Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7609/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinə və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin üçüncü mərtəbəsində yerləşən 51 saylı mənzil İddiaçı (iddiaçıya), dördüncü mərtəbəsindəki 54 saylı mənzil Cavabdeh3, birinci mərtəbəsindəki 1 saylı mənzil X8 məxsusdur.
2. 12 oktyabr 2019-cu il tarixdə saat 19:30 radələrində iddiaçıya məxsus 51 nömrəli mənzilə, Cavabdeh3 məxsus 54 nömrəli mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi nəticəsində divarlarla axan su oradan iddiaçının mənzilinə axmış, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1-ci mənzilinə 092841 nömrəli müqavələyə əsasən 19219524 nömrəli kodla qeydə alınmış su sayğacından keçməklə verilən su borusunun bir hissəsi təmir briqadası tərəfindən kəsildikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmış, 28 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X12, iddiaçı və anası tərəfindən tərtib olunmuş aktda, istifadəsiz su borularına suyun, binanın blokunda Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu altında qeydə alınmış su sayqacı ilə verildiyi göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər X3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.292,90 manat dəymiş zərərin, 2.000 manat mənəvi zərərin, əldən çıxmış fayda kimi 12 oktyabr 2019-cu il tarixdən hər ay 500 manat hesablamaqla 14 ay üzrə 7.000 manat, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 manat olmaqla, cəmi 15.632,90 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2019-cu il tarixdə saat 19:30 radələrində qeyd edilən ünvanda, onun mənzilinin üst hissəsində dördüncü mərtəbədə Cavabdeh3 mülkiyyətində olan 54 nömrəli mənzilində mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusu ilə suyun verilməsini təmin edilməsi nəticəsində dördüncü mərtəbədə olan mənzilin döşəməsinə divarlarla axaraq su onun mənzilinə axmışdır. Suyun onun mənzilinə axması nəticəsində Nərimanov Rayon Su Kanal idarəsinə zəng vurmuş və qəza barəsində məlumat vermişdir, həmin yerə qəza xidmətindən cavabdeh şəxslərin gəlməsini və qəzanı aradan qaldırmaq üçün tədbir görülməsini xahiş etmişdir. Qəzanı aradan qaldıran briqada anasının telefon zəngindən 1 saat sonra hadisə yerinə gəldilər. Artıq onun evini su basıb, maddi zərər yetirməklə su ilkin olaraq onun mənzilinin mətbəx hissəsinə daxil oldu və buna görə orada enerji xəttində qısa qapanma baş verdi, nəticədə həm mətbəxdə, habelə mənzilinin dəhlizində işıqlar sönərək, sıradan çıxmışdır. Daha sonra döşəməyə vurulmuş laminat şişərək qopmuş və yarasız vəziyyətə düşmüşdur. Divar kağızları nəmləşib öz ilkin vəziyyətini itirdi. Daha sonra mənzilində olan digər əşyaların nəmləşməklə faktiki olaraq öz keyfiyyətini itirmişdilər. Qəzanı aradan qaldırmaq üçün gələn bu təmir briqadası həmin gün saat 22:00 kimi hər hansı qəzanı aradan qaldıra bilmədilər, su böyük bir təzyiqlə dördüncü mərtbədəki mənzilə, oradan da onun mənzilinə axmağa davam edirdi. Qəzanı aradan qaldıra bilməyən birinci təmir briqadası ona və anasına heç bir məlumat vermədən çıxıb getmişlər. O və anasının həyəcan və böyük stress içində mənəvi əzablar keçirməklə bu qəzanın necə aradan qaldırmaq niyyəti ilə qohumlarını da bu məsələyə cəlb edib köməklik istəmişdir. Həmin gün saat 23:00 radələrində onun mənzilinə ikinci bir təmir briqadası gəldi. Onlar da bu qəzanın qarşısını ala bilmədilər. Su artıq mənzilini basıb küçəyə axmağa başladı və bu qəza nəticəsində ona çox böyük məbləğdə zərər dəymişdir. Həmin hadisə vaxtı suyu mühərrik vasitəsi ilə mərkəzləşdirilmiş qaydada vuran ikinci Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinin işçisini də saat 19:30dan saat 00:00 kimi tapmaq mümkün olimamışdır. Suyun mühərrik ilə vurulması saat 00:00-da dayandırıldı, su artıq onun mənzilinə böyük ziyan vurmuşdur. 13 oktyabr 2019-cu il tarixdə günortaya kimi həmin qəzanı təmir briqadası aradan qaldıra bilməmişdir. 13 oktyabr 2019-cu il tarixdə saat 15:00-da üçüncü təmir briqadası gələndən sonra həmin ünvana nəzarətçi kimi xidmət edən X9 işarəsi və bildirməsinə müvafiq olaraq blokun daxilində quraşdırılmış Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1-ci mənzilində 26 noyabr 2010-cu il tarixli, 092841 nömrəli müqavələyə əsasən 19219524 nömrəli kod ilə qeydə alınmış bir su sayqacının mənfi işləməsini gördükdən sonra, həmin su sayğacdan keçməklə verilən su borusunun bir hissəsini təmir briqadası tərəfindən kəsdikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmışdır. Bütün bunlar onu çox ağır mənəvi sarsıntıya düçar etdi. Yuxarıda qeyd etdiyi qaydada onun mənzilinə zərər vurulması ilə bağlı onun xahişi ilə anası X6 tərəfindən mənzilə xidmət göstərən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə ərizə ilə müraciət edib, su təchizatı ilə baş vermiş qəza ilə bağlı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən bu hadisənin rəsmləşdirməsinə dair akt tərtib edilməklə təqdim olunması xahiş olunmuşdur. Buna görə də, 28 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X12, o və anası X6 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pospekti, 51 nömrəli evin, 3-cü mərtəbəsində yerləşən 51 nömrəli mənzilini müayinədən keçirib mənzilə vurulmuş zərərin qediyyatını apararkən, eyni zamanda istifadəsiz su borularına suyun verilişini təmin edən həmin binanın blokunda Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu adı altında qeydə alınmış su sayqacı ilə verilməsi müəyyən olunmuşdur. Həmin halın onun hüquqlarını müdafiə edən vəkilinə Azərbaycan Respubiikası Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsindən ünvanlanan 19 noyabr 2019-cu il tarixli 1/01- 3/01-116 nömrəli məktubunda öz təsdiqini tapır. Bununla yanaşı ikinci cavabdeh vəkilin sorğusına tam həcmdə cavab verməmiş və təmir briqadalarda iştirak etmiş işçilərin soyadları, adları və atalarının adları barədə məlumat verməkdən yayınmışdır. Daha sonra bu hadisə ilə bağlı ikinci cavabdehin ünvanına onun xahişi ilə anası ərizə yazaraq, baş vermiş hadisə ilə əlaqədar qəzanın aradan qaldırılması ilə bağlı ərizə yazmaqla həmin hadisəyə dair tərtib olunmuş aktın təqdim edilməsini xahiş etmişdir. Lakin ikinci cavabdeh bu ərizəyə cavab verməmiş və müvafiq aktın təqdim edilməsini təmin etməmişdir. Elə həmin abonent olan X4 mənzlinə aid su sayğacı ilə suyun təchiz olunmasını təmin edən plastmas borunun bir hissənin kəsilməsi ilə suyun həmin istifadə olunmayan boruya verilməsi sübuta yetirilmişdir. Ona maddi zərərin vurulması ilə bağlı 28 oktyabr 2019-cu il tarixdə akt tərtib olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən onun mənzilinə dəymiş zərərin bərpasını təmin etmək üçün 6.292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tələb olunur.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-720/20) iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi 6131 (altı min bir yüz otuz bir) manatın, hüquqi xidmət haqqı olaraq ödənilmiş 310 (üç yüz on) manatın, habelə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh3 tutulub dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur
6. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 6131 (altı min bir yüz otuz bir) manat hissədə təmin olunmalıdır. ...Həmçinin maddi zərər hər üç cavabdehdən deyil, yalnız bir cavabdehdən, yəni Cavabdeh3 tutulmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı məxsus mənzilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 54 nömrəli mənzilindən susızma baş verməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçının digər tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh3 təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, göstərilən hüquqi yardıma görə Cavabdeh3 iddiaçının xeyrinə 310 (üç yüz on) manat məbləğində pul vəsaiti tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, 23-cü, 226-cı, 1096-cı, 1097-ci, 1111-ci və 1115-ci maddələri, həmçinin "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
8. Həmin qətnamədən ilkin olaraq Cavabdeh3 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-410/2022, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-720/2020 saylı iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunaraq, İddiaçı Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbi təmin olunmamışdır.
9. Bundan sonra İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona zərər vuran Cavabdeh4 ASC olduğundan dəymiş zərər ondan tutulmalıdır. Öz hesabına təmir işləri apardığından Cavabdeh4 ASC-nin təqsiri ucbatından təmirə xərclədiyi pulu depozitə yerləşdirməklə gəlir əldə edərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
18. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinə qarşı iddianın təmin olunmamış hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinə qarşı iddianın təmin olunmaması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalıdır.
25. Yuxarıda qeyd olunduğu kimi, bundan əvvəl birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunaraq, İddiaçı Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbi təmin olunmamışdır. Qətnamə qanuni qüvvəyə minmişdir.
26. Sözügedən qətnamə ilə Cavabdeh3 hadisənin baş verməsində təqsirli olmadığı müəyyən edilmişdir.
27. İşə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 16 iyun 2020-ci il tarixli rəyində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 nömrəli evin 51 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3138 (üç min bir yüz otuz səkkiz) manat təşkil etdiyi, 54 saylı mənzilə və 1 saylı qeyri-yaşayış sahəsinə baxış keçirilmədiyindən su sızmanın texniki səbəbini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, təyin olunan təkrar ekspertiza üzrə isə əvvəlki rəylə cavab verilməyən suallarla bağlı heç bir əlavə araşdırma aparılmayaraq yalnız ziyan məbləğinin 6131 (altı min bir yüz otuz bir) manat olduğu nəticəsinə gəlinmişdir
28. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
29. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
30. Əvvəlki apellyasiya baxışı zamanı təkrar ekspertiza tədqiqatını həyata keçirən ekspert 54 saylı mənzilə baxış keçirmiş, 51 saylı mənzilə su sızmasının səbəbinin, 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi ilə bağlı ola biləcəyini, Cavabdeh2 Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda, “istismar müddəti bitmiş köhnə dəmir boruların ləğv olunaraq binanın pillakan qəfəsindən keçməklə politilen borular vasitəsilə su təchizatı sistemlərinin yenidən qurularaq mənzillərə yeni su xəttləri çəkilməsindən sonra 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında su borusunun istifadəsiz qaldığının” göstərildiyini vurğulamışdır.
31. İşin müəyyən olunmuş halları, iddiaçının mənzilinə dəymiş zərərə görə Cavabdeh4 ASC-nin məsuliyyət daşıdığı qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə ki, Cavabdeh4 ASC istismar müddəti bitmiş borulara su verməklə iddiaçının mənzilinə ziyan vurmuşdur.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 6.131 (altı min bir yüz otuz bir) manat hissədə təmin olunmalıdır.
33. Mənəvi zərər tələbi ilə bağlı Kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
34. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
35. Bu baxımdan Kollegiya belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh4 ASCnin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.
36. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 310 (üç yüz on) manat məbləğində pulun cavabdeh şəxsdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh4 ASC-dən iddiaçının xeyrinə 310 (üç yüz on) manat məbləğində pul vəsaiti tutulmalıdır.
37. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh4 ASC-dən tutulub iddiaçının xeyrinə, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh4 ASC-dən tutulub dövlət nəfinə ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh4 ASC-yə aid hissədə ləğv edilsin. İddia qismən təmin olunsun. Vurulmuş maddi zərərin əvəzi kimi 6.131 (altı min bir yüz otuz bir) manat və hüquqi xidmət haqqı olaraq ödənilmiş 310 (üç yüz on) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh4 ASC-dən tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh4 ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.