Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7497/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: icra qeydinin ləğvi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Həsənova Vüsalə Arif qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2732/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materilları ilə müəyyən edilir ki, FR/50949/72 saylı müqavilə haqqında icra qeydi üzrə Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. İcra qeydinə əsasən – "xxxx" ASC-nin xeyrinə İddiaçı FR/50949/72 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3044 manat 13 qəpik və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 3064 manat 13 qəpik pul tutulmalıdır. İcra qeydi xx.xx.2021-ci il tarixdə aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehna qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "icra qeydinin ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Əliyev Elmar Qəzənfər oğlu tərəfindən verilmiş 25 dekabr 2021-ci il tarixli, 8İ-25089 saylı İcra qeydinin ləğv olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Əliyev Elmar Qəzənfər oğlu tərəfindən verilmiş 25 dekabr 2021-ci il tarixli, 8İ-25089 saylı İcra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən İddiaçı Bankın xeyrinə 3.044,14 manat kredit borcu və 20 manat dövlət rüsumu, cəmi 3.064,13 manat pul tutulmalıdır. Beləliklə, qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları i ə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda - notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Ümumiyyətlə, iddiaçıya cavabdeh (tələbkar) tərəfindən icra qeydinin aparılacağına dair bildiriş ünvanlanmamışdır. İddiaçı yalmz icra qeydi icra edilmək üçün icra məmuruna göndərildikdən sonra xəbər tutmuşdur. Bundan başqa, hesablanmış borc məbləği də mübahisəsiz deyildir. Belə ki, bankın həmin məbləği necə hesabladığı qeyri-müəyyəndir.
4. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, ilk öncə iddiaçının ərizədə icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmamışdır. İddiasına əsasən onu qeyd edir ki, bildiriş xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına göndərilmişdir. İddiaçının borcun artıq hesablandığını əsas gətirməsi tələbi isə sırf banka qarşı mübahisədir bunun notariusa və onun icra qeydinə aidiyyatı yoxdur və iddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Yuxarıda qeyd olunanlardan görsənir ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı səbəb göstərməmişdir. Göstərilən əsaslara görədə notariusun icra qeydi ləğv edilə bilməz. Belə ki, icra qeydi bununla bağlı “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişlər. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2732/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76.2 və 76.9-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Həsənova Vüsalə Arif qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının ərizədə icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmamışdır. Bildiriş xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına göndərilmişdir. İddiaçının borcun artıq hesablandığını əsas gətirməsi tələbi isə sırf banka qarşı mübahisədir bunun notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Yuxarıda qeyd olunanlardan görsənir ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı səbəb göstərməmişdir.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
13. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun
14. Maddə 76.2 icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
15. Maddə 76.9 borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2732/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
26. Kollegiya qeyd edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
27. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir.
28. İşin faktiki hallarından göründüyü kimi, borcun ödənilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Həmçinin, bildiriş xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına göndərilmişdir. İcra qeydi bununla bağlı “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. İcra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsilə məlumatlandırılmışdır. Beləliklə, icra qeydi qanuni əsaslarla aparılmışdır.
29. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
30. Kollegiya həmçinin qeyd edir ki, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İddiaçı apellyasiya şikayətində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, borc məbləği iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2732/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.