Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7549/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, barışıq sazişi, icraata xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, H.Bayramov küçəsində istifadədə olan 0.01647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 76.4 kv.m yaşayış 25.2 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi 32 saylı evə yaşayış hüququnun tanınması və pasport qeydiyyatına alınması, X3 ilə Cavabdeh1 birgə mülkiyyətlərində olan “VAZ-2199” markalı **-LK-*** dövlət nömrə nişanlı avtomobilin satılaraq həmin məbləğdən Cavabdeh1 çatası payın ödənilməsi qət edilmişdir.
3. ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və başqa 3 nəfər digər şəxslər qeydiyyatdadırlar.
4. “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş orta aylıq kirayə dəyərinin təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli hesabata görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin müqayisə yanaşması ilə hesablanmış orta kirayə dəyəri 170 manat təşkil edir.
5. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq həmin fərdi yaşayış evində yaşamırlar.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərə cəmi 8000 manat məbləğində kompensasiya verməklə onların Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evdən istifadə hüquqlarına xitam verilməsi, həmin evdə yerləşən cavabdehlərə məxsus stenka mebel, divan-kreslo, televizor, taxt, soyuducu-Atlant, stol, 6 stul, yorğan-döşək, 1 xalça-kovralit, qab-qaşıqlar, paltarlar, pərdə, divar üçün saat, güzgü, 4 ədəd balınc, 6 divanüstü örtük, ütü, paltaryuyan maşından ibarət olan əmlakların oradan çıxarılaraq cavabdehlərə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı fərdi yaşayış evi xüsusi mülkiyyətindədir, Cavabdeh1 qardaşı X1 arvadı, Gözəl və Samir isə qardaşı Məhəmmədin övladlarıdır. X4 Cəfərovanın nikahları xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. Cavabdehlər uzun illərdir ki, mülkiyyətində olan evdə yaşamırlar, yəni xx.xx.2006-cı ildən evdən çıxıb getmişlər, həmin vaxtdan başqa bir ünvanda, Cavabdeh1 valideynlərinin evində fasiləsiz olaraq daimi yaşayırlar. Cavabdeh1 iki uşağını da götürüb xx.xx.2006-cı ildə ona məxsus evdən çıxıb getmiş, lakin sonradan Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə onun həmin evə yaşayış hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. Evdən çıxıb getmələrinə baxmayaraq, cavabdehlər hələ də özlərinə məxsus əşyalarını gəlib aparmamışlar və evdən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər uzun müddət, yəni 16 il ərzində həmin evdə heç bir üzürlü səbəb olmadan yaşamadıqlarından, 16 il başqa bir ünvanda daimi yaşadıqlarından evdən istifadə hüquqlarını itirmişlər. Cavabdehlərin yaşamaq üçün 3 illik kirayə haqqı hər ay 170 manat hesablanmaqla 6120 manat təşkil edir, buna baxmayaraq onlara 8000 manat kompensasiya təklif edir ki, bu məbləğdə onlar müəyyən müddət ərzində yaşaya bilərlər.
8. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşının qardaşıdır. Belə ki, onunla X3 arasında bağlanmış nikah 2008-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin nikahdan iki övladı olmuşdur və hal-hazırda övladları ilə birlikdə başqa ünvanda yaşayırlar. Mübahisəli mənzildə yaşaması mümkün deyildir, belə ki, keçmiş həyat yoldaşı ilə arasında daima mübahisə olmuşdur. Mənzildə yaşaya bilməməsinin səbəbləri ondan asılı deyildir, lakin oğlu gələcəkdə həmin mənzildə yaşaya bilər. Evdə yaşamasalar da, məhkəmənin qətnaməsinə əsasən onların həmin mənzildən istifadə hüquqları mövcuddur. Onun istifadə hüququna xitam verilməsi və övladlarının gələcəyi üçün 15 000 manat məbləğində kompensasiya tələb edir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif edilən 8000 manat məbləğində vəsait cavabdehlərə başqa yerdə davamlı surətdə yaşamaları üçün kifayət etmir və buna görə də iddia təmin edilməməlidir.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
12. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil tərəflərin artıq barışdıqlarını və barışıq sazişi bağladıqlarını bildirmiş, sazişin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etmişdir.
13. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmişlər.
14. Təqdim olunmuş notarial təsdiqli barışıq sazişinə görə, “1. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və orada yerləşən öz əmlaklarının çıxarılmasına etiraz etmirlər. 2. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evə dair 9200 (doqquz min iki yüz) manat pul verilməklə həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və orada yerləşən öz əmlaklarının çıxarılmasını öz öhdələrinə götürürlər. 3. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 gün müddətində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evdən qeydiyyatdan çıxmaöı və orada yerləşən öz əmlaklarını götürməyi öhdələrinə götürürlər. 4. İddiaçı müqavilə bağlandıqdan sonra ümumi 9200 (doqquz min iki yüz) manat məbləğində kompensasiyadan 3068 (üç min altmış səkkiz) manat Cavabdeh1, 3066 (üç min altmış altı) manat Cavabdeh2 və 3066 (üç min altmış altı) manat Cavabdeh3 ödəyir”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
16. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
17. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
18. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
19. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının həddi
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və orada yerləşən öz əmlaklarının çıxarılmasına etiraz etmirlər. 2. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evə dair 9200 (doqquz min iki yüz) manat pul verilməklə həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və orada yerləşən öz əmlaklarının çıxarılmasını öz öhdələrinə götürürlər. 3. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 gün müddətində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi 32 saylı evdən qeydiyyatdan çıxmaöı və orada yerləşən öz əmlaklarını götürməyi öhdələrinə götürürlər. 4. İddiaçı müqavilə bağlandıqdan sonra ümumi 9200 (doqquz min iki yüz) manat məbləğində kompensasiyadan 3068 (üç min altmış səkkiz) manat Cavabdeh1, 3066 (üç min altmış altı) manat Cavabdeh2 və 3066 (üç min altmış altı) manat Cavabdeh3 ödəyir” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3062/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov