Məhkəmə qərarları › İş №2(103)-7640/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7640/2021

10.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7640/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Vüsalə Həsənovanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 19.06.2019-cu il tarixli, FR/83485/69 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 4.117,88 manat pulun tutulması barədə 21.10.2020-ci il tarixli icra qeydi ləğv olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Vüsalə Həsənova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisininin nümayəndəsi məhkəmə iclasında işitirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia notariusa qarşı irəli sürülüb, onun həyata keçirdiyi notariat hərəkəti (icra qeydi) mübahisələndirilib. Ona görə notariat hərəkətinin qanuna uyğun olub-olmadığı yoxlanılmalıdır. “Notariat haqqında” Qanunun 17-ci maddəsindən görünür ki, icra qeydinin aparılması notariat hərəkətidir. Həmin Qanunla, o cümlədən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla notariuslar tərəfindən icra qeydinin aparılmasının əsasları və qaydaları müəyyən edilib. Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”ndan görünür ki, pulun ödənilməsinə dair icra qeydi almaq üçün notariusa 2 sənəd təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 2) sifarişli poçt vasitəsilə borcluya göndərilmiş, tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş və onun borcluya çatdırıldığını təsdiq edən sənəd. Hazırkı işdə həmin 2 sənəd notariusa təqdim edilmişdir. Ona görə də notarius düzgün olaraq icra qeydi aparmışdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunub ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Notariusa təqdim edilən sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edib və müvafiq müddət keçməyib. Göründüyü kimi, notariat hərəkəti qanuna uyğundur. Beləliklə, notarius icra qeydi verərkən qanunvericiliyin tələbinə əməl edib. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar