Məhkəmə qərarları › İş №2(103)-7579/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7579/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7579/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxxxxxxxxxxxxxxx” QSC-yə və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3198/2020 nömrəli qərardadından cavabdeh “xxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər “xxxxxxxxxxxxxxxxxx” QSC-yə və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxx” QSC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını və AR DİN BDYPİ-nin xüsusi mühafizə olunan dayanacğına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3198/2020 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi və mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunanadək “xxxxxxxxxxxxxxxxxx” QSC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxx” QSC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3198/2020 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxx” QSC “xxxxxxxxxxxx” ASC-nin korporativ müştərisi olmaqla cəmiyyətə məxsus avtonəqliyyat vasitələrinin həmin sığorta şirkətində sığortasını həyata keçirir. Cəmiyyət hətta holdinqə daxil olan digər təşklatların sığortasını hər il “xxxxxxxxxxxx” ASC-də sığortalanmaqla sığorta şirkətinə on min manatlarla gəlir verir və iddiaçı təşkilat onların faktiki olaraq əmlakının hansı həcmdə olmasından xəbərdardır. Həmin əmlaklar gələcəkdə qətnamənin təmin edilməsi üçün (əgər qətnamə onların xeyrinə olarsa) kifayət edəcək dəyərdədi. Bu səbəbdən hesab edir ki, iddiaçının iddianın təmin tədbiri kimi avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması vəsatəti nə işgüzar adət ənənəyə, nə də şirkətlərarası əməkdaşlığa uyğun gəlmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(004)- 3198/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərini qəbul etməyərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər, məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddianın təmini tədbiri barədə ərizəni mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxxxxxxxx” QSC-nin mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Həmin məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmetinə uyğun olaraq iddaçının ərizəsi qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericilik iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Kollegiya qeyd edir ki, avtomobilin üzərinə həbs qoyulması eyni zamanda ondan istifadə hüququnun məhdudlaşdırılmasını özündə ehtiva edir. Əmlakdan istifadə hüququnun məhdudlaşdırılması üçün isə zəruri halların mövcud olmalıdır. Hazırkı mübahisə üzrə isə zəruri halların mövcud olması barədə məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin üzərinə həbs qoyularkən, avtomobilin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq deyil. Belə ki, avtomobilin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi onun istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədəmüvafiq hesab edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğuna görə qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3198/2020 nömrəli qərardadı dəyişdirilməli, işə mahiyyəti üzrə baxılıb qurtaranadək **-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtomobilin özgəninkiləşdirilməsi, girov qoyulması və bütün digər əməliyyatların aparılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,158, 263, 264, 365, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxx” QSC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3198/2020 nömrəli qərardadı dəyişdirilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək **-PB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtomobilin özgəninkiləşdirilməsi, girov qoyulması və bütün digər əməliyyatların aparılması qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar