Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7576/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin online satış mağazasından aldığı bir ədəd Samsung Note 10 Lite 6/128 GB silver (İMEİ **********948696) markalı telefonun alışı üçün ödədiyi 1138 manat pulun, 30 manat dövlət rüsumu və mənəvi ziyana görə 3414 manat, ümumilikdə 4582 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-817/21) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 1138 manat maddi zərər, vurulmuş mənəvi ziyana görə 100 (yüz) manat məbləğində pul və 0.90 (doxsan qəpik) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 avqust 2020-ci il tarixində Cavabdeh MMC-nin online satış mağazasından qiyməti 1138 manat olan bir ədəd Samsung Note 10 Lite 6/128 GB silver (İMEİ 1 355 045 112 948 696) markalı telefonu plastik bank kartı vasitəsilə almışdır. Telefonu seçərkən satış məsləhətçisi ona online mağazada satılan malların yüksək keyfiyyyətdə olmasını bildirmişdir. Telefonu istifadə etməyə başlayandan 2 həftə sonra telefonda nasazlıqlar olmağa başlamış, bununla əlaqədar qaynar xətt ilə əlaqə saxlamış və telefonun dəyişdirilməsini tələb etmişdir. Cavab olaraq ona izah edilmişdir ki, ilk öncə servis mərkəzinə müraciət etməlidir ki, servis akt tərtib etsin. 17 sentyabr 2020-ci il tarixində Cavabdeh MMC-nin Bakı fəhəri, Xətai rayonu, Məzahir Rüstəmov 31 ünvanında yerləşən servis mərkəzinə telefonu təqdim etmiş və dəyişdirilməsini tələb etmişdir. Cavabdeh MMC-nin Servis Mərkəzinin tərtib etdiyi 4738 saylı qəbzdə də qeyd olunmuşdur ki, telefon enerji yığdığı zaman problemlər baş verir və müştəri telefonun dəyişdirilməsini istəyir. Cavabdeh MMC-nin Servis Mərkəzi telefonu X2 təqdim etmiş və 22.09.2020-ci il tarixində X1 texniki rəyində telefonun ekranında, arxa qapağında cızıqlar olduğu, arxa kameranın kartında əziklər olduğu, karkasda əriklər olduğu, arxa qapaqda çata bənzər cızıqlar olduğu, cihazda mexaniki zədə aşkar olunduğu və avtorizə olunmuş servisdən kənar müdaxilə olunduğu qeyd edilmişdir. Lakin Cavabdeh MMC-nin Servis Mərkəzinin tərtib etdiyi 4738 saylı qəbzdə telefonda ümumi cızıqların olduğu qeyd olunmuşdur. Cavabdeh MMC ona istifadəyə yararsız telefonu yeni və problemsiz adı ilə satmış və telefonu yenisi ilə əvəzləməmək üçün telefona kənar müdaxilələr etmişlər. İddiaçı dəfələrlə Cavabdeh MMC-yə müraciət edilərək, telefonun yenisi ilə əvəz olunmasını tələb etsə də, Cavabdeh MMC tərəfindən müraciətinin həlli istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Samsung Note 10 Lite 6/128 GB silver (İMEİ 1 355 045 112 948 696) markalı telefonun özünün mövcud vəziyyəti və cavabdehin də qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin telefonun həqiqətən də yüksək keyfiyyətli olmasını təsdiq edən sənədləri təqdim edə bilməməsi satın aldığı avadanlığın cavabdehin təqdim etdiyi məlumatlara uyğun olmayan və keyfiyyətsiz mal olmasına dəlalət edir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mobil telefonda yaranmış qüsur istehlakçı tərəfindən yaradılmışdır, Cavabdeh MMC-nin baş vermiş qüsurda hər hansı məsuliyyəti yarana bilməz. Belə ki, servisin verdiyi aktdan görünür ki, telefona avtorizə olunmuş servisdən kənar müdaxilə olunmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 17 sentyabr 2020-ci il tarixli, 4738 saylı sifariş qəbzindən görünür ki, İddiaçı tərəfindən Samsung Note 10 Lite modelli telefonu “telefon qızır, zaryadka yığanda problem yaşayır” qüsurları ilə servis mərkəzinə təqdim edilmişdir. Həmin sifariş qəbzindən görünür ki, telefon təhvil alınarkən telefonda ümumi cızıqlıq olduğu göstərilmişdir. “Samsung Service Plaza”nın GSM00004927 nömrəli, 21 sentyabr 2020-ci il tarixli texniki rəyində Samsung Note 10 lite markalı telefonun xarici görünüşü qrafasında “ekranda, arxa qapaqda cızıqlar var, arxa kameranın kantında əziklər var, karkasda əziklər var, arxa qapaqda çatabənzər cızıqlar var”, iddia olunan qüsur qrafasında “telefon qızır, enerji yığanda qüsur yaranır”, qüsurun səbəbi qrafasında “cihazda mexaniki zədə aşkar olunub, cihaza rəsmi avtorizə olunmuş servisdən kənar müdaxilə olunub” və nəticə hissəsində aşkar olunan qüsurun istehsalçı tərəfindən olmadığı göstərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnaməni faktiki olaraq iddianın təmin olunan hissəsini, yəni cavabdehdən maddi zərərə görə 1138 manat və mənəvi ziyana görə 100 (yüz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində mübahisələndirmişdir. Şikayət onunla əsaslandırmışdır ki, təqdim edilmiş rəydən görünür ki, iddiaçıya satılmış telefonda yaranmış problem istehsalat qüsuru deyil, sonradan istifadə nəticəsində yaranmışdır. Cihazda yaranan mexaniki zədə zərbə, yerə düşmə kimi hallarda yarana bilər və iddiaçının özünün cavabdeh olduğu hərəkətləri nəticəsində əmələ gəlmişdir. İddiaçı telefonu aldığı anda telefonun keyfiyyətinə heç bir iradı olmamışdır. İddiaçı telefonu istifadə etdikdən 2 həftə sonra telefonda enerji yığan zaman qızma baş vermişdir ki, bu da telefonun alındığı vaxt nasaz olmadığına və onun qızmasına səbəb olan nasazlığın istismar prosesində əmələ gəldiyinə dəlalət edir. İddiaçı öz tələbini əsaslandıran sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyan hissəsində təmin edərkən də düzgün nəticəyə gəlməmişdir. Konstitusiya Məhkəməsinin qərarında mənəvi zərərin sırf qeyri-əmlak xarakterli olması birmənalı olaraq qeyd edilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və qətnaməni faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh şirkət tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qarantiya müddəti ərzində iddiaçıya istifadəyə yararlı olan əşya vermək vəzifəsi olsa da, bu vəzifəsini icra etməmiş və buna görə də alıcı ona verilmiş həmin əşyanı servis mərkəzinə qaytarmaq məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi "xxxx" tərəfindən verilmiş 17.09.2020-ci il tarixli akta istinad edərək iddiaçının əldə etdiyi mobil telefonda istehsal qüsurunun olmadığını, mobil telefonda yaranmış qüsurun iddiaçı tərəfindən istismar qaydalarının pozulması nəticəsində əmələ gəldiyini göstərsə də, cihazın servis mərkəzinə göndərilməsi üçün tərtib edilən aktda bu barədə hər hansı qeyd yoxdur. Belə olan halda həmin zədənin istehlakçının istismar qaydalarını pozması nəticəsində baş verib-verməməsi iş materialları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin bir sair diqqətəlaiq hallarını nəzərə almış və mənəvi zərərin məbləğinin 100 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya baxışının predmeti cavabdehdən maddi zərərə görə 1138 manat və mənəvi ziyana görə 100 (yüz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsi (yəni, 2000 manatdan az) olduğundan Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7576/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7576/2021
29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver