Məhkəmə qərarları › İş №2(103)-758/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-758/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-758/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X17” X20) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-758/2024 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdeh 3 saylı şəhər Klinik Xəstəxanasının (“X17” X20) nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X6 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X17” X20) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-647/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 24 aprel 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında (“X17” X20) həmin hospitalın həkim cərrahı X10 tərəfindən “prostat vəzi adenomasının TUR” əməliyyatı edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X6 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X17” X20) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər 3 saylı şəhər Klinik Xəstəxanası və X1 müştərək qaydada maddi zərərə görə 16*** manat, mənəvi zərərə görə 9*** manat və 166 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 25166 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayonu 3 saylı Xəstəxananın həkimi olan İlqar İsmayılov adlı həkim tərəfindən əməliyyat olunmuşdur. Onu həmin həkimin yanına Asif adlı həkim aparmışdır. Asif həkim İlqar həkimin asistentidir. İlqar həkim düzgün əməliyyat etməyərək onun sidik kanalını darmadağın etmişdir. Belə ki, lazer şlanqını zorla kanaldan keçirmiş, kanalı cırıb darmadağın etmişdir. Əməliyyatdan təqribən bir aydan sonra kanalın zədələnən hissələri bir-birinə yapışmış (spayka olunmuş), kanalın orta hissəsində, bir də sidik kisəsinin girişə qədər hissəsində, çanaq sümüyü boyu kanal dağıldığından tam bitişmişdir. Halbuki belə hallarda əməliyyat dayandırılmalı, kanala kateter qoyulmalı, müalicəvi üsullardan istifadə edərək kanal genişləndirilməli və bir-iki həftədən sonra əməliyyat aparılmalı idi. Əməliyyatdan qabaq aparılan müalicə tədbirləri üçün dərmanlara 700 manat, əməliyyatdan sonra isə dərmanlara 800 manat pul xərcləmişdir. Bundan başqa əməliyyat üçün 800 manat Asif həkimə, 200 manat analizlərə vermişdir. Lakin əməliyyatdan sonra olmazın əziyyətini çəkmişdir. İlqar və Asif həkim əməliyyatdan sonra kanalın ortasında və sidik kisəsinin girişində də törəmələrin olduğunu, onların götürüldüyünü bildirmişlər. Lakin qeyd edilən yerlərdə törəmə olmayıb. Asif həkim kanalı dağıtdığı üçün belə deyərək səhvini örtmək istəmişdir. Çünki ona verilmiş epikrizdə sözügedən törəmələr barədə heç bir məlumat qeyd olunmamışdır. Beləliklə, İlqar və Asif həkim onu şikəst etmişdir. İlqar və Asif həkimdən sonra dörd həkimin yanında olmuşdur. Əməliyyatı İlqar və Asif həkimin etdiyini dedikdə, hamısı onların əməliyyat edə bilmədiyini bildirmişdir. Həkimlər ona bildirdilər ki, o bundan sonra ömürlük şlanqla yaşamalıdır və ya Türkiyədə əməliyyat olunaraq plastik şlanq qoyulmalıdır. Bu da çox baha başa gələn əməliyyatdır. O, indiyədək dərmanlar qəbul edir. Uroloji dərmanlar baha olduğundan, indiyədək 2*** manat yaxın iynə dərmanlara pul xərcləmişdir. Bundan başqa Riqa şəhərində xəstəxanaya 2*** manat ödəniş etmişdir. Orada da dərmanlara 2*** manat pul vermişdir. Gediş-dönüş xərci olaraq 1600 manat, ümumilikdə 6*** avro pul xərcləmişdir. Həmçinin Asif həkimin məsuliyyətsiz əməliyyatı ucbatından 5***0 avro xərcləyərək xaricdə qurduğu işi başa gətirə bilmədiyi üçün geri qayıtmağa məcbur olmuş və həm xərclədiyi 5***0 AVRO-dan, həm də əldə edəcəyi qazancdan olmuşdur. Bunların hamısı İlqar və Asif həkimin işinə məsuliyyətsiz və laqeyd yanaşması, onu düzgün əməliyyat etməməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərlərdir. Hələ Türkiyədə əməliyyat olunmaq üçün nə qədər xərci çıxacağını bilmir. İlqar İsmayılov və Asif adlı həkim onun həyatına qəsd etmişlər.

4. Cavabdehlər 3 saylı şəhər Klinik Xəstəxanası “X17” X20 və X10 tərəfindən iddia ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 1955-ci il təvəllüdlü xəstə İddiaçı X12 Urologiya şöbəsinə xx.xx.2021-ci il tarixində “Kəskin sidik ləngiməsi. Prostatın adenomasının introvezikulyar forması. Trabekulyar sidiklik. Hipertoniya xəstəliyi” diaqnozu ilə daxil olub. Uzun müddət aparılmış konservativ müalicə uğursuz olmuşdur. Xəstə laborator, Usm, rentgen, EKQ müayinələrindən keçmiş, kəskin sidik ləngiməsi səbəbindən xx.xx.2021-ci il tarixində spinal anesteziya ilə “Prostatın TURsı” əməliyyatı icra olunmuşdur. Əməliyyatı Urologiya şöbəsinin müdiri X9 və A.Babayev icra etmişlər. X17 tərəfindən İddiaçı cərrahi əməliyyatının icra edilməsi üçün bütün lazım olan tibbi şərait təmin edilmiş, “Əhalinin sağlamlığının qorunması haqqında”, o cümlədən, “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq vətəndaşa ixtisaslaşdırılmış tibbi yardım göstərilmişdir. Əməliyyatdan sonrakı dövr isə fəsadsız keçmiş, sərbəst sidik ifrazı normal bərpa edilmişdir. Xəstə kafi vəziyyətdə xx.xx.2021-ci il tarixində evə sahə həkiminin nəzarətinə yazılmışdır. Müalicə müddətində xəstə İddiaçı X13 icra edilmiş əməliyyatla bağlı hər hansı şikayəti olmamışdır. Əməliyyatdan sonrakı dövrdə - 7 ay sonra xaricdə - şimal ölkəsində xəstədə onlara məlum olmayan səbəblərdən yaranmış fəsadlarla bağlı ilə X17 hər hansı bir məsuliyyət daşımır. Əməkdar həkim, Avropa və Amerika Uroloqlar Cəmiyyətinin üzvü İlqar İsmayılov tərəfindən uzun illərdir ki, belə uroloji əməliyyatlar icra edilir və əməliyyatdan sonra yaranmış ağırlaşmaların səbəbləri əməliyyatın düzgün icra edilməməsi ilə bağlı olmamışdır. Elmi ədəbiyyatda TUR- P əməliyyatı sonrası ağırlaşmaların səbəbləri kimi aşağıdakılar göstərilir: 1. Adenamatoz toxumanın infeksiyalaşmış asinusların acıması; 2. Hospital infeksiya; 3. İnfeksiyalaşmış sidik; 4. İmmunitetin düşməsi. Vətəndaş İddiaçı Riqa şəhərində aldığı müalicə isə sidik yollarında 7 ay sonra yaranmış iltihabla bağlı olmuşdur (soyuq iqlim, içki, tikintidə çalışması, soyuq yerdə davranması) və orada baş vermiş ağırlaşmalarla əlaqədar X17 və heç bir həkim öhdəlik daşımır. İddiaçı iddia ərizəsində həkim lqar İsmayılov tərəfindən lazer şlanqını zorla kanaldan keçirilərək sidik kanalını darmadağın etməsi, cərrahi əməliyyatı düzgün icra etməməsi bildirilir. Bununla əlaqədar bildirirlər ki, icra olunmuş əməliyyata göstəriş düzgün qoyulmuşdur və texniki cəhətdən qüsura yol verilməmişdir. Əgər vətəndaşın iddia etdiyi kimi sidik kanalı zədələnibsə, əməliyyatdan sonrakı dövrdə normal sidik ifrazı necə baş verirmiş? Bundan əlavə cərrahi əməliyyat zamanı lazerdən də istifadə edilməmişdir. Belə ki, X13 M. Cavadzadə adına X5 fərqli olaraq əməliyyat icra olunan cihaz görüntü altında sidik kisəsinə keçirilir və bu, travmasız səliqəli işin icra olunması üçün böyük dəstəkdir. Əlavə olaraq qeyd edirlər ki, bu an, monitorda xəstənin özünə nümayiş etdirilir. Buna görə də sidik kanalının dağıdılmasından söhbət belə gedə bilməz. Əks halda, vətəndaşın iddia etdiyi kimi sidik kanalının dağıdılması halı var idisə, xəstədə bu günə kimi sərbəst sidik ifrazı mümkün olmazdı. Sidik kanalı əməliyyat zonasına daxil deyil. Sidik ifrazı ilə bağlı vəziyyət isə xaricdə vətəndaşın uretrasına kobud müdaxilə ilə izah edilə bilər. Belə ki, İddiaçı Latviyada olarkən (vətəndaş tikinti sahəsində çalışır) sidik ifrazı ilə bağı çətinlik olub və “təcili yardım” həkimi tərəfindən dəfələrlə sidik kisəsinə kateter yerləşdirilməsi uğursuz olub. Bəli, bu səbəbdən sidik ifrazında çətinlik daha da dərinləşə bilər. Ümumilikdə, Bakıda olarkən sidik ifrazında ciddi problemlər mövcud idisə, yəqin ki, vətəndaşın xaricə işgüzar səfəri də baş tutmazdı və buna heç cəhd də etməzdi. Vətəndaş ərizəsində bir neçə həkimə müraciət etdiyini və həkimlər tərəfindən ona kanalına “plastik şlanq” qoyulması əməliyyatının aparılmalı olduğunun bildirildiyini qeyd edib. Bununla bağlı bildirirlər ki, Urologiya elminə “plastik şlanq” qoyulması adında əməliyyat məlum deyildir. Xəstənin stasionarda müayinə və müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb. Bundan əlavə, əməliyyatı icra edən həkim İlqar İsmayılov və assistent A.Babayevlə xəstə arasında əməliyyatdan əvvəl və sonra heç bir pul söhbəti olmamışdır. Xəstə tərəfindən isə hər hansı bir formada ödəniş edilməmişdir. Bundan başqa, vətəndaş İddiaçı Riqa şəhərində çalışdığı tikinti sahəsində rəhbərlik etdiyi ustalara məhz məhkəmədən tələb etdiyi miqdarda borcu vardır. Bu isə onu göstərir ki, İddiaçı Riqadakı ustalara qarşı borc öhdəliyini qarşılamaq üçün Bakıda məhkəmə vasitəsi ilə pul vəsaiti əldə etmək istəmişdir. Vətəndaş İddiaçı simasının aydın olmağı üçün məhkəmənin diqqətinə çatdırırlar ki, o, uzun illər boyunca ürəyində heç bir problem olmadığı təqdirdə saxta sənəd təqdim edərək dövlətdən yardım almışdır. Lakin cərrahi əməliyyatdan öncə xəstəyə kardioloqun baxışı zamanı onun ürəyi ilə bağlı hər hansı narahatlığının olmadığı müəyyən edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1112-ci maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslanlandırılmış və əlavə olaraq göstərilmişdir ki, tərəfindən iddia ərizəsinə müalicə və əməliyyatla bağlı bütün sənədlər əlavə edilmişdir. Lakin məhkəmə bu sənədlərə qiymət verməmişdir. Bundan başqa məhkəmə yalnız ekspertizanın rəyini əsasə gətirərək, onun iddiasını rədd etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə ekspertizanın rəyi məhkəmə üçün məcburi deyildir. Həmçinin ekspertiza rəyi ilə razı deyil. Çünki ekspertiza rəyindən görünür ki, qoyulmuş suallara qeyri-dəqiq cavablar verilmişdir ki, bu da işin obyektiv həlli üçün kifayət deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılaraq şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə baxışı zamanı iddiaçı verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh 3 saylı şəhər Klinik Xəstəxanasının (“X17” X20) nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 125, hissə 7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

«Əhalinin sağlamlığının qorunması haqqında» Qanun

20. Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

21. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Kollegiya hesab edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

32. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

34. Belə ki, iş materiallarında olan 1) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-yə sidiyin ümumi təhlili üçün 12.99 manat pul ödənilmişdir. 2) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-yə tibbi xidmət üçün 19 manat pul ödənilmişdir. 3) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nə laboratoriya xidməti üçün 12.99 manat pul ödənilmişdir. 4) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nə tibbi xidmət üçün 100 manat pul ödənilmişdir.

35. “X17” PHŞ tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı prostat vəzinin adenoması, hipertoniya xəstəliyi İİ tip diaqnozu qoyulmuşdur.

36. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən uretral və ya sidik kisəsinə kateterin taxılması xidmətinə görə 19 manat pul ödənilmişdir.“Lazur hospital” tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı sidiyin müayinəsi həyata keçirilmişdir.

37. xx.xx.2022-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 600 manat depozit ödənilmişdir.

38. “Lazur hospital” tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı sidiyin müayinəsi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən müayinə üçün 100.01 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən uretral və ya sidik kisəsinə kateterin taxılması xidmətinə görə 19 manat pul ödənilmişdir.

39. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sabunçu TM-də iddiaçıya prostatın TUR əməliyyatının icra olunduğu, əməliyyatdan sonrakı dövrün fəsadsız keçdiyi və kafi vəziyyətdə evə yazıldığı bildirilmişdir. Həmçinin, digər ölkədə göstərilən tibbi yardım və fəsadlarına görə Sabunçu TM-nin personalının cavabdehlik daşımadığı qeyd edilmişdir. Bundan başqa, məsələ ilə əlaqədar həkim İ.İsmayılovun izahatı da alınmışdır. İ.İsmayılov öz izahatında iddiaçının stasionar müayinə və müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılandığını və iddiaçıdan heç bir ödəniş tələb etmədiyini bildirmişdir.

40. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “X16” QSC-nə foley kateter silikon üçün 3.90 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə uretral və ya sidik kisəsinə kateterin taxılması xidmətinə görə 19 manat pul ödənilmişdir. “Lazur hospital” tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı uretranın penil və zarlı hissəsinin yatrogen mənşəli strukturası. Funksiya edən episistostoma diaqnozu qoyulmuşdur.

50. “Sokrat Medikal” Tibb Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı sidiyin ümumi analizi həyata keçirilmişdir.

51. “Sokrat Medikal” Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ultrasəs müayinəsi həyata keçirilmişdir. “Yeni Klinika” tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı göbək yırtığı, keçməməzlik və ya qanqrena olmadan diaqnozu qoyulmuşdur. 52.“X17” PHŞ tərəfindən verilmiş xəstəlik tarixindən görünür ki, İddiaçı kəskin sidik ləngiməsi diaqnozu qoyulmuşdur. 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı sidiyin ümumi müayinəsi həyata keçirilmişdir. 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı qanın biokimyəvi müayinəsi həyata keçirilmişdir. 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı koaquloqramma müayinəsi həyata keçirilmişdir.

53. Medicare Klinika tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı biokimyəvi müayinə həyata keçirilmişdir. Medicare Klinika tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı qanın ümumi analizi həyata keçirilmişdir.

54. “X17” PHŞ tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı kəskin sidik ləngiməsi. Prostat vəzi adenomasının introvezukulyar forması. Hipertoniya xəstəliyi İİ dərəcə diaqnozu qoyulmuşdur.

55. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 70/KEŞ nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “X17” PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “prostat vəzinin adenoması, kəskin sidik ləngiməsi” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq müvafiq təyinat verilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra olunmuşdur. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona aparılmış “prostat vəzi adenomasının TUR” əməliyyatından sonra xəstədə sərbəst sidik ifrazı aktı bərpa olunmuş və o, hər hansı bir fəsad olmadan evə yazılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində aparılmış aşağı sidik yollarının kontrastlı rentgen müayinəsində sidik kanalının keçiriciliyi saxlanılmış, membranoz hissədə isə nisbi daralmanın olduğu müəyyən edilmişdir. Bu da prostat vəzinin təkrar hiperplaziyası ilə əlaqədar ola bilər. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil.

56. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 təkrar 312/KEŞ nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə “X17” PHŞ-nin urologiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “prostat vəzinin adenoması, kəskin sidik ləngiməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq operativ müalicə taktikası seçilmiş və təyinat verilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatından sonra xəstədə sərbəst sidik ifrazı aktı bərpa olunmuş və o, hər hansı bir fəsad olmadan evə yazılmışdır. İddiaçı yaranmış sidik kanalının daralması ilə əlaqədar ona müvəqqəti episistostoma qoyulmuş və xx.xx.2022-ci il tarixdə onun üzərində “Lazur Hospital”da “Uretrotomiya; Urertoskopiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Sidik kanalının daralması iltihabi proses nəticəsində yarana bilər və bu patoloji vəziyyətin aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “Erektil disfunksiya” xəstəliyi mövcuddur və aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatı ilə əlaqədar olması istisna edilir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

57. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizanın nəticəsi olaraq tərtib edilən ekspert rəylərindən aydın olmuşdur ki, İddiaçı üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatı düzgün aparılmış, hər hansı həkim səhvinə yol verilməmişdir.

58. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması və bütün məqamların aydınlıq gətirilməsi məqsədilə, o cümlədən iddiaçının da bu barədə vəsatəti nəzərə alınaraq 2(103)-758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 əvvəlki tədqiqatlarda iştirak etməyən ekspertlərinə həvalə edilmişdir. Birlik tərəfindən təqdim olunan xx.xx.2024cü il tarixli, 34/MEŞ saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, düzgün təyin edilmiş diaqnoza uyğun ixtisaslaşdırılmış tibbi yardım (əməliyyat) texniki cəhətdən qüsursuz icra edilmiş, müayinə və müalicələr tam həcmdə aparılmış, əməliyyat fəsadsız keçmiş, sərbəst sidik ifrazı aktı bərpa olunmuş və xəstə xx.xx.2021-ci il tarixində kafi vəziyyətdə evə yazılmışdır. X8 “Kəskin sidik ləngiməsi. Prostatın adenomasının introvezikulyar forması. Trabekulyar sidiklik. Hipertoniya xəstəliyi” diaqnostikasına uyğun xx.xx.2021-ci il tarixdə X13 həkim X10 tərəfindən lazer üsulu ilə tibbi müdaxilə aparılması haqqında tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur. Belə ki, xx.xx.2021-ci il tarixdə endoskopik TUR əməliyyatı, yəni sidik kisəsinə keçirilən cihaz görüntülü monitor altında xəstəyə nümayiş etdirilməklə icra edilmişdir. İddiaçı Kərəm oğluna X13 xx.xx.2021-ci il tarixdə tətbiq edilmiş cərrahiyyə əməliyyatından sonra xx.xx.2021-ci il tarixdə sərbəst sidik ifrazı aktının bərpa olunması və hər hansı bir fəsadın baş verməməsi vəziyyətində evə yazılması, sonrakı dövrdə meydana çıxan “Epidimoorxit və sidik kanalının daralması”nın düzgün aparılmış endoskopik TUR-P əməliyyatı ilə səbəbli əlaqəsinin olmamasına dəlalət edir. Belə ki, xx.xx.2023-cü il tarixdə aparılmış müayinələr nəticəsində xəstənin sidik kanalında daralma, epidimoorxit, hər hansı bir atrofiyanın olması müəyyən edilməmişdir.

59. Beləliklə, yuxarıda qeyd edilən ekspert rəyi ilə bir daha təsdiqlənmişdir ki, İddiaçı üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatı düzgün aparılmış, hər hansı həkim səhvinə yol verilməmiş, bunun əksini təkzib edən hər hansı bir sübut işin halları ilə müəyyən edilməmişdir. Yalnız iddiaçının izahatı əsasında onun irəli sürdüyü dəlillərin həqiqiliyi barədə qənaətə gəlmək qanunvericiliyin tələblərinə uyğun gəlmir. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olaraq qəbul edilmiş qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı səbəb mövcud deyildir.

60. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

61. Lakin iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edə biləcək heç bir əlavə sübut təqdim edilməmişdir.

62. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

64. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

65. Kollegiya qeyd edir ki, iddiaçının onun sağlamlığına vurulmuş zərərin ödənilməsi ilə bağlı iddiası təmin edilmədiyindən onunla əlaqədar olan mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbinin də təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir.

66. Beləliklə, əhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbində göstərdiyi maddi və mənəvi zərərə məruz qalmasında 3 saylı şəhər Klinik Xəstəxanasının (“X17” X20) həkimi X4 hər hansı təqsirli, hüquqazidd hərəkəti müəyyən olunmadığından, iddia təmin edilə bilməz. 67.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

68. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

70. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-647/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar