Məhkəmə qərarları › İş №2(103)-761/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-761/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-761/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə (Açar sözlər:qeyri yaşayış sahəsinin sahiblik və istifadəyə verilməsi və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış GH-B1/001078 nömrəli, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, “İcraçı” "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin 1-ci blok, 19-cu mərtəbəsində 3 otaqdan ibarət 125 nömrəli mənzili “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” İddiaçı isə bunun qarşılığında “İçraçı”ya razılaşdırılmış pul vəsaitini (218.230,00 manat) müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 1.3-ci bəndinə əsasən icraçı "xxxx" Mənzil Tikinti Kooperativi, sifarişçi, yəni İddiaçı tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirdiyi halda və yetirdikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Sifarişçi”yə hədiyyə verməyi öhdəsinə götürmüşdür.

3. İddiaçı ilə “X2” MMC arasında bağlanmış C1-GHMM1HUQ101-000034 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqavilələri və Xidmət müqviləsinə 1 saylı və 2 saylı əlavələr imzalanmışdır. Xidmət müqaviləsinə əsasən, xidmət göstərən, yəni Cavabdeh MMC müqavilənin 2 saylı əlavəsində qeyd olunan avtomobil dayanacaq sahəsində (parkinq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə 1 saylı əlavədə qeyd olunan xidmətləri göstərməyi, bunun qarşılığında müştəri, yəni İddiaçı isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinin adı - "xxxx" Mənzil Tikinti Kooperativinə adına dəyişdirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC-dən Bakı Şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -2-ci mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin (qarajın) alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və Bakı Şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin -2-ci mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçı tərəfindən istifadəsinə maneələrin yaradılmasının cavabdeh “X5” MMC-yə və qeyrilərinə qadağan edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili tikib hazır şəkildə cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə mənzilin dəyərini tam və vaxtında "xxxx" Mənzil Tikinti Kooperativinə ödəmişdir. Müqavilə bağlanan zaman cavabdeh MMC tərəfindən müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş, “Hədiyyə Kompaniyası” çərçivəsində olan qarajın mənzilin yerləşdiyi blokun (Blok-1) -2-ci mərtəbəsindən veriləcəyini bildirmişlər. Mənzil tikilib iddiaçıya təhvil veriləndən sonra cavabdeh MMC tərəfindən tezliklə qeyri-yaşayış sahəsinin də (qarajların) təhvil veriləcəyi barədə məlumat verilmişdir. Bir müddət bundan əvvəl cavabdeh "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və ona veriləcək qeyri-yaşayış sahəsini (qaraj) seçməyi təklif olunmuşdur. Ona əvvəllərdə razılaşdırdıqları kimi, bildirilmişdir ki, binanın 3 mərtəbəsi, -1,-2,-3-cü mərtəbələri qaraj kimi nəzərdə tutulmuşdur. -1-ci mərtəbədə olan qeyri-yaşayış sahələri (qarajlar) binada fəaliyyət göstərən ticarət obyektlərinə, -2-ci mərtəbədə olan qarajlar binadan mənzil alınan zaman “Hədiyyə kompaniyası”da qaraj alan sakinlərə, -3-cü mərtəbələrdə olan qeyri-yaşayış sahələri (qarajlar) isə binada yaşayan digər sakinlər üçün nəzərdə tutulub. O, isə -2-ci mərtəbədən mənzilə yaxın olan qarajı seçmiş "xxxx" MMC isə onunla razılaşmışdır. Tezliklə seçdikləri qarajı onun sahibliyinə və istifadəsinə verilməsi barədə vəd verilmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh MMC müqavilədə nəzərdə tutulan öhdəliyini lazımınca yerinə yetirmir və müxtəlif bəhanələrlə qeyri-yaşayış (qarajı) sahəsini iddiaçıya təhvil verməkdən boyun qaçırır. Halbuki, qarajlar xeyli müddətdir ki, hazırdır və vətəndaşların istifadəsinə verilmişdir. Göründüyü kimi, "xxxx" MMC aralarında bağlanmış GH-B1/001078 nömrəli, xx.xx.2016-cı il tarixli, müqavilənin 1.1-ci bəndi üzrə öhdəliyini yerinə yetirsə də, müqavilənin 1.3-cü bəndində qeyd edilən öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, HM-GHMM1HUQ101 saylı xidmət müqaviləsi, həmin müqavilə üzrə Saziş imzalanmışdır. Həmçinin İddiaçı ilə xidmət göstərən Bakı Kommunal MMC arasında C1-GHMM1HUQ101-000034 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqavilələri imzalanmışdır. “X2” MMC ilə İddiaçı arasında bağlanmış GM-GHMM2HUQ101-000034 saylı xidmət müqaviləsinin 1-ci bəndindən görünür ki, Xidmət göstərən (X3 MMC) müqavilənin 2 saylı əlavəsində qeyd olunan avtomobil dayanacaq sahəsində (parkinq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə 1 saylı əlavədə qeyd olunan xidmətləri göstərməyi, bunun qarşılığında isə müştəri göstərilən xidmətlərə görə xidmət haqqını Xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh MMC-nin İddiaçı qarşısında GHB1/001078 nömrəli, xx.xx.2016-cı ilmüqaviləsi üzrə icra edilməmiş öhdəliyi mövcuddur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5002/22 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər yaşayış kompleksində “Hədiyyə kompaniyası” çərçivəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin verilməsini müqavilə üzrə ödəniş öhdəliklərinin vaxtında, lazımınca və tam yerinə yetirilməsindən asılı etmişlər. İddiaçı isə müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 399.1, 425.1, 442, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan zaman cavabdeh MMC tərəfindən müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş, “Hədiyyə Kompaniyası” çərçivəsində olan qarajın mənzilin yerləşdiyi blokun (Blok-1) -2-ci mərtəbəsindən veriləcəyinə dair tərəflər arsında razılaşma olmuşdur. Mənzil tikilib iddiaçıya təhvil veriləndən sonra cavabdeh MMC tərəfindən tezliklə qeyri-yaşayış sahəsinin də (qarajların) təhvil veriləcəyi barədə məlumat verilmişdir. Sonradan isə tərəflərin qarşılıqlı razılaşmasından fərqli olaraq cavabdeh -2-ci mərtəbədə qarajın verilməsindən boyun qaçırmışdır. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin -2-ci mərtəbədən verilməsinə dair tərəflər arasında razılaşma olmuş, sonradan isə həmin razılaşma cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı ilə "xxxx" ASC arasında 11 iyul 2016-cı il tarixli, 1-xx-xx-2016-SHM-GH nömrəli Təminatlı Kredit Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Borc verən Borcalana mənzilin (Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin 1-ci blok, 19-cu mərtəbəsində 3 (139,00 m2) otaqdan ibarət 125 nömrəli mənzil) alınması üçün 150.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Kredit 240 ay müddətinə verilmişdir. Göründüyü kimi, bankdan götürülən kredit hesabına mənzilin dəyəri tam ödənilmiş, iddiaçı tərəfindən "xxxx" MMC qarşısında götürdüyü öhdəlik tam və vaxtında icra olunmuşdur. Bundan əlavə, müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməməsi halında belə, yəni 20 il müddətində hissə-hissə ödənilməsi halında belə cavabdeh tərəfindən qarajın təhvil verilməməsi tamamilə absurddur. Belə çıxır ki, mənzili alan sakin 20 il ərzində qarajdan istifadə etmə hüququndan məhrum sayılır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Cavabdehin nümayəndəsi izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməsə də, iddiaçının -3-cü mərtəbədən qarajla təmin olunmasına cavabdehin razı olduğunu bildirdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

17. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia rədd edildiyindən və qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı tarixli müqavilənin 1.3-ci bəndinə əsasən icraçı "xxxx" Mənzil Tikinti Kooperativi, sifarişçi, yəni İddiaçı tərəfindən bu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında, lazımınca və tam yerinə yetirdiyi halda və yetirdikdən sonra, “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 (bir) avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Sifarişçi”yə hədiyyə verməyi öhdəsinə götürmüşdür.

27. Müqavilə şərtlərindən də göründüyü kimi, tərəflər müqavilədə qarajın yaşayış kompleksinin hansı hissəsindən (mərtəbəsindən) verilməsi barədə hər hansı razılıq əldə etməmiş, bu barədə müvafiq bənd, yaxud şərt müqavilədə göstərilməmiş, cavabdeh isə iddianı bu hissədə təkzib etmişdir.

28. Müqavilənin məzmunundan göründüyü kimi, tərəflər bir avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin verilməsini müqavilə üzrə öhdəliklərin vaxtında, lazımınca və tam yerinə yetirilməsindən asılı etmişlər.

29. İddiaçı bankdan götürdüyü kredit hesabına müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini bildirsə də, cavabdeh bunu qəbul etməmiş, iddiaçının yerinə yetirilməmiş öhdəliklərinin olduğunu göstərmişdir.

30. Buna baxmayaraq, cavabdeh yerinə yetirilməmiş öhdəliklərin həcmi, bu öhdəliyin MTK-ya, yoxsa Banka münasibətdə qalmasına dair hər hansı sübut təqdim etməmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının uzun müddətdir müqavilə üzrə ona verilmiş mənzildə yaşadığını, cavabdehin buna heç vaxt etiraz etmədiyini və ona qarşı hər hansı mübahisə açmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi yoxdur. İddiaçının kredit müqaviləsi üzrə banka borcu olmuş olsa belə, bu hal MTK qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyin olması kimi qəbul edilə və qiymətləndirilə bilməz.

32. Məhkəmə kollegiyası müqavilə bağlanan zaman cavabdeh tərəfindən müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş “Hədiyyə Kompaniyası” çərçivəsində olan qarajın mənzilin yerləşdiyi blokun (Blok-1) -2-ci mərtəbəsindən veriləcəyinə dair tərəflər arsında razılaşma olmasına dair iddiaçının dəlillərini də əsassız sayır və qeyd edir ki, əvvəla, müqavilədə qarajın hansı mərtəbədən verilməsinə dair heç bir qayd (şərt) nəzərdə tutulmamışdır. Digər tərəfdən, tərəflər arasında bununla bağlı hər hansı razılaşma olmasına dair də işdə hər hansı sübut yoxdur və təklif olunmasına baxmayaraq apellyasiya baxışı zamanı da iddiaçı tərəf bu barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

33. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına tam uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən iddianı qismən əsaslı sayır və hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli müqavilənin 1.3-ci bəndinin tələbinin yerinə yetirilməsi üçün bir avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi cavabdehə həvalə edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin ediulsin. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli müqavilənin 1.3-ci bəndinə əsasən “Hədiyyə kompaniyası” çərçivəsində Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi cavabdeh “X5” MMC-yə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar