Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7465/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-2869/18) iddia təmin olunaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli AL-1842 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş və Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli AL-1842 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixə yaranmış 1068,93 manat əsas borc, 462,34 manat mükafat borcu və 290,47 manat dəbbə borcu, həmçinin vurulmuş ziyanın əvəzi kimi 1874 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3725,74 manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AL-1842 saylı «Daxili lizinq» müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2011-ci il buraxılışlı «Daewoo Matiz» markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil 6500 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahibilk və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh ililk 21% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 244,79 manat, ümumilikdə isə 8812,43 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür, cavabdehin müvəqqəti istifadəsinə verilmiş avtomobil xx.xx.2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti dayanacağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1874 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən sonuncu lizinq ödənişi xx xxxx 2016-cı il tarixdə 800 manat məbləğində olmuşdur. Daxili İizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli AL- 1842 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2016-cı il tarixə 1068,93 manat əsas, 462,34 manat mükafat və həmin günə hesablanmış 290,47 manat dəbbə pulu, 1874 manat dəymiş zərər, ümumilikdə 3695,74 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobili lizinqə aldığı vaxtdan borcunu vaxtlı-vaxtında ödəmiş, 2016-cı ildə həmin avtomobillə qəza törədəndən sonra İddiaçı ASC-yə və banka müraciət etmiş, ona bildirmişlər ki, avtomobil sığorta pulu ilə təmir edilib ona qaytarılcaqdır. O, həmin avtomobili xx.xx.2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirmişdir. Bir müddət sonra iddiaçıya yaxınlaşıb avtomobilin nə vəziyyətdə olmasını soruşmuş, ona məlumat vermişlər ki, avtomobil hal-hazırda təmirdədir və tam təmir olunandan sonra ona məlumat veriləcək. O, həmin avtomobili yararsız vəziyyətdə satmağı və borcun ödənilməsini xahiş etmiş və iddiaçı onunla razılaşmışdır. Bir müddət keçəndən sonra Səbail rayon icra və probasiya şöbəsindən ona zəng edilərək borcu olduğu bildirilmişdir. Səbail Rayon məhkəməsi tərəfindən ona nə zəng, nə də ki məhkəmə bildirişi gəlməmişdir. Ondan tələb edilən avtomobilin pulu və avtomobil bank tərəfindən başqa adama satılmışdır. Hal-hazırda həmin avtomobil başqa şəxsin sahibliyindədir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və eyni zamanda qeyd etdi ki, onun hazırda tələb olunan borc məbləğini ödəməyə maddi imkanı yoxdur. İddiaçının nümayəndəsi H.Hüseynov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, xx.xx.2014-cü il tarixdə iddiaçı ilə lizinq alan Cavabdeh arasında «Daewoo Matiz» markalı ** AF *** dövlət nömrə nişanlı avtomaşınla bağlı AL- 1842 saylı X4 müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 21% hesablanmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 6500 manat təşkil etmişdir. xx.xx.2014cü il tarixli təhvil-təslim aktına əsasən lizinq oybekti - «Daewoo Matiz» markalı avtomaşın Cavabdeh təhvil verilmişdir. Avtomaşın üzərində mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Cavabdeh xx.xx.2016-cı il tarixdə avtomobili istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti dayanacağına yerləşdirmişdir. «Servis Mərkəzi» tərəfindən verilmiş qüsur aktına əsasən avtomaşına dəyən ziyanın aradan qaldırılması üçün 1874 manat tələb olunur. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli. AL-1842 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1068,93 manat əsas, 462,34 manat faiz, 290,47 manat, cərimə, cəmi 1821,74 manat borcu vardır. İddiaçı hazırkı işdə müqavilə ləğv olunmaqla həmin borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman müəyyən etmişdir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun 1068,93 manat əsas, 462,34 manat mükafat və həmin günə hesablanmış 290,47 manat dəbbə borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, lizinq verən müqavilənən ləğv edilməsi və öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21,2, 21.3, 442, 462.1, 747, 748-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apelyasiya şikayətində göstərilən halları təsdiq edən heç bir sübut təqdim olunmadığından apelyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Ümumiyyətlə, apelyasiya şikayətində göstərilmiş halların nə lizinq müqaviləsi, nə də də ondan irəli gələn öhdəliklərlə heç bir əlaqəsi mövcud deyildir. Apelyasiya şikayətinin dəlillərindən biri məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə məlumat verilməməsi barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişləri cavabdehin işdə olan yeganə ünvanına qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, lakin həmin bildirişlər “bu ünvanda yaşamır”, “ünvan düz deyil” qeydləri ilə geri qaytarılmışdır. Cavabdehin başqa ünvanı barədə məlumat işə baxan məhkəməyə təqdim edilməmişdir. Ona görə də işə baxan məhkəmə prosessual qaydalara əməl edərək məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişləri məhz cavabdehin məhkəməyə məlum olan yeganə yaşayış yerinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş mahiyyəti üzrə düzgün həll edildiyindən apelyasiya şikayətinin bu dəlili formal mülahizə xarakteri daşıyır və MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas vermir. Məhkəmə kollegiyası apelyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi hesabdan çıxarışda olan məlumatlarla cavabdehin təqdim etdiyi ödəmə qəbzlərindəki məlumatları tərəflərin iştirakı ilə tutuşdurdu və həmin sənədlərin üzləşdirilməsi (müqayisəsi) nəticəsində cavabdehdən tələb olunan borc və ziyan məbləğinin həqiqətə uyğun olduğunu müəyyən etdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7465/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7465/2020
07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver