Məhkəmə qərarları › İş №2(103)-7634/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7634/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7634/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı qərarın müvafiq bəndinin etibarsız hesab olunması, hərəkətlərin qanunsuz hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(007)-1503/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı qərarın müvafiq bəndinin etibarsız hesab olunması, hərəkətlərin qanunsuz hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli iki yaşayış binasının idarəçiliyini İddiaçı” (İddiaçı MMMC) həyata keçirir. İddiaçı MMMC hər iki binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin 15.03.2020-ci il və 11.08.2020-ci il tarixli ümumi yığıncağının qərarlarına əsasən yaradılmış və qeyri-kommersiya hüquqi şəxsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə qeydə alınmışdır. İddiaçı MMMC-nin ümumi yığıncağının qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin miqdarı müəyyən edilmişdir. İddiaçı MMMC-nin idarəçiliyində olan ünvan 3 ünvanındakı 82,8 kv.m sahə daşınmaz əmlakın dövlət reyestrindən 22.10.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh məxsusdur. Cavabdeh binada mülkiyyətə sahib olduğu əmlaka görə hər ay (82,8 kv.m x 0,30man=24,84 manat olmaqla, 23 yanvar 2021-ci il tarixə kimi cəmi 74,52 manat ödəməli olduğu halda bundan boyun qaçırır. Qanunun tələbinə əsasən Cavabdeh mülkiyyətində olan əmlaka göstərilən xidmətlərlə bağlı İddiaçı MMMC-yə haqq ödəməyə borcludur. Bundan başqa, Cavabdeh iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 20 manatın da İddiaçı MMMC-nin nəfinə tutulması zəruridir. Həmçinin, Cavabdeh borclu olduğu vəsaiti tələb etmək üçün İddiaçı MMMC iddia ərizəsi hazırlanıb onun məhkəmədə müdafiə edilməsi üçün fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ilə bağladığı 08.02.2021-ci il tarixli, 07 saylı müqaviləyə əsasən xidmət haqqı kimi ona ödənilmiş 250 manat pul da tələb edilib İddiaçı MMMC-nin nəfinə tutulması zəruridir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia predmetinin əsası olan mülkiyyətində olmuş 82,8 kv.m. yaşayış sahəsi üçün 22.10.2020-ci il tarixdən 23.01.2021ci il tarixədək 3 ay xidmətə görə, hər ay 24,84 manat (82,8x0,3) olmaqla, cəmi 74,52 manatın tutulması tələbi barədə ona heç bir xəbərdarlıq etmədən, iddiaçının birbaşa məhkəməyə müraciət etməsi qanunvericiliklə ona verilmiş hüquqdan sui-istifadə etməsini göstərir və törətdiyi qanunsuz hərəkətlərinin ört-basdır edilməsinə cəhd edir. Belə ki, iddiaçı tərəfindən onun bir mülkiyyətçi kimi MMMC-yə üzv qəbul edilməsi barədə iradə ifadəsi öyrənilmədən, eləcə də MMMC-yə üzv olmaq niyyəti olmadığı təqdirdə ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair MMMC ilə onun arasında müqavilə bağlanması təklif olunmadan və ümumiyyətlə həmin xərclər barədə MMMC-nin üzvlərinin ümumi yığıncağının qərarı və ya aylıq mütləq xərclər barədə hesab sənədi ona təqdim olunmadan, yəni tərəfindən mütləq ödəniləcək məbləğin hansı mənbələr hesabına yaranması səbəbləri barədə məlumat verilmədən birbaşa borcunun 350 manat olması və həmin 350 manat borca görə mənzilinə verilən elektrik enerjisinin dayandırılması hərəkətləri açıq-aşkar hüquqdan sui-istifadədir. Odur ki, MMMCnin idarə heyətinin sədri olan X1 onun qanunla müdafiə olunan hüquqlarına qarşı törətdiyi bilə-bilə qanunsuz əməllərinə məhkəmə vasitəsilə hüquqi qiymət verilməli və iddiaçının adından birbaşa çıxış edən həmin şəxsin bilə-bilə törətdiyi qanunsuz hərəkətləri nəticəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyan iddiaçıdan tutulmaqla ona ödənilməlidir. İddia ərizəsi hələ məhkəməyə təqdim olunmamışdan öncə MMMC-nin vəzifəli şəxsi kimi özünü təqdim edən Topçiyev Lətif onun qanunla qorunan hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verdiyinə görə və onun açıq-aşkar vəzifəsindən sui-istifadə edərək, mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi, 81 saylı evin 222 saylı mənzilinə aid elektrik sayğacına qanunsuz olaraq müdaxilə etməklə, mənzilə verilən elektrik enerjisini qanunsuz olaraq dayandırdığı üçün, o cümlədən ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müvafiq sənədlərin təqdim olunmadığı barədə tərəfindən müvafiq dövlət orqanlarına, həmçinin iddiaçının özünə rəsmi müraciət olunmuşdur. Belə ki, mənzilin elektrik enerjisi dayandırıldığından o həmin şəxsə yaxınlaşaraq, onunla "xxxx" ASC ilə bağlanmış müqaviləni və internet saytından çıxarışları ona göstərərək mənzilə verilən elektrik enerjisindən istifadəyə görə heç bir borc məbləğinin olmadığını, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə gorə mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması səlahiyyətlərinin yalnız və yalnız müqavilə tərəfi olan və normativ hüquqi aktların tələblərində nəzərdə tutulmuş şəxsin "xxxx" ASC-nin bu işə məsul vəzifəli şəxslərinin səlahiyyətinə aid olmasını, o cümlədən həmin şəxsin ümumiyyətlə bu cür səlahiyyətə malik olmadığını ona bildirmiş və elektrik enerjisinin verilməsini bərpa etməsini xahiş etmişdir. Digər tərəfdən, həmin şəxsə bildirmişdir ki, o, BDU-nin hüquq fakültəsinin tələbəsidir, yəni hal-hazırda oxuyur və heç bir yerdə işləmir, həmin mənzil atası tərəfindən onun üçün alınmış və yaşayış xərclərini, o cümlədən müvafiq məsrəfləri ödəməkdən ötrü həmin mənzili kirayə verməklə özünə gəlir əldə etməyə böyük ehtiyacı var. Mənzilə isə verilən elektrik enerjisi kəsildiyi təqdirdə, onun hər hansı bir şəxsin istifadəsinə kirayəyə verilməsi mümkünsüzdür. Mənzilin aylıq 250 manat dəyərində kirayəyə verilməsi ilə əlaqədar onunla razılıq əldə olunması barədə məlumat həmin şəxsin diqqətinə çatdırılmış və elektrik enerjisinin verilməsinin bərpa olunması xahiş olunmuşdur. Lakin həmin şəxs etik normalara zidd olaraq, ona qarşı çox kobudluqla bildirmişdir ki, onun kommunal xidmətlərə gorə 350 manatdan artıq borcu var, həmin borcu ödəmədiyi təqdirdə mənzilə işıq verilməyəcək və istədiyi yerə şikayət edə bilər. Həmin şəxsə bir daha bildirmişdir ki, o, mənzili 2020-ci ilin 22 oktyabrında almışdır və mənzilə gələndə görmüşdür ki, işıq kəsilmişdir. Eyni zamanda, kommunal xidmətlərə görə hər hansı bir ödəniş aparılması üçün mülki hüquq münasibətlərini tənzimləyən müqavilə olmalıdır və müqavilə şərtləri tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda isə onunla həmin şəxsin arasında hər hansı bir müqavilə münasibətləri mövcud deyildir və səbəbi müvafiq sənədlərlə təsdiq olunmamış 350 manat miqdarında borca görə ödəniş aparılmasına məcbur edilməyi açıqaşkar qanunsuzluqdur. Həmçinin həmin şəxsə bildirmişdir ki, hər hansı bir ödəniş aparılması söz vasitəsilə deyil, təqdim olunan hesab faktura sənədi ilə ödənilə bilər. Bu cür əməl isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək deməkdir. Həmin şəxs çox əsəbi formada ona bildirmişdir ki, nə vaxta qədər kommunal borcu ödəməyəcək, mənzilinə işıq verilməyəcək. O, 06 yanvar 2021-ci il tarixdə 102 xidmətinə şikayət etmiş və həmin gün bir neçə saatdan sonra işığın verilməsi bərpa olunmuşdur. Lakin növbəti gün yenə də həmin şəxs mənzilə verilən işığı kəsmiş və mənzil üzərində olan mülkiyyət hüququnu açıq-aşkar məhdudlaşdırmaqla, mənzili kirayəyə vermək hüququnu mümkünsüz etmişdir. Onun hərəkətlərindən yenidən polis bölməsinə şikayət etdikdə, ona bildirilmişdir ki, mübahisənin araşdırılması onların səlahiyyətlərinə aid məsələ deyildir. Ümumiyyətlə, elektrik enerjisinin verilməsinin dayandırılması, eləcə də elektrik xəttini sayğacdan ayırmaqla bu və ya digər formada hər hansı bir müdaxilə olunmasına nəzarət edilməsi qanunla "xxxx" ASC-nin səlahiyyətlərinə aid olan məsələ olduğu üçün, həmin Cəmiyyətin qaynar xəttinə zəng olunmuş və elektrik enerjisinin verilməsinin dayandırılması səlahiyyətsiz şəxs tərəfindən aparıldığı üçün və heç bir borcun olmadığına görə xəttin qoşulması xahiş olunmuşdur. Lakin bu da heç bir nəticə verməmişdir. Sonra o, müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. "xxxx" ASC tərəfindən bildirilmişdir ki, mənzillərin elektrik enerjisi təchizatı istehlakçının borcu olduğu və müəyyən edilmiş müddət ərzində ödənilmədikdə, xəbərdarlıq edildikdən sonra yalnız enerji təchizatı müəssisəsi tərəfindən dayandırıla bilər. İddiaçı isə ona qarşı etdiyi bilə-bilə qanunsuz hərəkətlərini gizlətmək üçün, yəni mənzil üzərində mülkiyyət hüququna açıq-aşkar qanunsuz müdaxilə etdiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib ki, guya o, 22.10.2020-ci il tarixdən 23.01.2021-ci il tarixə kimi olan 3 ay xidmətə görə, hər ay 24,84 (82,8x0,3) manat olmaqla, cəmi 74,52 manatı MMMC-yə ödəməkdən imtina etmişdir. İddiaçının göstərilən dəlili yalnız və yalnız onun formal mülahizələrə və fərziyələrə əsaslanmışdır. Belə ki, iddia ərizəsinə də MMMCnin ümumi yığıncağının qərarı əlavə olunmamış, yəni mütləq ödənilməli olan məbləğin miqdarının yaranması səbəbləri və müəyyən olunma faktorları yalnız söz birləşmələrinə və ifadələrinə əsaslanmamalıdır. Faktiki olaraq mühasibat sənədləri əsasında müəyyən edilməsini təsdiq edən müvafiq sənədlərlə sübut olunmamışdır. Bundan başqa, hər hansı bir sənədlə də təsdiq olunmur ki, aylıq ödəniş haqqı barədə onunla MMMC arşında müqavilə mövcuddur və ya aylıq ödənilməli olan məbləğ barədə ona hər hansı bir formada xəbərdarlıq edilmişdir. Əksinə, tərəfindən ödənilməsi tələb olunan 350 manat məbləğin hansı mənbələr hesabına yaranması üçün MMMC-yə edilən rəsmi müraciətinə isə halhazıradək cavab belə verilməmişdir. İddiaçı tərəfindən onun mülkiyyət hüququna qarsı edilən bilə-bilə qanunsuz və qərəzli hərəkətlərinə məruz qaldığı üçün, ona məxsus mənzili satmaq məcburiyyətində qalmış və həmin mənzili ucuz qiymətə satmışdır. Hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. MMMC tərəfindən onun hüquqlarına qarşı edilən hərəkətləri qanunsuz hesab edir, ona dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: mənzil üzərində 22.10.2020-ci il tarixdən mülkiyyət hüququ yarandığı an-yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmışdır. MMMC-nin üzvü deyil və sairə mülkiyyətçisi kımı yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqların ödənilməsi üçün onunla MMMC arasında müqavilə bağlanmamış, bununla da MMMC və MMMC-nin idarə heyəti tərəfindən qanunla müəyyən edilmiş vəzifə yerinə yetirilməmiş və ümumiyyətlə müqavilənin bağlanmasına təşəbbüs göstərilməmişdir. MMMC tərəfindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödəniş sənədləri ümumiyyətlə ona təqdim olunmamışdır. Heç bir ödəniş sənədi təqdim olunmadan, şifahi olaraq 350 manat borcun ödənilməsi tələb edilmiş və qanunsuz olaraq mənzilə verilən elektrik enerjisi MMMC tərəfindən dayandırılmışdır. Tərəfindən ödənilməsi tələb olunan 350 manat məbləğin hansı mənbələr hesabına yaranması üçün MMMC-yə edilən rəsmi müraciətə hal-hazıradək cavab verilməmişdir. Mənzilin kirayəyə verilməsi mümkün olmamış və mənzil digər şəxsə satılmışdır. MMMC tərəfindən mənzilə verilən olektrik enerjisinin dayandırılması mənzil üzərində olan mülkiyyət hüququnun qanunsuz olaraq məhdudlaşdırmasını müəyyən edir. MMMC tərəfindən heç bir əsası olmayan 350 manat borcun olmasına dair şifahi məlumat verilməsindən başqa, ümumiyyətlə ona heç bir vaxt və heç bir ödəniş sənədi təqdim olunmamışdır. Əgər olunmuşdursa, yəqin ki, həmin sənədlər iş materiallarına təqdim olunardı. Bundan başqa iddia ərizəsində Bakı şəhəri Nizami rayonu 2566-67-ci məhəllədə inşa edilən çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının bütünlükdə MMMC-nin idarəçiliyinə təqdim olunması göstərilsə də, yəni 5 girişli çoxmərtəbəli yaşayış binalarının ümumilikdə mənzillərinin faktiki sahələrinin miqdarı barədə heç bir məlumat göstərilməmişdir. Yəni, iş materiallarına təqdim olunmasa da, iddia ərizəsində göstərilən MMMC-nin ümumi yığıncağının qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin hər ay üzrə cəmi-6797 manat, 82,8 kv.m. yaşayış sahəsi üçün, 1 kv.m. üçün 0,3 və hər ay 24,84 manat müəyyən edilməsi nəzərə alınsa, 5 girişli çoxmərtəbəli yaşayış binalarının ümumilikdə mənzillərinin faktiki sahələrinin 22.656,7 kv.m. (6797/0,3) təşkil etdiyi müəyyən edilər. Hansı ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet saytından çıxarılmış “Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı informatik və statistik xarakterli məlumat”a əsasən Bakı şəhəri Nizami rayonu 2566-cı məhəllə ünvanda, 5 girişli çoxmərtəbəli yaşayış binasının mənzilərinin ümumi sahəsinin faktiki miqdarı 89400 kv.m. göstərilmişdir. Deməli, faktiki sahənin 89400 kv.m. və aylıq xərclərin 6797 manat olması nəzərə alınsa, böyük səriştə və xüsusi savad, o cümlədən bacarıq tələb olunmur ki, binaların saxlanması ilə bağlı çəkilən xərclərə nisbətdə onun tərəfindən hər ay mütləq ödənilməli olan haqqın 6,29 (6797/39400=0,076x82,8) manat olması müəyyən edilər. Nəticə etibarilə, iddiaçı tərəfindən ona həmin məlumatların verilməməsi, hətta yazılı qaydada rəsmi müraciətinə məhəl qoymaması onu sübut edir ki, MMMC hazırkı tələbini birbaşa məhkəməyə təqdim etməklə, onun tərəfindən mülkiyyət hüququna qarşı edilən bilə-bilə qanunsuz və qərəzli hərəkətlərinin ört-basdır edilməsinə, eləcə də müvafqi maddi hüquq normalarının tələbləri ilə vəzifələrinə aid olan məsələləri yerinə yetirməməsinin gizlədilməsinə cəhd etmişdir. Açıq-aşkardır ki, MMMC tərəfindən onun mənzil üzərində mülkiyyət hüququ qanunsuz və əsassız olaraq məhdudlaşdırıldığından, həmin mənzili öz iradə ifadəsinə uyğun istifadə edə bilmədiyindən, həmin mənzili tələm-tələsik 14500 manat ucuz qiymətə satdığından, eyni zamanda 1188 manat vergi ödədiyindən və kirayə verə bilmədiyi üçün 500 manat, toplam 16188 manat maddi ziyan dəymişdir. Hansı ki, mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylığına kirayə verməyə razılaşmışdır. Lakin MMMC-nin ona qarşı törətdiyi deliktə məruz qaldığı üçün həmin mənzili öz iradə ifadəsinə uyğun istifadə edə bilməmişdir və ona faktiki olaraq, iki aylıq kirayə haqqı miqdarında, yəni 500 (250x2) manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa MMMC-nin ona qarşı qanunsuz hərəkətlərinin davamlı olduğunu və israrlı olaraq ona qarşı qərəzli mövqe nümayiş etdirdiyinə görə məcbur olub, 114500 manata aldığı mənzili tələmtələsik 100000 manata, yəni 14500 manat ucuz qiymətə satmışdır və bunun nəticəsində də ona 14500 manat maddi ziyan dəymişdir. Belə ki, MMMC-nin ona qarşı etdiyi qanunsuz hərəkətlərinə son qoyulsaydı, mənzilin istifadəyə (kirayə) verilməsindən gəlir əldə edə bilərdi və mənzili tələm-tələsik ucuz qiymətə satmazdı. Bununla yanaşı, mənzilin satışına görə 1188 manat vergi ödəmişdir. Göstərilən normativ hüquqi aktların tələblərinə əsaslanaraq, ona dəymiş 16188 manat maddi ziyanın cavabdehdən tutulmasını və ona ödənilməsini xahiş edir. Cavabdeh tərəfindən ona qarşı edilmiş bilə-bilə qanunsuz və qərəzli hərəkətləri nəticəsində ona mənəvi cəhətdən də ziyan dəymişdir ki, həmin ziyanın 10000 manat hesablamaqla ona ödənilməsini xahiş edir. İddiaçı MMMC-nin vəzifəli şəxsi olan Topçiyev Lətifin əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hərəkətlərinə yol verilməsi istisna edilmir. İddiaçı MMMC-nin vəzifəli şəxsi olan Topçiyev Lətif vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, onun qanunla müdafiə olunan hüququna qarşı biləbilə qanunsuz hərəkətlərə yol vermişdir. Bundan başqa, ondan əsassız və qanunsuz olaraq 350 manat pul tələb etməklə özünə maddi nemət əldə olunmasına cəhd etmişdir. Hazırda ona qarşı edilən bilə-bilə hüquqazidd hərəkətlər nəticəsində ona ziyan dəymişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində qeyd olunan cinayət tərkibinin yaranmasını istisna etmir. İddiaçı MMMC-nin iddia tələbinin rədd olunmasına, İddiaçı MMMC (İdarə Heyətinin sədri X2) ona verilmiş hüquqdan sui-istifadə edərək, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi, 81 saylı evin 222 saylı mənzili üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla, həmin mənzilə aid elektrik sayğacına müdaxilə etmə və mənzilə verilən elektrik enerjisinin dayandırılması, ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməklə, qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməməsi və müvafiq ödəniş sənədləri təqdim olunmadan 350 manat pul ödənişinin tələb olunması və mənzilə verilən elektrik enerjisinin təkrar dayandırılmasına; ödənişlərlə əlaqədar müqavilənin bağlanması, əsası olmayan 350 manat borc məbləğinin yaranması səbəblərinin açıqlanması və s. barədə cavabdehə ünvanlanmış rəsmi müraciət ərizəsinə cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə, İddiaçı MMMC-nin (İdarə Heyətinin sədri X1) qanunsuz hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq mənzili tələm-tələsik ucuz qiymətə satlıdığına görə 14500 manat və vergi ödənişi 1188 manat, toplam 16188 manat dəymiş maddi ziyanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə, mənzili 2020-ci ilin dekabr ayından başlayaraq hər ay 250 manat olmaq şərti ilə iki aylıq kirayəyə verə bilmədiyinə görə 500 manat əldən çıxmış faydanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə, 10000 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə dair qətnamə çıxarılmasını, İddiaçı MMMC-nin idarə heyətinin sədri X1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə vermiş, göstərmişdir ki, məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlər və suallara verdiyi cavablarla müəyyən olunmuşdur ki, MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat kommunal xərcin hesablanması hissəsində heç bir hüquqi əsası olmamış və ədalətli bölgü aparılmamışdır. Birincisi, qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin xərclər smetasında Bakı şəhəri Nizami rayonu 2566-67-ci məhəllədə inşa edilən çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının mənzillərin ümumi sahəsi- 38.681,9 kv.m. və hər kv. düşən idarəçilik xərci 0,16 manat göstərildiyi halda, sonradan mənzillərin yaşayış sahələrinin 19713,3 kv.m. və qeyri-yaşayış sahələrinin 3256,7 kv.m. və 560 kv.m. və hər kv. düşən idarəçilik xərci 0,29 manat, orta hesabla həmin xərcin 0,22 manat və binanın təmir və s. xərclərinin (35%)-0,08 manat və yekunda kommunal haqqın hər kv.m. üçün 0,3 manat müəyyən edilməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, bu cür hesablama qaydasının qanuni əsası olmadığından və bu cür hesablama qaydası ilə tələb olunan mütləq ödəniş haqqları altında əldə olunmuş külli miqdarda əlavə pul vəsaitləri yalnız və yalnız MMMC-nin idarə heyətinin sədri Lətif Topçiyevin özünə qanunsuz olaraq maddi neymət əldə edilməsinə yönəlmiş bir əməldir. Belə ki, məhkəmə iş materiallarına təqdim edilən smeta xərclərində etiraf olunur ki, MMMC-nin bir ay ərzində 6767 manat xərci mövcuddur. Həmin xərclərin ayrı-ayrılıqda bölmələri ilə razı olmasa da, şərti olaraq həmin 6767 manat xərclərin faktiki mütləq ödəniş haqqlarının tərkib hissəsi kimi qəbul etsə belə, nəticə etibarilə hər ay demək olar ki, ümumilikdə 12749,58 manat pul yığılır ki, həmin məbləğdən də 6767 manat xərclər çıxıldıqdan sonra, yerdə qalan 5982,58 manat pul vəsaiti MMMC-nin idarə heyətinin sədri Lətif Topçiyevin sərəncamına keçir. Mənzillərin ümumi sahəsi ilə qeyri-yaşayış sahələrinin cəmi 42498,6 kv.m. (38681,9 + 3256,7 + 560) təşkil edir. Hər kv.m. üçün mütləq ödəniş xərcinin 0,3 manat olması əsasında hər ay ərzində 12749,58 manat (42498,6 kv.m. x 0,3 manat) pul məbləğinin yığılmasını müəyyən etmək olar. Deməli, hər ay ümumilikdə 5982,58 manat (12749,58 manat – 6767 manat) artıq pul vəsaitinin tələb olunması müəyyən edilir. Faktiki sahənin 42498,6 kv.m. və aylıq xərclərin 6797 manat olması nəzərə alınsa, binaların saxlanması ilə bağlı çəkilən xərclərə nisbətdə onun tərəfindən hər ay mütləq ödənilməli olan haqqın 13,25 (6767/42.498,6 = 0,16x82,8) manat olmasını müəyyən etmək olar. Odur ki, 3 ay ərzində cəmi 39,75 manatın ödənilməsi tələb oluna bilərdi. Hansı ki, MMMC-nin idarə heyətinin sədri Lətif Topçiyev bilə-bilə qanunsuz hərəkətlərə yol verməklə əvvəlcə ondan 350 manat, sonra isə qanunsuz hərəkətlərini ört-basdır etməkdən ötrü hazırda da məhkəmə vasitəsi ilə əsası olmayan 74,52 manat pul vəsaiti tələb edir. Yuxarıda qeyd etdiyi kimi xərclər smetası ilə şərti razılaşmalarının səbəbi ondan ibarətdir ki, iş materialları ilə və MMMC-nin verdiyi izahatı ilə sübut olunur ki, həmin xərclərin, o cümlədən benzin-30 manat, orta hesabla elektrik enerjisinin-1300 manat, vergi hesabatlarının verilməsi-100 manat və s. bu kimi xərclərin hesablanması qaydası hər hansı bir hüquqi əsasa söykənmir. Bundan başqa, yaşayış sahələrinə görə hər bir kv.m. üçün 0,16 manat müəyyən edildiyi halda, qeyri-yaşayış sahələri də nəzərə alınmaqla, həmin məbləğin 0,29 manata çatdırılmasının, yaşayış sahələri üçün tələb olunan mütləq ödəniş haqları ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün nəzərdə tutulan qeyri-yaşayış sahələrinə görə mütləq ödənilməli olan haqların eyniləşdirilməsi səbəblərinin və həmin haqların bərabərləşdirilməsinın səbəblərinin MMMC-nin nümayəndəsi tərəfindən izah olunmaması, eyni zamanda təyin olunmuş ödəniş haqqının hesablanmasının ədalətli olmaması, MMMC-nin idarə heyətinin sədri tərəfindən mütləq ödəniş haqqından əlavə bilə-bilə qanunsuz olaraq əlavə vəsaitlərin yığılması onu sübut edir ki, ondan tələb olunan əvvəlcə 350 manat, sonra isə məhkəmə vasitəsilə 74,52 manat məbləğ həm qanunsuz, həm də əsassızdır. İkincisi, hesab edir ki, MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m.-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat hesablanması hissəsində əsaslı olmadığına, o cümlədən bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi tələb olunan haqqın düzgün və ədalətli bölgüsü aparılmadığı üçün və faktiki xərclərə mütənasib təyin edilmədiyinə görə qərar həmin hissədə etibarsız hesab edilməlidir. Odur ki, aparılan araşdırma zamanı qarşılıqlı iddia ərizəsində göstərilənlər də nəzərə alınmaqla, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin iddia tələbinin rədd olunmasına, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin 01.09.2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın 6-cı, yəni “B.Əsgərovun təklif etdiyi məsələ və 2 saylı əlavədə təsdiq edilmiş xərclər smetası əsasında mülkiyyətində olan sahənin hər kv.m.-i üçün hər ay 0,3 manat kommunal xərcin bütün mülkiyyətçilər tərəfindən mütləq qaydada ödənilməsi təyin edilsin.” bəndinin 0,3 manat kommunal xərcin hesablanması hissəsində etibarsız hesab edilməsinə, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC (idarə heyətinin sədri X2) ona verilmiş hüquqdan sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin 222 saylı mənzili üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla, həmin mənzilə aid elektrik sayğacına müdaxilə etmə və mənzilə verilən elektrik enerjisinin dayandırılması, ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməklə, qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməməsi və müvafiq ödəniş sənədləri təqdim olunmadan 350 manat pul ödənişinin tələb olunması və mənzilə verilən elektrik enerjisinin təkrar dayandırılması, ödənişlərlə əlaqədar müqavilənin bağlanması, əsası olmayan 350 manat borc məbləğinin yaranması səbəblərinin açıqlanması və s. barədə cavabdehə ünvanlanmış rəsmi müraciət ərizəsinə cavab verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin (idarə heyətinin sədri X1) qanunsuz hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq mənzili tələm-tələsik ucuz qiymətə satdığına görə 14500 manat manat və vergi ödənişi 1188 manat, toplam 15688 manat dəymiş maddi ziyanın İddiaçı MMMCdən tutulması və ona ödənilməsinə; mənzili 2020-ci ilin dekabr ayından başlayaraq kirayəyə verə bilmədiyinə görə hər ay 250 manat olmaq şərti ilə iki aylıq, yəni 500 manat əldən çıxmış faydanın İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə, 10000 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun İddiaçı MMMC-dən tutulması və ona ödənilməsinə dair qətnamə çıxarılmasını, İddiaçı MMMC-nin idarə heyətinin sədri X1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(007)-1503/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia ərizəsinin məzmununa uyğundur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(007)-1503/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş 05/2432-14 qeydiyyat nömrəli Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışına əsasən fəaliyyət ərazisi Bakı şəhəri Nizami rayonu 2566-67-ci məhəllə ev 81 olan İddiaçı mənzil mülkiyyətçiləri qeydə alınmışdır, həmin MMMC-nin müştərək cəmiyyətinin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. İddiaçı MMMC-nin 01 sentyabr 2020-ci il tarixli ümumi yığıncağının qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclər, kommunal haqlar müəyyən edilmişdir. Hazırda ilkin İddiaçı MMMC həmin 81 nömrəli binanın 222 nömrəli mənzilinin mülkiyyətçisi olmuş Cavabdeh qarşı iddia qaldıraraq ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin, kommunal xidmətlərə görə haqqın ödənilməsini tələb edir, Cavabdeh tərəfindən isə həmin MMMC-yə qarşı xərclərlə bağlı qərarın müvafiq bəndinin etibarsız hesab olunması, hərəkətlərin qanunsuz hesab edilməsi və pul tutulması ilə bağlı iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. İşin hallarından görünür ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan İddiaçı MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçisi olan Cavabdeh arasında ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı ödəməli olmasına dair yazılı müqavilə mövcud olmamışdır. Bundan əlavə İddiaçı MMMC-nin 23 yanvar 2021-ci il tarixli M/222 nömrəli bildirişinə əsasən cavabdehin 23 yanvar 2021-ci il tarixədək 74,52 manat kommunal borcunun yaranması barədə xəbərdarlıq bildirişinin tərtib edilməsi hüquq münasibətlərinin yaranmasını tənzimləyən, tələb etmə hüququnu müəyyən edən sənəd qismində müqavilə hesab edilə bilməməklə yanaşı, həmin bildiriş cavabdeh tərəfindən alınmamışdır, cavabdehin bildirişi almaqdan imtina etməsi barədə iddiaçının özü tərəfindən bildirişin üzərində qeydiyyat aparılmış, bu imtina üçüncü şəxslərin iştirakı ilə sənədləşdirilməmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının mübahisələndirilən 01 sentyabr 2020-ci il tarixli iclasında qəbul olunmuş qərarın Cavabdeh hüquqlarını və qanuni mənafelərini pozduğu qənaətinə gəlinməsi üçün əsaslar yoxdur, şərait artıq dəyişmişdir. Belə ki, MMMC-nin idarəçiliyinə verilmiş C.Naxçıvanski küçəsindəki 81 nömrəli binada mülkiyyətində olan 222 nömrəli mənzili Cavabdeh 07 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır, mənzil həmin vaxtdan Cavabdeh istifadəsində və ya mülkiyyətində deyildir, binanın kommunal xərcinin hesablanması qayda və nəticələri yalnız mənafeyinə toxunan şəxs və ya şəxslər tərəfindən mübahisələndirilə bilər. Mənzil Məcəlləsinin 121.1-ci maddəsində nəzərdə tutulduğu qaydada çoxmənzilli binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı hüquq kimi müəyyən edildiyi kimi, eynilə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq da Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən edilmişdir. Ona görə də qarşılıqlı iddianın İddiaçı MMMC-nin ümumi mülkiyyətdə olan sahələrin saxlanması və s. bu kimi mütləq xərclərin ödənilməsinə dair müqavilənin bağlanmasına təşəbbüs göstərməməsinin qanunsuz hesab edilməsi ilə bağlı iddia tələbinin əsası yoxdur. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin əsaslılığına, yəni hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən, ümumiyyətlə ona mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMMC-nin təqsiri üzündən 114500 manata aldığı 100000 manata satması, nəticədə 14500 manat məbləğində ziyana düşməsi, həmin Cəmiyyətin təqsiri üzündən 1188 manat məbləğində vergi ödəməyə məcbur olması, mənzili kirayəyə verə bilməyib 2 ay ərzində 500 manat məbləğində faydadan məhrum olması barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(007)-1503/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar