Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7589/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Gadırova Khatıra, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(008)-2156/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Gadırova Khatıra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5550 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumilikdə 5580 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(008)-2156/2020 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Gadırova Khatıranın xeyrinə 3900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3930 (üç min doqquz yüz otuz) manat alınması qət edilmişdir. Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissəsinin ləğv edilməsini və işin ona aid hissəsinə xitam verilməsi barədə ədalətli qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanunsuz və əsassız qətnamə olduğundan apellyasiya instansiyası məhkəməsində ləğv olunmalı, mahiyyəti üzrə işə baxılaraq obyektiv qətnamə qəbul edilməsi üçün yeni qətnamə qəbul edilməlidir. Baxmayaraq ki, o iddiaçıdan 1050 manat pul almış və onu da qaytarmış, əfsuslar olsun ki, qətnaməyə görə müştərək qaydada digər cavabdehlə iddiaçıya 3930 manat pul ödəməlidir. Məhkəmə izahatında da mübahisə ilə bağlı geniş şəkildə izahat verməyi və iddiaçının irəli sürdüyü iddianı sübut edən mötəbər sübutları olmadığı halda belə bir qətnamənin qəbul edilməsi ona qaranlıq qalmışdır. Hesab edir ki, bu olanlar qanunla qorunan konstitusiyon hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında Cavabdeh2 oğlu bildirdi ki, borcun müştərək qaydada tutulmağından narazıdır. Yəni, 1050 manat ödəyə biləcək. Elnur pulu Cahangirə vermədi deyə sonuncu evi satmadı. Məhkəmə iclasında iddiaçı Gadırova Khatıra apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, pulları cavabdehlərin hər ikisinə birgə, 500 manatı isə Vüqara ayrı vermişdir. Vüqar özünü evin sahibi kimi təqdim edirdi. Cavabdehlər onu aldadıb pulunu talamışlar. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən şərtləşdirilmiş pul müqabilində almaq istədiyi ev özbaşına tikilidir və cavabdehlər tərəfindən inşa edilməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıdan alınmış pul məbləğinin nə müqavilə, nədəki qanuni əsası mövcud deyildir. İddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Gadırova Khatıranın xeyrinə 3900 (1500+1350+550+500) manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. İddia tələbinin cavabdehlərdən 1650 (5550-3900) manat məbləğində pulun tutulması hissəsi isə işin tədqiq olunan hallarına əsasən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh2 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) Cavabdeh2 aid hissədə də tələbin qanuni əsasının şərtlərinə təmin edilən hssədə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə düzgün olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Əvvəla, Cavabdeh2 iddianı qismən də olsa, yəni 1050 manat hissədə etiraf etməsi iddianın ona münasibətdə də əsaslı təmin olunduğunu bilavasitə təsdiq edir. Qeyd olunan məbləğin həqiqətən qaytardığını sübut etmək yükü isə artıq onun üzərinə düşür. Lakin o, bu halları təsdiq edəcək sübut təqdim etmir və bəyan etdiyi həmin halı sübut edə bilmir. İkincisi, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, Cavabdeh2 iddiaçının hesabına hüquqi əsas olmadan pul əldə edib varlanması işin mübahisəsiz halıdır. Mübahisəli hal isə iddiaçıdan özünün yalnız 1050 manat almasına görə qət olunan məbləğin müştərək qaydada digər cavabdehlə birgə ondan alınmasına etirazıdır. Lakin iddiaçıdan 1050 manat alması həqiqi olsa belə, bu hal qət olunan məbləğin müştərək qaydada ondan da alınmasını istisna etmir. Çünki, iddiaçıdan aldığını etiraf etdiyi məbləğ də qət olunan digər məbləğin tərkibinə aiddir və vahid niyyətlə birgə alındığı iş materialları ilə təsdiq olunur. Ona görə də bu məbləğin müştərək qaydada ondan alınması qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(008)-2156/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7589/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7589/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver