Məhkəmə qərarları › İş №2(103)-7517/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7517/2021

01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7517/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X20,Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə görə ödənilmiş 7700 manatın, təmirə görə ödənilmiş 768 manatın, hüquqi yardıma görə 500 manatın və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.

2. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X20 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı özünə avtomobil almaq istərkən Cavabdeh ilə tanış olmuş, 2017-ci ilin yanvar ayında ona məxsus olan Mersedes Benz markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində yerləşən 6 saylı Dövlət Notariat Kontorunda qardaşı X3 adına etibarnamə əsasında 7700 manat ödəməklə almış və sonradan AR DİN BDYP İdarəsinin Lənkəran 5 saylı RQİB-də həmin avtomobilə dair alqısatqı müqaviləsi bağlamaqla qardaşının mülkiyyətinə keçirmişdir. Avtomobili bir neçə vaxt idarə etdikdən sonra təmir etdirib 2017-ci ilin aprel ayında X11 etibarnamə vermək yolu ilə satmışdır. O da həmin etibarnamə əsasında avtomobili həyat yoldaşı Qəmər Məmmədovanın mülkiyyətinə keçirmişdir. Sonradan məlum olmuşdur ki, mübahisəli avtomobil qanunsuz olaraq satılmışdır. Belə ki, iddiaçılar X22 və X9 həmin avtomobilə görə İddiaçı qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsinə əsasən həmin avtomobilin Məmmədli Mizağadan alınaraq iddiaçılara qaytarılması qərara alınmışdır. Həmin qətnamə icraya yönəldilməklə 10 iyun 2019-cu ildə Masallı rayon İcra və probasiya şöbəsinin tərtib etdikləri akt əsasında X7 iddiaçılar İ.Kərimova və D.İlyasovaya təhvil verilmək üçün alınmışdır. Hal-hazırda X24 Mirzağaya qarşı Masallı Rayon Məhkəməsində iddia qaldıraraq mübahisə olunan avtomobilə görə verdiyi pulu tələb etmiş, Masallı Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin olunaraq 8.300 manat pulun Məmmədli Mizağadan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bu səbəbdən də Məmmədli Mizağa reqres qaydada həmin avtomobili ona satmış Cavabdeh qarşı eyni tələblə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Çünki aralarındakı mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və ona hüquqi yardım etmək üçün vəkil tutmuşdur. Vəkillə bağlanan müqaviləyə 500 manat pul ödəmişdir. Həmçinin avtomobili aldıqdan sonra onu təmir etdirərək təmirə görə 768 manat pul xərcləmişdir. Hesab edirik ki, həmin pullar da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2021 saylı, 26.04.2021-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia digər hissədə təmin edilməməsi, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Mustafayeva).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2021 saylı, 26.04.2021-ci tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən hər hansı bir maddi hüquq normasına istinad etməmiş, sadəcə olaraq mülahizələrə istinad etməklə, konkret olaraq qanunvericiliyin tələblərini kobudcasına pozmuş və bununla da əsassız qətnamə qəbul etmişdir. Cavabdeh 7000 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi Cavabdeh tutularaq, İddiaçı oğluna ödənilməsini qəbul etmir, bildirmişdir ki, 2016-ci ilin axırlarında Abbas Cəlilov avtomobili tapıb X1 almış, sonra isə təcili pul lazım olduğundan, Abbas satmaq qərarına gəlmiş, sözügedən avtomobili maşın bazarına çıxartmışdır ki, avtomobili satsın. Orada Abbas həmin avtomobili satarkən, İddiaçı ilə orada tanış olmuş, 7700 manata yox, 5.500 manata razılaşmışdır, sadəcə olaraq Abbas Cəlilovun şəxsiyyət vəsiqəsi olmadığından vaxtı ilə X1 avtomobili alarkən mülki etibarnamə onun adına yazılmışdır. Abbas Cəlilov etibarnaməni onun adına yazdırdığından, Abbas Cəlilov, Cavabdeh və iddiaçı Məmmədli Mirzəağa Bakı şəhəri 6 saylı DN kontoruna gələrək, orada Cavabdeh İddiaçı öz adından etibarnamə vermişdir. Ona hər hansı bir pul verilməmiş, pul Abbas Cəlilova verilmiş və orada Abbas Cəlilov pulu saydıqdan sonra 6 saylı DNK-dan çıxıb getmişdir. Cavabdeh bildirmişdir ki, pulun ona verilməsi ilə bağlı hər hansı bir möhtəbər sübutu ola bilməz, əgər varsa təqdim etsin. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, 7700 manat pulu Cavabdeh vermişdir.

7. İddiaçının vəkili və nümayəndəsi X20 apellyasiya instansiya məhkəməsi icraatı zamanı izahat verərək bildirmişdir ki, 2017-ci ildə Mirzağa maşın alan zaman cavabdehlə tanış olmuşdur. Ruslan maşına dair ümumi etibarnamə vermişdir.

8. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, maşın alqı-satqısı ilə məşğul olmamışdır. O, iddiaçını tanımır, Abbasdan heç bir xəbər yoxdur, yalnız etibarnamə onun adına olduğuna görə pulu ondan istəyirlər. Həmçinin qeyd etmişdir ki, nə iddiaçdan nə də heç kimdən heç bir pul vəsaiti qəbul etməmişdir.

9. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, iddia tam əsassızdır, işin hallarından, iş materiallarından hər hansı vəsait ödənilməsi sübuta yetirilmir. Tərəflər arasında alqı-satqı müqaviləsi mövcud deyil. Pulun cavabdehə verilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir, təqdim edilə də bilməzdi çünki, ümumiyyətlə belə bir hal baş verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

11. İş materiallarında olan X16 (satıcı) ilə X19 (alıcı) arasında bağlanmış 09 yanvar 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, V.Musayev özünə məxsus "Mercedes Benz" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata İddiaçı satmışdır.

12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət yol Polis İdarəsinin "Mercedes Benz" markalı **-XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, Cavabdeh qeyd edilən avtomobili 08 yanvar 2017-ci il tarixdə etibarnamə əsasında X8 vermişdir.

13. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsinin surətindən görünür ki, "Mercedes Benz" markalı **-LB-*** (köhnə **-TG-***) dövlət qeydiyyat nişanlı və "Mercedes Benz" markalı **-XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısı barəsində bağlanmış 09.05.2017-ci il tarixli, 12.05.2017-ci il tarixli, 11.09.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçılar X22 və X4 məsxus avtomobillərin cavabdehlər X5 və İddiaçı alınaraq X22 və X4 geri qaytarılması qət edilmişdir.

14. Bakı Apelyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(103)-6610/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsindən cavabdehlər X17 və X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(050)- 1058/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 8300 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq X13 ödənilməsi qət edilmişdir.

16. İş materiallarında olan 01.06.2021-ci il tarixli, 557743 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi xidmətin göstərilməsinə görə vəkil X18 500 manat ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə:

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir: «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.»

19. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.»

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

21. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

22. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən məbləğin həqiqətən də Cavabdeh verilməsi məsələsini düzgün araşdırmamışdır.

23. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi mövcud deyil. İddiaçı pulu Cavabdeh verilməsi faktını təsdiq edən dəlil iş materiallarında aşkar edilməmişdir. Eyni zamanda pulun cavabdehə verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta birinci intsansiya məhkəməsi icraatı zamanı dindirilmiş şahidlər də öz ifadələrində pulun Cavabdeh verilməsi faktını təsdiq edən ifadə verməmişlər.

24. MPM-nin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 14.1.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Belə ki, İddiaçı “Mercedes Benz 280’’ markalı, 90-XT- 096 (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X3 adına etibarnamə əsasında 7700 manat ödənilməklə Cavabdeh aldığını bildirərərk həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi baxışı zamanı Cavabdeh öz izahatında bildirmişdir ki, ona pul verilməmişdir. Cavabdeh pulun Abbasa verildiyini bildirmişdir. Pulun niyə Abbasdan yox, məhz Cavabdeh istənilməsi sualına isə “etibarnamədə mənim adım olduğundan, pulu da məndən istəyirlər” cavabını vermişdir.

27. İddiaçı Abbası tanımadığını, pulu Cavabdeh verdiyini söyləsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.

28. Beləliklə, kollegiya hazırki iş üzrə mübahisənin İddiaçı ilə Cavabdeh arasında olduğunu nəzərə alaraq, qeyd edir ki, pulun cavabdehə verilməsi heç bir mötəbər sübutla təsdiq edilmədiyindən, tərəflər arasında heç bir alqı-satqı müqaviləsi və ya bu halı təsdiq edən hər hansı bir dəlil olmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni iddianın təmin edilməsi qanunsuz və əsassız olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 30.Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. 31.Belə ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfin bu hissədə, yəni pulun Cavabdeh verilməsi sübuta yetirilməmişdir. 32.Çünki, bu halları, yəni iddiaçı tərəfindən pulun cavabdehə verilməsini sübut etmək yükü artıq Məmmədli Mirzəağanın üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, iddianın rədd edilməsi üçün əsaslar olduğu halda birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaət düzgün olmamışdır. 33.Məhkəmə kollegiyası iddia tələbinin avtomobilin təmirinə görə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, həmin tələb “pul” tələbinə münasibətdə törəmə tələb olduğundan və həmin tələb rədd edildiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

34. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Həmin Məcəllənin 385.1-ci və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 38.Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 39.Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 40.Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Beləliklə, Apellyasiya instansiyası məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2019 saylı, 26.04.2021-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar