Məhkəmə qərarları › İş №2(103)-7527/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7527/2022

28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7527/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Сavabdeh "xxxx" MMMC-nin nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1082/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2021-ci il tarixli, 05/6438-14 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestrindən Çıxarışa əsasən "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X7 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. 3."xxxx" MMMC-nin təsis yığıncağının 14 sentyabr 2020-ci il tarixli qərarına əsasən "xxxx" MTKnın bazasında "xxxx" MMMC-nin təsis edilməsi qərara alınmış və qərar "xxxx" MMMC-nin sahə mənzil mülkiyyətçiləri tərəfindən imza edilməklə təsdiqlənmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh "xxxx" MMMC-yə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, İddiaçı MTK Bakı şəhəri, D.Bünyadzadə küçəsi 3 saylı binanı inşa etmişdir. Bir neçə ay bundan qabaq kooperativə "xxxx" MMC-nin rəhbəri Rəfayel Həsənov müraciət edərək binaya aid sənədlərin MMC-yə təqdim edilməsini xahiş etmişdir. Vəkil sorğusu əsasında rəhbərlik etdiyiniz idarə tərəfindən "xxxx" MMMC-nin qeydiyyata alınması üçün əsas olunmuş təsis sənədlərini-təsis yığıncağının qərarı, arayış, ərizə və ad dəyişməsi ilə əlaqədar ümumi yığıncağının digər qərarlarının surətləri təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli təsis yığıncağının qərarı ilə müəyyən olunub ki, həmin müştərək cəmiyyəti iddiaçının rəhbərlik etdiyi kooperativin bazasında təsis edilmişdir və 40 nəfər tərəfindən imzalanmışdır. Həmin qərardan görünür ki, 40 nəfər arasından yalnız 27 nəfərin mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır, qalan 13 nəfərin mənzillərə aid olan hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı üçün mülkiyyətçi hesab olunmurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Eyni zamanda həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi, sözügedən mülkiyyət hüququ sərəncam vermək hüququnu ehtiva edir. Bundan başqa qərarda adları qeyd olunan şəxslərlə əlaqə saxlanılan zaman məlum olub ki, bəzi şəxslər həmin qərara ümumiyyətlə imza çəkməyiblər. Belə ki, X3 və X8 notarial qaydada təsdiq olunmuş ərizələrlə bildirirlər ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli təsis yığıncağında iştirak etməyiblər, həmin qərarı imzalamayıblar, həmin yığıncağın qərarı ilə tanış olaraq qərarda onların adı, soyadı və ata adları qarşısında əks olunan imza onların deyil. Həmçinin qərarda olan X5, X11, X13 və X4 imzaları şəxsiyyət vəsiqələrində və MTK ilə olan müqavilələrdə əks olunan imzalar arasında kəskin şəkildə fərq var. Bundan başqa adı qeyd olunmuş X5 son 2 il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır və bu qərarı ölkədə fiziki cəhətdən olmadığından imzalaya bilməzdi. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə müvafiq sorğu göndərilə bilər. Bütün bunlar ona dəlalət edir ki, sənədləri cavabdehə təqdim edən X12 və X1 yol verərək dövlət qurumuna yanlış məlumatlar təqdim etmişlər. MTK tərəfindən təsdiq olunmuş arayış əslində Ədliyyə Nazirliyinə təqdim etmək üçün yox, ərazinin polis sahə müvəkkilinin xahişi ilə rayon icra hakimiyyətinə bina barədə ətraflı məlumatı olması üçün verilmişdir. Sonradan təsis sənədlərin arasında onların arayışını görəndə iddiaçı polis sahə müvəkkili barəsində şikayət ərizəsi vermişdir. Bundan sonra, iddiaçı Ədliyyə Nazirliyinə müraciət edərək İddiaçı MTK-nın bazasında təsis edilmiş "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyatını ləğv etməyi xahiş etmişlər. Ədliyyə Nazirliyi 12 avqust 2021-ci il tarixli 05/4680/2-13 saylı məktubda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. Belə olan halda, iddiaçı inzibati qaydada məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsi işin mülki qaydada baxılması barədə qərardad qəbul etmişdir. Bundan sonra, iddiaçı mediatora müraciət etdi və həmin qurumdan imtina arayışı alandan sonra artıq Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı. Bundan sonra 22 dekabr 2021-ci il tarixli Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə sənədlər geri qaytarılmışdır və qərardadda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) tələblərə ümumi məhkəmələrdə baxılması qeyd olunmuşdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1082/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, mübahisələndirilən Qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən Qərarın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçının müqavilənin etibarsız hesab olunmasına dair isitnad etdiyi sübutlar əsassızdır və qeyd edilən Qərarın etibarsız hesab olunmasına səbəb deyildir. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində şəxsi işləri ilə əlaqədar bir neçə gün Bakı şəhərində olmadığndan məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 59.2 və 59.2.2. Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 120.3. Bir çoxmənzilli binanın sahə mülkiyyətçiləri yalnız bir mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər. Maddə 120.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün iddia haqlı sayılmırdı. 21.Belə ki, Mülki Məcəllənin 59.2 və 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. İddiaçı da "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsini xahiş edir. İddianın faktiki əsasını(faktiki halları) iddia ərizəsində və şikayətində göstərir. Ancaq, işdən bəlli olur ki, sahə mülkiyyətçilərinə aid çoxmənzilli bina 72 mənzildən və 2 qeyri-yaşayış sahəsindən ibarətdir. Bunu tərəflər mübahisələndirmir. İddiaçı bəyan edir ki, təsis yığıncağında 40 nəfər iştirak etsə də onlardan 27 şəxsin mülkiyyət hüququ qeydə alınmış, 13 nəfərin isə bu hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ancaq iddiaçı buna, yəni 13 şəxsin sahə mülkiyyətçisinin mülkiyyət hüquqlarının qeydə alınmadığına dair məhkəməyə heç bir sübut təqdim etməyib. Qeyd olunan 13 şəxsin sahə mülkiyyətçisi olmadığını iddiaçı da mübahisələndirmir. Mübahisələndirdiyi hal yalınz onların mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın almamaları ilə bağlıdır. Bu hal isə həmin şəxslərin sahə mülkiyyətçiləri olmalarını istisna etmir.

22. Bundan əlavə, Mülki Məcəllənin 120.3-cü maddəsinə əsasən bir çoxmənzilli binanın sahə mülkiyyətçiləri yalnız bir mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər. Deməli, qanunun imperativ tələbinə görə bir çoxmənzilli binada sahə mülkiyyətçiləri ikinci mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilməzlər. İddiaçının mübahisələndirdiyi qərardan aydın olur ki, həmin tarixli təsis yığıncağında 45 sahə mülkiyyətçisi iştirak etmiş, onlardan 40 nəfəri qərarın lehinə səs vermiş, bunun nəticəsində də cavabdeh cəmiyyət 09 mart 2021-ci ildə Ədliyyə Nazirliyinin X2 Reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin şəxslərin bir neçəsinin imzalarının şəxsiyyət vəsiqələrindəki və müqavilələrdəki imzalardan fərqləndiyini göstərsə də bu hallar həqiqi olsa belə onları Mülki Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi qanunla müəyyən edilmiş müddətdə məhkəmə qaydasında mübahisələndirə bilər. Başqa sözlə qeyd olunan halların həqiqiliyi belə iddianın əsaslı olmasına dəlalət etmir.

23. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən subyektiv hüququnun nədən ibarət olması barədə də heç bir arqument irəli sürmür. Mülki Məcəllənin 109.5-ci maddəsinin imperativ tələbinə əsasən inşa etdiyi bina tam başa çatdığından və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində qanunla müəyyən olunmuş qaydada ləğv və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməli idi. Ancaq iddiaçı MTKnın nə ləğv edilməsi, nədə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar barədə məhkəməyə mötəbər sübut təqdim edilməyib. Bu cür vəziyyətdə iddiaçı MTK-nın cavabdehin qeyd olunan qərarını mübahisələndirməkdə hüquqi marağının nədən ibarət olması da başadüşülən deyildir.

24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1082/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1082/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar