Məhkəmə qərarları › İş №2(103)-7482/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7482/2021

18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7482/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Bakı şəhəri Cavabdehna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdehna qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxs qismində göstərdiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluğun böyük müstəntiqi Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan sabiq rayon prokuroru Yusif İldırımzadənin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş qanunsuz hərəkətləri nəticəsində əsassız həbsdə qalmasına görə vurulmuş 598 980 manat maddi ziyanın və 1 000 000 manat mənəvi ziyanın əvəzinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə cavabdehin hesabından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, barəsində istintaq olunmuş ********** saylı cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarlarından kassasiya instansiya məhkəməsinə verdiyi kassasiya şikayətləri, kassasiya instansiya məhkəməsinin qərarlarından Ali Məhkəmənin Plenumuna verdiyi əlavə kassasiya şikayətləri Ali Məhkəmənin “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçiləri Ayan Bəşirzadə, Vəsilə Əsədova, Nazilə Məmmədzadə və Aynur Behbudova tərəfindən hər dəfə məktubla geri qaytarılmış, bununla həmin şəxslər tərəfindən CM-nin 309 və 310-cu maddələrinin dizpozisiyasında nəzərdə tutulan cinayət əməlləri törədilmiş, bu səbəblə törədilmiş cinayət haqqında ərazi aidiyyəti üzrə Xətai rayon porkurorluğuna müraciət etmiş, müraciəti araşdırılması üçün prokurorluğunun böyük müstəntiqi Məhərrəm Əzizbəyovun icraatına verilmiş, lakin müstəntiq üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Bundan əlavə, Ali Məhkəmənin “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçiləri tərəfindən verdiyi şikayətlərin icraata yönəldilməsinin qarşısının alınmasına görə 941 vərəqdən ibarət materialı müvafiq qeydlər aparıldıqdan sonra Ali Məhkəmənin Plenumuna göndərilməsi məqsədilə 06.09.2018-ci il tarixdə Xətai rayon prokuroru Y. İİdırımzadəyə göndərmiş, material yenidən X2 icraatına verilmiş, onun tərəfindən müvafiq prosessual hərəkətlər icra olunmadan, materiallar 2 il hərəkətsiz saxlanılmışdır. Nəticədə, 2018-ci ildən etibarən əsassız həbsdə qalmaqla ona xüsusilə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. X1suz hərəkətləri ilə bağlı müvafiq orqanlara çoxsaylı müraciətlər ünvanlayaraq tədbir görülməsini xahiş etmiş, Bakı şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov tərəfindən Xətai rayon prokuroru Y. İİdırımzadəyə sorğu göndərilərək ona cavab verilməsi xahiş olunmuş, Xətai rayon prokuroru Y. İİdırımzadə üzərinə düşən vəzifəsinin icrasından yayınmış və hərəkətsizlik nümayiş etdirmişdir. Xətai rayon prokuroru Yusif İldırımzadənin və X2 hərəkətlərindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin 04.06.2020-ci il tarixli qərarı ilə şikayəti təmin edilərək, onun cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması barədə məlumatına münasibətdə Cavabdeh böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş sabiq Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinin Azərbaycan Respublikası CPM-in 207, 209-210 və 212-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilməsi və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əsassız həbsdə qalmış, Ağsu rayonunun Xasıdərə kəndində olan fərdi yaşayış evinin təsərrüfat sahəsində olan iri və xırda buynuzlu mal-qaranın itməsi ilə əlaqədar mülkiyyətindən, həmçinin, verdiyi şikayətlərə mahiyyəti üzrə baxılmaması səbəbindən hazırkı dövrədək həbsdə qalaraq azadlıq hüququndan məhrum olmuşdur. Bundan başqa, uzun illər istifadəsində olmuş “Teliba” istirahət mərkəzinin ərazisində törədilmiş cinayətlərlə bağlı mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara külli miqdarda maddi ziyan vurulmuş, maddi ziyanla yanaşı psixoloji sarsıntılar və mənəvi iztirablar keçirmişdir. Ali Məhkəmənin “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçilərinin, Xətai rayon prokuroru Yusif İldırımzadənin və X1suz hərəkətləri nəticəsində verdiyi şikayətlərə baxılma müddətləri buraxılmış, nəticədə mübahisənin məhkəmə araşdırılması təmin olunmamış və əsassız həbsdə qalmaqla mülkyyətindən, fiziki və mənəvi sağlamlığından məhrum olunmuş, işgüzar nüfuzu ləkələnmişdir. “Teliba” istirahət mərkəzinin fəaliyyəti nəticəsində hər il 250 000 manat gəlir əldə etmişdir və beləliklə də əldən çıxmış fayda qismində ona 500 000 manat ziyan vurulmuşdur. İstirahət mərkəzinin ərazisində törədilmiş cinayətlərlə bağlı 8980 manat ziyana məruz qalmış, 367 baş xırda və 24 baş iri buynuzlu mal-qarasının itməsi nəticəsində 90 000 manat ziyan çəkmişdir. Vurulmuş ziyanın könüllü ödənilməsi ilə bağlı Maliyyə Nazirliyinə və Cavabdehna pretenziya ünvanlasa da, ödəniş təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddia tələblərinin təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, obyektiv və hərtərəfli araşdırma aparmadığını, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etmədiyini, mübahisənin həllinə açıq-aşkar qərəzli yanaşdığını irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Bakı şəhəri Cavabdeh, habelə iddiaçının üçüncü şəxs qismində göstərdiyi Maliyyə Nazirliyinin nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçının, barəsində istintaq olunmuş ********** saylı cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22.02.2018-ci il tarixli ilkin baxış iclasının qərarından verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 07 mart 2018-ci il tarixli qərarı ilə baxılmamış saxlanılmış, bununla bağlı onun Ali Məhkəməyə ünvanladığı müraciətlərə Ali Məhkəmənin “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçiləri Ayan Bəşirzadə, Vəsilə Əsədova, Nazilə Məmmədzadə və Aynur Behbudova tərəfindən müxtəlif tarixlərdə məktublarla cavab verilmiş və şikayətinin baxılmamış saxlanıldığı diqqətinə çatdırılmış, adı çəkilən əməkdaşların hərəkətlərində Cinayət Məcəlləsinin 309-cu və 310-cu maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin olduğunu hesab edən iddiaçı onların barəsində cinayət işinin başlanması üçün Bakı şəhəri Xətai rayon porkurorluğuna müraciət etmiş, həmin müraciətə prokurorluğun müstəntiqi M. Əzizbəyov tərəfindən 17.08.2018-ci il tarixdə məktubla cavab verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2018-ci il tarixli qərarından şikayət vermək hüququnun olması ona izah edilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun qeyri-prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif ildırımzadənin və Bakı şəhəri prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Tariyel Qurbanovun hərəkətlərınin qanuna uyğunluğunun yoxlanılmasını, hərəkətlərindən şikayət olunan hər üç prosessual şəxsin barəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı CPM-nin 451.3.2-ci maddəsinin tələbinin icra olunmasını, Ali Məhkəmənin “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçilərinin cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsini, vurulmuş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilərək İddiaçı cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması barədə məlumatına münasibətdə Cavabdeh böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş sabiq Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinin Azərbaycan Respublikası CPM-in 207, 209-210 və 212-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilməsi və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Xətai Rayon Məhkəməsinin həmin qərarından sonra Cavabdeh müstəntiqi N.Nağıyev “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08.07.2020-ci il tarixli qərar qəbul etmiş, qərarda Azərbaycan Respublikasının Ali Məhkəmə Aparatının “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçilərinin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinin (vəzifə səlahiyyətlərini aşma) və 310-cu maddəsinin dispozisiyalarında (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) göstərilən əlamətlərin müəyyən edilmədiyi, məhkəmənin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı İddiaçı müraciətində göstərdiyi xüsusatların öz təsdiqini tapmadığı vurğulanmışdır. İş materiallarından aydın olur ki, Cavabdeh müstəntiqi N.Nağıyevin həmin qərarından İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. İddiaçı məhz işin yuxarıda göstərilən müəyyən olunmuş hallarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi isə onun, Bakı şəhəri Cavabdeh böyük müstəntiqi Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən sabiq rayon prokuroru Yusif İldırımzadənin qanunsuz hərəkətləri nəticəsində əsassız həbsdə qalmasının, nəticədə ona ziyanın vurulduğunun müəyyən olunmadığını, eləcə də barəsində bəraətverici hökmün və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmadığını vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 68-ci maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18.02.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü hal, yəni törədilmiş cinayət haqqında etdiyi müraciətə vaxtında və lazımi qaydada baxılmaması nəticəsində 2018-ci ildən etibarən əsassız həbsdə qalmaqla külli miqdarda maddi və mənəvi ziyana məruz qalmış olması müəyyən edilmədiyi kimi, ümumiyyətlə iddia tələbinə münasibətdə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun dispozitiv şərtləri də mövcud olmamışdır. Çünkü işin hallarından görünür ki, İddiaçı həbsdə saxlanılması onun sözügedən müraciətinə baxılıb-baxılmaması ilə əlaqədar olmamış, həmçinin o, adı çəkilən Qanunun 4-cü maddəsində göstərildiyi kimi, ziyan tələb etmək statusu əldə etməmişdir (bəraət almamış, yaxud barəsindəki cinayət icraatına xitam verilməmişdir). Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin qanuni əsasını təşkil edən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində əsassız cinayət təqibi həyata keçirilmişdirsə həmin şəxsə vurulmuş ziyan ödənilməlidir – bununla belə, həmin ziyana görə məsuliyyəti dövlət daşıyır; iddiaçı isə iddia tələbini bu tələbə cavab verməli olmayan Bakı şəhər Cavabdehna yönəltmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Bakı şəhər Cavabdeh isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6120/2020 saylı iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar