Məhkəmə qərarları › İş №2(103)-765/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-765/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-765/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə (Maraqlı şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2597/2024 saylı, 15 avqust 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. “Kia Cerato” markalı ** FC *** dövlət nömrə nişanlı avtomobilin AB№967789 Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat şəhadətnaməsi xx.xx.2013cü il tarixdə verilmişdir və xüsusi qeydə əsasən avtomobil üzərində "xxxx" ASC-nin ipoteka yüklülüyü qeydə alınaraq özgəninkiləşdirilməsi qadağan edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-155/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X3 5530 (beş min beş yüz otuz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikasının manata məzənnə kursuna uyğun olaraq) alınaraq iddiaçı Maraqlı şəxs verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

3. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin Maraqlı şəxs ünvanladığı xx.xx.2022-ci il tarixli 177086/22-38-6 saylı təklif məktubundan görünür ki, Maraqlı şəxs borclu X4 məxsus “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.400 manata alınması təklif edilmişdir.

4. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 376/23-38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilməsi nəzərdə tutulmuşdur.

5. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115-1 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 376/23- 38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilmişdir.

6. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115-2 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 376/23- 38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilməsi nəzərdə tutulmuşdur.

7. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 115-3 nömrəli bildirişdən görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 376/23- 38-10 saylı sifarişi ilə “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçirilməsi nəzərdə tutulmuşdur.

8. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 107 saylı protokolundan görünür ki, 01 avqust 2013-cü il tarixli 1157xx-xx-11293 saylı ipoteka müqaviləsi üzrə ipoteka saxlayan İddiaçı ASC qarşısında yüklü edilmiş «KİA Cerato» markalı ** FC *** dövlət qeydiyyat nişanlı minik avtomobili həmin bankın iştirakı və məlumatı olmadan digər məhkəmə aktına əsasən verilmiş icra vərəqəsinə və icra qurumunun sifariş məktubuna əsasən təşkil edilən hərracda 8.260 manata Maraqlı şəxs tərəfindən alınmışdır.

9. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1301/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin X4 qarşı «avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Ağcabədi rayon İcra şöbəsinin Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1713/2023 nömrəli məktubdan görünür ki, “Kia Cerato minik” markalı, **-FC-*** dövlət qeydiyat nişanlı avtomobilin Maraqlı şəxs adına sənədləşdirilməsinin mümkünlüyü məsələsinə baxılması xahiş edilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 1749/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(017)- 1301/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1144/2024 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(106)-1749/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-116652/2024 saylı məktubuna əlavə edilmiş komputer uçot məlumatlarına dair çıxarışdan görünür ki, “Kia” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin xeyrinə ipoteka müqaviləsinə əsasən özgələşməsinin qadağan edilməsinə dair qeydiyyat mövcuddur.

13. İşin apellyasiya baxışı zamanı sorğuya cavab olaraq verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 37443/2025 saylı məktubuna əlavə edilmiş komputer uçot məlumatlarına dair çıxarışdan görünür ki, “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin xeyrinə ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair qeydiyyat mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcəbədi rayon İcra İdarəsinin icra məmurunun sifarişi əsasında Cavabdeh MMC-nin təşkilatçılığı ilə baş tutmuş hərracın yekunları barədə 6 iyul 2023-cü il tarixli, 7 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X7 arasında xx.xx.2013-cü il tarixdə 115751-1-8050 saylı avtomobil krediti müqaviləsi bağlanmışdır. Həmçinin tərəflər arasında bağlanılmış kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2013cü il tarixli 1151xx-xx-11293 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Lakin borclu tərəfindən öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etmədiyi üçün bank tərəfindən Ağcabədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh X5 qarşı qaldırılmış iddia tələbinə dair iddia müddətini ötürdüyü üçün iddia təmin olunmamışdır. Daha sonra banka məlum olmuşdur ki, X4 məxsus, bank qarşısında yüklü edilən «Kia Cerato» markalı, G4FGDH639128 mühərrik nömrəli, KNAFX411B5D078739 ban nömrəli **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin vasitəsi ilə hərraca çıxarılmış və həmin avtomobil banka məlumat verilmədən xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs satılmışdır. Halbuki bankın maraqlarına toxunan məsələ olduğu üçün hərracın keçirilməsi ilə bağlı banka hər hansı bir bildiriş daxil olmamış və bankın digər şəxslərə münasibətdə üstün mövqeyi nəzərə alınmamışdır.

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Ağcabədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 borcun tutulmasını xahiş etmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bank tərəfindən qaldırılmış iddia tələbi iddia müddəti ötürüldüyü üçün təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1144/2024 saylı qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bankın hazırki iddia üzrə mübahisələndirdiyi avtomobili Cavabdeh MMC-nin 7 nömrəli protokoluna əsasən real alıcı olaraq açıq hərracda əldə etmişdir. Hazırda həmin avtomobili öz adına rəsmiləşdirmək istəsə də, avtomobil üzərində məhdudiyyət olduğundan rəsmiləşdirə bilmir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2597/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən hərrac təşkil olunub keçirilərkən, ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs İddiaçı ASC-yə məlumat verilməmiş, hərrac qanunla müəyyənləşdirilmiş qaydalara riayət edilmədən keçirilmiş, nəticə etibarı ilə İddiaçı ASC-nin hüquqları pozulmuşdur. Açıq hərraca çıxarılmış əmlak xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu halda icra qurumu hərrac mərkəzinə sifariş verən anda ipoteka saxlayanın bu əmlakda marağının olmasını və İddiaçı ASC-nin məlumatlandırılmasını həyata keçirməmişdir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək özgəninkiləşdirilməsinə qadağa qoyulmasına baxmayaraq həmin avtomobil mülkiyyətçisinin (X7) başqa şəxs (Maraqlı şəxs) qarşısında olan öhdəliyinin icrasından irəli gələrək açıq hərraca çıxarılmışdır. Qeyd edilməlidir ki, qeyd edilən avtomobil açıq hərracdan satışa çıxarılarkən həmin avtomobilin ipoteka yüklülüyü nəzərə alınmamış, xeyrinə yüklülük aparılmış şəxsin (İddiaçı ASC) hüquqları pozulmaqla hərrac baş tutmuş və avtomobili hərracdan digər tələbkar - Maraqlı şəxs əldə etmişdir. Məhkəmə qeyd etmişdir ki, hərrac keçirilən an avtomobil üzərində yüklülük olmuş və sonradan İddiaçı ASC-nin borclu X4 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasını iddia müddəti tətbiq edilməklə rədd edilməsi ipotekasaxlayan İddiaçı ASC-nin ipoteka predmeti olan avtomobil üzərində ipoteka hüquqlarına xitam vermədiyindən hərracın yekunları barədə protokol etibarlı hesab edilə bilməz.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 319 və 416-cı maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 və 7.3-cü maddələri; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.2 və 45.6-cı maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2597/2024 saylı, 15 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə İddiaçı ASC kreditin ödənilməsi tələbinə dair cavabdeh X6 qarşı iddiası təmin edilməməsinə baxmayaraq “KİA” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin iddia tələbi təmin edilmədiyi halda borcun ödənilməsi ipotekaya yönəldilə bilməz. Bunun üçün bankın xeyrinə nə məhkəmə qətnaməsi, nə də icra işi yoxdur. Belə olan halda İddiaçı ASC-nin ipoteka ilə formal olaraq yüklü olan avtomobilin ilk olaraq banka təklif edilməli olması barədə arqumentləri tam olaraq əsassızdır. Faktiki olaraq əsas borcu tələb etmək hüququnu itirmiş İddiaçı ASC həm də ipotekaya dair hərəkətləri, o cümlədən öz mülkiyyətinə keçirməsi mümkün deyildir. Odur ki, mübahisəli avtomobili onun hərracdan almağı İddiaçı ASC-nin qanunla qorunan hüquq və mənafeyinə heç bir ziyan vurmamışdır. Belə olan halda onun avtomobili əldə etdiyi hərracın nəticələrinin etibarsız hesab edilməsi İddiaçı ASC-nin heç bir hüququnu bərpa etmir. Artıq mübahisəli avtomobil İddiaçı ASC-nin öhdəliyin icrasının təminatı rolunu oynamır. Artıq ipoteka ilə yüklü edilmiş əmlak, “KİA Corete” markalı avtomobil öhdəliyin əvəzini ödəmək vasitəsi kimi formal olaraq mövcuddur. İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakı öz mülkiyyətinə keçirə və ya hərracdan satılmasını tələb edə bilməz. Bu səbəbdən də İddiaçı ASC-nin hüquq və mnafeyinə ziyan dəyməmişdir.

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və işdə iştirak edən digər şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 28.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 30.Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 32.138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 33.269.1-ci və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 34.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 35.372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 36.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 37.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

38. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 39.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

40. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

41. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanunun

42.30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 43.30.5-ci maddəsinə əsasən, bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. 44.31.1-ci maddəsinə əsasən, ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 45.31.2-ci maddəsinə əsasən, ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. 46.44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 47.48.1-ci maddəsinə əsasən, ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda hallarda xitam verilir.

“İcra haqqında” Qanunun

48.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 49.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 1 iyul 2022ci il tarixli Qərarına görə, mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair razılaşmanın qadağan edilməsini ehtiva edir. İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər. 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

52.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 53.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

54.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.Belə ki, yuxarıda sadalanan qanunvericilik normaları ilə əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın - kreditorun əmlak mənafeyinin qorunması baxımından ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız olması müəyyən edilmişdir. Belə ki, ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Odur ki, əsas öhdəliyin icrası ilə bağlı kreditorun mənafeyi üçün yarana biləcək təhlükələrin qarşısını almaq məqsədilə qanunverici ipoteka qoyanın əsas öhdəliyin icrasının təminatı olaraq çıxış edən ipoteka predmeti barədə sərəncam əqdi bağlayarkən ipoteka saxlayanın yazılı razılığını əldə etməli olduğunu təsbit etmişdir. 56.İddiaçı apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1301/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin X4 qarşı «avtomobil kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edildiyinə istinad etmişdir. İddiaçının mövqeyinə görə, əsas öhdəlik üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddia rədd edildiyi üçün əsas öhdəliyin təminatı olaraq yaranmış ipotekaya xitam verilmişdir. Əsas öhdəlik üzrə tələbin məhz ipoteka predmeti hesabına qarşılanması mümkün olmadığından, hazırkı iddia təmin edilə bilməz. 57.Apellyasiya şikayətində göstərilən dəlillər ilə əlaqədar kollegiya qeyd etməyi zəruri sayır ki, iddia müddətinin keçməsi hər hansı müqavilədən irəli gələn tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Beləliklə də iddia müddətinin keçməsi əsas öhdəliyin xitamına səbəb olmadığından, əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi də nəzərə alına bilməz. 58.Konstitusiya Məhkəməsinin Plenumu da bu qəbildən çıxış edərək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. 59.Qanunverici də borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. 60.Belə ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda hallarda xitam verilir. 61.Əksinə həmin Qanunun müvafiq maddələrinə görə, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka predmetinə qanunvericilikdə nəzərdə tutulmuş qaydaları pozulmaqla sərəncam verilməsi, ipoteka saxlayanın ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını və ya ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququnun yaranmasını şərtləndirir (30.1, 31.1) 62.Beləliklə də, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmadığından ipoteka saxlayan qismində çıxış edən iddiaçının “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki məhdud əşya hüququ müdafiə edilməli, həmin avtomobilin özgəninkiləşdirilməsinin əsasında duran müqavilə qüvvəli olan hərracın yekunları barədə 6 iyul 2023-cü il tarixli, 7 nömrəli protokolun, ipoteka predmetinə sərəncam verilməsinə dair ipoteka saxlayanın razılığı alınmadığından, etibarsız olması təsbit edilməlidir. 63.Belə ki, apellyatorun tələbkar olduğu icra sənədinin icra edilməsi məqsədi ilə hərrac keçirilərkən “KİA Cerato” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki bankın xeyrinə olan yüklülük qüvvədə olmuşdur.

64. Qeyd edilənlərə əsasən, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 65.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

66. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2597/2024 saylı, 15 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar