Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7642/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1605/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 12 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 12 iyul 2007-ci il təvəllüdlü X12 və 29 oktyabr 2008-ci il təvəllüdlü X13 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılaraq onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikaha daxil olduğu gündən 2018-ci ilin noyabr ayınadək iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Mətləb Ağayev küçəsi ev 60 mənzil 2-də yaşamış, həmin mənzilə müvəqqəti pasport qeydiyyatına düşmüşdür. Cavabdeh və birgə nikahdan olan uşaqları da halhazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. O formal olaraq ünvan 1 ünvanında atasının evində pasport qeydiyyatında olsa da, 2006-cı ildən etibarən həmin ünvanda faktiki olaraq yaşamır. Cavabdehlə aralarında yaranmış mübahisə nəticəsində onu təhqir edərək yaşadığı mənzildən qovduqlarına görə o, geyim əşyalarını götürmədən uşaqları ilə birlikdə kirayə mənzildə yaşamağa məcbur qalmışdır. Bundan sonra o həmin mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(007)1448/2019 saylı qətnaməsinə əsasən onun ünvan 2 ünvanına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnaməni könüllü icra etmədiyindən 28 dekabr 2019-cu il tarixdə qətnamə icra məmurlarının vasitəsilə məcburi qaydada icra edilmiş və iddiaçı həmin mənzilə köçürülmüşdür. Lakin cavabdeh və onun ailə üzvləri icra məmurlarının evi tərk etməsindən dərhal sonra ona və himayəsində olan iki azyaşlı uşağına fiziki və psixoloji təzyiqlər göstərərək onların mənzildən çıxarılmalarına nail olmuş, iddiaçının mənzilə daxil olmasını, oradan sərbəst istifadə etməsini məhdudlaşdırmışlar. 01 noyabr 2018-ci il tarixdən bu günkü günədək cavabdeh onu və uşaqlarını yaşadıqları mənzildən məcburi qaydada çıxarmış və onlar kirayədə qalmaq məcburiyyətində qalmışlar. Geyim əşyaları və məişət əşyaları yaşadıqları evdə qaldığından və uşaqlarının təhsil aldığı məktəbə yaxın olduğundan məişət əşyaları ilə tam təhciz olunmuş mənzil kirayəsinə görə hər ay 500 manat olmaqla kirayədə qalsa da, sonradan cavabdehin təkidi ilə rəsmi kirayə müqaviləsi bağlayaraq 18 fevral 2020-ci ildən 01 noyabr 2020-ci il tarixədək icarədarla aralarında bağlanmış notarial qaydada təsdiq edilmiş mənzillərin müvəqqəti icarəyə verilməsi müqaviləsinə əsasən hər ay 800 manat olmaqla pul ödəmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ona dəymiş maddi zərərə görə 20000 manat və mənəvi zərərə görə 10000 manat olmaqla, ümumilikdə 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbi əsassızdır. O, məhkəmə qətnaməsi ilə qət olunmuş alimenti vaxtlı-vaxtında ödəyir. Onlar iddiaçının mənzilə köçürülməsinə heç bir etiraz bildirməmiş və icra məmurları vasitəsi ilə iddiaçı sakit şəkildə mənzilə köçürülmüşdür. İddiaçı bir müddət köçürülmüş mənzildə yaşadıqdan sonra mənzilə aradabir gəlmiş və daha sonra uşaqlar vasitəsilə iddiaçının başqa yerdə yaşadığı barədə məlumatlanmışlar. Birgə nikahdan doğulmuş uşaqlar ayın 20 gününü onlarla qalırlar. İddiaçının onlarla birlikdə ünvan 3 ünvanında yaşamasına etiraz etmirlər. Lakin iddiaçı onlarla yaşamaq istəmədiyindən, ailə tərkibi böyük, evləri kiçik, darısqal olduğu üçün, özünə komfortlu bina evində yaşamağı üstün tutduğundan 500 manatlıq kirayə ev tutmuşdur. İddiaçı iddia ərizəsində onun qovulduğunu bildirsə də, deyilənlər sadəcə yalandır. İcra şöbəsi tərəfindən icra vərəqəsi icra olduqdan sonra icra vərəqəsinə xitam edilmişdir. Lakin iddiaçı bir dəfə də olsun məhkəməyə icra vərəqəsinin təkrar icraya yönəldilməsi ilə əlaqədar müraciət etməmişdir. Deməli, iddiaçının məqsədi onların mənzilində yaşamaq deyil, əksinə onlardan özünə əlavə qazanc əldə etməkdir. İddiaçı bu günə kimi vəkili vasitəsi ilə xitam edilmiş icra vərəqəsinin ləğv edilərək təkrar icraya yönəldilməsi barədə məhkəməyə müraciət etməmişdir. Bir daha bildirir ki, onlar iddiaçının ünvan 3 ünvanında yaşamasına etiraz etmirlər. Onlar iddiaçının ünvanına nalayiq ifadələr belə işlətməmişlər, uşaqlarını sevir və onların psixoloji sarsıntı keçirmələrinə razı deyil, uşaqlar istədikləri vaxt, istədikləri qədər gəlib sözügedən ünvanda qalırlar. İddiaçının mənəvi ziyanla bağlı iddiasını da əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1605/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1605/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha 07 noyabr 2019-cu il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(007)1448/2019 saylı qətnamənin surətindən görünür ki, iddiаçı Cəfərоvа Səyyаrə İftiхаr qızının Bаkı şəhəri Nizаmi rаyоnu Mətləb Ağayev küçəsində yеrləşən ev 60 mənzil 2 ünvanına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 28 dekabr 2019-cu il tarixli aktın surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurları X1, X3, borclu Cavabdeh, tələbkar İddiaçı, habelə hal şahidləri X2 və X7 iştirakları ilə ünvan 5 ünvanında akt tərtib edilmişdir. Akt tərtib edilən zaman borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı qeyd olunan mənzilə köçürülməsinə etirazının olmadığı bildirilmiş, tələbkar icra məmurları tərəfindən icra sənədində qeyd olunan mənzilə köçürülmüş, hər iki tərəfə hüquq və vəzifələri izah edilmiş, həyata keçirilmiş icra hərəkətlərinə dair tərəflərin heç birindən şikayət və ya tələb daxil olmamışdır. 28 dekabr 2019-cu il tarixli ərizənin surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(007)-1448/2019 saylı icra sənədi üzrə tələbkar İddiaçı ərizə ilə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, 28 dekabr 2019-cu il tarixdə icra sənədində göstərilən mənzilə köçürüldüyünü, bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənləri nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra üzrə icraata xitam verilməsi haqqında 28 dekabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, iddiаçı Cəfərоvа Səyyаrə İftiхаr qızının Bаkı şəhəri Nizаmi rаyоnu Mətləb Ağayev küçəsində yеrləşən ev 60 mənzil 2 ünvanına köçürülməsi barədə tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(007)-1448/2019 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 18 fevral 2020-ci il, 01 iyun 2020-ci il və 11 noyabr 2020-ci il tarixli kirayə müqavilələrinin surətindən görünür ki, X5 tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 71 kvadrat metr olan mənzili 800 manat kirayə haqqı müqabilində 18 fevral 2020-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək İddiaçı kirayəyə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsində toplanmış materiallardan görünür ki, İddiaçı 15 yanvar 2020-ci il tarixdə ərizə ilə 23-cü PByə müraciət edərək keçmiş əri Cavabdeh tərəfindən onun məhkəmə qətnaməsi ilə tanınmış mənzilə daxil olmasına maneçilik törədilməsini bildirmiş və azyaşlı uşaqları ilə birlikdə Bаkı şəhəri Nizаmi rаyоnu Mətləb Ağayev küçəsində yеrləşən ev 60 mənzil 2 ünvanında yaşamaq hüququnun təmin edilməsini xahiş etmişdir. İddiaçı qaynanası X11 23-cü polis bölməsinə verdiyi izahatında keçmiş gəlini İddiaçı gecələr evə gec gəldiyinə, onların ailə dəyərlərinə hörmətsiz yanaşdığına görə Səyyarənin onlarla bir evdə yaşamasına razı olmadığını bildirmişdir. Toplanmış material baxılması üçün 17 yanvar 2020-ci il tarixli müşayiət məktubu ilə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması və ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən onun məhkəmə qətnaməsi ilə köçürülməsi qət olunmuş Bаkı şəhəri Nizаmi rаyоnu Mətləb Ağayev küçəsində yеrləşən ev 60 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsinə daxil olmasına maneçilik törədilməsini göstərsə də, məhz Cavabdeh tərəfindən ona qarşı konkret hüquqazidd əməlin törədilməsini sübuta yetirə bilməmişdir. İddia ərizəsinə etirazdan da görünür ki, Cavabdeh iddiaçının həmin mənzilə köçməsinə etiraz etmir. (i.v.47-49) İş materiallarında olan icra məmuru tərəfindən tərtib olunmuş 28 dekabr 2019-cu il tarixli aktdan da görünür ki, borclu Cavabdeh tələbkar İddiaçı göstərilən ünvana köçürülməsinə etiraz etmədiyini bildirmişdir. (i.v.66) Bundan əlavə, İddiaçı kirayə mənzilə köçəcəyi halda kirayə haqqının cavabdeh tərəfindən ödəniləcəyi barədə aralarında razılıq olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı onun mənzilə köçürülməsi barədə akt tərtib edildikdən sonra borclu Cavabdeh tərəfindən tələbkarın yaşamasına maneçilik törədildiyi halda, icra sənədi üzrə icraatın təzələnməsi barədə icra məmuruna müraciət etmək hüququna malik olsa da, bu hüquqdan istifadə etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-1605/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7642/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7642/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver