Məhkəmə qərarları › İş №2(103)-7504/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7504/2023

11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7504/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3057/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı tam orta məktəbin yerdəyişməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyul 2014-cü il təvəllüdlü X2 anası Cavabdeh razılığı olmadan Bakı şəhəri Nəsimi rayonu 32 saylı orta məktəbdən digər tam orta məktəbə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3057/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı ilə hazırki mülki işin icraatı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-2430/2023 saylı mülki işə baxılana və qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddiaçı nümayəndəsi və vəkili X3 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3057/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə ünvanlanmış ərizəsində hazırki şikayətin təmin edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, övladı ilə görüş vaxtı Cavabdeh onun üzərinə hücum çəkmiş, ona xəsarət yetirmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktı da ərizəsinə əlavə edərək bildirir ki, övladı ilə görüş anı flaşkarta yüklədiyi videogörüntülərdə öz əksini tapır. Odur ki, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh şikayətə baxılması ilə əlaqədar sübut, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmək barədə qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə 01 noyabr 2023-cü il tarixli qərardadında icraatın dayandırılması ilə bağlı qənaətə ona görə gəlmişdir ki, “...Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla Cavabdeh qarşı “uşağın ataya verilməsi” tələbinə dair məhkəmənin icraatında e-2(007)-2430/2023 saylı mülki iş vardır və qeyd olunan iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmaqla, iş materialları qəyyumluq və himayəçilik üzrə komissiyaya göndərilmişdir. Baxılan iddia tələbinin mahiyyətinə nəzər saldıqda görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-2430/2023 saylı mülki işin mahiyyəti uşağın ataya verilməsi ilə bağlıdır, hazırkı iddianın mahiyyəti isə ananın himayəsində olan uşağın təhsil aldığı orta məktəbin dəyişdirilməsi tələbi ilə bağlıdır. Belə olan halda, hazırki iddia tələbi ilə bağlı işə baxılıb, müvafiq qətnamə qəbul edilə bilməz, iş üzrə icraatın dayandırılması gələcəkdə iddia tələbi üzrə obyektiv və əsaslı qərar qəbul edilməsinə xidmət etmiş olar...”. Belə olan halda, məhkəmə eyni əsaslarla şikayətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X1 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, işdən görünür ki, iddiaçının başqa icraatda uşaq tələbinə dair iddiasına baxılır və 09 iyul 2014-cü il təvəllüdlü X2 valideynlərindən kimin yanında qalacağı müəyyən edilməyənədək hazırki iddiaya baxılması mümkünsüz sayılır. Belə ki, hazırki işə hələ mahiyyəti üzrə baxılmamış, digər iş üzrə isə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud deyil. Ona görə də, əvvəlcə digər işə, sonra hazırki işə baxılmalıdır. Demək icraatın dayandırılması barədə qərardad mahiyyət etibarı ilə düzgün olduğundan ləğv edilməsinə də əsas yoxdur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3057/2023 saylı, 01 noyabr 2023-cü il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3057/2023 saylı, 01 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar