Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7548/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7548/2022 Açar sözlər:(əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(010)-2077/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh1 vasitəçiliyi ilə Cavabdeh2 tərəfindən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 4800 manata torpaq “satıldığını”, lakin sonradan Cavabdeh2 bu torpaq üzərində heç bir hüququ olmadığını, cavabdehlərə pulunu verdiyi torpaq sahəsinin əslində başqasının sahibliyində olduğunu öyrənmişdir. 2.Cavabdehlər onu aldadaraq aldıqları pulu geri qaytarmadığına görə məhkəməyə müraciət edərək, onlardan həmin pulu, həmçinin özünə dəydiyini iddia etdiyi mənəvi ziyana görə, eləcə də məhkəmə xərclərinə görə pul tutulmasını tələb etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4800 manat əsas məbləğ, 4000 manat mənəvi zərərə görə, 300 manat hüquqi xidmətlərə və 40 manat dövlət rüsumuna görə, cəmi 9140 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2014-cü ilin aprel ayında yaşadığı Hövsan qəsəbəsində torpaq sahəsi almaq üçün orada fəaliyyət göstərən daşınmaz əmlak alğı-satqısı ofisinə getmişdir. Ofisdə özünü Qulu kimi təqdim edən “makler”lə tanış olmuşdur. Sonradan bu adamın adının Cavabdeh1 olduğunu bilmişdir. Ağaqulu torpaq sahəsini ona göstərmiş və torpağın Cavabdeh2 məxsus olduğunu demişdir. Sonradan Cavabdeh2lə görüşmüş və razılaşmışlar. Cəmi 4800 manat pulu cavabdehlərə vermişdir. Onlar adına etibarnamə veriləcəyini və bundan sonra torpağın onun olacağını bildirmişlər. 09 aprel 2014-cü il tarixdə Bakı şəhəri 35 saylı dövlət notariat kontorunda Cavabdeh2 onun adına etibarnamə vermişdir. Bundan sonra torpaq sahəsinin onun olduğunu düşünüb torpağa ondan başqa heç kimin hüququ olmadığını güman etmişdir. Bir müddətdən sonra bilmişdir ki, torpaq başqaları tərəfindən hasara alınmışdır. Sonra məlum olmuşdur ki, Tərlanın torpağa aid heç bir sənədi yoxdur. Cavabdehlər məlumatsızlığından istifadə edib onu aldatmış və pulunu talamışlar. Bundan sonra pulu onlardan tələb etməyə başlamışdır. Cavabdehlər söz versələr də sözlərinə əməl etməmiş və pulunu qaytarmamışlar. Bir müddətdən sonra isə bilmişdir ki, Cavabdeh2 dələduzluq əməlinə görə həbs olunmuşdur. Bu şəxslər barəsində cinayət işi başlanması, qanuni tədbir görülməsi və ona vurduqları zərəri ödəmələri üçün polisə, prokurorluğa və digər dövlət orqanlarına müraciət etmişdir. Lakin, polis və prokurorluqda müraciətinə çox səhlənkar yanaşmışlar. Bir neçə dəfə polisdə şikayəti üzrə yar-yarımçıq araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Çoxsaylı şikayətlərindən sonra polisin qərarları ləğv olunmuş və guya yenidən araşdırma aparılmışdır. Amma, polis qanuni tədbir görməmiş və cavabdehlərin açıq-aydın dələduzluq cinayət əməlini mülki əməl kimi qiymətləndirib onları cinayət məsuliyyətinə cəlb etməmişdir. Son dəfə şikayəti üzrə Suraxanı rayon Polis idarəsində 4 aydan çox guya araşdırma aparılmışdır. Polis müstəntiqi təqsirkar şəxsləri ümumiyyətlə polisə çağırmamış, onu get-gələ salıb kobudcasına səhlənkarlıq və süründürməçilik etmişdir. Dələduzlardan daha çox polis tərəfindən ələ salınmışdır. Çox böyük çətinliklə polis müstəntiqi Çərkəz Pənahovdan 05 fevral 2022-ci il tarixli son dəfə yazdığı “cinayət işi başlanmasının rədd olunması haqqında” qərarı almışdır. Bundan sonra məhkəməyə müraciət etməkdən başqa əlacının olmadığını görüb iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ona vurduqları ziyan tam şəkildə onlardan alınıb ödənilməlidir. Onlar maddi ziyandan başqa ona mənəvi zərər də vurmuşlar. Onu ələ salmış, əsəbləşdirmiş, əsəbi sarsıntı keçirməyinə səbəb olmuşlar. Cavabdehlərin onu ələ salmaları səbəbindən xəstələnmiş və səhhətinə ciddi ziyan vurulmuşdur. O, üç dəfə xəstəxanada müalicə olunmuşdur. Hal-hazırda da müalicə olunur və səhhətində problemlər vardır. Cavabdehlərin ona vurduqları mənəvi ziyanı cəmi 4000 manat məbləğində qiymətləndirir. Hüquqlarını qorumaq üçün Bakı şəhəri, Q.Qarayev prospekti 52 ünvanında yerləşən “X4” MMC-yə müraciət etmiş və hüquqi xidmətlərə görə 300 manat pul ödəmişdir. Bundan başqa, iddia ərizəsini məhkəməyə vermək üçün 40 manat dövlət rüsumu ödəmişdir. Bu məbləğlər də cavabdehlərdən tutulub ona ödənilməlidir. 5.Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4800 manat əsas məbləğ, 4000 manat mənəvi zərərə görə, 450 manat hüquqi xidmətlərə və 130 manat dövlət rüsumuna görə, cəmi 9380 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Cavabdeh2 məhkəməyə ərizə verərək, iddianı qəbul etdiyini, iddiaçı tərəfindən tələb edilən pulu, yaxud razılaşarsa uyğun olan torpaq sahəsini verməyə etiraz etmədiyini, həmçinin Cavabdeh1 tanıdığını və mübahisəli torpağın alğı-satqısında Ağaqulunun da iştirak etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya yalnız torpaq sahəsi verə bilər. Pulu qaytarmağa isə razı deyil. Bu səbəbdən iddianı qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. 8.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 iyul 2022-ci il tarixli, 2(010)-2077/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Miriyeva Səlimə) iddia qismən təmin edilərək, Cavabdeh1 500 (beş yüz) manat məbləğində pul və 26 (iyirmi altı) manat dövlət rüsumu, Cavabdeh2 4100 (dörd min yüz) manat məbləğində pul, 167,25 manat (yüz altmış yeddi manat iyirmi beş qəpik) hüquqi yardım üçün çəkilmiş xərc və 41,67 manat (qırx bir manat altmış yeddi qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 9.İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, 2014-cü ildə Suraxanı rayon ərazisində torpaq alqısatqısı ilə məşğul olan Qulu adlı şəxsdən Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi ərazisində 1.5 sot torpaq sahəsini 4700 manata almış, bir müddət sonra sözügedən həmin torpaq sahəsinin başqa şəxs tərəfindən hasara alındığını və Qulu adlı şəxsin onu aldadaraq özünə məxsus olmayan torpaq sahəsini ona satdığını müəyyən etmiş, pulunu geri istədikdə isə Qulu adlı şəxs müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmadığını bildirmişdir. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi aşkar edilmədiyindən 12 dekabr 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Rədd materialından göründüyü kimi, təhqiqat zamanı Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Cavabdeh1 izahatında qeyd olunur: “Hövsan qəsəbəsi ərazisində anadan olduğu üçün yaşadığı qəsəbəni yaxşı tanımış, təxminən 2013-cü ildən ev və torpaq alqı satqısı ilə məşğul olmağa başlamış, 2014-cü ildə yaşadığı evin yaxınlığında torpaq alqı-satqısı ofisi olmuş, boş vaxtlarını da həmin ofisdə keçirmiş, İddiaçı isə təxminən 2014-cü ildən tanımışdır. Belə ki, həmin il (vaxtını, ayı, günü və saatı dəqiq olaraq xatırlamır) Namik onun işlədiyi ofisə gələrək bildirmişdir ki, Hövsan qəsəbəsi ərazisində asfalt yola yaxın yerlərdən torpaq sahəsi almaq istəyir. O da Namikə Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsi ərazisində olan bir torpaq sahəsini göstərib, oranın satıldığını bildirmiş, lakin həmin zaman Namik ona göstərdiyi torpaq sahəsini bəyənməmiş, bundan sonra o, Tərlan adlı şəxsin onun işlədiyi ofisində yazdırdığı və ona aid olduğu torpaq sahəsini göstərmiş, həmin zaman Namik ona göstərdiyi Tərlan adlı şəxsin torpaq sahəsini bəyənmiş və həmin torpaq sahəsinin ümumilikdə təxminən 1.5 sot və 5000 manata satıldığını Namikə bildirmiş, Namik də həmin torpaq sahəsini 4600 manata ala biləcəyini demiş, o da bu barədə Tərlanla mobil telefonla danışıb, həmin torpaq sahəsini 4600 manata satıb-satmadığını soruşmuş, həmin zaman Tərlan torpaq sahəsini 4600 manata sata biləcəyini bildirdikdən sonra, onunla razılaşdıqdan sonra Tərlandan torpağının satılacağı təqdirdə 500 manat pul alacağını bildirmiş, bu zaman Tərlan da onunla razılaşmış, daha sonra Namikdən 500 manat pulu beh almış və həmin günün səhəri Namik ilə Hövsan qəsəbəsi ərazisində yenidən görüşmüş, bu zaman onun yanında Tərlan da olmuş, Tərlan torpağının satılması ilə bağlı Namikə Hövsan qəsəbəsi 35 saylı notariat konturunda etibarnamə vermiş, daha sonra Namik ilə işlədiyi daşınmaz əmlak ofisinə qayıtmış, orada Namik ona aldığı torpaq sahəsinə görə 4100 manat pulvermiş, daha sonra o, da həmin pulu həmin günü Tərlanla görüşüb ona vermiş, bundan sonra əvvəlcədən razılaşdığı kimi Tərlandan 500 manatı almış, bir müddət keçdikdən sonra Namik onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, ona satılmış olan və Tərlan adlı şəxsin torpağı kimi göstərilən torpaq sahəsi başqa bir şəxsin torpaq sahəsi olmuş, bunun üçün də onun tərəfindən aldadıldığını bildirmişdir. Bundan sonra o, Tərlan ilə əlaqə saxlamaq istəsə də artıq Tərlanın başqa bir cinayət əməlinə görə həbs olunduğunu öyrənmişdir”. Cavabdeh2 izahatında qeyd olunur: “Hövsan qəsəbəsi ərazisində anadan olduğu üçün yaşadığı qəsəbəni yaxşı tanıyır və təxminən 2003-cü ildən ev və torpaq alqı-satqısı ilə məşğul olmağa başlamış, Cavabdeh1 təxminən 2010-cu ildən tanımışdır. Belə ki, Ağaqulu onun yaşadığı qəsəbədə, yəni Hövsan qəsəbəsində torpaq alq-satqısı ilə məşğul olduğundan onunla yaxşı münasibətləri olmuş, torpaq alqı-satqısı ilə məşğul olduğundan Hövsan qəsəbəsi ərazisində özünə məxsus olan torpaq sahələri olmuş, 2014-cü ilin aprel ayında Ağaqulunun işlədiyi torpaq alqı-satqısı ofsinin qarşısında Ağaqulu ilə görüşmüş, həmin zaman Ağaqulu ondan xahiş etmişdir ki, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün ona, yəni Ağaquluya məxsus olan torpaq sahəsinə Ağaqulunun adından İddiaçı 35 saylı dövlət Notarus konturunda etibarnamə versin. O, da Ağaqulunu tanıdığı üçün onunla razılaşmış və xx.xx.2014-cü ildə Hövsan qəsəbəsi ərazisində yerləşən 35 saylı Notariat kontoruna gedib, orada İddiaçı etibarnamə vermiş, bu hadisədən sonra, yəni xx.xx.2014-cü il tarixdə o, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və başqa bir cinayət işi üzrə məsuliyyətə cəlb olunaraq həbs olunmuş, daha sonra Ağaqulu ilə Namikin arasında olan məsələlərdən xəbərinin olmadığını bildirmişdir”. 10.Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, 2014-cü ildə Suraxanı rayonu ərazisində torpaq alqı-satqısı ilə məşğul olan Qulu adlı şəxsdən Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi ərazisində 1.5 sot torpaq sahəsini 4700 manata almış, bir müddət sonra sözügedən həmin torpaq sahəsinin başqa şəxs tərəfindən hasara alındığını və Qulu adlı şəxsin onu aldadaraq özünə məxsus olmayan torpaq sahəsini ona satdığını müəyyən etmiş, pulunu geri istədikdə isə Qulu adlı şəxs müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmadığını bildirmişdir. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi aşkar edilmədiyindən xx.xx.2022ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı, Cavabdeh1 və Cavabdeh2 alınmış izahatlar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardakı izahatlarla eynilik təşkil etmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 vasitəçiliyi ilə Cavabdeh2 tərəfindən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 4800 manata torpaq “satıldığını”, lakin sonradan Cavabdeh2 bu torpaq üzərində heç bir hüququ olmadığını öyrəndiyini, cavabdehlərə pulunu verdiyi torpaq sahəsinin əslində başqasının sahibliyində olduğunu, cavabdehlərin isə onu aldadaraq aldıqları pulu ona qaytarmadığını bildirərək, onlardan həmin pulu, həmçinin özünə dəydiyini iddia etdiyi mənəvi ziyana görə, eləcə də məhkəmə xərclərinə görə pul tutulmasını tələb etmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl bu hadisə ilə bağlı bir neçə dəfə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmiş, həmin vaxt cavabdehlərin onu aldadaraq torpaq satmaq adı ilə ondan 4700 manat məbləğində pul aldığını, lakin həmin torpağın başqa şəxsə məxsus olduğunu, cavabdehlərin isə aldıqları pulu qaytarmadığını bildirmişdir. Bu müraciətlər üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Hazırkı iş üzrə Cavabdeh1 verdiyi izahatda Hövsan qəsəbəsində torpaq almaq üçün İddiaçı vasitəçilik etdiyini, onu torpaq sahəsi satıcısı kimi Cavabdeh2 ilə tanış etdiyini qəbul etmiş, Cavabdeh2 torpaq sahəsini İddiaçı 4600 manata satdığını, bu pulun 500 manatını vasitəçi kimi özünün götürdüyünü, qalanının – 4100 manatın isə Cavabdeh2 qaldığını bildirmişdir. İzahatı alınan Cavabdeh2 isə Cavabdeh1 vasitəçiliyi ilə İddiaçılə tanış olduğunu, ona Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı etibarnamə verdiyini, lakin bu torpağın əslində Cavabdeh1 məxsus olduğunu, sadəcə onun şəxsiyyət vəsiqəsi olmadığı üçün İddiaçı torpaqla bağlı etibarnaməni Cavabdeh1 yox, özünün verdiyini, başqa məsələlərdən xəbəri olmadığını bildirmişdir. Hazırkı məhkəmə araşdırması gedişində Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçının ondan tələb etdiyi pulu və ya razılaşarsa uyğun torpaq sahəsini iddiaçıya verməyə etirazı olmadığını, digər Cavabdeh1 isə torpaq alğı-satqısında vasitəçilik etdiyini bildirmişdir. Lakin o, məhkəmə iclasında verdiyi izahatda iddiaçıya pul verməyə razı olmadığını, torpaq sahəsi verməyə isə etiraz etmədiyini bildirmişdir. Digər Cavabdeh1 isə məhkəmə iclaslarında iştirak etməmişdir. 12.Məhkəmə ilk növbədə iddiaçının torpaq satışı adı ilə aldadılaraq cavabdehlərə verdiyini iddia etdiyi 4800 manat məbləğində pulun qaytarılması tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən verilmiş ərizədə torpağa görə verilmiş pulun, yaxud iddiaçı razılaşarsa torpaq sahəsinin qaytarılmasına etiraz edilməməsi iddianın birinci hissədə (torpağa görə verilmiş pulun qaytarılması hissəsində) Cavabdeh2 tərəfindən etirafı kimi qəbul edilməlidir. Belə ki, o, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edərək iddiaçının torpağa görə tələb etdiyi pulu qaytarmağa etiraz etmədiyini bildirmişdir. Onun sonradan məhkəmə iclasında verdiyi izahatda pulu yox, torpağı qaytarmağa razılıq verməsini isə məhkəmə əsassız hesab edir və qeyd edir ki, cavabdeh iddiaçıdan aldığını yazılı ərizə ilə etiraf etdiyi pulu iddiaçıya qaytarmalıdır. Belə ki, o, heç bir hüququ olmadan iddiaçının hesabına əsassız varlanmışdır və bu varlanma nəticəsində əldə etdiklərini cavabdehə geri qaytarmalıdır. 13.Lakin bu pulun məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər nə qədər iddiaçı torpağı “almaq” üçün cavabdehlərə 4800 manat məbləğində pul verdiyini iddia edərək bu pulu cavabdehlərdən tələb etsə də onun istintaqa verdiyi məlumatdan görünür ki, həmin vaxt torpağa görə cavabdehlərə 4700 manat məbləğində pul verdiyini bildirmişdir. Üstəlik, bu pulun 600 manatını (500 manat beh kimi, 100 manat vasitəçi xidməti haqqı kimi) Cavabdeh1 verdiyini qeyd etmişdir. Öz növbəsində Cavabdeh1 verdiyi izahatda Cavabdeh2 İddiaçı torpağı 4600 manata satdığını, bu pulun 500 manatını özü götürdüyünü, 4100 manatını isə Cavabdeh2 verdiyini bildirmişdir. Cavabdeh2 isə yuxarıda qeyd edildiyi kimi məhkəmədəki etirafının əksinə, istintaqa verdiyi izahatda pul məsələsindən ümumiyyətlə xəbəri olmadığını qeyd etmişdir. 14.Göründüyü kimi torpağın satış qiyməti ilə bağlı iddiaçının istintaqa verdiyi məlumatla hazırkı iddia ərizəsindəki tələbi arasında 100 manat fərq mövcuddur. Lakin hər bir halda nəzərə alınmalıdır ki, əgər iddiaçı torpaq almaq üçün cavabdehlərə məhz 4800 manat məbləğində pul verdiyini iddia edirsə, bunu sübut etmək hər bir halda onun üzərinə düşür. Lakin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yeganə sübut cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlarıdır ki, bu qərarlardan da onun cavabdehlərə 4800 manat məbləğində pul verdiyi sübut olunmur. Əksinə, özünün cavabdehlərdən torpaq almaq üçün 4700 manat pul verdiyini bildirdiyi müəyyən olunur ki, izahatı alınan Cavabdeh1 bu pulun yalnız 4600 manatını qəbul etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia bu hissədə Cavabdeh1 izahatı əsasında sübut olunan hissədə - 4600 manat təmin edilməlidir. Eyni zamanda, məhkəmə yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlmişdir ki, iddiaçı bu pulun 500 manatını Cavabdeh1, 4100 manatını isə Cavabdeh2 vermişdir. 15.Məhkəmə bu cür nəticəyə gələrkən onu da qeyd etmişdir ki, hər nə qədər Cavabdeh2 torpağa görə verilmiş pulla bağlı hissədə iddianı etiraf etmiş kimi görünsə də nəzərə alınmalıdır ki, iddiaçı torpağa görə verdiyi pulu cavabdehlərdən məhz “müştərək qaydada” tələb etmişdir. Bu baxımdan Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsinin digər Cavabdeh1 hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnməməsi, eləcə də işin həqiqi hallarının müəyyən edilməsi üçün məhkəmə yuxarıda qeyd edilmiş araşdırmanın aparılmasını zəruri hesab etmişdir. Bununla belə məhkəmə bu etirafı məhz Cavabdeh2 münasibətdə iddianın qismən etirafı kimi qiymətləndirmişdir. 16.Qeyd edilənlərə, eləcə də Cavabdeh2 etirafına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 500 manat, Cavabdeh2 isə 4100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 17.Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisənin mahiyyəti nəzərə alınaraq, cavabdehlərin torpaq satışı adı ilə iddiaçıdan aldıqları pulun iddiaçıya qaytarılmasının qət edilməsi ona dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. 18.Məhkəmə iddiaçının məhkəmə xərci kimi cavabdehlərdən tələb etdiyi pula münasibətdə qeyd etmişdir ki, iddiaçının “X4” MMC-nin hesabına ödədiyi 300 manat məbləğində pul Mülki Prosessual Məcəllənin 115-ci maddəsinə əsasən məhkəmə xərci olmadığından cavabdehlərdən tutula bilməz. İddiaçının vəkildən hüquqi yardım almaq üçün ödədiyi və cavabdehlərdən tələb etdiyi 150 manat məbləğində pul isə məhkəmə xərcidir və iddiaçı bu pulu məhkəmə xərci kimi cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. 19.İddiaçının nümayəndəyə (vəkilinə) etibarnamə vermək üçün ödədiyi 18 manat məbləğində pula gəldikdə isə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, müvafiq etibarnamədən görünür ki, etibarnamənin notraius tərəfindən təsdiq edilərək verilməsi xidməti üçün 17.25 manat məbləğində xidmət haqqı ödənilmişdir. 20.Dövlət rüsumuna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən cəmi 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ iddianın qiymətinə uyğun olmuş, hazırkı iş üzrə məhkəmə tərəfindən iddianın yalnız 4767,25 (4600+150+17.25) manat məbləğində hissəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 67,67 manat hissəsi cavabdehlərdən tutulmalı, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. 21.Yekunda, məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərdən ümumilikdə 4600 manat məbləğində pul tutulması nəticəsinə gəlinsə də cavabdehlərdən ayrı-ayrılıqda tutulacaq pulun məbləği bir-birinə nisbətdə əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, məhkəmə Cavabdeh1 500 manat, digər Cavabdeh2 isə 4100 manat məbləğində pul tutulması nəticəsinə gəlmişdir. Beləliklə, Cavabdeh1 tutulacaq 500 manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinin təxminən 11%-ni təşkil edir. Buna uyğun olaraq Cavabdeh2 tutulması qət edilən 4100 manat məbləğində pul isə iddianın təmin edilmiş 4600 manatlıq hissəsinin 89%-idir. Məhkəmə hesab tmişdir ki, məhkəmə xərcləri - iddiaçının vəkilə hüquqi yardım üçün ödədiyi 167,25 manat, eləcə də 67,67 manat dövlət rüsumu tutularkən də bu nisbət nəzərə alınmalı, Cavabdeh1 ümumi məhkəmə xərclərinin 11%-i olan 26 manat məbləğində dövlət rüsumu tutulmalı, cavabdehlərdən tutulması qət edilən məhkəmə xərclərinin qalan hissəsi isə Cavabdeh2 aid edilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.7, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.2-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 88, 107, 119.1, 191.2, 191.3, 217.3, 217.4, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətmamə qəbil edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması həyata keçiriləsəydi, icraatında qəbul edilmiş mülki işin iddiaçı tərəfindən iddia müddətləri ilə bağlı prosessual müddətin ötürülməsinə dair cavabdehlərin vəsatətlərinin olmasına dair hüquqları izah edilərdi. Lakin məhkəmə bu haqda cavabdehlərə heç bir məlumat vermədiyindən onlar məlumatsız olmuş və məhkəməyə vəsatət vermək imkanları olmamışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, guya Cavabdeh2 tərəfindən verilmiş ərizədə torpağa görə verilmiş pulun, yaxud iddiaçı razılaşarsa torpaq sahəsinin qaytarılmasına etiraz etməmişdir. Bu isə onun etirafı kimi qəbul edilir. Halbuki, cavabdeh məhkəməyə ərizə verməmiş və ifadəsində bildirmişdir ki, o özünə məxsus olan torpaq sahəsi ilə bağlı etibarnamə verə bilər. Lakin o, iddiaçıya torpaq sahəsi satmadığını və buna görə heç bir öhdəlik daşımadığını bildirmişdir. Cavabdeh2 iddiaçıya heç bir torpaq sahəsi satmamış və ondan buna görədə pul almamışdır. Bunun əksi isə məhkəmədə heç bir sübutla öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Suraxanı rayon Məhkəməsində işə baxılan zaman cavabdehin verdiyi ifadələr məhkəmə tərəfindən təhrif edilmiş, guya o torpağın pulunu qaytarmaq istədiyini etiraf etmişdir. Məhkəmə işin məhz bu halını araşdırıb qiymətləndirməli olduğu halda mübahisə ilə əlaqəsi olmayan halları sadalamaqla kifayətlənmişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən Cavabdeh1 verilməsi “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda öz əksini tapsa da məhkəmə, öz qətnaməsini birtərəfli qaydada iddiaçının xeyrinə əsaslandırmağa çalışmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, ona verilmiş suallara cavab olaraq bildiridi ki, 24 iyun 2022-ci il tarixli ərizəni özü yazmış və özü imzalamışdır. Ərizədəki yazı və imza ona məxsusdur. O, torpaq sahəsinə görə pul almamışdır. Torpaq sahəsinə görə etibarnaməni ona görə vermişdir ki, Ağaqulunun şəxsiyyət vəsiqəsi olmamışdır. O, iddiaçıya torpaq sahəsi verməyə razıdır. 27.İddaçı İddiaçı və digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, İddiaçı ərizə göndərərək maddi vəziyyətinin nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, digər Cavabdeh1 gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 29.Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: --14.2.7. Əsassız varlanma. 30.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 33.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddə 52.2.Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 35.Maddə 52.5.İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 36.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 38.Maddə 191.2.Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 39.Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən- Cavabdeh2 4100 (dörd min yüz) manat məbləğində pul, 167,25 manat (yüz altmış yeddi manat iyirmi beş qəpik) hüquqi yardım üçün çəkilmiş xərc və 41,67 manat (qırx bir manat altmış yeddi qəpik) dövlət rüsumunun tutulması ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən digər cavabdeh və iddiaçı apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 44.Kollegiya cavabdehin izahatnı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(010)-2077/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 45.Belə ki, cavabdeh apellyasiya şikayətində ərizə vermədiyni (iddiaçının torpağa görə tələb etdiyi pulu qaytarmağa etiraz etməməsi ilə bağlı) bildirsə də, Məhkəmə Kollegiyasının iclasında iş materiallarında olan 24 iyun 2022-ci il tarixli ərizəni özü yazdığını və özü imzaladığını, ərizədəki xət və imzanın ona məxsus olduğunu etiraf etmişdir. 46.Həmin ərizə ilə cavabdeh iddiaçının torpağa görə verdiyi pulu, ya da razılaşarsa torpağı qaytarmağa heç bir etirazı olmadığını bildirmişdir. 47.Digər tərəfdən cavabdeh tərəfindən torpaq satmadığı halda, iddiaçıya etibarnamə verməsi iddiaçının tələbinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. 48.Bundan başqa digər Cavabdeh1 polisdə verdiyi ifadəsində qeyd etmişdir ki, İddiaçı torpağa görə 4100 manatı almış, bundan sonra etibarnamə vermişdir. 49.Belə olan halda kollegiya hesab edir ki, məhkəmə tərəfindən düzgün olaraq Cavabdeh2 tərəfindən torpağa görə verilmiş pulun, yaxud iddiaçı razılaşarsa torpaq sahəsinin qaytarılmasına etiraz edilməməsi iddianın birinci hissədə (torpağa görə verilmiş pulun qaytarılması hissəsində) Cavabdeh2 tərəfindən etirafı kimi qəbul edilmişdir. 50.Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh2 məxsus olduğu sübut edilmədiyinə, torpağın heç bir qanuni əsası olmadan satılması araşdırılmış sübutlarla öz təsdiqini tapdığına görə məhkəmə 4100 manatın Cavabdeh2 iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 heç bir hüququ olmadan iddiaçının hesabına əsassız varlanmışdır və bu varlanma nəticəsində əldə etdiklərini qanunvericilinin tələbinə əsasən iddiaçıya geri qaytarmalıdır. 51.Kollegiya cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərlən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. 52.Kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, birinci instansiya məhkəməsində iştirak etmiş, iddia tələbinə dair öz münasibətini bildirmiş, iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə verməmişdir. Buna görə də, hazırkı apellyasiya mərhələsində onun iddia müddəti ilə bağlı məsələyə istinad etməsi əsaslı hesab edilə bilməz. 53.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş pul iddianın təmin edilmiş hissəsinə uyğun olaraq düzgün qaydada hesablanaraq cavadbehlərdən tutulmuşdur. 54.Belə ki, Cavabdeh2 tutulması qət edilən 4100 manat məbləğində pul iddianın təmin edilmiş 4600 manatlıq hissəsinin 89%-ini təşkil edir. Buna görə də iddiaçının vəkilə hüquqi yardım (150 manat) və etibarnamə üçün 17.25 manat) ödədiyi 167.25 manatın 89%-i, yəni 67.67 manat iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh2 tutulmalıdır. 55.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 61.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən məbləğ 4308,92 manat olmaqla, 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 62.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(010)-2077/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7548/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7548/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver