Məhkəmə qərarları › İş №2(103)-7611/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7611/2023

22.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7611/2023 22.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3487/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 10 sentyabr 2022-ci il tarixli Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən verilmiş 2V-272, 2V-273, 2V-274 (V-122/2022) nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamlərin və onun əsasında ünvan 1 ünvanına dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş dövlət reyestrdən çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3487/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6804/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş və mülki iş materialları həmin apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Mülki iş apellyasiya instansiyası məhkəməsində olduğu müddətdə İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3487/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3487/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri, prosessual müddətin bərpa edilməsi barədə ərizə və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu geri qaytarılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda, şikayət təqdim edərək, xx.xx.2023-cü il tarixli, 2(001)-3487/2023 saylı qərardadın ləğv edilməsini və işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3487/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə apellyasiya şikayətinin məzmununu nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3487,2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklələrlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3487/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. İddiaçı maddi hüquq normalarının pozuntunusun nədən ibarət olmasını qeyd etsə də, həmin müddəaları “Prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi”nə dair bəndlərdə göstərmiş, şikayətin “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” bəndi isə ümumiyyətlə boş saxlanılmışdır. Bu hal apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmadığını təsdiq edir və apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirməklə yanaşı yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər göstərilmişdir. Bu apellyasiya şikayəti məzmun etibarı ilə də ilkin apellyasiya şikayətindən fərqlənir. Başqa sözlə, iddiaçı özü də nəticə etibarı ilə Bakı Apellyasiya və birinci instansiya məhkəməsinin qərardadları ilə razılaşmış və apellyasiya şikayətini forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğunlaşdırmışdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirmişdir. Bu da öz növbəsində şikayəti həmçinin, bu baxımdan da əsassız edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının apellyasiya şikayətini və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsini geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3487/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar