Məhkəmə qərarları › İş №2(103)-7552/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7552/2022

01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7552/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin e-2(006)-440/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Kreditor-ipoteka saxlayan qismində "xxxx" ASC ilə alıcı-ipoteka qoyan qismində X7 və satıcı qismində X10 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 01/04 nömrəli yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinə əsasən X10 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 320.700 ABŞ dolları-261.000 manat, mənzilin dəyərinin 96.210 ABŞ dolları – 78.000 manat S.Mirzəyev özü tərəfindən, 224.490 ABŞ dolları – 183.000 manat isə Cavabdeh2 ASC tərəfindən xx.xx.2008-ci il tarixli 01/04 saylı kredit müqaviləsinə əsasən Səmənd Mirzəyevə verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Səmənd Mirzəyev satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onun Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 01/04 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-yə ipotekaya vermişdir. Tərəflər arasında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məhkəmə çəkişmələri olmuş, borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair tələbkarın tələbi qismən təmin edilmişdir. X8 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 639 № ilə qeyd edilmişdir. Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinin açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac xx.xx.2019-cu il tarixində, təkrar hərrac isə xx.xx.2019-cu il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. xx.xx.2019-cu il tarixli, 45/01 nömrəli protokol və bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi tərtib edilmişdir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə Cavabdeh2 ASC-yə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının (varisin) atası X8 ilə Cavabdeh2 ASC arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kredit verilmişdir. X6 məxsus mənzilin kreditin təminatı kimi ipotekaya qoyulması barədə bank ilə borcalan arasında xx.xx.2008-ci il tarixdə alğı-satqı və ipoteka müqavilələri bağlanmışdır. İpoteka qoyulmuş mənzil ünvan 1 ünvanında yerləşən və X3 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin bir hissəsində yerləşir. Bankla bağlanmış ipoteka müqaviləsinin 1.5-ci bəndindən də göründüyü kimi, yalnız mənzil ipoteka qoyulmuşdur, 0,06 ha torpaq sahəsi ipoteka qoyulmamışdır. Tərəflərin iddiaçı və cavabdeh olduqları iş üzrə Bakı Apellyasiya Məhkəməsinin hazırda qanuni qüvvədə olan 2(103)-957/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsilə müəyyən edilmişdir ki, ipoteka predmeti fərdi yaşayış evindən ibarət olmuşdur. İpoteka predmeti sadəcə yaşayış evi daxildir və hərraca ilkin satış qiyməti də sadəcə yaşayış evi üçün müəyyən edilib. Həmin ünvandakı torpaq sahəsi (həmin sahənin bir hissəsində bu ev yerləşir) ipoteka predmetinə və ilkin satış qiymətinə daxil deyildir. Onlar mülki dövriyyənin ayrı-ayrı obyektləridir. İpoteka predmetinin yalnız Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvandakı torpaq sahəsi də əsassız olaraq bütövlükdə ipoteka ilə yüklü edilmişdir. Bu səhvin aradan qaldırılması üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə də 2018-ci ildə müraciət edilmişdir. Borclu ipoteka qoyan (iddiaçının atası) X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun oğlu (iddiaçı) İddiaçı mirası faktiki qəbul etmiş (həmin mənzildə yaşayır), habelə vərəsəlik işinin açılması üçün qanunla müəyyən edilmiş müddət daxilində notariusa müraciət etmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda vərəsəlik işi açılmışdır. Miras əmlak yalnız ipoteka qoyulmuş mənzildən və səhvən ipoteka ilə yüklü edilmiş torpaqdan ibarət olduğuna görə notarius bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ipoteka saxlayan bankın razılığı təqdim edilməlidir. Varis banka müraciət etsə də, bankdan şifahi olaraq bildirilmişdir ki, borc bağlanmayınca belə bir razılıq verilməyəcək. Bu səbəbdən varis vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Varis ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra icraatının vərəsəlik şahədətnaməsi alınanadək dayandırılması üçün Sabunçu rayon İcra şöbəsinə 2018-ci ilin iyulunda müraciət etmişdir. Qeyd edilənlərə baxmayaraq, varis məlumatlandırılmadan hərrac keçirilmiş və bank mənzili, habelə əslində ipoteka predmeti olmayan (və ya onun hissəsini) borcun əvəzinə almışdır. Varis bu barədə 2021-ci ilin sentyabrından ona qarşı bankın qaldırdığı mənzildən çıxarılma iddiası üzrə Sabunçu rayon Məhkəməsinin iclasında bilmişdir. Keçirilmiş hərrac və onun nəticələri qanunsuzdur. Çünki hərracın keçirilməsinə baxmayaraq bu barədə ipoteka qoyanın varisinə heç bir məlumat verilməmiş, ona qanunda tələb olunan bildiriş təqdim edilməmişdir. Göstərilənlərə əsasən X9 ilə Cavabdeh2 ASC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış alğı-satqı və ipoteka müqaviləsi ilə ünvan 4 ünvanındakı 0,06 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilmədiyi (ipoteka qoyulmadığı) müəyyən edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılması, ünvan 4 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli45/01 saylı protokolun, həmin evin alğı-satqısı barədə eyni tarixli müqavilənin, onların əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edilmiş qeydin və verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, torpağa münasibətdə mübahisənin inzibati icraat qaydasında məhkəmədə baxılmasını nəzərə alaraq iddia tələbinin həcmini 0,06 ha torpağa münasibətdə azaldaraq, yəni iddianın 1-ci bəndini iddia tələbləri sırasından çıxardaraq, iddiaya yalnız onun 2-ci bəndi hissəsində, yəni hərracın mübahisələndirilməsi, reyestr qeydinin və çıxarışın etibarsızlığı hissəsində baxılaraq, təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, e-2(006)- 440/2022 nömrəli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43, 44-cü, Mülki Məcəllənin 337.1 və 415.5-ci maddələri, həmçinin Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Hərracın keçirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan "xxxx" KB ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən məlumatlandırılmamaq kimi prosedur baş verməmiş, ipoteka qoyanın ölməsi isə hərracın keçirilməməsi üçün əsas deyildir. Bu barədə hərraca məlumat vermək öhdəliyi isə mirası qəbul etmiş şəxsin üzərinə düşür ki, bu barədə də məlumat verilməmiş və hərrac təşkilatı tərəfindən belə bir öhdəliyin olması da qanunla müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddianın dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi hərracın keçirilməsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və sonrakı tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissələrdə də təmin oluna bilməz. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-440/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, hərracın bildirişi ölmüş adama ünvanlanıb, varis (yəni hazırkı iş üzrə İddiaçı) daha əvvəl icra orqanını (hərracın sifarişçisini) borclunun ölməsi barədə məlumatlandırmış, hərracın ölmüş adama göndərdiyi bildiriş isə səhv ünvana göndərdiyindən varisə çatmamışdır. Məhkəmə qətnamənin 7–ci səhifəsinin sondan ikinci abzasında qeyd edir ki, güya hərracın keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarına riayət olunmuşdur. Halbuki, hərracın keçirilməsi haqqında bildirişin göndərilmə qəbzlərindəki qeydlərdən (qeyd edilən ünvanda belə şəxsin yaşamaması, ünvanın tam olmaması) görünür ki, bildiriş təqdim edilməyib və səbəbləri iddiaçının təqsirindən asılı deyil. Hərrac təşkilatı bilirdi və bilməli idi ki, ipoteka qoyanın ünvanı ipoteka predmetidir. Çünki vəfat etmiş şəxs bir dəfə də hərracın nəticələrini mübahisələndirmiş və orada ünvanının dəyişdiyini qeyd etmişdir. Digər tərəfdən bildiriş vəfat etmiş şəxsin adına göndərilib. Halbuki, hərracın sifarişçisi (icra məmuru) hərracdan xeyli əvvəl bilirdi ki, ipoteka qoyan ölüb və icraatda tərəf ola bilməz. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsnin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2349/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, e-2(006)-440/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən məlumatlandırılmamaq kimi prosedur baş verməmiş, ipoteka qoyanın ölməsi isə hərracın keçirilməməsi üçün əsas deyildir. Bu barədə hərrac təşkilatına məlumat vermək öhdəliyi isə mirası qəbul etmiş şəxsin üzərinə düşür ki, bu barədə də məlumat verilməmişdir. Həmçinin, məhkəmə Kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı Fərinad Mirzəyəv həm iddia qaldırarkən, həm də 30 iyul 2018-ci il tarixli ərizəni Sabunçu rayon İcra Şöbəsinə təqdim edərkən vəfat etmiş borclu Səmənd Mirzəyevin prosessual varisi olaraq hərəkətlər etmiş, lakin prosessual varis olaraq vəfat etmiş atasının borcları üzrə məsuliyyətli davranmayaraq ərizələri təqdim etdikdən sonra borcun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, bocun ödənilməsi istiqamətində vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. İddiaçı atasının vəfat etməsi ilə bağlı ərizəni 30 iyul 2018-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə təqdim etmiş, mübahisələndirilən hərrac isə xx.xx.2019-cu il tarixdə keçirilmişdir. İddiaçı qeyd edildiyi kimi keçən 1 il ərzində prosessual varis olaraq vəfat etmiş atasının borcunun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, bocun ödənilməsi istiqamətində təkliflər irəli sürməmişdir. İddiaçı atasının vəfatından sonra mübahisəli daşınmaz miras əmlakı faktiki qəbul etmədiyini də bildirməmişdir. Həmçinin, İddiaçı hazırkı iddianın qaldırmaqla da eyni əsasdan çıxış etmiş olur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2349/2022 saylı qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4656/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2349/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər iki instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka qoyanın ölməsi hərracın keçirilməməsi üçün əsas deyil, hərrac təşkilatının hərracın vaxtı və yeri barədə məlumat vermək öhdəliyi yoxdur, qanunda belə hal nəzərdə tutulmamışdır. İpoteka qoyanın vərəsəsinin mirası qəbul etməsi barədə müraciətinin rəsmiləşməsinə, onun prosesə rəsmi olaraq hüquq varisi kimi qoşulmasına və nəhayət vərəsənin rəsmi olaraq icranı həyata keçirən orqana müraciətinə baxmayaraq borclu hüquq varisi ilə əvəz edilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 01 saylı bildirişi ilə X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmiş, bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 5afiq poçt xidməti tərəfindən «ünvan tam deyil, qeyd olunan ünvanda həmin şəxsi tanımırlar» qeydi ilə geri qaytarılmışdır. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019cu il tarxili 02 saylı bildirişi ilə yenə də X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 5afiq poçt xidməti tərəfindən «ünvanda yoxdur» qeydi ilə geri qaytarılmışdır. Bundan sonra iki dəfə hərrac keçirilməsi rəsmiləşdirilmiş və sonda «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 179.775 manat olmaqla ipoteka saxlayana təklif olumuş və ipoteka saxlayan əmlakı mülkiyyətinə qəbul etmişdir. Hərrac yenidən keçirilməmişdən əvvəl onu təşkil edən icra qurumu vərəsəni hüquq varisi kimi işə cəlb edərək borclu kimi onun anket məlumatlarını qeyd etməli və hərraclar zamanı bildirişlərin məhz borcluya göndərilməsini təmin etməliydi. Həmin hərəkətlər yerinə yetirilmədiyi üçün hərrac təşkilatı bildirişləri ölmüş şəxsə onun qeydiyyat ünvanı üzrə göndərmiş (əmlakın yerləşdiyi ünvana deyil, başqa ünvana) və bununla da hərracın keçirilməsi zamanı mülkiyətçinin hüquqları pozulmuşdur. Kollegiya hərrac təşkilatın ölənin vərəsəsinə bildiriş göndərməyə borclu olmaması barədə məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır. Çünki, hərrac keçirilən vaxt İddiaçı ölənin vərəsəsi olmaqla yanaşı əmlakın mülkiyyətçisi olmuşdur. O, mirası qəbul etmiş sayılır. Hərrac təşkilatının isə hərracın vaxtı və yeri barədə mülkiyyətçiyə məlumat vermək vəzifəsi qanundan irəli gəlir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, mübahisəli əmlakla bağlı hərraclar keçirilərkən onun keçirilməsi qaydalarına riayət edilibledilməməsi ətraflı araşdırılmamış və iş üçün əhəmiyyət kəsb edən hallara MPM-nin 88-ci maddəsinə müvafiq hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 izahat verərək apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətmaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Son məhkəmə iclasının baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. “Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılı 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Respublikasının“İpoteka haqqında” Qanunu

42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

“İcra haqqında” Qanun:

17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi X3 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli ev S.Mirzəyevlə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 01/04 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-yə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4225/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 cəmi 272.369,42 ABŞ dolları kredit borcu ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğ cavabdeh X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 6 otaqlı, 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 282.000 manat müəyyən edilməsi, Cavabdeh2 ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X4 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh S.Mirzəyev qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4225/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh X2 cəmi 229.061,23 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X2 tutularaq dövlət büdcəsinə, qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat cavabdeh X2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra məlum olmuşdur ki, mübahisəli mənzil hərracda satılmış və X8 məhkəmədə hərracın etibarsızlığı ilə bağlı yeni mübahisə açmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-76/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 ASC-nə qarşı keçirilmiş hərracın, onun nəticələrinin əsasında dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın qanunsuz sayılması tələblərinə dair iddiası təmin edilmiş, "xxxx" MMCnin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair 2016-cı ilin martın 31-də keçirilmiş hərrac, onun yekunları üzrə eyni tarixli 27/01 saylı protokollar etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alğı-satqısı barədə müqavilə ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alğı-satqısı barədə müqavilə əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edilmiş qeyd və verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, keçirilən hərrac qanuni qüvvəsini almamış qətnamə əsasında keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6512/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 76/2018 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-76/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin qəbulundan 3 gün sonra X8 xx.xx.2018-ci ildə ölmüş, Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunun notariusu tərəfindən vərəsəlik işi açılmışdır. Qeyd olunan iş üzrə apelyasiya şikayətinə baxılarkən mərhum X3 oğlu İddiaçı onun hüquqi varisi kimi prosesə cəlb edilmişdir. Vərəsəlik işi açıldıqdan sonra İddiaçı tərəfindən ƏDMK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsindəki 101 ünvanındakı 0,06 ha torpaq sahəsinin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında reyestr qeydinin ləğv edilməsi, yüklülük haqqında çıxarışın torpağa aid hissəsinin etibarsız sayılmasını və torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etmiş və eyni zamanda Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə icra sənədi üzrə borclu X8 vəfat etdiyi üçün icraatın dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ipoteka qoyanın vərəsəsinin mirası qəbul etməsi barədə müraciətinin rəsmiləşməsinə, onun prosesə rəsmi olaraq hüquq varisi kimi qoşulmasına və nəhayət vərəsənin rəsmi olaraq icranı həyata keçirən orqana müraciətinə baxmayaraq borclu hüquq varisi ilə əvəz edilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 01 saylı bildirişi ilə X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmiş, bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 7afiq poçt xidməti tərəfindən «ünvan tam deyil, qeyd olunan ünvanda həmin şəxsi tanımırlar» qeydi ilə geri qaytarılmışdır. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 02 saylı bildirişi ilə yenə də X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 5afiq poçt xidməti tərəfindən «ünvanda yoxdur» qeydi ilə geri qaytarılmışdır. Bundan sonra iki dəfə hərrac keçirilməsi rəsmiləşdirilmiş və sonda «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 179.775 manat olmaqla ipoteka saxlayana təklif olumuş və ipoteka saxlayan əmlakı mülkiyyətinə qəbul etmişdir. İddiaçı iddia ərizəsində yalnız keçirilmiş hərraclar barədə onun məlumatının olmamasını əsas gətirir və hesab edir ki, keçirilmiş hərraclar barədə ona məlumat verilmədiyindən, onun qanunla qorunan hüquq və maraqları pozulmuş və bu əsasdan həmin hərrac protokolu etibarsız hesab edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə əsasən isə varis məlumatlandırılmadan hərrac keçirilmiş və bank mənzili, habelə əslində ipoteka predmeti olmayan torpağı (və ya onun hissəsini) borcun əvəzinə almışdır. Varis bu barədə 2021 – ci ilin sentyabrından ona qarşı bankın qaldırdığı mənzildən çıxarılma iddiası üzrə Sabunçu Rayon Məhkəməsinin iclasında bilmişdir. Bununla da həm də məlum olmuşdur ki, icra məmuru vərəsəlik işini nəzərə almamış, icraatı dayandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni araşdırarkən X3 hərracın etibarsızlığı ilə bağlı qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə aktlarına diqqət yetirməmişdir. Belə ki, həmin qətnamələrlə hərrac etibarsız hesab olunmuşdur. Bundan sonra vərəsə hərracı təşkil edən icra qurumuna rəsmi olaraq müraciət etmişdir. Hüquq varisliyinin qəbul edilməsinin əsası vərəsənin bu barədə notariusa müraciət etməsi və vərəsəlik işi açılması barədə sənədlər olmuşdur. Kollegiya qeyd edir ki, icra icraatı zamanı icra məmuru tərəfindən fiziki şəxs ölməsi halı baş verdiyi üçün icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada icraatı məcburi dayandırmaqla həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz etməli olduğu halda etməməsi ilə “İcra haqqında” Qanunun 17.1.1 və 31-ci maddələrinin tələblərinin pozulması hallarına qiymət verməmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, hərrac yenidən kezirilməmişdən əvvəl onu təşkil edən icra qurumu vərəsəni hüquq varisi kimi işə cəlb edərək borclu kimi onun anket məlumatlarını qeyd etməli və hərraclar zamanı bildirişlərin məhz borcluya göndərilməsini təmin etməliydi. Həmin hərəkətlər yerinə yetirilmədiyi üçün hərrac təşkilatı bildirişləri ölən şəxsə onun qeydiyyat ünvanı üzrə göndərmiş (əmlakın yerləşdiyi ünvana deyil, başqa ünvana) və bununla da hərracın keçirilməsi zamanı mülkiyyətçinin hüquqları pozulmuşdur. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin hərrac təşkilatın ölənin vərəsəsinə bildiriş göndərməyə borclu olmaması barədə məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır. Çünki, hərrac keçirilən vaxt İddiaçı ölənin vərəsəsi olmaqla yanaşı əmlakın mülkiyyətçisi olmuşdur. O, mirası qəbul etmiş sayılır. Hərrac təşkilatının isə hərracın vaxtı və yeri barədə mülkiyyətçiyə məlumat vermək vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbindən irəli gəlir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmaması və mübahisəli əmlakla bağlı hərraclar keçirilərkən onun keçirilməsi qaydalarına riayət edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunun tələbi baxımından baxılan iş üzrə hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən məluatlandırmamaq kimi prosedurun baş verməməsi və ipoteka qoyanın ölməsinin ilə hərracın keçirilməməsi üçün əsas olmamasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətini həmçinin mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanınması və qorunması baxımından əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələrə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.(13-cü maddə) Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(29-cu maddə) «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X12rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair yeni qətnamə qəbul edilməsi göstərilən prinsiplərə və tərəflərin mənafeyinə tam uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın nəticələrinə dair Çıxarışın verilməsinə əsasən olan sənədlər etibarsız sayıldığından bu sözügedən Çıxarışın ləğv edilməsi üçün hüquqi əsasdır. Lakin işin materiallarından görünür ki, iddiaçı bü çıxarışın ləğvini deyil, etibarsızlığını tələb etmişdir. Məhkəmə kollegiyası prosesual qənaət prinsipi baxımından bununla bağlı yeni məhkəmə çəkişməsinin başlanmasının və süründürməçiliyin qarşısını almaq məqsədi ilə hesab edir ki, iddia tələbində Çıxarışın etibarsız sayılması xahiş edilməsinə baxmayaraq əslində onun ləğv olunması nəzərdə tutulduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(006)-440/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac, həmin hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 45/01 nömrəli protokol və xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin direktoru Mustafayevanın şəxsində bir tərəfdən və "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X5 şəxsində "xxxx" ASC-nin müvafiq məktubuna əsasən bağlanmış alğısatqı müqaviləsi etibarsız sayılsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar