Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7647/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-97/2021 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1486 manat maddi ziyan tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2280 manat dəymiş maddi ziyan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və həmin qeydiyyat əsasında daşımaz əmlak ona məxsusdur. Cavabdeh qonşu olmaqla ünvan 2 ünvanında yaşayır və həmin mənzilin sahibidir. Cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq dördüncü dəfə mütəmadi şəkildə su ilə daşqın edilir. Cavabdehin özünə məxsus mənzilindən yaşadığı mənzil sahəsi su ilə daşqın edilmiş və ona məxsus mənzillə bağlı ona böyük məbləğdə maddi ziyan dəymişdir. Hamam-tualetin tavanı, mətbəxin tavanı və divarları yararsız olmaqla tam qopmuş və yararsız hala düşmüşdür. Evinin giriş koridorunun tavanı və döşəməsi divar kağızları ilə birlikdə çirkab suyun tökülməsi ilə yararsız hala düşmüş və tam təmirə ehtiyac vardır. Yaşayış otaqlarının tavanı xeyli çatlarla gözə görünür. Ümumi nəticədə ustalar tərəfindən mənzilə ümumi baxış keçirilərək mənzil sahəsinin yenidən təmir və bərpa işləri hazırkı vaxta qədər 2280 manat dəyərində müəyyən edilmişdir. Həmin xərclər mənzil sahəsinin tam təmir edilməsinə kifayət edir. Görülməli işlərin siyahısı və xərclər aşağıdakı kimidir: materialların alınması 1000 manat, nəqliyyat xərci 80 manat, təmir üçün ustaların haqqı 1000 manat, tullantıların daşınması 200 manat. Hadisədən sonra onun mənzilinə dəymiş ziyan barədə cavabdehə dəfələrlə məlumat versə də o, bu xərcləri ödəməkdən imtina edir. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-97/2021 saylı 05 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nizami rayon Məhkəməsinin 2(007)-97/2021 saylı 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.01.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 11 saylı evin 46 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 302 №-li reyestr kitabının 28801 nömrəli vərəqində ********* №-si ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 76 saylı MKİS-nin əməkdaşları tərəfindən 30.08.2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 11, mənzil 46-ya baxış keçirilmiş və baxış zamanı 46-cı mənzilin dəhlizinə, mətbəxin tavanına və otaqların tavanlarına su axıdılması aşkar olunmuşdur və şəkillər akta əlavə edilmişdir. 48-ci mənzilin sakinləri tərəfindən kanalizasiya xəttinə məişət tullantıları atılmış və xətdə tutulmalar baş vermişdir. Dəfələrlə su kanalizasiya işçiləri tərəfindən xətlərin təmizlənməsinə baxmayaraq avqust ayı ərzində bu hallar 2 dəfə təkrarlanmışdır. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İşlə olan Bakı şəhəri 76 saylı MKİS-nin əməkdaşları tərəfindən 30.08.2019-cu il tarixdə tərtib edilmiş akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 11, mənzil 46-nın yaşayış otaqlarının divarlarının müxtəlif yerlərdə su axıntı izlərinin olması, bəzi yerlərdə çatlaması, üzərində su ləkə izləri müşahidə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2021-ci il tarixli 10/3817 nömrəli rəyindən görünür ki, iddiaçının və cavabdehin mənzillərinin birbirinin üstündə yerləşməsini, iddiaçının 46 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu və mülki iş materiallarında olan “Akt”-ın göstəricilərini nəzərə alaraq iddiaçının 46 saylı mənzilinə üst mərtəbə yerləşən 48 saylı mənzilin kanalizasiya xəttinə məişət tullantıları atılması və xəttə tutulmaların yaranması səbəbindən su sızması müəyyən edilir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 11 saylı evin 46 saylı mənzilində əmələ gəlmiş mövcud qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1486 manat məbləğində olduğu müəyyən edilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 11 saylı evin 46 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 48 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı C.Naxçıvanski küçəsində yerləşən 11 saylı evin 46 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 48 saylı mənzildən sızması, suyun sızmasının isə 48 saylı mənzilin kanalizasiya xəttinə məişət tullantıları atılması və xəttə tutulmaların yaranması səbəbindən baş verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin hallarından görünür ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində X2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddiaçı X2 məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-97/2021 saylı 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7647/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7647/2021
30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver