Məhkəmə qərarları › İş №2(103)-765/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-765/2023

14.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-765/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı vəkili X5 və cavabdeh Ləğv prosesində olan "xxxx" qapalı səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq ona təhvil verilməsi, ayrıca yolunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbdə göstərilir ki, 613 və 613A bağ sahələri ona atasından və dayısından miras qalmış, 616 saylı bağ sahəsinə bitişik istifadə edilmişdir. 616 saylı bağ sahəsinə onun icarə hüququ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2016-ci il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmişdir. Hər üç bağ sahəsi bu günə kimi vahid bağ sahəsi kimi onun tərəfindən istifadə edilmiş, sərhədləri müəyyən edilməmişdir. Belə bir halda, bağın bir hissəsinin hərracdan satılması onun qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olacaqdır. Odur ki, hesab edir ki, onun üzərində icarə hüququ tanınmış və mübahisə predmeti olmayan ümumi ölçüsü 0,10 ha olan 616 saylı bağın 0,05 ha hissəsi naturada ayrılaraq ona təhvil verilməli, ayrıca çıxış yolu müəyyən edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2020 nömrəli, xx.xx.2020- ci il tarixli qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-torpaqşünaslıq ekspertizasının 10/3042 saylı xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəfdən isə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri ilə əhatə olunduğuna, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 616 saylı bağ sahəsinin yerləşdiyi hissənin faktiki olaraq birbaşa giriş-çıxışı olmadığına, həmçinin mülki iş materiallarında və təqdim olunmuş mütəxəssis rəyində sənəd üzrə 616 saylı bağ sahəsinə hər hansı tərəfdən giriş-çıxışın olmasına dair məlumat mövcud olmadığına görə, həmin bağ sahəsinin naturada ayrılması texniki baxımdan mümkün deyildir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edərək hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilməməlidir. İş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 224.1, 224.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək mövqeyini belə əsaslandırılmışdır ki, qanuni əsaslarla istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi, "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində istifadədə olan 0.05443 ha torpaq sahəsində yerləşən 61За nömrəli bağ evi və 0.01162 ha torpaq sahəsi olan 613 nömrəli bağ evi birbirilərinə birləşikdir və naturada ayrılmamışlar. Həmin ipoteka predmetləri satılacağı halda 616 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi yaranacaqdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və iş üzrə səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10599/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4759/2022 saylı, 05 oktyabr 2022ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10599/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi həmin qərarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunub-olunmaması, tutma yönəldilmiş əmlakların hərracdan satılıb-satılmaması, həmin bağ sahələrinin mülkiyyətçilərinin (və ya mülkiyyətçisinin) kim olması araşdırılmadığından, iş materiallarından 613 və 613A bağ sahələrinin hazırkı mülkiyyətçilərinin kim olması müəyyən edilmir. Halbuki, torpaq sahəsinin naturada ayrılması tələbinə dair işlər üzrə qiymətləndirmədə ilk addım mülkiyyətçilərin müəyyən edilməsi olmalıdır. Bu hal iddia tələbinin kimə qarşı yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə alınmalıdır ki, həmin bağ sahələrinin "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi hazırkı iddia tələbinin Banka qarşı irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, əmlakın Bank qarşısında ipoteka ilə yüklü edilməsi hələ Bankın həmin əmlakların mülkiyyətçisi olması demək deyildir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hazırkı iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbini qabaqlayıcı tədbir qismində irəli sürmüşdür ki, bağın bir hissəsinin hərracdan satılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmasın. İddiaçının hansı pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud hansı hüququnun təsdiqi üçün məhkəməyə müraciət etməsi iddia ərizəsindən müəyyən olunmur. Gələcəkdə baş verməsi ehtimal edilən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət edilməsi isə yolverilməzdir. Məhkəmə iclasında iddiaçının vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Əvvəla, kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə əlaqədar xx xxxxxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 613 və 613a saylı bağ (evlərinin) sahələrinin (Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü olmuşdur) hal-hazırda kimin mülkiyyətində olub-olmaması, tutmanın həmin bağ sahələrinə (evlərinə) yönəldilib-yönəldilməməsi, hərracdan satılıb-satılmamaları barədə məlumatların, o cümlədən tarixləri göstərilməklə onların əldə edilməsi üçün əsas olmuş bütün hüquq müəyyənedici sənədlərin, o cümlədən hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqavilələrinin (qiymətləri göstərilməklə) yaxud digər əqdlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğu ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********03 3-21-3-30/2- 3603/2023 saylı, 03 fevral 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən 0.25 hektar torpaq sahəsi olan 613 saylı bağ sahəsi 115 nömrəli xx.xx.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında X2 icarəsinə verilmişdir. Onun razılığı ilə bağ sahəsinin 0.12 hektar hissəsi 613a saylı bağ sahəsi kimi İddiaçı İskəndər oğlunun adına keçirilmişdir və onunla 19197 nömrəli xx.xx.1988-ci il tarixli müqavilə bağlanılmışdır. Yerdə qalan 0.12 hektar hissəyə dair 613 saylı bağ sahəsi kimi Sahibov İsgəndər Əliqulu oğlu ilə xx.xx.1983-ci il tarixli 115 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 613 sayh bağ evi xx.xx.2000-ci il tarixdə Sahİbov İsgəndər Əliqulu oğlunun adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş 2V-1-73 reyestr nömrəli xx.xx.2007-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 14.41 kv.m yaşayış, 39.74 kv.m köməkçi sahədən ibarət **********40- 11302 reyestr nömrəli 613 saylı bağ evi xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Məlumat olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə koliegiyasının xx.xx.2010-cu il tarlxli 2(103)-2501/2010 nömrəli Qətnaməsi ilə Sahibov İsgəndər Əliqulu oğlunun icarəsində olmuş 613 saylı bağın 0.06 hektar torpaq sahəsinə, həmin bağ sahəsində yerləşən tikilinin 1/2 hissəsinə X1 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə əsasında 613 saylı bağ sahəsinin 0.06 hektar hissəsi xx.xx.2013-cü il tarixdə X1 adına qeydiyyata alınmış, alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda 613K saylı 0.06 hektar bağ sahəsi kimi X3 mülkiyyətindədir. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 613a saylı bağ evi xx.xx.1988-ci il tarixli 19197 nömrəli müqavilə əsasında xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra bağ evinə dair qeydiyyat vəsiqəsi xx.xx.2007- ci il tarixli dövlət reyestrindən çıxarışla əvəzlənmiş, Mərdəkan qəsəbəsində istifadəsində olan 0.05443 hektartorpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 10.04 kv.m yaşayış, 29.09 kv.m köməkçi sahədən ibarət **********21-11301 reyestr nömrəli 613a saylı bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. İddiaçı mülkiyyətində otan Mərdəkan qəsəbəsi 613 və 613a saylı bağ evləri QSC Bank Standart KB-nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin bağ evlərinin reyestr məlumatlarında hərracla bağlı müraciət aşkar olunmamışdır. İddiaçı mülkiyyətində olan əmlaklar üzərində hər hansı əməliyyatın aparılmaması barədə Yasamal rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli xx/xx-1420/5 nömrəli bildirişi daxil olmuşdur. Həmçinin sorğunun icrası ilə əlaqədar müvafiq sənədlərin İdarə tərəfindən təsdiq edilmiş surətləri də cavab məktubuna əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yeni apellyasiya baxışı zamanı həm tərəflərin izahatları, həm də alınmış rəsmi sənəd və məlumatlarla bugünədək Bakı şəhər Yasamal Rayon Məhkəməsini 01 oktyabr 2012-ci il tarixli qətnaməsi 10 ildən artıq bir müddətdə icra olunmadığı, yəni tutmanın yönəldiyi bağ sahələrinin hərracdan satılmadığı, 613 və 613A bağ sahələrinin hazırkı mülkiyyətçisi elə iddiaçının özü olduğu təsdiq olundu. Deməli iddiaçı bu cür iddia tələbini özünə qarşı yönəltmişdir. Başqa sözlə, 613 və 613A bağ sahələrinin "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi də, hazırkı iddia tələbinin ona qarşı irəli sürülməsi üçün əsas ola bilməzdi. Çünki, ipoteka ilə yüklü edilmə ipoteka saxlayanın qeyd olunan bağ sahələrinin mülkiyyətçisi olması demək deyildir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünə bilər ki, iddiaçı tələbini qabaqlayıcı tədbir qismində irəli sürmüşdür ki, ipoteka ilə yüklü edilmiş bağların hərracdan satılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmasın. Ancaq hazırki vəziyyətdə, iddiaçının hansı pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud hansı hüququnun təsdiqi üçün məhkəməyə müraciət etməsi iddia ərizəsindən müəyyən olunmur. Gələcəkdə baş verməsi ehtimal edilən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət edilməsi isə yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddia üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunu yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işin icraatına iş məhkəmədə baxılmalı olmadığı əsası ilə xitam verilməlidir, Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5, 387.2.8, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar