Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7651/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanveri qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Cavabdeh2 qarşı «vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 24.035 manat ziyan, 6.000 manat əldən çıxmış fayda, vurulmuş mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 40.035 manat ziyanın cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümaynədəsinin vəsatətlərinə əsasən, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli rayonundan məcburi köçkündür. 2019-cu ilin may ayından Bakı şəhəri Nərimanov rayonu 2095-2096-cı məhəllədə yerləşən, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinə məxsus «Taxta bazarı» adlanan sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 22 avqust 2019-cu il tarixdə evdə olarkən yaxın tanışları ona zəng vuraraq «Taxta bazarı»nda yanğın baş verdiyini bildirmişdir. Dərhal hadisə yerinə getdikdə görmüşdür ki, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən icarəyə götürdüyü 100 kvadratmetr sahə içindəki avadanlıq və xammalla birlikdə yanaraq kül olmuşdur. Baş vermiş yanğın nəticəsində ona 24.035 manat ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən istintaq aparılmış, şahidlər, zərər çəkmiş şəxslər dindirilmiş, ekspertizalar keçirilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, yanğının mənbəyi «taxta bazarı»nın birinci bazar hissəsində "xxxx" MMC-nin direktoru Cavabdeh2 istifadəsində olan ticarət obyektinin arxasında taxta yonqarlarının yığılması üçün nəzərdə tutulmuş «bunker» adlanan tikintinin olduğu sahədə yerləşmişdir. Yanğın Cavabdeh2 istifadəsində olan ticarət obyektinin arxasında taxta emalı sexi kimi fəaliyyət göstərən sahədəki taxta yonqarlarının yığılması üçün nəzərdə tutulmuş «bunker» adlanan tikintinin qarşısında yerə tökülmüş taxta yonqarlarının və tozun üzərinə avtokarın mühərrikində yanacağın yanma prosesində əmələ gələn tam yanmamış qızmış yanacaq hissəciklərinin düşməsi nəticəsində baş vermişdir. İstintaqla müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.9, 2.4, 3.1-ci bəndlərinin, «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları»nın 1.2, 1.3, 1.6, 1.7-ci bəndlərinin, «Ağac emalı sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariya qaydaları»nın 48-ci bəndini və «Sənaye müəssisələri üçün nümunəvi yanğın təhlükəsizliyi qaydaları»nın 2.1.1, 3.5.19-cu bəndlərinin tələbləri pozulmuşdur. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin direktoru X14 «taxta bazarı»nda istifadəyə verilmiş ticarət obyektlərində (Cavabdeh2 verilmiş obyektdə) yalnız inşaat materiallarının satış fəaliyyəti ilə məşğul olması nəzərdə tutulduğu halda müqavilədən kənara çıxaraq taxta emalına icazə vermiş, yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmiş, bununla da «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.5, 1.9, 2.4-cü bəndlərinin və «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları»nın 1.6, 1.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin rəisi X7 nəzarət etdiyi «taxta bazarı»nda istifadəyə verilmiş ticarət obyektlərində tərəflər arasında bağlanmış müqaviləyə əsasən yalnız tikinti və inşaat materiallarının satışı ilə məşğul olmaq əvəzinə müqavilənin şərtlərini qəsdən, şəxsi maraqlarına görə pozaraq ticarət obyektlərində sahibkarlar tərəfindən taxta emalı istehsalı ilə məşğul olmağa icazə vermiş, yanğından təhlükəsizlik qaydalarına nəzarət edilməsinə əməl etməmiş, bununla da «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.9-cu bəndinin və «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları»nın 1.6, 1.7-ci bəndlərinin tələblərini pozmuşdur. Vəzifəli şəxslərin qanunları kobud surətdə pozması nəticəsində ona 24.035 manat və digər sahibkarlara külli miqdarda ziyan vurulmuşdur. Müstəntiq qərarın 16-cı səhifəsində 2-ci abzasda göstərmişdir ki, «Yoxlama materiallarından göründüyü kimi, baş vermiş yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, X3, X10, X1, İddiaçı, "xxxx" MMC-yə və "xxxx" MMC-yə dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilmir. Odur ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" MMC-nin direktoru Cavabdeh2, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin Tikinti şöbəsinin rəisi X5 və Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin direktoru X8 əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibi başlanması rədd olunmalıdır». İstintaqla müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə 194.224 manat, X4 291.670 manat, X10 105.877 manat, X1 199.520 manat, "xxxx" MMC-yə 186.160 manat, ona 24.035 manat ziyan dəymişdir. Müəyyən olunduğu kimi, adları sadalanan vəzifəli şəxslərin qəsdən, sair maraqlara görə yol verdiyi qanun pozuntuları ağır nəticələrə səbəb olmuş, sahibkarlara külli miqdarda ziyan vurulmuşdur. Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi Cəmaləddin İbişovun 25 fevral 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarından Azərbaycan Respublikasının Baş X11 şikayət vermişdir. İş Azərbaycan Respublikası Baş Prokurorluğuna məruzə olunub və qərarın əsaslı olduğu qənaətinə gəlinib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən ona ünvanlanmış 12.06.2020-ci il tarixli 37/A-01060 saylı məktubla qərarın qüvvədə olduğu təsdiqlənməklə ona vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qərardan müəyyən olunmuşdur ki, digər şəxslərə vurulmuş ziyan ödənilmiş, o, məcburi köçkün olduğu, köməksiz və arxasız olduğu üçün aldadılmış, ziyan ödənilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, yanğın nəticəsində yanmış avadanlıq və materiallarının məhv olması nəticəsində qazanacağı gəlir də əldən çıxmışdır. Həmin materiallardan istifadə edəcəyi təqdirdə əlavə olaraq 6.000 manat qazanc əldə etmək imkanı var idi. Beləliklə, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin Tikinti şöbəsinin rəisi X5 və Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin direktoru X8 qanunsuz hərəkətləri nəticəsində ona 24.035 manat mal-material qismində ziyan və 6.000 manat əldən çıxmış gəlir qismində, ümumilikdə 30.035 manat ziyan vurulmuşdur. Bundan başqa, əmlakının yanması nəticəsində əsəb sarsıntısı keçirmişdir, dəfələrlə adları qeyd edilən şəxslərlə görüşərək ziyanın ödənilməsini tələb etsə də, aşağılayıcı ifadələrə məruz qalmışdır. Əmlak ziyanı vurulmuş digər şəxslərə ziyanın ödənilməsi, ona isə rədd cavabı verilməsindən mənəvi əzab çəkmiş, stress keçirmişdir. Ona vurulmuş mənəvi ziyanı 10.000 manat həcmində dəyərləndirir. Beləliklə, ona vurulmuş ziyan cəmi 40.035 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona vurulmuş ziyanla bağlı düzgün nəticəyə gəlsə də, əldən çıxmış fayda və mənəvi ziyana görə təzminat ödənilməsini təmin etməmişdir. O, yanmış mal-materialı istifadə etməklə qazanc əldə edəcəkdi, ona görə də əldən çıxan fayda ilə bağlı dəymiş zərəri 6000 manat məbləğində dəyərləndirmişdir. Bundan əlavə o, əmlakının yanması nəticəsində mənəvi sarsıntılara, get-gələ məruz qalmış və özünə dəyən mənəvi zərəri 10.000 manat dəyərləndirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi qismən dəyişdirilməli və özünə vurulmuş 24.035 manat maddi ziyanla yanaşı, 6000 (altı min) manat əldən çıxmış gəlirin və 10.000 (on min) manat mənəvi zərərin cavabdehlər tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti apellyasiya şikayətində ona istinad etmişdir ki, İddiaçı yanğın nəticəsində dəymiş ziyana görə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti deyil, digər Cavabdeh2 məsuliyyət daşımalıdır. Ona görə. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin əldən çıxmış fayda və mənəvi zərərin ödənilməməsi hissəsində Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi qismən dəyişdirilməsini və vurulmuş 24.035 manat maddi ziyanla yanaşı 6000 (altı min) əldən çıxmış gəlirin və 10.000 (on min) manat mənəvi zərərin cavabdehlər tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti və Cavabdeh2 oöğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etdi. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apellyasiya şikayəti qətnamənin yalnız əldən çıxmış fayda və mənəvi ziyanla bağlı hissəsindən, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin apellyasiya şikayəti isə yalnız özünə münasibətdə maddi ziyanın tutulması hissəsindən olduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılmalıdır. İddiaçı apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin əldən çıxmış fayda hissəsi iddiaçı tərəfindən müvafiq sübutlarla təsdiq edilmədiyinə görə məhkəmə kollegiyası həmin hissəsdə iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi ilə razılaşır. İddiaçı dəymiş mənəvi ziyanla bağlı məhkəmə kollegiyası baş vermiş yanğın nəticəsində ona 24.035 manat maddi ziyanın dəyməsi, yanğın hadisəsi nəticəsində iddiaçının mənəvi əzab və məyusluğa məruz qalması, ziyanın bərpası ilə bağlı müəyyən çətinliklərlə rastlaşması və onları dəf etməsini istisna etmir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı dəymiş ziyanın məhkəmə tərəfindən təmin olunması məqsədilə məhkəmə aktının qəbul olunması, onun məruz qaldığı mənəvi əzab və məyusluqlarının əvəzi kimi dəyərləndirilə bilər. Bu cür qənaətə gələrkən məhkəmə kollegiyası baş vermiş yanğın nəticəsində Cavabdeh2 da maddi ziyan dəyməklə onun da mənəvi sarsıntılara məruz qalmasını, həmçinin İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə məxsus ərazidə müvafiq müqavilə bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını da nəzərə alır. Beləliklə, İddiaçı əvəvz oğlunun apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilərək iddia tələbinin Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə münasibətdə rədd olunmasını onunla əsaslandırmışdır ki, “Cavabdeh2 ilə bağlanmış 01 avqust 2019-cu il tarixli müqavilənin 5-ci bəndində qeyd olunmuşdur ki, “istifadəyəverən” “istifadəçi”nin fəaliyyətində mövcud qanunvericiliyin tələblərinə əməl edilməsinə heç bir cavabdehlik daşımır və hər bir halda bütrün məsuliyyət “istifadəçinin” üzərində qalır. Həmin müqavilənin 6-cı bəndində qeyd olunmuşdur ki, “istifadəyəverən” “istifadəçi”nin dövlət orqanlarının tələblərini yeriunə yetirməsinə, həmçinin onlar və digər fiziki və hüquqi şəxslər qarşısındakı öhdəlikjlərinə heç bir cavbdehlik daşımır. Həmin müqavilənin 3.2.2-ci bəndində qeyd olunmuşdur ki, fəaliyyəti zamanı mövcud sanitariya-gigiyena normalarına, yanğın təhlükəsizliyi, elektrik enerjisindən istifadə və əməyin mühafizəsi, malların alqı-satqı qaydalarına, habelə digər qanunvericilik aktlarına əməl erdilməsini təmin etmək, istifadəyə götürülmüş sahədə yalnız tikinti və inşaat materiallarının satışı fəaliyyəini həyata keçirmək, istifadə müqaviləsinin şərtlərinə riayət etmək, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq istifadəçinin vəzifəsidir. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən istifadəyə verilmiş səyyar ticarət sahəsinin təyinatı üzrə istifadəsinə və istifadə hüquqlarının şərtlərinə və malların alqısatqı qaydalarına əməl edilməsinə nəzarət etmək istifadəyə verənin hüququdur... Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti sahibkarların sahibkarlıq fəaliyyətinə müdaxilə etməfdən qeyd olunan hallara münasibətdə yalnız icarəçi funksiyalarını daşıyır. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 4.2-ci maddəsinə əsasən istehsalat avadanlıqlarının quraşdırıldığı və təmir edildiyi elektrik qaz-qaynaq və digər odla əlaqədar işlərin aparıldığı zaman yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə görə məsuliyyət həmin işlərin həyata keçirildiyi ticarət, ictimai-iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin üzərinə düşür. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun olataq həmin müəssisələrin müdriyyəti öyrədir. Qeyd olunmalıdır ki, icarədarlar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin işçiləri deyildir, onlar bazarın azad subyektləri qismində icarədardırlar və Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin onları yanğınla bağlı təlimatlandırmaq vəzifəsi yoxdur”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Qeyd olunduğu kimi mülki işin materialları ilə yanğının Cavabdeh2 təqsiri nəticəsində baş verməsi mülki işin materialları ilə təsdiq olunur və onunla bağlanmış 01 avqust 2019-cu il tarixli müqaviləyə müvafiq olaraq Cavabdeh2 “istifadəçi” kimi fəaliyyəti zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsini təmin etməli idi. Həmin müqavilənin qüvvəyə minməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti Cavabdeh2a istifadəyə verilmiş sahədə yanğın təhlükəsizliyinin təmin olunmasına görə cavabdehliyi O. F.Abbasovun üzərinə qoymuşdur. Cavabdeh2 müqaviləni imzalamaqla bu öhdəliyi öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti ilə X12 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli müqavilənin 5-ci bəndinə əsasən”istifadəyəverən” “istifadəçi”nin fəaliyyətində mövcud qanunvericiliyin tələblərin əməl edilməsinə heç bir cavabdehlik daşımır və hər bir halda bütün məsuliyyət “istifadəçinin” üzərində qalır. Müqavilənin 6-cı bəndində isə müəyyən edilir ki, ”istifadəyəverən” “istifadəçinin” dövlət orqanlarılnın tələblərini yerinə yetirməsinə, həmçinin onlar və digər fiziki və hüquqi şəxslər qarşısındakı öhdəliklərinə və qarşılıqlı münasibətlərinə heç bir cavabdehlik daşımır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 təqsiri nəticəsində baş vermiş zərərə görə məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti deyil, X12 daşımalıdır. Birinci instansiya məhkəməsi vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsini qət etməkdə səhvə yol vermişdir. Ona görə Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi qismən vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi qismən vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən müştərək qaydada tutulması hissəsində ləğv edilsin. İddia tələbinin Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə aid hissəsi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7651/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7651/2021
11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver