Məhkəmə qərarları › İş №2(103)-7579/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7579/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7579/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-602/2020 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi“ tələbi barədə mülki iş üzrə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(002)-602/2020 saylı qərardadı ilə Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin) özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı işi üzrə xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3 , 16.1, 560.3.2; Mülki Prosessual Məcəllənin 47.1, 157.2, 162.1, 162.3, 162.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, yuxarıda sadalanan hüquq normalarının tələbləri, müvəqqəti təminat tədbirlərinin məqsədi və təyinatı, hazırki mülki iş üzrə yekun məhkəmə aktının icrasının indiyə kimi borclu Cavabdeh1 tərəfindən təmin edilmədiyi, cavabdeh "SAC” MMC-nin təsisçisi, nizamnamə kapitalındakı bütün payların sahibi və direktorunun Cavabdeh1 özü olduğu və hazırda tələbkarın Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək tələbin borclu Cavabdeh1 "SAC” MMC-dəki payına yönəldilməsini tələb etdiyi, eyni zamanda prosessual hüquqlardan suiistifadənin yolverilməzliyi nəzərə alınmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Tələbkar İddiaçı tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, tələbkar İddiaçı borclu Cavabdeh1 əmlaklarına, o cümlədən Cavabdeh2 MMC-dəki payına məhdudiyyət qoyulmasını xahiş etmiş; Cavabdeh2 MMC-nin dövlət reyestri məlumatları haqqında çıxarışına əsasən Cavabdeh2 MMC-nin təsisçisi, qanuni nümayəndəsi Cavabdeh1dur və həmin MMC-nin nizamnamə kapitalında bütün paylar ona məxsusdur. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin) özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi barədə Cavabdeh2 MMC-nin verdiyi ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respubılikasının Konstitusiyasının 29; Mülki Məcəlləsinin 46, 52.1, 52.2; Mülki Prosessual Məcəlləsinin 157.2, 157.6,157.7, 162.1, 162.3, 162.4, 185, 259.0.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, işdə olan məhkəmə aktlarından da göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1 və “SAC" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin görülməsi barədə iddiaçının verdiyi ərizə təmin edilmiş, cavabdeh “SAC" MMC-nin xüsusi mülkiyyətinda olan, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Daha sonra mülki işə mahiyyəti üzrə baxmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 18000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 maddi zərərin əvəzi kimi 11645 manat və mənəvi zərərin əvəzi kimi 3000 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2421/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, qətnamə ilə iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilmişdir. Həmin qətnamə əsasında cəmi 14645 manat məbləğində pul yalnız fiziki şəxs olaraq Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Hazırda qeyd olunan borc Cavabdeh1 aldığı pensiyaya yönəldilmiş, hər ay borcunun aldığı pensiya məbləğindən tutulmalar həyata keçirilir. Cavabdeh2 MMCnin İddiaçı qarşısında nə müqavilə üzrə, nə məhkəmə qərarı üzrə hər hansı öhədliyi yoxdur. MMC Cavabdeh1 hər hansı şəxsə, o cümlədən də İddiaçı borcuna görə məsuliyyət daşımır. Cavabdeh1 Cavabdeh2 MMC-nin təsisçisi olması, MMC-ni İddiaçı qarşısında borcluya çevirmir. Bu baxımdan, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında sərgilədiyi mövqe anlışan deyil. Məhkəmənin iş üzrə gəldiyi həmin nəticə səhvdir, qanunvericiliyin tələblərinə ziddir. Hazırda həmin tədbirin qüvvədə saxlanılması Cavabdeh2 MMC-yə böyük zərərlər vurur. Belə ki, MMC-yə məxsus əmlaka qoyulmuş məhdudiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən MMC başqa şəxslərlə mülki əqdlərin bağlanması məhdudlaşdırılmışdır. Bundan başqa, borclu Cavabdeh1 İddiaçı ödəməli olan vəsaitin cəmi məbləği 14645 manat təşkil edir. Üzərinə həbs qoyulmuş Cavabdeh2 MMC-yə məxsus əmlak kompleksinin dəyəri isə təxminən 2.000.000 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb, Azərbaycan Respublikası Konstitusiyasının 24, 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46, 52.1, 52.2, 91, 92, 94; İcra haqqında Azərbaycan Respublikası Qanununun 45-46 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, müraciət əsasında qərara alınan müvəqqəti təminat tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Əks halda, qeyd edilən prosessual hüquq normasının tətbiqi dispozitiv imkandan və diskression səlahiyyətlərdən sui-istifadəyə şərait yarada bilər. İş materiallarından görünür ki, ərizəçi əmlakına qadağa qyulmuş hüquqi şəxsin yeganə təsisçisidir. Ona görə, icra məmuru tərəfindən burada olan borcluya məxsus sərvətlərinə və sair əmlak hüquqlarına məcburi icra tədbirlərinin tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 161.1-ci maddəsinə əsasən: İşdə iştirak edən şəxsin ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun tələblərinə əsasən: 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə istinadən qeyd edilməlidir ki, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar