Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7487/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X1, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-2239/2019 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4 Mərkəzi” MMC-nin hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli, Y-905 nömrəli protokolun və onun əsasında imzalanmış xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh3 ASC-nin Qazax filialı ilə xx.xx.2017-ci il tarixdə “xxxx” MMC arasında kredit müqaviləsi bağlanaraq 30.000 manat məbləğində təmir tikinti işlərinin aparılması məqsədi ilə 18 ay müddətinə illik faiz dərəcəsi 26 faiz olmaq şərti ilə kredit vermişdir. Həmin kreditin təminatı kimi X9 məxsus Qazax rayonu, Qaraqapaq kəndində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 148,7 kv.m yaşayış, 109,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü elan edilmişdir. Borclu bank qarşısındakı öhdəliklərini tam icra etmədiyindən bank iddia tələbi ilə Qazax rayon Məhkəməsinə müraciət etmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qiyabi qətnamə ilə iddiaçının iddia tələbi əsassız olsa da təmin edilmişdir. Bundan sonra qiyabi qətnamədən xəbər tutumuş və onun ləğvinə dair ərizə ilə Qazax rayon Məhkəməsinə müraciət etmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)- 125/2014 saylı qərardadı ilə Qazax rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(023)-199/2011 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki işə yenidən baxılmışdır. Məhkəmə ədalətli qərar çıxararaq bankın iddia tələbini qismən əsaslı hesab edərək qismən təmin etmiş və qət etmişdir ki, “xxxx” MMC-dən X6 ümumilikdə 28.203,39 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh3 ASC-yə ödənilsin və tələb X9 məxsus Qazax rayonu, Qaraqapaq kəndində yerləşən evinə yönəldilsin. xx.xx.2011-ci il tarixli qiyabi qətnamədən xəbər tutan kimi banka olan borcun ödənilməsinə başlanılmış və 2013-cü ilin dekabr ayından başlayaraq 2015-ci ilin mart ayına kimi banka olan borcdan 16.651 manat ödənmişdir. Həmin ödənişlər edildiyi müddətdə banka olan borca görə evin satıldığını və borcun olmadığına görə ödəniş edilməsinə ehtiyac olmadığı heç bir şəxs bildirməmişdir. xx.xx.2014-cü il tarixdə X16 vəfat etmişdir. İddiaçılar onun ailə üzvü kimi həmişə ipoteka yüklü evdə yaşamışlar. 2007-ci ildən 2015-ci ilədək heç kim banka borcun ödənilməməsi səbəbi ilə evin hərracda satılacağını bildirməmişdir. Hərracın keçirilməsi və evin satılması haqqında məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Mübarizə İdarəsindən prokurorluğa dəvət ediləndən sonra, yəni xx.xx.2019-cu il tarixdən sonra məlumat verilmişdir. Hərrac protokolunun surəti də onlar tərəfindən iddiaçılara təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-2239/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, “X4 Mərkəzi” MMC-nin xx.xx.2012-ci il tarixli, № Y-905 nömrəli hərracın yekunları barədə protokol və onun əsasında imzalanmış eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-2239/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, həmin mülki iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Qazax rayon Məhkəməsinin 2(023)-199/2011 saylı, xx.xx.2011-ci il tarixli qiyabi qətnaməsinə əsasən, cavabdehlər “xxxx” MMC və X6 cəmi 47686 manat Cavabdeh3 ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma X9 məxsus olan Qazax rayonunun Qarapapaq kəndində yerləşən yaşayış evinə yönəlməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Qazax rayon İcra qrupunun sifarişi əsasında keçirilmiş hərraclarda alıcı olmadığı üçün “X4 Mərkəzi” MMC-nin Y-905 nömrəli, xx.xx.2012-ci il tarixli Hərracın yekunları barədə protokola əsasən, əmlak 44625 manata Cavabdeh3 ASC tərəfindən əldə edilmişdir. Məhkəmə bütün sübutları araşdırmamış, qiyabi qətnamənin, hərrac bildirişlərinin X9 məxsus olan Qazax rayonunun Qarapapaq kəndində yerləşən yaşayış evinə poçt vasitəsiylə çatdırılmasını araşdırmamış, yalnız iddiaçının verdiyi izahata əsasən qətnamə qəbul etmiş və qətnamədə səhv nəticəyə gəlmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq, Qazax rayon İcra qrupunun sifarişi əsasında keçirilmiş hərraclarda alıcı olmadığı üçün “X4 Mərkəzi” MMC-nin Y-905 nömrəli, xx.xx.2012-ci il tarixli Hərracın yekunları barədə protokola əsasən, əmlak 44625 manata Cavabdeh3 ASC tərəfindən əldə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 13800/2019 saylı qətnaməsi ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-2239/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13800/2019 saylı qətnaməsi ləğv edilərək, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X15 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3, cavabdehlər Cavabdeh2, “X4 Mərkəzi” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-2239/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçıların istinad etdikləri halları təsdiq edən sənədlərin əsli və lazımi qaydada təsdiq edilmiş surətləri iş materiallarında olmamaqla, yalnız sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən hala ümumiyyətlə hüquqi qiymət verməməklə, həmin sənədləri yazılı sübut kimi qiymətləndirmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, mülki prosessual qanunvericiliyin tələblərinə görə, qeyd edilən sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yazılı sübut kimi qiymətləndirilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alıb, iddiaçıların istinad etdikləri halları təsdiq edən sənədlərin əslini tələb edilmişdir. Belə ki, iş materiallarından Qazax rayon Məhkəməsinin 2(023)-199/2011 saylı, xx.xx.2011ci il tarixli qiyabi qətnaməsinə əsasən Cavabdeh3 ASC-nin cavabdehlər “xxxx” MMC və X6 ödənilməmiş 28.797 manat əsas, 4.217 manat faiz, 14.672 manat ikiqat faiz borcu, ümumi 47.686 manat kredit borcu məcburi ödənilməsinə dair tələbi, ipotekaya qoyulmuş, cavabdeh X9 məxsus Qazax rayonunun Qaraqapaq kəndində yerləşən yaşayış evinə yönəldilərək ödənilməsi və qətnamə icra olunanadək ikiqat faizlərin tutulması həmin evin satılması hesabına təmin edilməsi, evin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələbindən artıqdırsa, artıq məbləğ cavabdeh X12 qaytarılması qət edilmişdir. Mülki iş materiallarından əmlakın yekunları barədə Y-905 nömrəli protokolunda hərracın xx.xx.2012-ci il tarixdə keçildiyi, sifarişçi qismində Qazax rayon icra qrupunun olduğu və əsas kimi Qazax rayon Məhkəməsinin 2(023)-199/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi göstərilir. X3 məxsus Qazax rayon Qaraqapaq kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat olduğu, alıcı qismində Cavabdeh3 ASC-nin qeyd edildiyi aydın olur. Mülki iş materiallarından xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən, Qazax rayonu Qaraqapaq kəndində yerəşən X9 məxsus fərdi yaşayış evini alıcı (Cavabdeh3 ASC) 44.625 manata aldığı qeyd edilir. Müqavilənin hüquqi əsasları kimi Qazax rayon Məhkəməsinin 2(023)-199/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi, xx.xx.2012-ci il tarixli, Y-905 nömrəli hərracın yekun protokolu göstərilmişdir. İş materiallarından Qazax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-125/2014 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər “xxxx” MMC və X9 qarşı 47.686 manat məbləğində borcun məcburi şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(023)-199/2011 saylı qiyabi qətnaməsi ləğv edilməsi, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İş materiallarından Qazax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-125/2014 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər “xxxx” MMC və X6 ödənilməmiş 23.796,94 manat əsas kredit borcu, 3.909,45 manat faiz, 500 manat vaxtı keçmiş faiz borcu, ümumilikdə 28.208,39 manat məbləğində pulun məcburi ödənilməsinə dair tələbi, ipotekaya qoyulmuş, cavabdeh X9 məxsus, Qazax rayonunun Qaraqapaq kəndində yeləşən yaşayış evinə yönəldilərək, borcun ödənilməsi həmin evin satılması hesabına təmin edilməsi, evin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələbindən artıq olduqda artıq məbləğ cavabdeh X9 qaytarılması və cavabdehlərdən iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətindən Qazax rayonu, Qaraqapaq kəndində yerləşən fərdi yaşayış evinə hüquq yüklü edilən şəxs qismində X16, xeyrinə ipoteka yüklü edilən şəxs qismində isə “xxxx” ASC Qazax filialı göstərilmişdir. İş materiallarından AZ-İ 690467 nömrəli, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə öüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin insultu göstərilmişdir. İş materiallarından Qazax rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 1068 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair xx.xx.2014-cü il tarixdə Qazax rayon notariat ofisində vərəsəlik işi açılmışdır. AR MM-nin 1159-cu maddəsinə əsasən X8 vərəsəsi hesab edilmişdir. İş materiallarında olan qəbzlərdən müəyyən məbləğdə ödənişlərin Cavabdeh3 ASC-nin xeyrinə həyata keçirildiyi aydın olur. İş materiallarından “X4 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda Qazax rayon İcra şöbəsinin 76 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş X10 məxsus Qazax rayonu, Qaraqapaq kəndində olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 258,4 kv.m olan, 5 otaqdan ibarət olan fərdi yaşayış evinə dair hərraclar keçirilmiş, hərrac mərkəzinin elektron bazasında məlumatlara əsasən əmlakın ilkin satış qiymətinin 70.000 manat olduğu, təkrar hərracda 15% və 25% olmaqla hərraclar keçirildiyi və Cavabdeh3 ASC-nə 44.625 manat qiyməti ilə təklif olunmuşdur. Qeyd edilən məlumatlar hərrac mərkəzinin elektron bazası əsasında müəyyən edilmişdir, lakin həmin iş üzrə sənədlər (qəzetdə dərc olunmuş elanlar, bildirişlər, poçt qəbzləri, protokol və müqavilə, banka təklif məktubu) aşkar olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunmalıdır ki, qanunverici icra sənədinin ləğv edilməsi zamanı icra sənədi üzrə icraata xitam verilməsini nəzərdə tutmuşdur. O, da diqqətə alınmalıdır ki, icra sənədinin verilməsinə əsas olan hallar aradan qalxdığı andan həyata keçirilmiş icra hərəkətləri də hüquqi cəhətdən əsassız olar. Çünki, hər hansı bir fəaliyyətin reallaşdırılmasını əmələ gətirən əsasın aradan qalxması həmin fəaliyyətin də əsassızlığına dəlalət edir. Buna görə də, kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan hərrac Qazax rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(023)-199/2011 saylı qiyabi qətnamənin icrasının təmin edilməsi məqsədi ilə “X4 Mərkəzi” MMC tərəfindən həyata keçirilsə də, həmin qiyabi qətnamə Qazax rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(023)-125/2014 saylı qərardadı ilə ləğv edilmişdir. Başqa sözlə, hərracın keçirilməsinə əsas olan akt hüquqi cəhətdən mövcud olmamışdır. Bu hal isə özlüyündə “X4 Mərkəzi” MMC tərəfindən həyata keçirilmiş hərracın yekunları barədə xx.xx.2012-ci il tarixli, Y-905 nömrəli protokolun da əsassızlığına dəlalət edir. Qeyd olunmalıdır ki, tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. MM-nin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Məhkəmə qeyd etmişdir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan, ipoteka qoyanın əmlak mənafeyinin pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal (yəni ilkin hərracda bir nəfərin iştirakı) təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Məhkəmə, hazırkı mübahisəyə göstərilən aspektdən yanaşaraq bildirmişdir ki, hərracın mülki iş materiallarına əsasən “X4 Mərkəzi” MMC tərəfindən Qazax rayon Qaraqapaq kəndində yerləşən fərdi yaşayış evinə dair hərrac keçirilsə də, baş tutmuş hərracların vaxtı və yeri barədə mülkiyyətçiyə təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş 2013-cü il tarixdən 2015-ci il tarixədək olan Cavabdeh3 ASC-nin xeyrinə ödənişlərin edildiyini təsdiq edən qəbzlər və xx xxxxxx 2014-cü il tarixli, 2(023)-125/2014 saylı Qazax rayon Məhkəməsinin qərardadı ilə mülkiyyətçinin lazımı qaydada xəbərdar edilmədiyi təsdiq olunur. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüquq daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Həmçinin Cavabdeh3 ASC xx.xx.2012-ci il tarixli, Y-905 nömrəli protokolla və eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmiş, eyni zamanda borc məbləği öhdəliyin icrasının qəbul edilməsi əvəzinə 2013-cu il tarixdən 2015-ci il tarixədək olan ödənişləri də qəbul etmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi cəhətdən mövcud olmayan qətnaməsi əsasında keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Bu baxımdan eyni qayda hazırkı iş üzrə araşdırma predmeti olan və artıq ləğv edilmiş məhkəmə aktına əsasən tərtib edilmiş hərracın yekunları haqqında protokola münasibətdə tətbiq edilməlidir. Çünki, əks yanaşma, oxşar faktiki hallar üzrə fərqli nəticələrə gəlinməsinə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə “X4 Mərkəzi” MMC-nin xx.xx.2012-ci il tarixli, № Y-905 saylı hərracın yekunları haqqında protokolu və onun əsasında imzalanmış eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi il bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-2239/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7487/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7487/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver