Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7518/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(006)-1523/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 17000 və maddi ziyana görə isə 750 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırmışdır ki, onun əmək pensiyasından 2019-ci ilin oktyabr və noyabr ayı hər ay 100 manat olmaqla 200 manat pul əsassız yerə "xxxx" ASC tərəfindən tutulmuşdur. Bununla bağlı Bankın Nizami rayon filialına şikayət etmiş, əməliyyatçı kompyuterdə şikayət yazmış, sonra təkrar şikayət etmişdir. Xətai rayon filialına da şikayət etmişdir. 200 manatı 10 aydan sonra rəhbərliyin göstərişinə əsasən ödəmişdirlər. Onu yollarda qoymuş, işgəncələr vermiş, maddi ziyan vurulmuş, stres keçirmişdir. Onu güclü infarkt vurub öldürə bilərdi, İİ-qrup əlili zülm-əzab içində yaşatmışlar. Beləliklə ona maddi və mənəvi ziyan vurmuşlar. Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, qərar çıxarılmışdır ki, bank inzibati orqan deyil. Bakı Apelyasiya Məhkəməsi həmin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Güclü həyəcanla və ölümlə üzləşmişdir. Ona görə də ona vurulmuş mənəvi ziyana görə 17000 manat, maddi ziyana görə isə 750 manat cavabdehdən tutulub ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(006)-1523/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, həmçinin göstərmişdir ki, prezident İlham Əliyevə dəfələrlə şikayət etməsi nəticəsində 10 aydan sonra bank tərəfindən pulunu qaytarıblar. Şəhid ailəsidir, ona vurulmuş maddi və mənəvi ziyanı ödəməkdən bank boyun qaçırır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının təqaüd kartından texniki səhv nəticəsində 200 manat tutulsa da, 12 avqust 2020-ci ildə 232.37 manat, yəni faiz dərəcəsini də hesablayıb artıqlaması ilə qaytarmışlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki,... İddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi “maddi ziyayanın ödənilməsi” hissəsində əsassızdır. Tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları bildirir:..Məhkəmə iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasına dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq iddia tələbini “mənəvi zərərin ödənilməsi” hissəsində də əsassız hesab edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mənəvi zərərlə bağlı hissədə əsaslı olduğundan qətnamənin o hissədə ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar) mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurum tərəfindən iknci qrup əlil kimi iddiaçının təqaüdündən 2019-cu ilin oktyabr və noyabr aylarında hər ay 100, cəmi 200 manat heç bir əsas olmadan tutulmuş, yalınz 12 avqust 2020-ci ildə həmin məbləğ təqaüd kartına geri qaytarılmışdır. Cavabdeh tərəf bu faktı etiraf edərək bildirir ki, bankın müştəri xidmətində iddiaçı ilə eyni adlı bir şəxs olduğundan sistemdə olan texniki problem səbəbindən yaranan qarışıqlıq nəticəsində digər müştəridən tutulmalı olan məbləğ iddiaçıdan tutulmuşdur. Qeyd olunan arqument başadüşülən ola bilər. Ancaq təxminən 10 ay müddətində sistemdə olan texniki problemin aradan qaldırılmaması da inandırıcı və ağalabatan olmalı yaxud da cavabdeh tərəf qeyd olunan müddətdə həqiqətən də texniki problemləri həll etmək iqtidarında olmadıqlarına dair məhkəməyə mötəbər sübut verməli idilər. Lakin cavabdeh tərəf bu fakta heç bir münasibət bildirmir, yalnız 200 manata görə 232.37 manat, yəni faiz hesablamaqla iddiaçıya pul qaytardıqlarını bildirməklə, başqa heç bir məsuliyyət daşımalı olmadıqlarını bəyan edir. Əlbətdə ki, bu mövqe düzgün ola bilməz. Əksinə, iddiaçının göstərdikləri, yəni dövlət başçısına çoxsaylı şikayətlərindən sonra bankın onun təqaüdündən sildiyi məbləği məcbur olub geri qaytardığı barədə dəlillər işin faktiki halları ilə uyğunluq təşkil edir. İkincisi, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 17000 (on yeddi min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu apellyasiya şikayətində özü də təsdiq edir. Belə olan vəziyyətdə apellyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 500 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Çünki, iddiaçı 17000 manat məbləğində mənəvi zərər tələb etsə də apellyasiya instansiya məhkəməsi cavabdehdən mənəvi zərərin əvəzi kimi 500 manat tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Bununla yanaşı, iddiaçı vurulmuş maddi zərərə görə 750 manat tələb etsə də bu hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, qeyd olunduğu kimi cavabdeh iddiaçının təqaüd hesabından silinmiş məbləği faiz hesablamaqla geri qaytarmışdır. Eyni zamanda iddiaçı ona əlavə maddi ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(006)- 1523/2021 nömrəli qətnaməsi qismən, yəni mənəvi zərərin ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 500 manat mənəvi zərərin əvəzi alınaraq iddiaçıya verilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(006)- 1523/2021 nömrəli qətnaməsi qismən, yəni mənəvi zərərin ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 500(beş yüz) manat mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7518/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7518/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver