Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7619/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(004)-6856/2019 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə ümumilikdə 45544,71 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix: xx.xx.1983-cü il; doğulduğu yer: Azərbaycan, Bakı şəhəri; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx; şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA0771357) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 21.10.2019-cu il tarixə dövlət büdcəsinə maraqlı şəxsin rəhbərlik etdiyi vergi ödəyicisi olan hüquqi şəxslər - "xxxx" MMC-nin 15680,77 manat (o cümlədən, vergilər üzrə 12863,64 manat, faizlər üzrə 2817,13 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin 20114,37 manat (o cümlədən, vergilər üzrə 16500,71 manat, faizlər üzrə 3613,66 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) və "xxxx" MMC-nin 9749,57 manat (o cümlədən, vergilər üzrə 7998 manat, faizlər üzrə 1751,57 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) ümumilikdə 45544,71 manat vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 08.04.2019-cu il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanın rəhbəri Maraqlı şəxsdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(004)- 6856/2019 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) ərizə təmin olunmuşdır. Maraqlı şəxs, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Şikayətin dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(0006)-9/2021 saylı, 28.01.2021-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X2, vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışları X5, X4 və X8 ilə cinayətkar fəaliyyətlə məşğul olaraq, adları qeyd olunan hüquqi şəxslərə direktorlar təyin etmiş, lakin bütün cəmiyyətlərə faktiki özü rəhbərlik etmiş, vergi orqanlarına təqdi etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də, bəyannamə təqdim etməməklə mütəşəkkil dəstənin rəhbəri olaraq, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 10649604,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmlə vergi orqanının mülki iddiası təmin olunaraq, hüquqi şəxslərin 10824684,72 manat məbləğində vergi borcu X3 tutulmuşdur. Ərizədə qeyd olunan hüquqi şəxslərin maraqlı şəxsə heç bir aidiyyəti yoxdur, təqsirləndirilən şəxslər tərəfindən saxta sənədlər əsasında yaradılmış etibarnamə əsasında bank hesabları yaradılmış, əməliyyatlar edilmişdir. Onun vergi borcunun hansı əsaslarla yaranmasından xəbəri yoxdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən, Maraqlı şəxs rəhbərlik etdiyi hüquqi şəxslər "xxxx" MMC-nin (VÖEN **********) 15680,77 manat, "xxxx" MMC-nin (VÖEN **********) 20114,37 manat və "xxxx" MMC-nin (VÖEN **********) 9749,57 manat olmaqla, 21.10.2019cu il tarixə dövlət büdcəsinə olan cəmi vergi borcu 45544,71 manat təşkil edir. Borc məbləğlərinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişdir. Bunun nəticəsində vergi orqanı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası, mübahisə ilə bağlı birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra, VM) 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. İşdə olan sübutlardan isə görünür ki, maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxslərin ("xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) dövlət büdcəsinə ödənilməmiş vergi borcları vardır. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilər. Belə ki, MPM-in 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maraqlı şəxs, apellyasiya şikayətində sözügedən hüquqi şəxslərin ona aidiyyətinin olmadığını, şikayətdə adları qeyd olunan şəxslərin cinayətkar fəaliyyəti nəticəsində formal olaraq həmin hüquqi şəxslərin rəhbər kimi reyestrdə onun adı qeyd olunsa da, əslində faktiki olaraq həmin şəxslər tərəfindən idarə olunduğunu və bu halların Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli hökmü ilə müəyyən olunduğunu bildirsə də, şikayətə bu halları təsdiq edən hər hansı sübut (hökmün təsdiq olunmuş surəti və s.) təqdim etməmişdir. Bununla yanaşı, maraqlı şəxs qeyd edilən hüquqi şəxslərin rəhbəri (qanuni təmsilçisi) kimi qeydə alınmışdır və sonuncu bunun əksinə təsdiq edən sübutları da təqdim edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(004)-6856/2019 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(004)-6856/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7619/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7619/2021
07.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver