Məhkəmə qərarları › İş №2(103)-756/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-756/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-756/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(004)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi İlyaz Seyidov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində iş materialı kimi əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2023-cü il tarixli, 910/KEŞ nömrəli rəydən görünür ki, 1979-cu il təvəllüdlü X4 meyitinin məhkəmətibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir. Bunun da “Propofol-Lipuro” preparatının inyeksiyası ilə səbəbli əlaqəsi olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X4 ölməsi ilə əlaqədar kənar şəxslərin, eləcə də ona ölümündən bir gün əvvəl propofol-lipuro inyeksiyası vurmuş Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

2. Nəsimi rayon prokurorluğunun Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 ölməsi ilə əlaqədar kənar şəxslərin, eləcə də ona ölümündən bir gün əvvəl xx.xx.2023-cü il tarixdə dövriyyəsi qadağan olunmuş Propofol-Lipuro inyeksiyası vurmuş Cavabdeh2, Günay Zeynalovanın xahişi ilə həmin preparatı alıb gətirmiş Cavabdeh1, X14 və X3 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə-tibbi və komission məhkəmə-tibbi ekspertiza rəylərindən göründüyü kimi Günay Zeynalovanın ölümünün bilavasitə səbəbi xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Bunun da Propofol-Lipuro preparatının inyeksiyası ilə səbəbli əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə X13-Lipuro preparatı inyeksiya edilmişdir. İnyeksiya olunan zaman apnoe (tənəffüsün müvəqqəti dayanması) vəziyyəti baş vermədiyi üçün inyeksiyanı yeritmiş tibb bacısının pasienti kliniki nəzarətdə saxlanmasına ehtiyac olmamışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, X4 ölümünə səbəb xx.xx.2023-cü il tarixdə ona vurulmuş Propofol-Lipuro inyeksiyası deyil, güclü başağrıları, yuxusuzluq, çoxsaylı tibbi manipulyasiyalar və kosmetoloji əməliyyatlarla bağlı uzun müddət istifadə etdiyi dərman preparatları və tibbi vasitələrin qəbulu nəticəsində baş vermiş xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüz yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur.

3. Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Nəsimi rayon prokurorluğunun Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və araşdırmanın davam etdirilməsi qərara alınmışdır. 4 . Nəsimi rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənəvi zərər kimi 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlərin əməllərində cinayət tərkibinin olmasına əsaslar olduğu halda barələrində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı X23 (Semaşko) uşaq şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh2 və həmin klinikanın doğum şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh1 tərəfindən uzun müddət və mütəmadi olaraq, müvafiq səlahiyyətləri olmadan və ev şəraitində vurulması nəzərdə tutulmayan propofol preparatını yüksək miqdarlarda, (sonuncu dəfə xx.xx.2023-cü ildə) iddiaçının doğma bacısı X4 bədəninə yeridilməsi, nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. İddiaçı hesab edir ki, məhz tibb işçiləri Cavabdeh2 və Cavabdeh1 qıznın qanunsuz hərəkətləri nəticəsində, doğma bacısı X8 həyatdan məhrum olmuş və bununla da iddiaçıya mənəvi zərər yetirilmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Cavabdehlərin hər ikisi mərhum bacısına iynə vurmuşlar, lakin bacısı vəfat edən gün Cavabdeh2 ona iynə vurmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının bacısı X8 vəfat etmişdir. Mərhuma propofol adlı preparat inyeksiya edilmişdir. Hadisə yerinə baxış zamanı 4 flakon propofol aşkar edilmişdir. Mərhuma 500 mq propofol inyeksiya edilmişdir. Bundan sonra mərhum səhərə kimi tərpənməz vəziyyətdə qalmışdır. Daha sonra, onun vəfat etdiyi aşkar edilmişdir. Ekspert qeyd edir ki, mərhum medikamentoz, yəni tibbi preparatdan zəhərlənmişdir, lakin həmin preparat propofol deyildir. Vikipediyadan əldə edilmiş məlumata əsasən, propofol qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağsüd rəngli suspenziv anestetik preparatdır. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Yeridildikdən 30-60 saniyə ərzində anestetik effekt əldə edilir, 5-10 dəqiqə sürür. Bəzən təkrar inyeksiyadan sonra bu müddət 15-30 dəqiqəyədək sürə bilir. Giriş narkozu üçün propofol 2-2,5 mq/kq dozada, bazis narkoz üçün isə 4-8 mq/kq/saat dozada tətbiq edilir. Propofol preparatından stasionardan kənarda və ya reanimasiya tədbirlərinin aparılması mümkün olmayan, xüsusən ev şəraitində istifadə yolverilməzdir. Propofolun təsirindən arteriyal təzyiqin kəskin düşməsi, bradikardiya, tənnəfüs və ürək fəaliyyətinin dayanması baş verə bilər ki, bunun üçün dozasının dəqiq hesablanması, tənnəfüsü və ürək fəaliyyətini təmin etmək üçün tibbi ləvazimatların, dərmanların əl altında olması vacibdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mərhum onun uzun illərdir ki, tanışı olmuşdur. O, tanımadığı, mərhumun özünün əlaqə saxladığı şəxslərdən propofol preparatını əldə edərək onun üçün aparırdı. O, 1 saylı X20 işləyir. Mərhum ginekoloji problemi ilə bağlı mərkəzin ginekologiya şöbəsinə müraciət etmişdi. Mərhum 3 il bundan qabaq həmin preparatın reseptini ona göstərmişdi. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. O, 26 ildir ki, tibb bacısı işləyir. Halhazırda reanimasiya şöbəsində işləyir. O, reanimasiya şöbəsində propofol preparatını tətbiq etmişdir. Həmin preparatı əməliyyatdankənar yuxugətirici olaraq tətbiq etmişdir. Propofol preparatının ev şəraitində istifadə edilməsinin yolverilməzliyi barədə məlumatı olmamışdır. Mərhum həmin preparatdan daimi olaraq istifadə etmişdir. Mərhum ona bircə dəfə həkim reseptini göstərmişdir. Propofolu 28 may, Nizami metrostansiyası tərəfdə mərhumun göstərişi ilə onun əlaqə saxladığı müəyyən şəxslərdən əldə edirdi. Onun fəaliyyətinii tənzimləyən normativlər yoxdur. Propofol preparatını mərhuma vurmuşdur. Mərhumun evində həmişə həmin preparat olmuşdur. O, həmin preparatı soyuducuda saxlayırdı. Mərhum vəfat etməmişdən dörd gün qabaq ona propofol preparatını vurmuşdur. Mərhumun venası nazik olduğundan ona 2 mq propofol preparatı vurmuşdur. Mərhum baş ağrısından, depresiyadan, yuxusuzluqdan əziyyət çəkdiyini bildirirdi və yuxugətirici dərmanlardan istifadə edirdi. Propofol preparatı yuxugətirici olaraq istifadə edilir. Mərhum həkimə müraciət etmiş və həkim resepti əsasında propofol preparatı təyin edilmişdi. O, resepti ona göstərmişdi. Propofol preparatını mərhumun bacısı və digər cavabdeh də müəyyən şəxslərdən əldə edərək onun üçün gətirmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, həmin evdə cəmi dörd dəfə olmuşdur. Uşaq şöbəsində işləyir. Cavabdeh1 tanışı olan X4 damarına düşə bilmədiyi üçün ondan həmin məsələnin həll edilməsini xahiş etmişdir. Həmin gün mərhum ona zəng edərək, ona damar qoyulmasını xahiş etmişdir. O, mərhuma damar qoymuşdur. O, ondan həmin preparatın inyeksiya edilməsini xahiş etmiş və o da həmin preparatı inyeksiya etmişdir. Mərhum həmin gün deyil, növbəti gün vəfat etmişdir. Onda olan məlumata əsasən mərhum üçün təcili tibbi yardım da çağırılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. 33 ildir ki, tibb bacısı işləyir. Propofol preparatını əvvəl heç vaxt işlətməmişdir, lakin reanimasiya şöbəsində istifadə edildiyini müşahidə etmişdir. Mərhumdan əvvəl propofol preparatını digər bir şəxsə vurmamışdır, çünki o reanimasiya şöbəsində işləyir. Həmin preparatın yuxugətirici olaraq istifadə edildiyini bilir. Mərhum həmin preparatın onun tərəfindən 8 il istifadə edildiyini bildirmişdir. Onlara klinikadan kənar, evdə praktiki tibbi fəaliyyətlə məğul olmağa icazə verilir. Onun sertifikatları var. Propofol balaca flakonda olur. 2 bütöv, 2 yarı flakon propofol var idi. Mərhum xəstəliyi və çoxsaylı əməliyyatlarla bağlı güclü baş ağrılarının olduğunu bildirirdi. O, mərhuma bircə dəfə propofol preparatı vurmuşdur. Dəqiq tarixi yadında deyil. Mərhum 8 il həmin preparatdan istifadə etdiyini bildirmiş və hətta həkim reseptini də ona göstərmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia üzrə araşdırma predmetini iddiaçının ölümü ilə cavabdehlərin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehlərin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Belə ki, Nəsimi Rayon Prokurorluğunun Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 ölməsi ilə əlaqədar kənar şəxslərin, eləcə də ona ölümündən bir gün əvvəl xx.xx.2023-cü il tarixdə dövriyyəsi qadağan olunmuş Propofol-Lipuro inyeksiyası vurmuş Cavabdeh2, Günay Zeynalovanın xahişi ilə həmin preparatı alıb gətirmiş Cavabdeh1, X14 və X3 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsinə nəzər yetirdikdə görmək olur ki, məhkəmə-tibbi və komission məhkəmə-tibbi ekspertiza rəylərindən əsasən Günay Zeynalovanın ölümünün bilavasitə səbəbi xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Bunun da Propofol-Lipuro preparatının inyeksiyası ilə səbəbli əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə X13Lipuro preparatı inyeksiya edilmişdir. İnyeksiya olunan zaman apnoe (tənəffüsün müvəqqəti dayanması) vəziyyəti baş vermədiyi üçün inyeksiyanı yeritmiş tibb bacısının pasienti kliniki nəzarətdə saxlanmasına ehtiyac olmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, X4 ölümünə səbəb xx.xx.2023-cü il tarixdə ona vurulmuş Propofol-Lipuro inyeksiyası deyil, güclü başağrıları, yuxusuzluq, çoxsaylı tibbi manipulyasiyalar və kosmetoloji əməliyyatlarla bağlı uzun müddət istifadə etdiyi dərman preparatları və tibbi vasitələrin qəbulu nəticəsində baş vermiş xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 119.1, 217.3, 217.4, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı iş üzrə məhz tibb işçiləri olan cavabdehlər, qanunsuz olaraq, ev şəraitində mərhum X5 3 saat müddətində 4 flakon, hər birində 500 mq/50 milliqram ölçüdə, ümumilikdə 2 qram, yəni külli miqdarda güclü təsir edən qadağan edilmiş “Propofol” preparatının inyeksiya yolu ilə bədəninə yeridilməsinin bilavasitə sonuncunun ölümünə səbəb olmadığını sübut etməlidirlər. Yəni, məhz cavabdehlər zərərin onların təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidirlər. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15:30-da Nəsimi RPİ-nin 22-ci PŞ-dən ünvan 1 ünvanında yaşayan xx.xx.1979-cu ildə anadan olmuş X4 yaşadığı mənzildə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olmuş, həmin müraciət əsasında tam araşdırma aparılmamışdır. Təqdim edilmiş video-görüntüyə baxış keçirməsi təmin edilməmişdir. Belə olan halda, X5 3 saat müddətində 4 flakon, hər birində 500 mq/50 milliqram ölçüdə, ümumilikdə 2 qram, yəni külli miqdarda güclü təsiredən “Propofol”inyeksiyasının verə biləcəyi fəsadlarla bağlı rəy alınmalı olduğu halda alınmamışdır. Bundan başqa, tibb bacısı X2 Günay İbrahim qızına axırıncı 500 mq/50 milli qram ölçüdə maddəni inyeksiya edərək üstünü örtərək çıxıb getmişdir. Evdə başqa adam olmadığından Günay Zeynalovanın apnoe vəziyyətinə düşüb-düşməməsi görünmür, iş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, axırıncı inyeksiya vurulandan sonra, meyit aşkar edilənə qədər Günay Zeynalova tərpənməz vəziyyətdə qalmış, lakin müstəntiq xx.xx.2023-cü il tarixli 910/KEŞ saylı verilmiş rəydə, “inyeksiya olunan zaman apnoe vəziyyəti baş vermədiyi halda nəzarətə ehtiyac olmur” qeydinin üzərində dayanmışdır. Göründüyü kimi, müstəntiq görüntü və xx.xx.2023- cü il tarixli 910/KEŞ saylı rəy arasında olan ziddiyətə aydınlıq gətirməmişdir. Bundan əlavə, müstəntiq, “Propofol-Lipuro” preparatının inyeksiyasının hansı şəraitdə və hansı dozada aparılmasını, inyeksiya olunan zaman apnoe vəziyyəti baş vermədiyi halda nəzarətə ehtiyac olmadığını hansı normativlərlə əsaslandırılmasını aydınlaşdırmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixli 910/KEŞ saylı rəydə göstərilmişdir ki, Günay Zeynalovanın sidiyində aşkar olunmuş “Propofol-Lipuro” maddəsi qan və daxili üzv və toxumalardan tam şəkildə sidik sistemi vasitəsilə xaric edilir, lakin, videogörüntüdən aşkar görünür ki, Günay axırıncı inyeksiya vurulandan sonra, meyiti aşkar edilənə qədər tərpənməz vəziyyətdə olmuşdur. Eyni zamanda Günay Zeynalovanın öldüyü vaxt da rəydə əsaslandırılmamışdır. Məhz göstərilənlər aydınlaşdırılmadığından, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(006)- 95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər Nəsimi rayon Prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmuşdir. Birinci instansiya məhkəməsi prokurorluq orqanının materialları ilə kifayətlənərək, özü heç bir müstəqil araşdırma aparmadan, ekspertiza təyin etmədən əsassız qətnamə qəbul etmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellaysiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, eskpert rəyində normativlər qeyd edilməyib, ekspert heç bir iş görməyib, əvvəlki ekspertiza rəyindən köçürmə edib, preparatla bağlı, onun tətbiqi, dozası barədə suallara cavab verilməyib, preparatın xaric olunması qənaətinə necə gəldiyini ekspert rəydə yazmayıb, preparatın ev şəraitində tətbiqinin nəzərdə tutulmadığını qeyd edib, sonradan isə yazıb ki, preparatın ev şəraitində tətbiqi zamanı tibb bacısı nəzarət etməlidir, ekspert qeyd edib ki, preparat yüksək dozada olanda şok yaradıb ölümlə nəticələnə bilər, bu məlumatları ekspert haradan əldə edib və necə əsaslanıdırıb, preparatın hansı dozası yüksək sayılır, araşdırılmayıb, ev şəraitində bu preparat vurula bilməzdi, Propofol 2-2,5 mq/kq dozada, bazis narkoz üçün isə 4-8 mq/kq/saat dozada tətbiq edilir, Zeynalova Günaya preparat 4 flakon 50 mq. dozada vurulub, rəydə yazılıb ki, “Propofol” preparatı yeridildikdən sonra daxili üzvlərdən sidik vasitəsi ilə xaric olduğundan X4 növbəti günə qədər tərpənməz vəziyyətdə qalması “Propofol” dərman preparatının təsiri ilə əlaqədar deyildir və onun ölümünə səbəb mədə möhtəviyyatının tənəffüs yollarına aspirasiyası nəticəsində baş vermiş obturasion asfiksiya olmuşdur, Zeynalova Günaya iynə vurulub daha sonra yerindən tərpənməyib, olduğu kimi yerində qalıb, Nəsimi rayon prokurorluğunun qərarında cavabdehlər barəsində qanuni tədbir görülməsi məqsədilə TƏBİB PHŞ-yə müvafiq təqdimat verildiyi qeyd edilib, reanimasiya şöbəsində bu preparatın istifadəsi nəzərdə tutulub, doza nə qədər olmalı idi, rəydə yazılmayıb, rəyin sübut kimi qəbul edilməsinə etiraz edir, yenidən eskpertizanın təyin edilməsini ya da ekspertin dindirilməsini xahiş edir, qərardad tam icra edilməyib, ekspert sualları tam cavablandırmayıb.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellayasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, preparatı reanimasiya şöbəsindən çıxarıblar və pul qarşılığında bacısına vurublar.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, tibb bacıları qazanc yeri üçün iynə vururlar, hər kəs edir, o da etmişdir, 8 il olardı ki, vəfat edən xanımı tanıyırdı, ilk dəfə xanım resepti göstərib, ampulalar, flakonlar xəstəxanaya təhvil verilib, dərmanlarda əksiklik aşkar edilmədi, preparat açılandan sonra 4 saatdan çox saxlamaq olmaz, xanımın evində bu dərmanlar çox idi, dərmanı 50-100 manat arasında alırdı, həmin dərman apteklərdə satılmırdı, dərmanı almamışdır, xanımda dərman olurdu, ona deyirdi ki, harasa get götür, evinin qarşısına maşın gəlirdi, o da gedib götürürdü, ona heç gətirən şəxlərin əlaqə nömrələrini də vermirdi, zülfiyyə xanım da dərmanı alıb gətirirdi, onu ildə 3-4 dəfə çağırıb, son 3-4 ildə preparatı vurmuşdur, tibb bacısıdır, iynə vura bilər, canım pulu verib, o da vurmuşdur.

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

21. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilir ki, İddiaçı bacısı X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

29. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, bacısı X8 1 saylı X23 (Semaşko) uşaq şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh2 və həmin klinikanın doğum şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh1 tərəfindən uzun müddət və mütəmadi olaraq, müvafiq səlahiyyətləri olmadan və ev şəraitində vurulması nəzərdə tutulmayan propofol preparatını yüksək miqdarlarda, (sonuncu dəfə xx.xx.2023-cü ildə) bədəninə yeridilməsi nəticəsində vəfat etmişdir. İddiaçı onun bacısının ölümünə səbəb olduqlarından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənəvi zərər kimi 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. 30.Birinci instansiya məhkəməsi məhkəmə-tibbi və komission məhkəmə-tibbi ekspertiza rəylərinə istinadən cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyinin müəyyən edilməməsi əsası ilə iddia tələbini rədd etmişdir. 31.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarının obyektiv, hərtərəfli və tam araşdırılmasının təmin edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert rəyi əldə edilmişdir. 32.Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 71/MEŞ saylı məhkəmə-tibbi ekzpertiza rəyinə əsasən 1979-cu il təvəllüdlü X4 ölüm faktına dair (2003)-756/2025 saylı iş materialındakı məlumatlar və tibbi sənədlərdə yazılanlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara və toplanmış sənədlərə əsasən aşağıdakı nəticəyə gəlir: - X4 meyitinin məhkəmə-tibbi müayinəsinə və laborator təqdiqatların cavablarına əsasən, onun ölümünün bilavasitə səbəbi “xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş, kəskin tənəffüs çatışmazlığı”nın olduğu müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, meyitdən götürülmüş qan, sidik, qaraciyər, beyin və mədə möhtəviyyatı ilə məhkəmə-kimyəvi tədqiqata göndərilmiş, yalnız sidik nümunəsində propofol aşkarlanmışdır. Belə ki, qan və daxili üzv hissəciklərində (qaraciyər, beyin və mədə möhtəviyyatı ilə) propofol aşkar edilməməsi, propofolun terapevtik dozada orqanizmə yeridilməsinə dəlalət edir və propofolla ölümü arasında səbəbli əlaqə inkar edilir. - X4 meyitindən götürülmüş qan, sidik və daxili üzv hissəciklərindən (qaraciyər, beyin və mədə möhtəviyyatı ilə birgə) yalnız sidik nümunəsində “propofol” aşkar edildiyindən qəbul edilmiş “propofol”un miqdarının morfogenetik olaraq təyini mümkün olmamış “Propofol” anestetik təsir effektinə malik olub, narkoz zamanı, analgetiklərlə kombinə olunmuş şəkildə istifadə edilir. Lakin, tək “Propofol”un istifadəsi anestetik effektliliyinə görə, yalnız qısamüddətli yuxugətirici təsir göstərməklə orqanizmdən süzülərək sidik ilə xaric olur. Posientin fərdi xüsusiyyətlərindən asılı olaraq 20-40 mq “propofol” hər 10 saniyə müddətində yeridilməklə tam klinik anesteziya alınana qədər infuziya edilir. -“Propofol” dərman preparatının ev şəraitində tətbiqi nəzərdə tutulmayıb. Azərbaycan Respublikası, 18 mart 2016-ci il tarixli qanunu ilə təsdiq edilmiş, 01 №-li əlavədə “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlar”-nın siyahısına daxil edilmişdir. - X1 çoxsaylı estetik-kosmetoloji prosedurlar və cərrahi müdaxilələrdən sonra, eləcə də sinir-psixi proseslərə təsir edən narkotik vasitələr və psixotrop maddələrin mütəmadi qəbulu nəticəsində xroniki gedişli medikamentoz zəhərlənmə fonu yaranır ki, bununla əlaqədar yataq rejimində olan xəstənin həzm traktının reflüksü səbəbindən mədə möhtəviyyatının tənəffüs yollarına aspirasiyası baş vermişdir. “Propofol” dərman preparatı narkotik vasitələr və psixotrop maddələrə aid deyildir və mütəmadi qəbulu belə xroniki gedişli intoksikasiya yaratmır. “Propofol”un yüksək dozada yeridilməsi nəticəsində anafılaktik şok yaranar və dərhal ölüm baş verə bilər. Bu halda qanda toksiki dozada “Propofol” aşkar olunur. -’'Propofol” preparatı yeridildikdən sonra daxili üzvlərdən sidik vasitəsi ilə xaric olduğundan X4 növbəti günə qədər tərpənməz vəziyyətdə qalması “Propofol” dərman preparatının təsiri ilə əlaqədar deyildir və onun ölümünə səbəb mədə möhtəviyyatının tənəffüs yollarına aspirasiyası nəticəsində baş vermiş obturasion asfiksiya olmuşdur. “Propofol”un qəbulu ilə ölüm arasında bilavasitə səbəbli əlaqə yoxdur. -“Propofol" preparatının ev şəraitində tətbiqi zamanı anestetik effekt yaranana qədər tibb bacısı nəzarət etməlidir (gözləməlidir). 33.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

34. Göründüyü kimi iş üzrə əldə edilmiş ekspert rəyi ilə iddiaçının iddia etdiyinin əksinə, X4 ölümünə birbaşa səbəb xroniki medikamentoz (dərmanla bağlı) zəhərlənmə fonunda inkşaf edən ümumi inteksikasiya və nəticədə tənəffüs yollarına mədə möhtəviyyatının aspirasiya olunması səbəbindən baş verən kəskin tənəffüs çatışmazlığı olmuşdur. Orqanizmdə “Propofol” dərmanının yalnız sidik nümunəsində aşkar edildiyi, qanda və digər daxili orqan toxumalarında aşkar edilmədiyi, bu səbəbdən propofolla ölüm arasında səbəbli əlaqənin olmadığı, “Propofol” un mütəmadi istifadəsinin belə xroniki intoksikasiyaya (hansı ki, İddiaçı ölüm səbəbi olmuşdur) səbəb olmadığı, ölümün “Propofol”un təsiri ilə əlaqədar olmadığı müəyyən edilmişdir.

35. Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

37. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır.

38. Göründüyü kimi iddiaçı, bacısı X4 cavabdehlər, tibb bacısı işləyən Cavabdeh2 və Cavabdeh1 tərəfindən uzun müddət və mütəmadi olaraq, müvafiq səlahiyyətləri olmadan və ev şəraitində vurulması nəzərdə tutulmayan “Propofol” preparatını yüksək miqdarlarda bədəninə yeridilməsi nəticəsində vəfat etdiyini bildirərək bacısının ölümü nəticəsində ona mənəvi zərər dəydiyini bildirsə də, rəyə əsasən “Propofolla” X4 ölümü arasında səbəbli əlaqə olmamış, onun ölümünün bilavasitə səbəbi “xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş, kəskin tənəffüs çatışmazlığı”nın olduğu müəyyən edilmişdir.

39. Apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya o cümlədən qeyd edir ki, Nəsimi rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar