Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7581/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3600 (üç min altı yüz) manat məbləğində olan divar suvağı işlərinin görülməsinə və divar kağızlarının alınmasına görə ödədiyi vəsaitin, 1000 (bir min) manat məbləğində yararsız mətbəx mebelinə görə ödədiyi avansın, hamam kabinəsinin satın alınmasına görə ödədiyi 350 (üç yüz əlli) manat məbləğin, yenidən təmir materiallarının alınmasına görə ödədiyi 384 (üç yüz səksən dörd) manat vəsaitin əvəzinin, o cümlədən ona vurulmuş 5000 (beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, ümumilikdə 10 334 (on min üç yüz otuz dörd) manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 iddia ərizəsinə əlavə təqdim edərək 08 yanvar 2021-ci il tarixli iddia ərizəsi üzrə tələbi 450 manat məbləğində artıraraq, ümumilikdə 10784 manat məbləğində pul vəsaitinin cavabdeh Yusif Mitandan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək mətbəx mebelinə görə cavabdehə ödənilmiş 1000 manat avans və 300 manat zərər, hamam qapısına görə ödənilmiş 150 manat zərər, divar suvağı işlərinin görülməsi və divar kağızlarına görə ödənilmiş 3600 manat (2000 manat usta pulu və 1600 divar kağızının pulu), hamam kabinəsinin satın alınmasına görə ödənilmiş 350 manat, əlavə materialların alınmasına görə ödənilmiş 384 manat, ümumilikdə 5784 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X13 verilmiş apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclaslarında İddiaçı və onun nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. İddiaçı İddiaçı və onun nümayəndəsi X7 ərizə və izhatlarında iddia tələbini onunla əsaslandırmılar ki, onlar Cavabdehı mənzillərində təmirdən xeyli əvvəl tanımış, 2020-ci ilin iyun ayında Bakı şəhəri H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən 2 saylı evin 15 saylı mənzilini onun rəhbərliyi altında təmir etdirmək barədə razılığa gəlmişlər. İlkin olaraq evin təmir işlərini 16.000 manata razılaşsalar da, sonradan təmirlə bağlı Cavabdeh 23.800 manat ödəmişlər. Buna baxmayaraq, altı ay davam etmiş təmir işlərinin yararsız olmasını müəyyən etmiş, mənzildə divar kağızlarının qopub düşməsini, hamam qapısının yararsızlığını, mətbəx mebeli ilə bağlı işlərin yarımçıq yerinə yetirildiyini, hamam üçün kabinanın alınmadığnı aşkar etmişlər. Bundan sonra onlar təmir işlərini başqa ustalar vasitəsi ilə davam etdirmiş, mənzilə yenidən divar kağızı vurulmuş, bununla bağlı ustalara 2000 manat, divar kağızlarına görə 1600 manat ödənilmiş, mətbəx mebelini hazırlanması üçün cavabdehə 1000 manat avans kimi verilsə də o, mebelin quraşdırılmasını yarımçıq saxladığına görə mətbəx mebelinin hazırlanmasına yenidən 1800 manat vəsait sərf etmiş, yenidən 300 manat zərərə uğramışlar. Hamam kabinası üçün cavabdehə 350 ödənilməsinə baxmayaraq, cavabdehin tərəfindən hamam kabinası alınmamış, hamam qapısına görə ödədikləri 150 manat yeni qapı sifariş etdiklərinə görə onlar üçün zərər təşkil etmiş, əlavə materialların alınmasına 384 manat xərcləmişlər. Bundan əlavə 5000 manat məbləğində mənəvi zərərə uğramışlar. Ona görə də onlara dəyən maddi zərərin və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən mənəvi zərərə görə pul tutulmasa da, qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə iclaslarında Cavabdeh təmir işlərinin aprılması nəticəsində divar kağızlarının qopması ilə bağlı bəzi problemlərin yaranmasını etiraf etsə də, bunun ustaların səhvi deyil, yapışqanın keyfiyyətsizliyi və divar kağızları yapışdırıldıqdan sonra qapıların açıq saxlanılması ilə əlaqələndirmiş, mətbəx mebelenin hazırlanması üçün 1000 manat avans aldığını, bunun müqabilində mətbəx mebelinin karkasının hazırlandığını, lakin iddiaçıların karkasa yığılacaq qapıların rəngi ilə razılaşmadıqlarına görə işin yarınmçıq qalmasını etiraf etmişdir. Cavbdeh tərəfindən təmirlə bağlı digər nöqsanlar etiraf edilməmiş, o, aldığı pulların ustalara və materiala xərcləndiyini, onun cavabdehlərə deyil, cavabdehlərin ona pul borclu olduğunu bildirmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinin əsası kimi ona istinad etmişdir ki, “09.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, divarda əyriliklər çox olub. Divar kağızlarının əksər hissəsi sökülmüşdü, Qüsür da ondan ibarət idi ki, altdan astar vurulmuşdu, üzlük vurulmamışdı. Çox yerdə üzlük vurulmadığı üçün sökülmüşdü. Onlar yenidən mayak qurmuş, boşluqları alçı ilə doldurmuş, və sonra divar kağızını vurmuşlar. X4 iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, onunla məbləğ danışılarkən iddiaçının nümayəndəsi, Orxan İsmayılov, İlkin orada olub və onlar akt tərtib ediblər. İşin görülməsi üçün 2000 manat ödənilməsi barədə razılaşdıqlarını və əlavə materiallar alındığını təsdiq etmişlər. Bildirmək istəyirik ki, Orxan İsmayılov haqqında danışılan alta imza atmamış, ümumiyyətlə həmin sənəd barədə məlumatı olmamışıdr. 2000 manatla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şahidin məhkəmədə istinad etdiyi halların heç biri maddi sübutlarla və aktlarla öz təsdiqini tapmamışdır. X4 şahid X5 işçisi olduğunu bildirsə də, bu hal qətnamədə öz əksini tapmamışdır. X22 özününh məhkəmədə dceməsinə görə İddiaçı arvadı Məmmədova Ülkərin xalası oğludur. Məhkəmə iclasında iştirak edən şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, “evin təmirində problem olanda Şahlargil onun yanına gəliblər. Divar kağızılarnın hamısı əyri olub və qopub yerə tökülüb. Onlar da Sahib ustaya müraciət ediblər, o da 2000 manat işçilik istəmiş, oboylar alınmışdır. Onlar evə girəndə divar kağızları divardan qopmuşdu. Sahib usta isə ora 5 gün sonra gəlib.” Nəzərinizə çatdıraq ki, divar kağızlarının əyri olması və qopub yerə tökülməsi barədə şahidin bildirdiyi halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddiaçı tərəfin, ustaların və iddiaçı tərəfin şahidlərinin həmin faktları mobil telefona belə olsa qeydə almaq imkanları olmuşdur. Halbuki, iddiaçı xırda 50 mm-lik bir ölçüdə olan oboyun divardan qalxmasının fotoşəkilini məhkəməyə təqdim etməklə bir otağın oboyunun yararsız olmasına istinad etmişdir”. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kolegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X12 və X9 izahatları ilə mübahisəli mənzildə Cavabdeh rəhbərliyi ilə aparılmış təmir işlərinin qüsurlu olmasını, mənzilin çox hissəsində divar kağızlarının qopmasını, bunun əsas səbəbinin divar kağızlarının altından üzlük vurulmaması olmasını, onların həmin qüsuru aradan qaldıraraq buna görə iddiaçıdan 2000 manat aldıqlarını təsdiq etmişlər. Mübahisəli mənzildə aparılmış təmirlə bağlı divar kağızlarının qopması faktı apellyasiya şikayəti vermiş Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də təsdiq olunur. O həmin qüsurları yapışqanın keyfiyyətsizliyi ilə əlaqələndirmiş, hətta bununla bağlı divar kağızı satan mağazanın satış müdirini də vəziyyətlə tanış olmağa gətirdiyini bildirmişdir. Apellayasiya məhkəməsində keçirilən iclas zamanı da o, həmin xüsusatı təsdiq etmiş, divar kağızlarının qopma səbəbini yapışqanın keyfiyyətsizliyi və divar kağızları yapışdırıldıqdan sonra mənzilin qapılarının açıq saxlanılması ilə izah etmişdir. X1 birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli mənzildə Cavabdeh rəhbərliyi altında təmir işləri aparmasını, otaqların birində divar kağızı ilə problemin meydana çıxmasını, onların divar kağızını söküb təkrar bərpa işləri görməsini, təkrar divar kağızı yapışdırdıqlarını buna baxmayaraq yenidən problemin yaranmasını, divar kağızı satan mağazanın menecerinin ora dəvət olunmasını təsdiq etmişdir. X2 da X6 göstərdiklərini izahatında təsdiq etmişdir. Cavabdeh rəhbərliyi altında mübahisəli mənzildə təmir işləri aparılarkən divar kağızlarının qopması faktı iddiaçı və cavabdehin, şahidlərin izahatları, tərtib olunmuş akt, fotoşəkillər, mağaza qəbzləri və Cavabdeh tərtib etdiyi hesabat sənədləri ilə təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq təmir işlərinin aparılması ilə bağlı yaranmış nöqsanların aradan qaldırılması üçün iddiaçının yenidən 2000 manat usta pulu və 1600 manat divar kağızının alınamsı üçün pul sərf etməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin özündə də apıarılan təmirlə bağlı material xərcinin 14.243 manat, görülmüş işlərlə bağlı usta xərcinin 8126 manat olmaqla cəmi 22 396 manat təşkil etməsi öz əksini tapmışdır. Apellyasiya şikayətində həmçinin ona istinad edilir ki, görülən işlərə görə Cavabdeh ödənilən pul vəsaiti 21700 manat, görülən işlərin dəyəri 22369 manat olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə 669 manat borclu olmasına münasibət bildirməmişdir. Apellyasiya şukayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia tələbi irəli sürmədiyinə görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçılara mənzildə aparılan təmir işləri ilə əlaqədar mətbəx mebelinə görə cavabdehə ödənilmiş 1000 manat avans və 300 manat zərər, hamam qapısına görə ödənilmiş 150 manat zərər, divar suvağı işlərinin görülməsi və divar kağızlarına görə ödənilmiş 3600 manat (2000 manat usta pulu və 1600 divar kağızının pulu), hamam kabinəsinin satın alınmasına görə ödənilmiş 350 manat, əlavə materialların alınmasına görə ödənilmiş 384 manat, ümumilikdə 5784 manat zərər vurulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddia hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun, həmin maddənin 2-ci bəndinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kolegiyası mübahisəli hüquq münasibətinə tətbiq olunan maddi hüquq normalarının iddia tələbinin hüquqi əsasını təşkil etməsi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1503/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7581/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7581/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver