Məhkəmə qərarları › İş №2(103)-7461/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7461/2021

06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7461/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı sosial yığımın geri ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı sosial yığımın geri ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4082/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Daha sonra iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadından şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı şikayət ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. İlk növbədə qeyd edilməlidir ki, iş materiallarında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4082/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qərardadının olması müəyyən edilmir. İş materillarında olan qərardad 20 aprel 2021-ci il tarixlidir. Bundan başqa, İddiaçı şikayətinin nəticə hissəsi bu şəkildə ifadə edilmişdir: “Mənim olan və mənim Mülkiyyətimə aid olan Sosyal yığımımın Cavabdehin isdifadəsində qaldıqı müddətdə indiki Azm-in qüvvəsində dəyərin bərpasını və bu müddət ərzində bank faizi uçot dərəcəsinə münasibətdə qazanc meyyarıda hesablanaraq tam şəkildə Cavabdehdən alınaraq mənə geri ödənilməsi barədə İddiamın Mülkü Məhkəmədə baxılması təmin edilsin və ya Apelyasiya Məhkəməsində bir başa baxılaraq mülkiyyətimin kompensaiyalı şəkildə geri ödənilməsi təmin edilməsi barədə Qətnamə qəbul edilsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı apellyasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar