Məhkəmə qərarları › İş №2(103)-7604/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7604/2021

30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7604/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı2, İddiaçı1, nümayəndəsi-vəkili X3, Cavabdehn, onun nümayəndəsi-vəkili X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-542/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11.000(on bir min) ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar razılaşaraq, Sənanın adına Ruslan üçün Beynəlxalq Bankdan kredit götürməklə dəyəri 25.400 manat olan “X10” markalı avtomaşını ilkin ödəniş 8000 manat ödəməklə, ayda 763 ABŞ dolları ödəmək şərti ilə almışlar. 2017-ci ilin mart ayına, dolların bahalaşdığı vaxtadək hər ay 763 ABŞ dolları olmaqla, banka cəmi 28.000 manat (ilkin ödəniş daxil olmaqla) ödəniş edilmişdir. Borcu ödəməyə imkan olmadığından, maşını satıb bankda satdıqları şəxsin adına rəsmiləşdirmək istəmiş, lakin bank razılıq verməmişdir. Bank razılıq vermədiyindən onlar maşını ilkin ödəniş 2500 manat qarşılığında, banka qalıq borcundan 21.200 manat ödəmək şərtilə Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan X4 adlı şəxsə 28.03.2017-ci il tarixdə etibarnamə verməklə satmışlar. Lakin R.Sərxanbəyov banka ödəniş etmədiyindən, onlar 24.04.2017-ci il tarixdə etibarnaməni ləğv etmişlər. Həmin gün Zaur adlı şəxs zəng edərək, maşını onun anası Cavabdeh aldığını bildirmiş, maşınla bağlı borcu hər ay ödəyəcəyinı söz verərək, etibarnamənin ona verilməsini xahiş etmişdir. 03.05.2017-ci il tarixdə “Neftçilər” metrostansiyası yaxınlığındakı notarial kontorunda Cavabdeh və onun oğlu Zaurla görüşmüşlər. Görüş zamanı Cavabdeh maşının kredit borcundan 1000 manat ödəmiş və onun adına etibarnamə verilmişdir. Təxminən 1 ay sonra həmin avtomobillə Zaur Maxaçkala şəhərində qəza törətmiş, avtomobili evakuatorla Azərbaycana gətirərək, Sulutəpə dairəsində Kamaz markalı maşının yanına qoyaraq, guya həmin maşınla vurulduğunu bəyan edərək, “kasko” sığorta ödənişi əldə etməyə çalışmış, lakin buna nail olmamışdır. Bank ödənişləri edilmədiyinə görə iddiaçılar Arifə və Zaurdan maşını geri istəmiş, lakin onlar maşını sökərək ehtiyat hissələri kimi satıb pulunu xərclədiklərini bildirmişlər. Beləliklə, Arifə və Zaurun iddiaçıların etibarından istifadə edərək, dələduzluq cinayəti törətməsi nəticəsində, iddiaçıların banka 11.000 ABŞ dolları borcu yaranmışdır. Soradan iddiaçılar iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən İddiaçı1 adına olan “X10” markalı avtomobilin alınaraq iddiaçılara verilməsi, yalnız mümkün olmadıqda, Cavabdeh 11.000 ABŞ dolları pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-542/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli, onun iştirakı olmadan baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehi, şikayəti qəbul etməyrək rədd olunmasını xahiş edən iddiaçıları və onların səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-542/2021 saylı 11.03.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunmuşdur ki, görünür ki, 28.03.2017-ci il tarixdə İddiaçı1 tərəfindən X2 10 (on) il müddətinə (28.03.2027-ci il tarixədək) mülki etibarnamə verilmiş, 24.04.2017-ci il tarixdə isə həmin etibarnamə İddiaçı1 ərizəsi əsasında ləğv edilmişdir. İşə əlavə edilmiş etibarnamədən və ərizədən görünür ki, 03.05.2017-ci il tarixdə İddiaçı1 tərəfindən Cavabdeh bir il müddətinə, 03.05.2018-ci il tarixədək mülki etibarnamə verilmişdir. İşdə olan “X8 Edilməsi Agentliyi” MMC tərəfindən İddiaçı1 ünvanlanmış 01.06.2020-ci il tarixli məktubundan görünür ki, onun "xxxx" QSC-yə olan 11.015,02 ABŞ dolları borcunun ən qısa zamanda ödənilməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli qərardadına əsasən, İddiaçı1 mülkiyyətində olan **-EE-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı minik avtomobilin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi qadağan edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)- 2725/2020 saylı qətnaməsinə əsasən, İddiaçı1 11015.02 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın İddiaçı1 məxsus “X10” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və əldə olunun vəsait hesabına borcun "xxxx" QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdeh İddiaçı1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin İddiaçı1 tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2021-ci il tarixli, 9/6055 nömrəli ekspert rəyinə əsasən, “X10” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 30.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırda mübahisələndirilən avtomobilin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 03.05.2017-ci il tarixdə avtomobilin alqısatqısına dair şifahi müqavilə bağlanmışdır, şifahi müqavilə üzrə iddiaçılar üzərinə götürmüş olduqları öhdəliyi yerinə yetirərək, mülki etibarnamə əsasında avtomobili cavabdehə vermiş, lakin cavabdeh avtomobilə dair borcu ödəməmişdir. Bu da cavabdehin əsassız varlanmasına əsas olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, avtomobilin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması mümkünsüz olduğundan, 11.000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı X6 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-542/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar