Məhkəmə qərarları › İş №2(103)-7494/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7494/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7494/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişinin verilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(006)-2176/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İcbari sığorta müqaviləsi haqqında çıxarışdan görünür ki, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti **-BD-*** dövlət qeydiyyat nişanlı “X5 minik” markalı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 12 ay müddətinə sığortalamışdır.

2. AD seriyalı 573795 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X3 3 minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur.

3. “X7 My Auto Service” tərəfindən verilmiş qüsur aktından görünür ki, rəngsaz 200 manat, armatur işləri 150 manat olmaqla, işçilik üçün cəmi 350 manat, ehtiyat hissəsi üçün isə 3125 manat olmaqla, yekun qiymət 3475 manat məbləğində müəyyən olunmuşdur.

4. “X6” tərəfindən verilmiş sənəddən görünür ki, xidmət üçün 450 manat, ehtiyat hissəsi üçün 340 manat olmaqla, cəmi 790 manat məbləğində müəyyən olunmuşdur.

5. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə pretenziya qaydasında müraciət etmişdir.

6. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yenidən müraciət etmişdir.

7. xx.xx.2022-ci il tarixli 9/2881-8/1026 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X7” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X3” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3025,00 manat müəyyən edilmişdir.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2022-ci il tarixli 046-25433 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsinin Məhsəti küçəsi ilə kəsişməsində “Toyota Prius (Hibrid)” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “X3 3” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə bağlı Bakı şəhər BPİ DYP-nin YNHÜŞ tərəfindən araşdırma aparılaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsində nəzərdə tutulan yol nişanlarının tələblərinə riayət edilməməsinə görə “Toyota Prius (Hibrid)” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, 40 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur.

9. Cavabdeh2 verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 001111 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 dəqiqədə Nizami rayonu, R.Rüstəmov küçəsində olan yol-nəqliyyat hadisəsində “Toyota Prius” markalı, 37- BD-160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sağ yan hissədə, “Land Rover” markalı, 10- FF-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qabaq ön hissədə xarici əzinti aşkar edilmişdir.

10. xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:20-də “X5 Minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən yol nişanlarının tələblərinə riayət edilməməsi halına yol verilmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

11. xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, “40” manat məbləğində cərimə olunmuşdur.

12. Cavabdeh2 tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh2 yol nişanının tələblərinə riayət etmədiyini etiraf etmişdir.

13. xx.xx.2022-ci il tarixli 2/2696 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Cavabdeh2 ayıq olmuşdur.

14. İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, “Toyota Prius” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobil İddiaçı yoluna çıxaraq, onun idarə etdiyi “Land Rover” markalı avtomobillə toqquşmuş, nəticədə avtomobilə ciddi ziyan dəymiş, xəsarət alan olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyinə əsasən ona dəymiş zərərin, məhkəmə rüsumu və evakuator xidmətinə görə ödədiyi 100 manat pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və ya Cavabdeh2, dəymiş mənəvi zərərə görə 10000 manat təzminatın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, müvafiq avtonəqliyyat qəzası zamanı dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert rəyinin alınması barədə qərardad və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəzifəli şəxsləri barədə isə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində avtonəqliyyat hadisəsində zərərçəkən şəxs kimi tanınmış və bu barədə müvafiq dövlət orqanlarının rəyi mövcuddur. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti dəymiş zərərin ödənilməsi ilə bağlı süründürməçiliyə yol verərək, iddiaçıdan şirkətin tərəfdaşı olan avto servislərə müraciət edib qüsur aktı çıxarılmasını tələb etmişdir. İddiaçıya məxsus «X3” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “X6”in əməkdaşları tərəfindən baxış keçirilmiş, müxtəlif rakurslardan şəkillər çəkilmiş və müvafiq qüsurlar iddiaçının iştirakı ilə tədqiq edilmişdir. Sonradan “X6” tərəfindən Dövlət Sığorta Kommersiya Şirkətinə aşkar edilmiş qüsurlardan fərqli, tam şəkildə obyektiv olmayan qüsur aktı tərtib edilərək göndərilmişdir. İddiaçı bununla bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək, pozulmuş hüquqlarının araşdırılmasına dair xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətlərinə baxılmamışdır. “X6” xidməti və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərin hesablanaraq müəyyən edilən 790 manat iddiaçının avtomobilinə dəymiş ziyana uyğun gəlmədiyi üçün iddiaçı müstəqil ekspert rəyinin alınmasını tələb etsə də, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müstəqil ekspert rəyinin nəzərə alınmayacağı bildirilmişdir. Göründüyü kimi, cavabdeh şirkət zərərçəkən şəxslərə dəyən real zərərdən aşağı məbləğdə ödəniş etməklə narazılıq yaranmasına səbəb olur. İddiaçı sonradan avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar “X9 My Auto” Servisə müraciət etmiş və yeni detal əlavə etmək şərtilə 3475 manat zərərin olması müəyyən edilmişdir. Belə olan halda Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtonəqliyyat hadisəsi zamanı iddiaçıya dəymiş maddi zərər düzgün qiymətləndirilməmiş, bununla da iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı 3 ay müddətində əmək fəaliyyətində məcburi boşdayanmalarla üzləşib və cavabeh şirkətin əməlləri nəticəsində onun əsəbləri də pozulub. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3500 manat məbləğində pul, məhkəmə rüsumu və evakuator xidmətinə görə ödədiyi 100 manat pulun və dəymiş mənəvi zərərə görə 10000 manat təzminatın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2881-8/1026 saylı eskpert rəyinə əsasən, 2007-ci il buraxılışlı “X3” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3025,00 manat müəyyən edilmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(006)- 2176/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3025 (üç min iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 manatın 156 manatı İddiaçı, 44 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 26 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməsi, qalan 94 manat hissəsi isə İddiaçı aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində iddiaçı maddi zərər çəkdiyindən, o, hazırkı iddia ilə məkhəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2881-8/1026 saylı eskpert rəyinə əsasən, 2007-ci il buraxılışlı “X3” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3025,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “3500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən, yəni 3025 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “evakuator xidmətinə görə ödənilmiş 100 manat pulun və dəymiş mənəvi zərərə görə 10000 manat təzminatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin sözügedən hissəsi ilə əlaqədar sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. İddiaçı evakuator xidmətinə görə 100 manat məbləğində ödəniş etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin, ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3025 (üç min iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 922.1-ci və s. maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

22. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin qismən, yəni tələbin 790 (yeddi yüz doxsan) manat hissəsində təmin olunması, qalan hissədə isə rədd edilməsi barədə yeni qətnamə çıxarılması, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 200 (iki yüz) manat vəsaitin bütövlükdə iddiaçıdan tutulması, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 65.80 (altmış beş manat, 80 qəpik) dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması xahiş edilmişdir.

23. Apelyasiya şikayətində göstərilmişdir ki, sığorta hadisəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirilmiş və iddiaçıya məxsus “X3 3 MİNİK” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş sığorta hadisəsinə görə 790 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Lakin zərərçəkən, şirkətə, yaxud nümayəndəsinə məlumat vermədən avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə “X7”ə müraciət etmiş və həmin müəssisə tərəfindən verilmiş qüsur aktına əsasən, sözügedən avtomobilə 3475 manat məbləğində zərər dəymişdir. İddiaçının təqdim etdiyi qüsur aktının sığorta qanunvericiliyinin normalarının tələblərinin pozulması yolu ilə əldə edilmiş olmasına görə hesab edilir ki, iddiaçının təqdim etdiyi qüsur aktı iş üzrə mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. İş üzrə cavabdehin vermiş olduğu vəsatətlərdə iddiaçının təqdim etdiyi qüsur aktının qanunvericiliyin tələbləri pozulmaqla əldə olunduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməyəcəyi və buna görə də iş üzrə əhəmiyyət kəsb etmədiyindən istinad edilə bilməyəcəyi kifayət qədər əsaslandırılmış, lakin birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, bununla da gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən hesab edilir ki, iş üzrə qeyd olunan faktiki hallar və sübutlar nəzərə alınmaqla əlavə ekspertiza keçirilməli, avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mövcud və mötəbər faktlar əsasında həyata keçirilməsi prinsipinə uyğun olaraq realizə edilməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, hadisə zamanı gələn cavabdehin nümayəndəsi bildirdi ki, istənilən servisə gedib qüsur aktı çıxardıb şirkətə yaxınlaşmaq olar. Cavabdehin onu yönləndirdiyi və özləri ilə qabaqcadan razılaşdırılmış servis tərəfindən qüsur aktının olduğu iş üzrə materiallarda öz əksini tapmışdır. Sığorta şirkəti qüsur aktı üçün onu yönləndirdiyi servislər üçün də hansısa rəsmi göndəriş verməmişlər. Bu hal da onu sübut edir ki, Sığorta şirkəti və servislər qabaqadan razılaşaraq real vəziyyətdən tamamilə fərqlənən qiymət çıxarırlar. Daha sonra cavabdehin nümayəndəsinə ekspert xərcini ödəyəcəyi təqdirdə müstəqil ekspertin seçimini özü etməlidir deyə bildirmişdir. Lakin cavabdeh, onun tərəfindən seçilmiş ekspert rəyini nəzərə almayacaqlarını bildirdilər. Göründüyü kimi cavabdeh tərəf öz maraqları naminə zərərçəkən şəxslərin zərərini real həddən aşağı ödəməklə narazılıq yaradır. Birinci instansiya məhkəməsi nə verdiyi iddia ərizəsində əsas tələbi müvafiq avtonəqliyyat qəzası zamanı dəyən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert rəyinin alınması məqsədilə müvafiq qərardad qəbul edilməsi və məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyinə əsasən dəymiş zərərin tam ödənilməsi olmuşdur. Beləliklə də hakim tərəfindən qərarın verilməsində müvafiq ekspertiza rəyi əsas götürulmuşdür. Məhkəmə onun evakuator xərclərimi və digər zərərlərini nəzərə almamışdır. Prosesi yubatmamaq məqsədilə tərəfindən apellyasiya şikayəti verilməmişdir. Həmçinin, hazırda zərər dəymiş avtomobilini müxtəlif zaman intervallarında maliyyə vəziyyətinə uyğun olaraq hissə-hissə təmirini etdirmişdir. Sığorta şirkətinin ödəməli olduğu məbləği almalıdır ki, borclu qaldığı servislərə pulu ödəyə bilsin. Sığorta şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Eyni zamanda qeyd etmişdir ki, məhkəmə prosesində üzürlü səbəblərə görə iştirak edə bilmir.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə vəsatət verməklə, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyi sübut kimi qəbul edilə bilməz, çünki ekspert yalnız iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsaslanmışdır. Hesab edir ki, iş üzrə əlavə ekspertizanın təyin edilməsi zəruridir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, kollegiya iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

28. Həmin Məcəllənin 922.1-922.2-ci maddələrinə müvafiq olaraq, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

29. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

30. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2 və 18.1-ci maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

Apelyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi göstərilsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni – iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir, həmçinin iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin məbləğini düzgün müəyyən etməmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassız olmuş və birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir.

37. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2881-8/1026 saylı eskpert rəyinə əsasən, 2007-ci il buraxılışlı “X3” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3025,00 manat müəyyən edilmişdir.

39. Göründüyü kimi avtomobilə dəymiş zərərin məbləği məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Ekspertiza bu sahə üzrə xüsusi biliyə malik olan şəxs tərəfindən həyata keçirilmişdir. Ekspert rəyini şübhə altına almaq üçün rəydə müəyyən edilən halların düzgün olmamasına dəlalət edən sübutlar isə təqdim edilməmişdir.

40. Belə ki, cavabdehin istinad etdiyi qüsur aktı ilə ekspert rəyinin müqayisəli tədqiqi zamanı ekspert rəyini şübhə altına almaq üçün əsasların olmadığı müəyyən edilir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin əlavə ekspetiza təyin edilməsi barədə vəsatəti Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə rədd edilmişdir.

41. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3025 (üç min iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə həmçinin qeyd edir ki, avtomobilə vurulmuş məbləğə münasibətdə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 200 (iki yüz) manat vəsaitin bütövlükdə iddiaçıdan tutulması və iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 65.80 (altmış beş manat, 80 qəpik) dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasının əsası olmamışdır.

44. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

46. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

52. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın mübahisələndirilən hissədə qiyməti 3025 (üç min iyirmi beş) manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q ət e t d i :

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(006)- 2176/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar