Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-757/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehlər “X10” MMC və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, “X11” MMC-ə və “X10” MMC-ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 671/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İddiaçı Cavabdeh1, “X11” MMC-ə və “X10” MMC-ə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, “Leyla Şıxlinskaya” Hospital və “X10”ndən müştərək qaydada 12000 manat maddi, 10000 manat mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019- cu il tarixində “X10”nin həkimi Cavabdeh1 Zeynalabidin qızı tərəfindən doğum əməliyyatını ünvan 1 ünvanında yerləşən “X4”ında həyata keçirmişdir. Qeyd edir ki, 9 ay hamiləlik dövründə də bütün müayinələrini Cavabdeh1 “Diaqonstika” Tibb Mərkəzində və “Leyla Şıxlinskaya” Hospitalında etmişdir. Müayinələr nəticəsində onda və uşaqda heç bir problem olmadığı bildirilmişdir. Hər şeyin normal olduğunu sənədlər də təsdiq etmişdir. Bütün əllərində olan diaqnozlar və digər həkim sənədləri təsdiqləyir ki, uşaq ana bətnində sağlam olmuşdur. Doğumdan sonra uşaqda “sepsiss” olduğu müəyyən edildiyindən uşaq 21 gün müddəti boyunca şüşə kamera altında müşahidədə tutulmuşdur. Bu hadisədən sonra hesab edir ki, ya uşağa doğuş zamanı xəsarət yetirilmişdir, ya uşaq ana bətnində sağlam olmayıb, yəni ona saxta sənətlər təqdim edilib, ya da ki uşaq sağlam olubsa, həkim Cavabdeh1 doğuş vaxtı uşağa xəsarət yetirib. Əgər belə deyilsə, yəni uşaq doğuşda da normal olubsa “Leyla Şıxlınskaya” hospitalında onları aldadaraq pullarını mənimsəyiblər. Odur ki, hadisə ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət etmişdir. Araşdırma zamanı iş üzrə tibbi ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, uşağa və İddiaçı təyin edilmiş müayinələr diaqnoza uyğun olmuşdur. İddiaçı üzərində icra edilmiş “Epiziotomiya Eiziorrafiya” əməliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlinmişdir ki, İddiaçı hamiləliyin müşahidəsi zamanı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında” protokolun mövcud təlimat qaydalarına uyğun olmamışdır. Belə ki, İddiaçı hamiləlik dövründə bətndaxili infeksiya olmuşdur ki, bu da vaxtında müəyyyən edilməli olduğu halda müəyyən edilməmiş və buna qarşı adekvat müalicə tədbirləri göstərilməmişdir. Bu isə sonradan yeni doğulmuş uşaqda patoloji dəyişikliklərin yaranmasına və vəziyyətin ağırlaşmasına gətirib çıxartmışdır. Buna məsul şəxs həkim mama-ginekoloqdur. Hadisədə cinayət əlamətləri mövcud olmadığından Xətai Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması haqqında ərizə rədd edilmiş və bizə pul tələbi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir. Belə ki, həkim Cavabdeh1 diaqnoz səhvi qərarda öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 təqsiri nəticəsində onlara ziyan dəydiyindən Cavabdeh1 və onun işlədiyi xəstəxanalar cavabdeh hesab edilməli, onların xeyrinə 21 gün müddəti boyunca çəkilmiş şüşədə saxlama xərcləri və hamiləlik dövründə çəkilmiş xərclər tutulmalıdır. Doğuşdan sonra “Leyla” Şıxlinskaya adına xəstəxanada çəkilmiş xərclər 5563,63 manatla bağlı qəbzlər iddia əriəsinə əlavə edilmiş, qalan məbləğlə bağlı isə sənədlər əldə edilə bilməmişdir. Təxmini həmin məbləğ 6400 manatdır. Bununla yanaşı iddiaçıya mənəvi zərər də dəymişdir. Uşağın ölümlə üz-üzə qalması nəticəsində sarsıntılar keçirtmişdir. Hesab edir ki, ona 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-671/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Adilə Paşayeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixində "Diaqnoz” Tibb Mərkəzinin həkimi Cavabdeh1 Zeynalabidin qızı tərəfindən doğum əməliyyatını ünvan 2 ünvanında yerləşən “Leyla Şəxlınskaya” Hospitalında həyata keçirmişdir. 9 ay hamiləlik dövründə də bütün müayinələrini Cavabdeh1 "Diaqnoz” Tibb Mərkəzində və “Leyla Şəxlınskaya” Hospitalında etmişdir. Müayinələr nəticəsində iddiaçıda və uşaqda heç bir problem olmadığı bildirilmişdir. Hər şeyin normal olduğunu sənədlər də təsdiq etmişdir. Bütün diaqnozlar və digər həkim sənədləri təsdiqləyir ki, uşaq ana bətnində sağlam olmuşdur. Doğumdan sonra uşaqda “sepsiss” olduğu müəyyən edildiyindən uşaq 21 gün müddəti boyunca şüşə kamera altında müşahidə altında tutulmuşdur. Bu hadisədən sonra iddiaçı hesab edir ki, ya uşağa doğum vaxtı xəsarət yetirilmiş, ya da uşaq ana bətnində sağlam olmamışdır. Yəni, iddiaçıya saxta sənədlər təqdim edilmişdir. Ya da uşaq sağlam olubsa həkim Cavabdeh1 doğuş vaxtı uşağa xəsarət yetirmişdir. Əgər belə deyilsə, yəni, doğuş da normal olubsa, deməli, “Leyla Şəxlınskaya” Hospitalında iddiaçını aldadaraq pullarını mənimsəyiblər. Odur ki, iddiaçı bu hadisə ilə əlaqədar Xətai Rayon Prokurorluğuna müraciət etmişdir. Araşdırma zamanı iş üzrə tibbi ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, uşağa və iddiaçıya təyin edilmiş müayinələr diaqnoza uyğun olmuşdur. İddiaçının üzərində icra edilmiş “Epizotomiya Eiziorrafiya” əməlliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Qeyd edilənlərə əsasən, belə nəticəyə gəlinmişdir ki, iddiaçıya hamiləliyin müşahidəsi zamanı göstərilmiş tibbi xidmət səhiyyə sistemin də qüvvədə olan “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında” protokolun mövcud təlimat qaydalarına uyğun olmamışdır. Belə ki, iddiaçıda hamiləlik dövründə bətndaxili infeksiya olmuşdur ki, bu da vaxtında müəyyən edilməli olduğu halda müəyyən edilməmiş və buna qarşı adekvat müalicə tədbirləri görülməmişdir. Bu isə sonradan yeni doğulmuş uşaqda patoloji dəyişikliklərin yaranmasına və və vəziyyətin ağırlaşmasıan gətirib çıxarmışdır. Buna məsul şəxs həkim mama-ginekoloqdur. Hadisədə cinayət əlamətləri mövcud olmadığından Xətai Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması haqqında ərizə rədd edilmiş, bizə pul tələbi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etməli olması izah edilmişdir. Həkim Cavabdeh1 səhvi qərarda öz əksini tapmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-671/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilərkən iddiaçının hüquqları və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, qanuni qüvvəsini almış cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda həkim Cavabdeh1 təqsiri öz təsdiqini tapmış, onun iddiaçının əvvəldən mövcud olan bətndaxili infeksiyamı müəyyən etmədiyi, müəyyən etmədiyindən də müalicə etmədiyi, bunun nəticəsində uşaqda patoloji dəyişikliyin yarandığı müəyyən edilmişdir. Buna baxmayaraq 1-ci instansiya məhkəməsinin hakimi qərarda göstərilmiş həmin halları subut kimi qəbul etməmiş, iş üzrə yenidən ekspertiza təyin edərək verilmiş yeni ekspert rəyini sübut kimi qəbul etmişdir. Halbuki, analoji normaya müraciət etsək, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hakim isə öz qətnaməsini belə əsaslandırmışdır ki, uşağın hər iki ağciyərdə funksiyasının pozulmasının səbəbi mitral qapağın açıq qalması olmuşdur. Bunun məhz anada hamiləlik dövründə olan “klebsiella” virusu nəticəsində yaranması ekspert rəyində öz əksini tapmamışdır. Həmçinin, mənə göstərilmiş tibbi xidmətin hansı hissədə səhiyyə sistemində mövcud qüvvədə olan “Qadın məsləhətxanalarında, ambulator-poliknik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında” protokolun mövcud təlimat qaydalarına uyğun olmadığı göstərilməmişdir. Məhkəmə cinayət işinin rədd edilməsi barədə qərardakı müəyyən edilmiş hallan əsassız olaraq nəzərə almamış, həmçinin, qətnaməsində ağciyərlərdə funksiya pozulmasının yaranmasının səbəbi kimi mitral qapağın açıq olmasını göstərsə də, bunun əvvəlcədən həkim tərəfindən müəyyən edilməli hal olub-olmadığını əsaslandırmamışdır. Halbuki, mitral qapağın açıq olmasının müəyyən edilməsinin ən effektiv müayinə üsulu USM-dir ki, hamiləlik dövründə dəfələrə iddiaçı USM müayinəsindən keçmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehlər “X10” MMC və Cavabdeh1 vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər Cavabdeh2 MMC-nin vəkili Vəkil3 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, ölkə xaricində olduğundan, kollegiya iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 5 saylı Bakı Asan Xidmət X6 tərəfindən verilmiş AZ-İV seriyalı 365043 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası İddiaçıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, X1 ərizəsi üzə taplanmış 65-c-20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə pul tələbi ilə bağlı əlaqədar olaraq müvafiq birinci instansiya məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli laborator çıxarışından görünür ki, İddiaçı tərəfindən analiz, əməliyyat, tibbi xidmətlər və müayinələr üçün ümumilikdə 5563.63 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X13 119/KEŞ saylı rəyin surətindən görünür ki, “X4”ında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019-cu il tarixdə saat 07:16-da hospitalın doğum şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona 40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun İ dövrü diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq hamiləliyin təbii doğuş üsulu ilə başa çatdırılmasına qərar verilmişdir. Saat 18:45-də aralığın cırılma təhlükəsi olduğuna görə hamilənin üzərində “Epiziotomiya və Epiziorrafiya” əməliyyatları aparılmış və çəkisi 3000 qram, boyu 49 sm olan diri oğlan uşağı doğulmuşdur. Zahılıq dövrü fəsadsız keçmiş və xx.xx.2019-cuil tarixdə İddiaçı kafi vəziyətdə evə yazılmış, yeni doğulmuş uşaq isə müalicə üçün klinikada saxlanılmışdır. İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyətinə uyğun olmuşdur. İddiaçı üzərində icra edilmiş №Epiziotomiya və Epiziorrafiya” əməliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı hamiləliyin müşahidəsi zamanı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antental xidmətin təşkili haqqında” protokolun mövcud təlimat qaydalarına uyğun olmamışdır. Belə ki, hamiləlik dövründə İddiaçı bətndaxili infeksiya olmuşdur ki, bu da vaxtında müəyyən edilməli olduğu halda müəyyən edilməmiş və buna qarşı adekvat müalicə tədbirləri göstərilməmişdir. Bu isə sonradan yenidoğulmuş uşaqda patoloji dəyişiklərin yaranmasına, vəziyyətinin ağırlaşmasına gətirib çıxarmışdır. Buna məsul şəxs həkim mamaginekoloqdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X13 67 saylı rəyindən görünür ki, təqdim edilmiş tibbi kartaya əsasən İddiaçı hamiləlik dövründə hər hansı bətndaxili infeksiyanı təsdiq edən laborator müayinə nəticələri qeyd edilməmişdir. İddiaçı hamiləlik dövründə laborator və instrumental müayinə metodları səhiyyə sistemində mövcud olan protokollara uyğun olmuşdur. Doğuşdan sonra yenidoğulmuşda yaranan patoloji dəyişikliklər bətndaxili infeksiyası nəticəsində baş verdiyi qeyd edilsə də, bununla yanaşı əsas ağırlaşdırıcı vəziyyət yenidoğulmuşda, hər iki ağciyərdə funksiyanın pozulması və mitral qapağın açıq qalmasının nəticəsidir. “Klebsiella pneumaniae” virusu İddiaçı dəfələrlə laborator müayinələr zamanı aşkar edilməmişdir. Hamiləliyin inkişafında rast gəlinən bətndaxili infeksiyanın virulentliyinindən asılı olaraq onu hətta ixtisaslaşdırılmış tibb müəssisələrində belə həmişə təyin etmək mümkün olmur. Hüquqi dəyərləndirmə: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının övladı xx.xx.2019-cu il tarixdə “X11” xəstəxanasında dünyaya gəlmiş, uşaq doğulduğu gündən tənəffüs çatışmazlığı ilə küvez rejimində olmuş, vəziyyəti ağır olaraq qiymətləndirilmişdir. Bununla bağlı iddiaçı tərəfindən 5563.63 manat xərcin çəkilməsi məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunur. Hamiləlik dövründə ananın müalicəsini mama ginekoloq, “X10”ndə işləyən Cavabdeh1 həyata keçirmişdir. İşin hazırda mübahisələndirilən halı uşağın xəstə doğulması və bunun nəticəsində iddiaçıya dəyən ziyana görə ananın hamiləlik dövründə müalicəsi zamanı həkimin təqsirinin olubolmamasını müəyyən etməkdən ibarətdir. İddiaçı həkimin təqsirinin konkret olaraq nədən ibarət olduğunu göstərməsə də, bu vəziyyyətin anada doğuşdan sonra aşkarlanan “klebsiella” virusu ilə əlaqələndirir. Kollegiya iddia tələbində və apellyasiya şikayətində xüsusi bilik tələb etdiyindən qeyd edilən halların araşdırılması məqsədilə 2(103)-11494/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Qərardadda ekspert qarşısında 1)müalicə zamanı müəyyən edilən Klebsiella mikrobunun yalnız xəstəxana şəraitində yaşayan mikrobdurmu, yoxsa təbiətdə də yayılmışdır? 2)bu mikrobun müəyyən edilməsi üçün labaratoriya tədqiqat metodlarından başqa tədqiqat üsulları varmı? Əgər varsa hansılardır? 3)Müasir labaratoriya tədqiqat metodlarında insan amili minimum endirilir. Yəni, uşağın qanında aşkar edilən mikroblar müvafiq labaratoriya aparatı və tədqiqat üsulları ilə müəyyən edilir. Labaratoriya dəyərlərini hər hansı şəkildə dəyişdirmək və ya saxtalaşdırmaq mümkündürmü? 4)Hamilə qadında infeksiyanın olması ilə bağlı məlumatların mövcudluğu barədə klinik və ya labaratoriya məlumatı yoxdursa, həmin profilaktik məqsədlər üçün antibiotiklər və ya digər antimikrobiyal agentləri təyin etmək hüququ varmı? sualları qoyulmuşdur. Ekspert rəyində qoyulmuş suallara cavab verilərək bildirilmişdir ki, 1) Klebsiella virusu xəstəxana şəraitində yaşayan, eləcə də təbiətdə rast gəlinən qram mənfi bakteriyadır. 2) Klebsiella bakteriyası labarator tədqiqat üsulları ilə (qanın, nəcisin, sidiyin, analizləri, selikli qişadan götürülmüş yaxma) aşkarlanır. 3) Bu sualı cavablandırmaq məhkəmə tibbi ekspertiza komissiyasının səlahiyyətinə aid deyil 4) antibiotiklər və ya digər antimikrobial agentlərdən profilaktik məqsədlə istifadə olunmur. Belə dərman vasitələri aparılmış müayinələrdən sonra həkim göstərişi ilə təyin edilir. Kollegiya həmçinin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsində qeyd edilir ki, iddiaçının hamiləlik dövründə labarator və instrumental müayinə metodları Səhiyyə sistemində mövcud olan protokollara uyğun olmuşdur. Doğuşdan sonra yenidoğulmuşda yaranan patoloji dəyişikliklər bətndaxili infeksiyası nəticəsində baş verdiyi qeyd edilsə də, bununla yanaşı əsas ağırlaşdırıcı vəziyyət yenidoğulmuşda, hər iki ağciyərdə funksiyanın pozulması və mitral qapağın açıq qalmasının nəticəsidir. “Klebsiella pneumaniae” virusu hamilə İddiaçı dəfələrlə labarator müayinələr zamanı aşkar edilməmişdir. Hamiləliyin inkişafında rast gəlinən bətndaxili infeksiyanın virulentliyindən asılı olaraq onu hətta ixtisaslaşdırılmış tibb müəssisələrində belə həmişə təyin etmək mümkün olmur. Kollegiya qeyd edir ki, ekspert rəylərinin mötəbərliyinə şübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmir. Odur ki, həmin rəylərin sübut kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Kollegiya həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatlarının nəticələrini iş materialları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, cavabdehlərin təqsiri nəticəsində iddiaçıya ziyanın dəyməsi aparılmış ekspertiza zamanı, həmçinin iş materialları əsasında öz təsdiqini tapmamışdır. Belə ki, ekspert rəyində də İddiaçı hamiləlik dövründə laborator və instrumental müayinə metodlarının səhiyyə sistemində mövcud olan protokollara uyğun olması, uşağın hər iki ağciyərdə funksiyanın pozulmasının, mitral qapağın açıq qalmasının nəticəsi olması göstərilmişdir. Həmçinin digər ekspert rəyində klebsiella virusunun xəstəxana şəraitində yaşayan virus olması qeyd edilmişdir. Bunun məhz anada hamiləlik dövründə olan “klebsiella” virusu nəticəsində yaranması ekspert rəyində öz təsdiqini tapmamış və həmin virusun hamiləlik dövründə anada movcüdluğuna dəlalət edən hallar müəyyən edilməmişdir. Həmçinin kollegiya iş materiallarında olan və iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X13 119/KEŞ saylı rəyinə qiymət verərək bildirir ki, həmin rəy tam dolğun tərtib edilməmiş və tam əsaslandırılmamışdır. Belə ki, həmin rəydə uşağın ağırlaşmasına səbəb kimi mamaginekoloqun məsuliyyətinin olması göstərilsə də, İddiaçı hamiləliyin müşahidəsi zamanı göstərilmiş tibbi xidmətin konkret olaraq hansı hissədə səhiyyə sistemində qüvvədə olan “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antental xidmətin təşkili haqqında” protokolun mövcud təlimat qaydalarına uyğun olmadığı qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə cinayət işinin rədd edilməsi barədə qərardakı müəyyən edilmiş hallan əsassız olaraq nəzərə almamışdır. İddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, həmin qərar sübut kimi qəbul edilə bilməz. Belə ki, sübut etməkdən azad olunan hallara qanuni qüvvəyə minmiş qətnamə və hökm aiddir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən hüquq normasının tələblərinə əsasən, kollegiya vurğulayır ki, həmin maddədə qərar dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı nəzərdə tutulur. Hazırki iş üzrə cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı isə məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Kollegiya iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətə qeyd edir ki, yenidoğulmuşda yaranmış xəstəliyin həkimin səhvi nəticəsində baş verməsi öz təsdiqini tapmadığından, kollegiya hesab edir ki, iddiaçının ona dəymiş maddi ziyana görə cavabdehlərdən müştərək qaydada 12000 manat məbləğində pul tələb etməsi əsassız olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-671/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-757/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-757/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver