Məhkəmə qərarları › İş №2(103)-7574/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7574/2022

21.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7574/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 MMC, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Səbail Rayon Məhkəməsinin 2(009)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil rayon məhkəməsinin qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulundan başqa əsasla imtina etməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz mövqeyini MPM-in 152.1.6-cı maddəsinə əsasən, yəni qeyd olunan kateqoriya işlər üzrə iddiaçıların cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi nəzərdə tutulduğu halda, iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini təsdiq edən sənədin əlavə olunmamasına istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin bu mövqeyi əsaslı deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 194.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə istintaq orqanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin vəsatəti və AR Baş Prokurorluğun təqdimatı əsasında Səbail Rayon Məhkəməsinin 5(009)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulmuşdur və iddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin həbsin götürülməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların hazırkı mərhələdə əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı olan məsələ mülki mühakimə icraatı qaydasında deyil, cinayət-prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə həll edilməlidir. Başqa sözlə, iddiaçılar cinayət -prosessual qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə etməklə Səbail Rayon Məhkəməsinin 5(009)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək istəklərinə nail olmaq imkanına malikdirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində bu hüquqa maddədə konkret göstərilmiş şəxslərlə yanaşı həm də -qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də malik olduğu təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Belə olan halda bəlli olur ki, əmlaklarının üzərinə Səbail Rayon Məhkəməsinin 5(009)- 2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qoyulmuş hazırkı iddiaçılar məhz cinayət-prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada həmin qərarı mübahisələndirə bilərlər. Bundan başqa, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Həmin normadan göründüyü kimi, iddiaçılar cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etməli, həmin orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Beləliklə də, yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırkı iş üzrə iddiaçılar öz pozulmuş hüquqlarının müdafiəsi üçün cinayət- prossesual qanunvericiliyin onlar üçün müəyyən etdiyi imkanlardan istifadə etməmiş və onların bu imkanları hələ tükənməmişdir. Demək ki, hazırkı halda iddiaçıların bu tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. MPM-in 153.-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtinanın əsaları müəyyən olunmuşdur. Həmin əsaslardan biri də (MPM-in 153.2.1-ci maddəsi) ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasıdır. Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulundan -ona hazırkı mərhələdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasına görə imtina edilməli, eləcə də iddiaçılara hazırkı tələblərinin həlli qaydası ilə bağlı hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; -398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və iddia ərizəsinin icraata qəbulundan -həmin ərizəyə hazırkı mərhələdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasına görə imtina olunsun. İddiaçılara Səbail Rayon Məhkəməsinin 5(009)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını cinayət-prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada mübahisələndirmək, eləcə də CPM-in 253-cü maddəsində müəyyən olunmuş hüquqlarından istifadə etmək hüququnun olması izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar