Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7548/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxx» SŞ ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(002)- 3037/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» SŞ ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxxxxxxxxxxxx» SŞ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə saat 21.00 radələrində Biləcəri qəsəbəsi ərazisində Cavabdeh1 «xxxxxxxxxxxxxxxxxx» SŞ ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış, Cavabdeh2 mülkiyyətində olan «VAZ21074» markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ olmadan (etibarnamənin müddəti bitdiyi halda) idarə edərkən X3 idarə etdiyi «VAZ-2106» markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X2 idarə etdiyi «VAZ-2106» markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. xx.xx.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Cavabdeh1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlaməti vardır. Qiymətləndirmə aktında göstərilmişdir ki, «VAZ-2106» markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1771/16 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra «xxxxxxxxxxxxxxxxxx» SŞ ASC tərəfindən zərər çəkən X3 avtomobilinə dəymiş zərərə görə 1000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1000 manat məbləğində sığorta ödənişi «xxxxxxxxxxxxxxxxxx» SŞ ASC tərəfindən zərərçəkənə ödənildiyindən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın ona aid hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “VAZ-2106” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyətində olmuş, həmin avtomobili təxminən 2014-ci ildə Cavabdeh1 satmışdır və avtomobilə dair ona digər şəxsə satması üçün baş etibarnamə vermişdir. Bundan sonra həmin avtomobil kimin istifadəsində olması barədə xəbəri olmamışdır. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisənin törədilməsindən onun xəbəri olmamışdır və buna görə heç bir məsuliyyət daşımır. Hazırda ondan müştərək qaydada pulun tutulmasının heç bir hüququ əsası yoxdur. Həmin iş üzrə heç bir cavabdehlik daşımır. Göründüyü kimi, qeyd olunan avtomobil faktiki olaraq cavabdeh X1 olmuş, avtomobil üzrə baş vermiş yol nəqliyyat hadisəsində təqsiri olmamışdır. Belə olan halda iddiaçıya dəymiş zərər yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 tərəfindən ödənilməli, iddia tələbi ona aid hissədə təmin edilməməli idi. Həmçinin iddia müddəti keçəndən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddia müddətinin keçməsi ilə bağlı ayrıca ərizəni də apelyasiya şikayətinə əlavə etmişdir. Odur ki, iddia müddəti keçdiyindən “xxxxxxxxxxxxxxxxxx” SŞ ASC-nin ona və Cavabdeh1 qarşı iddiasını rədd etməyi xahiş edir. Bundan başqa, məhkəmə prosesində onun iştirakı təmin edilməmiş və məhkəmənin hazırkı qətnaməsinin mövcudluğundan xəbəri olmamışdır. Bu gün ona məlum olmuşdur ki, ondan pulun tutulması barədə qətnamə mövcuddur. Beləliklə də, məhkəmə müdafiə hüquqlarını pozmuş, çəkişmə prinsipinə əməl etməyərək birtərəfli qaydada əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində qanuniliyi və əsaslılığı yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh2 tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına verilmiş etibarnamə ilə mülkiyyətində olan «VAZ-21074» markalı ** FT ***dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu taprışıqların yerinə yetirilməsilə əlaqədar etibar edən adından ərizə vermək və digər hərəkətləri yerinə yetirmək səlahiyyətlərini 1 il müddətinə vermişdir. «xxxxxxxxxxxxxxxxxx» SŞ ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, PST********** saylı sığorta müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən Cavabdeh2 mülkiyyətində olan «VAZ-21074» markalı ** FT ***dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh1 «VAZ-21074» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yolnəqliyyat hadisəsi törətmiş və «VAZ-2106» markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 2016-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Göründüyü kimi, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanın ümumi məbləği 1000 manat müəyyən edilmiş və bu barədə xx.xx.2016-cı il tarixldə sığorta hadisəsinə dair qiymətləndirmə aktı tərtib edilmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün 1000 manat sığorta ödənişi həyata keçirmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1096, 1097, 1108.1 və 1114-cü, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 qarşı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi;) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3-cü maddələrinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, işin tədqiq edilmiş halları əsasında Cavabdeh1 qeyd edilən nəqliyyat vasitəsini etibarnaməsiz idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi müəyyən edilmişdir. Vurulmuş zərər yüksək təhlükə mənbəyi olan avtomobilin sığortaçısı tərəfindən ödənilmişdir. Belə olan halda, ödənilmiş zərərin əvəzini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında tələb etməkdə iddiaçı “xxxxxxxxxxxxxxxxxx» SŞ ASC haqlı olmuşdur. İddiaçının müqavilə tələbləri üzrə iddia müddətini ötürməsi barədə cavabdehin dəlili də əsaslı sayıla bilməz. Belə ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranan mübahisələrə tətbiq edilməli olan iddia müddətindən fərqləndirilməlidir. Məsələn, subroqasiya zamanı öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldikdə bu cür iddialara Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən 3 illik müddət yox, 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik ümumi iddia müddəti tətbiq edilir. Beləliklə hazırkı iş üzrə iddia tələbinin Cavabdeh2 qarşı təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, hazırkı iş üzrə apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3037/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7548/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7548/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver