Məhkəmə qərarları › İş №2(103)-757/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-757/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-757/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1rşı “şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş zərərin əvəzinin ödənilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh X1rşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyana görə 20000 manat məbləğində pulun, maddi ziyana görə 1300 manat məbləğində pulun, habelə ödənilmiş 155 manat dövlət rüsumunun tutulması, cavabdehin üzərinə YouTube kanalında yerləşdirdiyi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində yayımlanan Bizimləsən verilişinin silinməsi öhdəliyinin qoyulması, cavabdehin üzərinə “Bizimləsən” verilişində üzr istəməsi öhdəliyinin qoyulması, gələcəkdə razılığı olmadan onunla bağlı hər hansı fikir səsləndirilməsinin qadağan edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-1652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Youtube” kanalında yerləşdirilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “Bizimləsən” verilişi ATV telekanalı tərəfindən silinməsi, gələcəkdə ATV telekanalında İddiaçı ilə bağlı hər hansı fikir səsləndirilməsinin qadağan edilməsi, iddiaçı tərəfindən ödənilən 155 manat dövlət rüsumunun 50 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Cavabdeh qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, ATV kanalı öz reytinqi xətrinə onun ailəsini dağıtmışdır. ATV telekanalı Azəri efirə çıxarmasaydı, yəni onun haqqında efirdə şər böhtan xarakterli, namusuyla bağlı ifadələr səslənməsəydi indi onlar xoşbəxt ailə idilər. ATV telekanalı öz reytinqinə görə Azərdən istifadə edib onun ailəsini dağıtdı. Onu bütün nəslin, tanışların, qohumların, qonşuların içində rüsvay etdi. Bu yaşınadək qazandığı bütün hörməti itirdi, hal-hazırda belə əmiləri, bibiləri, dayı və xalaları onu danışdırmırlar. Hamı Azərin yalanlarına inandı. Hansı ki, o, Azəri məhkəməyə verdi və heç bir sübutu olmadığı üçün məhkəməni uduzdu. Qeyd edilən verlişdən sonra iki ilə yaxın müddətdə psixoloji gərginliyinə və sarsıntılarına görə həkim müayinəsində və müalicəsində olmuş, bu müddət ərzində keçirtdiyi depresiya və iztirablar onu ölüm həddinə çatdırmışdı. Çünki onun bədən üzvləri əsəabdən və depressiyadan hərəktiz halda olmuşdur. Bütün bunların əvəzi isə onun tələb etdiyi mənəvi təzminat məbləği ilə deyil, daha yüksək məbləğlə ödənilməlidir. Lakin maddi imkanı əl vermədiyi üçün həmin məbləğin tələbi ilə dövlət rüsumunu ödəyə bilmir, ona görə də 20000 manat məbləğlə kifayətlənmişdir.

6. Televiziya və radio yayımı haqqında Qanunun 40.2.4-cü maddəsi yayımçının üzərinə vəzifə olaraq qoyur ki, yayımçı şəxslərin şəxsi həyatlarına hörmətlə yanaşmalıdırlar. Bu istər canlı yayıma aid olsun, istər də digər informasiya vasitələrinə. Lakin məhkəmə hansısa səbəbdən yalnız kütləvi informasiya vasitələri Haqqında Qanunun 62-ci maddəsinə istinad etməklə, Televiziya və radio yayımı haqqında Qanunun 40.2.4-cü maddəsini görməzdən gəlmişdir. Halbuki, qeyd edilən mübahisəyə KİV haqqında Qanunun 62-ci maddəsi deyil, Televiziya və radio yayımı haqqında Qanunun 40.2.4-cü maddəsi tətbiq edilməli idi. Çünki hazırkı mübahisə, həqiqətə uyğun olmayan məlumatın yayılmasına görə deyil, iddiaçının şəxsi həyatına hörmətsizcəsinə yanaşmasından yaranmışdır. KİV haqqında Qanunun 62-ci maddəsi isə, həqiqətə uyğun olmayan məlumatın yayılması zamanı yayımçını məsuliyyətdən azad edir. Belə ki, Televiziya və radio yayımı haqqında Qanunun 43-cü maddəsində də yayımçının həqiqətə uyğun olmayan məlumatdan azad edilməsi ilə bağlı KİV Haqqında Qanuna göndəriş edilmişdir. Yəni yayımçı öz vəzifələrini pozması ilə bağlı məsuliyyətdən azad edilmir, yalnız həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə KİV haqqında Qanunun 62-ci maddəsinə əsasən azad edilə bilər. Halbuki işin faktiki hallarından da görünür ki, cavabdeh qurum iddiaçının şərəf və ləayqətinə hörmətlə yanaşmamışdır.

7. Məhkəmə qeyd edilən maddi hüquq normasını nəzərə almadan iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına, şərəf və ləyaqətinə hörmət edilməməsinə qiymət verməmiş, sadəcə qətnamədə bir cümlə qeyd etməklə kifayətlənmişdir ki, cavabdehin verlişdə səsləndirdiyi fikirlər ümumidir, lakin verilişdə səsləndirilən fikirlərin ümumi adlandırması yol verilməzdir. Çünki efirdə səsləndirilən fikirlər iddiaçının şərəf və ləyaqətinə hörmət edilməməsinin göstəricisidir.

8. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X6 üzərinə İddiaçı şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı kütləvi informasiya vasitələrinin müvafiq verilişlərdə təkzib edilməsi və iddiaçıdan üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 1 manat 80 qəpik hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir.

13. Səbail Rayon Məhkəməsinin 2(009)-2152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh X3 aid “ATV” telekanalında Talıbov Elşənə məxsus səs yazısının yayılması qanunsuz hesab edilməklə qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində “ATV” telekanalı vasitəsi ilə X7 üzr istənilməsi İddiaçı və Cavabdeh X2 üzərinə vəzifə kimi qoyulması, səs yazısının qanunsuz yazılmasına görə onlardan ayrı-ayrılıqda X8 xeyrinə vurulmuş mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehlərdən tutulması qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11069/2021 saylı, xx.xx.2021-ci il tarixli, qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-2152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. İş materiallarında olan diskdən görünür ki, “Bizimləsən” verilişində iştirak edən X10 Cəfərovanın ünvanına mənfi fikirlər səsləndirsə də, verilişin aparıcısı ona bu fikirlərinə görə iradını bildirmiş, İddiaçı da məsələyə münasibət bildirməsi üçün onunla telefon bağlantısı yaradılmışdır. Telekanalın aparıcısının fikirləri isə ümumi xarakter daşıyır Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası Maddə 46 İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

18. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

19. Maddə 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

20. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Həmin vaxt qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 65.5 Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

24. Həmin vaxt qüvvədə olan “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 40.2. Teleradio yayımçılarının vəzifələri aşağıdakılardır:

26. Maddə 40.2.4. insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

27. Hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə 14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:

29. 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;

30. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 07 nömrəli Qərarının 3-cü bəndində əsasən, məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə və s. üsullarla yayıla bilər.

31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

32. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

44. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin əsas dəlili cavabdeh tərəfindən onun şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaması dəlili ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

50. Mülki iş materiallarınd olan diskdən də məlum olur ki, “Bizimləsən” verilişində iştirak edən A.Əsgərov iddiaçının ünvanına mənfi fikirlər səsləndirsə də, verilişin aparıcısı ona bu fikirlərinə görə iradını bildirmiş, iddiaçının da məsələyə münasibət bildirməsi üçün onunla telefon bağlantısı yaradılmış, telekanalın aparıcısının fikirləri isə ümumi xarakter daşıyır.

51. Belə olan halda, iddiaçının cavabdeh tərəfindən onun şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaması dəlili təsdiq olunmur.

52. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarına əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

54. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

55. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. İddiaçı tərəfindən apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qimən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-1652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar