Məhkəmə qərarları › İş №2(103)-7567/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7567/2020

09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7567/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Azər Pənahovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, mükafatın ödənilməsi və əmək qabiliyyətinin olmadığı dövrə görə pul ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, işə ümumi məhkəmədə baxıla bilməz, mübahisəyı baxılması inzibati məhkəmənin səlahiyyətinə aiddir. İcraata xitam verilməsinin hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə istinad olunub. Orada qeyd olunub ki, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, hazırkı mübahisə əmək mübahisəsidir, ona görə də işə ümumi məhkəmədə baxılmalıdır. Şikayət təmin olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 12-ci bəndinə görə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı işdə İddiaçı ilə Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının arasında xidməti hüquq münasibəti deyil, əmək hüquq münasibəti mövcuddur (iş v. 89, əmək müqaviləsi), o cümlədən İddiaçı dövlət qulluqçusu və ya hərbi qulluqçu deyil, mülki işçidir. İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinin göstərişləri baxımdan hazırkı mübahisə inzibati mübahisə sayılmır. Ona görə də işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, iş üzrə icraata xitam verilməsi üçün Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsində müəyyən edilmiş əsas olmadığından qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar