Məhkəmə qərarları › İş №2(103)-756/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-756/2023

25.01.2023 · Müqavilələrin bağlanması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-756/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi və zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, X2 və X3 ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, X4 və X3 həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və xx.xx.2022-ci il tarixli akta əsasən mənzil icra tədbiri çərçivəsində iddiaçıya təhvil verilmiş, mənzil xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh2 sözügedən ünvandan xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin üzərinə İddiaçı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsinin qoyulmasını, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 manat pul və dövlət büdcəsinə ödədiyi 130 manat dövlət rüsumu olan pul, mənəvi zərərin əvəzi olaraq 500 manat pul, yekun olaraq 830 manat pulun Cavabdeh1 ASC-dən tutularaq ona ödənilməsi, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanılmış 10803044 saylı müqavilə üzrə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2022-ci il tarixinədək və **********001 saylı abonent kodu üzrə 682,67 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi və iddiaçıdan tutulmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi əvvəllər Cavabdeh2 mülkiyyətində olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməsinə uyğun olaraq, onun xüsusi mülkiyyətinə keçmiş, xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış alınmışdır. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilmiş, onların adı çəkilən evdən çıxarılması qət edilmişdir. xx.xx.2020-ci il tarixli ərizə ilə iddiaçı tərəfindən Cavabdeh1 ASC-nin Yasamal rayonu Sukanal İdarəsinə müraciət edilərək adı çəkilən evin su təminatının dayandırılması və yaranmış borcun Cavabdeh2 tələb edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh bu müraciətə əməl etməmiş, ona görə də Cavabdeh2 xx.xx.2022-cil tarixinə 682,67 manat borcu yaranmışdır. Nəhayət, xx.xx.2022-ci il tarixində Cavabdeh2 Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən adı çəkilən fərdi yaşayış evindən çıxarılmış, ev təhvil verilmiş və sonda bəlli olmuşdur ki, Cavabdeh2 **********001 saylı abonent kodu üzrə 682,67 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh1 ASC-yə ərizə ilə müraciət olunuraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üçün onunla abonent müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi və **********001 saylı abonent kodu üzrə 682,67 manat borcun Cavabdeh2 aid edilməsi xahiş olunmuş, lakin cavabdeh bu müraciətə cavab verməmişdir. Həmçinin, Cavabdeh1 ASC-nin onun xx.xx.2020-ci il tarixli ərizə ilə müraciətinə uyğun olaraq adı çəkilən ünvana su təminatını dayandırmaması, bu barədə tədbirlər görməli olduğu halda bunu etməməsi, sonda qeyd olunan hərəkətsizliyi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və o, bu illər ərzində mənəvi sarsıntılar keçirmişdir ki, buna görə də mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 ASC-dən 500 manat pul vəsaitinin tutulub ona ödənilməsini tələb edir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-4444/22) iddia qismən təmin edilərək, Cavabdeh1 ASCnin üzərinə İddiaçı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi vəzifəsinin qoyulması, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 130 (yüz otuz) manat pul vəsaitinin Cavabdeh1 ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanılmış 10803044 saylı müqavilə üzrə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üçün **********01 saylı abonent kodu üzrə 682,67 manat borcun Cavabdeh2 aid edilməsi və həmin məbləğin iddiaçıdan tutulmasının qadağan olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixə kimi mübahisəli mənzil iddiaçıya təhvil verilmədiyindən həmin tarixə kimi sudan istifadəyə görə yaranmış borc İddiaçı aid edilə bilməz və həmin borc məbləği Cavabdeh2 aid edilməli və ondan tələb edilməlidir.

6. Məhkəmə öz mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 15, 62-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin Cavabdeh1 ASC-yə aid hissədə ləğv olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin əvvəlki sahibindən borcun olmaması barədə arayış tələb etməli idi. Lakin iddiaçı mənzilin əvvəlki mülkiyyətçisindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməmiş, məhkəmə iclasında da nümayəndəsinin verdiyi izahatında həmin arayışı tələb etməməsini də təsdiq etmişdir. Məhkəmə də qətnamə qəbul edərkən bu fakta hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 ASC-nin nümayəndəsi və eləcə də digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-cimaddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

12. Maddə 15. Su təchizatı müəssisələri tərəfindən su təchizatı bütün maraqlı tərəflər üçün qarşılıqlı əlverişli və sərfəli hesab olunan müqavilə şərtlərinə əsasən təmin edilir.

13. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”:

14. Maddə 8, bənd 4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 ASC tərəfindən özünə aid hissədə, yəni Cavabdeh1 ASC-nin üzərinə İddiaçı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun verilməsi vəzifəsinin qoyulması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

17. Qətnamə digər Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. İşdən görünür ki, hal-hazırda mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli akta əsasən mənzil icra tədbiri çərçivəsində iddiaçıya təhvil verilmişdir.

20. Bu hal onu təsdiq edir ki, məcburi icra tədbirləri çərçivəsində Cavabdeh2 sözügedən mənzildən çıxarılana kimi həmin mənzildə yaşamış və Cavabdeh2 adına olan **********001 saylı abonent kodu üzrə 682,67 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli ərizələrdən də görünür ki, qeyd edilən vəziyyətlə bağlı Cavabdeh1 ASC-yə məktublar ünvanlanmış, lakin cavabdeh tərəfindən zəruri tədbirlər görülməmişdir.

21. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

22. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına hüquqi qeydiyyadan keçərkən əvvəlki sahibdən, yəni Cavabdeh2 sudan istifadəyə və s. görə borcun olmaması barədə arayışın tələb olunmaması barədədir.

23. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, ev alqı-satqı müqaviləsi üzrə deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının adına hüquqi qeydiyyatdan keçmişdir. Bu baxımdan Cavabdeh1 ASC-nin iddiaçıdan belə bir arayışın təqdim olunmasını tələb etməsi əsassızdır.

24. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan iddiaçıya həmin evə görə abonent kodu verilməsi Cavabdeh1 ASC-nin vəzifəsidir və bu, istər vətəndaşların hüquqlarının təmin olunması, istərsə də dövlətin maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.

25. Şərh olunanlara əsasən Cavabdeh1 ASC-nin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar