Məhkəmə qərarları › İş №2(103)-7519/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7519/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7519/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümqayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(006)-4382/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə mübahisəsi həll edilənədək Cavabdeh1 ASC-nin girovunda olan, ona məxsus Quba rayonu 2-ci Nügədi kəndində yerləşən Seriya nömrəsi MH 0026645; Reyestr nömrəsi **********02-10301; Qeydiyyat nömrəsi ********** olan 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı, X4 və X6 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X5 müştərək qaydada 99973.58 manat, cərimə borcuna 2000 manat olmaqla, cəmi 136663,58 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu 2- ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İddiaçı digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi qət olunmuşdur. «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollarına əsasən onun xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsini 9.150 (doqquz min bir yüz əlli) manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10.100 (on min bir yüz) manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 (üç min) manat dəyərində Cavabdeh2 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018- ci il tarixdə qeydiyyata alınaraq onun xəbəri olmadan qanuna zidd hərəkətlərlə özgəninkiləşdirilmişdir. Lakin, torpaq sahələri Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 mart 2021-ci il tarixli qərarı ilə öz mülkiyyətinə qayıtmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(006)- 4382/2021 saylı qərardadı ilə (hakim Cəmilə Musayeva) ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət əsasən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddianın təmin tədbiri barədə ərizənin dəlilləri ilə əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 ASC-nin nümqayəndəsi şikayətə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Qeyd edilməlidir ki, iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Göründüyü kimi, ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbiri irəli sürülmüş iddia tələbi ilə bağlı olmalı, ona müvafiq olmalıdır. Halbuki, hazırki iddia tələbi ilə (maddi və mənəvi ziyan) iddianın təmini tədbiri arasında bağlılıq müəyyən edilmir. Eyni zamanda, işdən görünür ki, ipoteka ilə yüklü olan müvafiq daşınmaz əmlak digər məhkəmə qərarının icrası ilə bağlı açıq hərracdan satılmalı, əldə edilən pul vəsaiti hesabına banka olan kredit borcu ödənilməlidir. İddianın təmini tədbiri isə qanuni qüvvədə olan məhkəmə qərarının icrasına maneə təşkil edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri barədə ərizənin mahiyyəti hazırki iş üzrə məhkəmə aktının gələcəkdə icrasının təmininə deyil, qanuni qüvvədə olan başqa məhkəmə qərarının icrasının dayandırılmasına yönəlmişdir ki, bu da MPM-nin 157-158-ci maddələrinin tələblərinə uyğun deyildir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin qeyd edilməlidir ki, icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı məsələlərin həlli icrası davam edən müvafiq icra icraatı üzrə qanunvericiliyin tələblərinə uyğun qaydada («İcra haqqında» Qanunun tələbləri çərçivəsində və s.) həll oluna bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(006)-4382/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar