Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7577/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17064 (on yeddi min altmış dörd) manat əsas borc, 11959 (on bir min doqquz yüz əlli doqquz) manat faiz borcu, 1000 (min) manat cərimə borcu olmaqla, cəmi 30023 (otuz min iyirmi üç) manat pul vəsaitinin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, həmin məbləğin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestri xidmətində 147 nömrəli reyestr kitabının 13414 nömrəli vərəqində qeydiyyata alınmış, ümumi sahəsi 158.4 kv.m, yaşayış sahəsi 67.6 kv.m, yardımçı sahəsi 90.8 kv.m, tikintialtı sahəsi 27 kv.m ibarət olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, 3 otaqlı, 1q saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-95/20) iddia qismən təmin edilərək, iddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 29 iyun 2012-ci il tarixli 739 saylı kredit müqaviləsi üzrə 9008 (doqquz min səkkiz) manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 9108 (doqquz min yüz səkkiz) manat məbləğində borcun, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən ümumi sahəsi 158.4 kv.m, yaşayış sahəsi 67.6 kv.m, yardımçı sahəsi 90.8 kv.m, tikintialtı sahəsi 27 kv.m ibarət olan 3 otaqlı, 1q saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 149.000 (yüz qırx doqquz min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına iddiaçıya ümumilikdə 9108 (doqquz min yüz səkkiz) manat məbləğində borcun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, evə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin evin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 290 manatın 145 manatının iddiaçıya, 145 manatının cavabdehə aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. 10.02.2021-ci il tarixdə iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev -sədrlik edən və məruzəçi, T.Səmədov, İ.Şirinov, iş № 2(103)-3680/21) iddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında 29.06.2012-ci il tarixdə, 739 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 % ödəmək şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış 29 iyun 2012-ci il tarixində 89 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestri xidmətində 147 nömrəli reyestr kitabının 13414 nömrəli vərəqində qeydiyyata alınmış, 158.4 kv.m. ümumi sahədən, 67.6 kv.m. yaşayış sahəsindən, 90.8 kv.m. yardımçı sahədən, 27 kv.m. tikintialtı sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yavər Əliyev küçəsində yerləşən 3 otaqlı, 1q saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.3-cü maddəsinə əsasən, kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən hesablanır və həmin vəsait kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda cavabdehin banka 17.064 (on yeddi min altmış dörd) manat əsas borcu, 11959 (on bir min doqquz yüz əlli doqquz) manat faiz borcu, 1000 (min) manat cərimə borcu olmaqla, cəmi 30023 (otuz min iyirmi üç) manat borcu vardır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 4.3.2-ci maddəsinə əsasən, borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsilə satılması üçün tədbirlər görmək hüququna malikdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə borcunu hər ay vaxtında ödəmişdir. İddiaçı həmin ödəniş qəbzlərini məhkəməyə təqdim etməmiş, o isə həmin qəbzləri məhkəməyə təqdim etmişdir. Məhkəmədə həmin ödəniş qəbzləri əsasında ilkin və əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, hər iki ekspert rəyində onun faiz borcunun olmadığı, 9008 manat əsas, 100 manat faiz borcunun olması nəticəsinə gəlinmişdir. Onun bankda 9008 manat məbləğində əsas borcu olduğuna görə aralarında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsi altına düşür. Bu səbəbdən də qətnamə ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, bundan əvvəl birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. O, qətnaməni apellyasiya qaydasında iddianın rədd olunan hissəsində mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını həmin hissədə yoxlayaraq qiymət vermişdir. Hazırda qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və qətnaməni borcun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının cavabdehdən məhkəmə qaydasında tələb etdiyi məbləğlə bağlı mübahisə olduğundan, məhkəmə iş üzrə ilkin və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş, hər iki ekspert rəyində Cavabdeh İddiaçı-yə faiz borcunun olmadığı, əsas borcunun 9008 (doqquz min səkkiz) manat olduğu qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 739.1, 741-ci və s. maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdehin bankda 9008 manat məbləğində əsas borcu olduğuna görə aralarında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsi altına düşür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7577/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7577/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - İtirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver