliyyət daşıması ilə bağlı etirazına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 198-ci maddəsinə əsasən Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Sadalanan normalardan göründüyü kimi əmək qanunvericiliyi işçinin işəgötürənə, işəgötürənin işçiyə vurduğu zərərə görə maddi məsuliyyət məsələsini həll etmişdir. Lakin hazırki mübahisə işçinin üçüncü şəxsə vurduğu ziyanla bağlı olmaqla, üçüncü şəxsin tələbi ilə işəgötürəndən tutulan məbləğin işçidən reqres qaydasında alınması ilə bağlıdır. Odur ki, hazırki məsələyə əmək qanunvericiliyinin normaları deyil, mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Bundan başqa cavabdehin nümayəndəsinin yuxarıda qeyd edilən məhkəmə icraatı zamanı cavabdehin prosesə cəlb edilməmiş olması və iddiaçının apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq kassasiya şikayəti verməməsi barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır(MPM 15.2). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, 07.02.2018-ci il tarixli qətnaməsi dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktıdır. Həmin işdə hər hansı bir pozuntunun olması, o cümlədən cavabdehin həmin işdə iştirak etməyə cəlb edilməməsi həqiqi olsa belə onlar bu işin icraatı zamanı təkrar yoxlanıla və bununla bağlı hansısa qərar qəbul edilə bilməz. Eyni zamanda cavabdehin nümayəndəsinin və vəkilinin apellyasiya baxışı zamanı verdiyi məlumatdan da bəlli oldu ki, artıq həmin qətnamə ilə bağlı cavabdeh işdə iştirak etməyə cəlb olunmadığına görə Ali Məhkəmənin sədrinə də müraciət etmş, lakin müraciət təmin olunmamışdır. Demək, hazırki iş üzrə həmin işdə baş verənlərlə bağlı hər hansı bir dəlil gətirməyin yaxud fmkmr söyləməyin də işin nəticəsinə təsir edən heç bir əhəmiyyəti olmayacaqdır. İkincisi, apellyasiya şikayətinin ikinci dəlili olan Əmək Məcəlləsinin 198-ci maddəsi ilə bağlı qeyd olunmalıdır ki, həmin normanın məzmunundan açıq-aşkar aydın olur ki, bu maddə işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti nəzərdə tutur. Hazırki işdə isə iddiaçı cavabdehdən vurulmuş zərəri işəgötürən kimi bilavasitə ona vurduğu zərərin əvəzi kimi tələb etmir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən üçüncü şəxsə vurulan zərərə görə ödədiyi əvəz miqdarında geriyə reqres qaydada tələb edir. Həmin maddədə olan “ əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə” müddəası isə bu cür tələblər üzrə heç də qanunla ayrı miqdarın Əmək Məcəlləsinin 198-ci maddəsində nəzərdə tutuulduğuna dəlalət etmir. Əks halda üçüncü şəxslərə vurulan külli miqdarda ziyana görə işçinin mülki məsuliyyətinin yalnız bir aylıq orta əmək haqqı məbləğində məhdudlaşması mülki dövriyyəninin iştirakçılarını, sahibkarlıq subyektlərini iflic vəziyyətə salar, intizamsızlıq və məsuliyyətsizlik baş alıb gedər ki, bu da yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(001)- 3983/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar