Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7595/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla "çıxarışın ləğv edilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il il tarixli 2(005)-1849/2021 nömrəli qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Balahüseyin oğlu Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə) “çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əldə etdiyi çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-1994-cü illər ərzində Əzizbəyov RİH başçısı işlədiyi dövrdə 1992-1993-1994-cü illər ərzində özü üçün Buzovna Mərdəkan yolunda “Metalokultbit” zavodunun cənubunda Ç.Mustafayev küçəsi döngə 3-1 saylı ərazidə ticarət mərkəzinin tikilməsi üçün 160X29,60 metr ölçüdə Rayon icra başçısının 17.09.1992-ci il tarixli 1819 nömrəli məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının, 11.03.1993-cü il tarixli 32 saylı sərəncamına əsasən ona yuxarıda göstərilən ünvanda ticarət obyektinin tikilməsi üçün torpaq sahəsi ayrılmış, Bakı şəhəri arxitektura və Şəhərsalma baş idarəsinin 09.05.1994-cü il tarixli 9346 saylı inşaat pasportu təqdim olunmuşdur. Layihələrin işlənməsi və torpaq sahəsinin ayrılması üçün Sənaye İnvestisya bankı vasitəsi ilə Milli Bankın hesab nömrəsi 142201 mfo-401004 hesaba 88525 rubl pul ödəmişdir. Üzrlü səbəbə görə 6 il xəstəliyi ilə əlaqədar Azərbaycanda olmadığından istifadə edən torpaq alverçiləri həmin ərazini Cavabdeh satmışdır. Baxmayaraq ki, o həmin ərazini 7 daş hündürlüyündə hasara almışdır. Əmlak Komitəsindən seriya RX ******* nömrəli; seriya RX ******* nömrəli; RX ******* nömrəli və seriya RX ******* nömrəli çıxarışlar almışdır və aldığı çıxarışları ona məxsus ticarət obyektinin ərazisinə sürüşdürərək mənimsəmişdir. Həmin ərazi 06 may 1993-cü il tarixli 110 saylı Bakı şəhəri Əzizbəyov rayon icra başçısının sərəncamı əsasında yaratdığı “Vəhdət” kiçik müəssəsinin fəaliyyəti üçün ayrılmışdır və müəssisənin nizamnaməsi həmin tarixdən qeydiyyatdadır. “Vəhdət” kiçik müəssəsi Nazirlər Kabinetinin 19.11.1990-cı il tarixli 528 nömrəli qərarına əsasən Əzizbəyov rayon Sənaye İnvestisya bankındakı 747301 nömrəli hesaba 1000 rubl məbləğində pul ödəməklə qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il il tarixli 2(005)- 1849/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il il tarixli 2(005)-1849/2021 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına işə məhkəmə qaydasında (mülki mühakimə icraatı qaydasında) baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.» “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. ...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır». Bakı şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında 11.03.1993-cü il tarixli sərəncamının 1-ci bəndindən görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 17.09.92-ci il tarixli, 1819 nömrəli məktubu nəzərə alınaraq, Əzizbəyov rayonu “Metalmədənməişət” zavodunun cənub hissəsində Mərəkan-Buzovna yolunda ticarət mərkəzinin lahiyələşdirilməsi və tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən 0642296, 0794155, 0641609, ******* nömrəli çıxarışlar üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/203 saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210A saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/205 saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 73C saylı, sahə üzrə daşınmaz əmlakların mülkiyyətçisi Cavabdehdur. İddia ərizəsi və iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsini tələb edərək, cavabdehə mübahisələndirilən çıxarışlar verilərkən ona məxsus ticarət obyektinin ərazisinə sürüşdürülmə aparıldığını bildirir. Göründüyü kimi iddiaçı inzibati orqan tərəfindən cavabdehin adına çıxarışların verilməsi zamanı pozuntuya yol verildiyini iddia edir. Ona görə də, mülki işin icraatına xitam verilməli və iddiaçıya bu tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1849/2021 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7595/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7595/2021
27.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver