Məhkəmə qərarları › İş №2(103)-7503/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7503/2020

06.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7503/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət X1rşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-708/2004 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Bakı şəhəri 5-ci Qaraşəhər küçəsindəki 3 nömrəli evin 21 nömrəli mənzilinə 1992-ci il noyabr ayının 18-də Cavabdeh1 adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilməsinə və İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Daha sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-708/2004 saylı qərardadına əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli aktına əsasən məhv edilmiş İddiaçı Cavabdeh1 və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət X1rşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair mülki işin bərpa edilməsi qərara alınmışdır. Eyni zamanda Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bundan sonra İddiaçı Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-708/2004 saylı qiyabi qətnaməsinin ləğv edilməsi üçün mülki işin bərpa edilməsinə dair Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli digər qərardadı ilə Məhkəmənin xx xxxxx 2004-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi üçün mülki işin bərpa edilməsinə dair Xətai Rayon Məhkəməsinin 2-708/2004 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmçinin, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət X1rşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair 2(011)-4234/2020 saylı mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçının verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə qərardad qəbul etmişdir. Belə ki, o, 2004-cü ildə Xətai Rayon Məhkəməsində Cavabdeh1 və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət X1rşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 2004-cü ildə nə İnzibati Prosessual Məcəllə, nə İnzibati məhkəmələr, nə də ki, İnzibati İcraat haqqında qanun yox idi. Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-708/2004 saylı qətnaməsi 16 il bundan əvvəl qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdeh1 bu qətnamədən xəbəri olmuş, o, 1996-cı ildən evdən çıxıb getmiş, 1997-ci ildə onların boşanma məhkəmələri olmuş, o, heç vaxt hazırki evlə maraqlanmamış evdə yaşamamış, evə köçmə barədə iddia etməmiş, məhkəmə mübahisəsi açmamışdır. O, 2020-ci ilin əvvəllərində işi ilə bağlı xarici ölkəyə ezamiyyətə gedəndən sonra gəlib evə girmiş və bundan sonra məhkəməyə müraciət etmişdir ki, güya qətnamədən xəbəri olmamış, məhkəmədə iştirakı təmin olunmamışdır. Hazırki mülki işin sənədlərindən görsənir ki, Cavabdeh1 qanuni qüvvəyə minmiş və icra edilmiş qiyabi qətnamənin surətinin rəsmi qaydada alınması ilə bağlı məhkəməyə ərizə versə də, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə verərkən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Lakin Xətai Rayon Məhkəməsi 16 il sonra qiyabi qətnamənin ləğvini tələb edən cavabdehin ərizəsini geri qaytarmamış, ondan prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməli olduğunu tələb etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki hazırki iddia mülki xarakterli olmaqla, iş üzrə icraata xitam verilməsinə əsas olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdehin qiyabi qətnamədən xəbəri olmamışdır. Həmçinin, mənzil 1992-ci ildən cavabdehin mülkiyyətində olmuş və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi dövlət orqanı olmaqla həmin orqana qarşı iddialara inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi (əvvəlki Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraata xitam verdiyi zaman iddiaçının mənzilə dair adına qeydiyyat vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin inzibati orqanın imtinası ilə qarşılaşdığı halda isə inzibati orqanın imtinasını inzibati məhkəmədə mübahisələndirməli olduğunu vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. İşin hallarından göründüyü kimi iddia tələbi birgə nikah dövründə əldə edilmiş əmlak münasibətləri ilə əsaslandırılmaqla, Bakı şəhəri, 5-ci Qara Şəhər küçəsindəki 3 salı evin 21 A saylı mənzilinə Cavabdeh1 adına 1992-ci il noyabrın 18-də verilmiş qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi tələbi də bu münasibətlər çərçivəsində irəli sürülmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır...Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına uyğun şəkildə düzgün olaraq ümumi yurisdiksiyalı məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar