Məhkəmə qərarları › İş №2(103)-7657/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7657/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7657/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2629/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, qətimkan tədbiri kimi həbsdə saxlanılmağı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin təsiri altında olmağı nəticəsində işə buraxılmadığı dövrdə əmək haqqı kimi ona ödənilməli olan 14000 manat məbləğində pulun, maddi ziyana görə 10.000 manat pulun və mənəvi ziyana görə 20.000 manat məbləğində pulun, cəmi 44000 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 1(002)-15/2020-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Həmin iş üzrə ona CM-nin 32.5 və 177.2.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin cinayət hadisəsi üzrə Xətai rayon məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Sonradan Xətai Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərarı ilə onun həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə həbsdən azad edilmişdir. Lakin barəsində cinayət işinin istintaqı davam etdirilmiş və 08 fevral 2019cu il tarixdə barəsində “başqa yerə getməmək haqqımda iltizam” qətimkan tədbiri seçilmişdir. Barəsində ittiham aktı tərtib edilərək təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. İstintaq orqanı tərəfindən qanunsuz olaraq uzun müddət həbsdə və qətimkan tədbirinin təsiri altında saxlanılmışdır. O, “Azəriqaz” İB Təmir Tikinti İdarəsində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. Həbs edilməyilə və barəsində istintaq aparıldığına görə 02.11.2018-ci il tarixdən 22.12.2020-ci il tarixə kimi işə buraxılmamışdır. O, 02 il 1 ay 20 gün işsiz qalaraq həmin müddət ərzində əmək haqqı almamış və ona maddi ziyan vurulmuşdur. Onun aylıq əmək haqqı 500-550 manat təşkil etmişdir. Həmçinin, aylıq əmək haqqı sonradan artırılmış və hazırda əmək haqqının bir saatına görə 3,61 manat əmək haqqı ödənilir. Bir ay ərzində gündəlik 08 saat iş qrafiki ilə 21 gün iş gününə görə 606,48 manat əmək haqqı ödənilməlidir. Həmin məbləğə iş yerindən verilən çörək pulu daxil deyildir. İstintaq orqanının təqsiri üzündən əmək haqqına görə ona 14000 manat ziyan dəymişdir. Bundan əlavə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, qətimkan tədbiri kimi həbsdə saxlanılmağı nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Həbsdə olduğu müddətdə ailə üzvləri onun yanına gəlmək üçün maddi ziyanlara düşmüşdür. Həmçinin, oğurluq cinayətinə görə qanunsuz həbs edilməyi ilə əlaqədar qohumlar və dost-tanışlarının yanında ləyaqəti alçalmışdır, hamı ona oğru kimi baxmışdır. Bunun nəticəsində dəhşətli əsəb gərginlikləri keçirmişdir, depressiya halına düşərək həyatımda heç vaxt yaddan çıxmaz mənəvi əzablara düçar olmuş və hədsiz mənəvi ziyan çəkmişdir. Həmçinin, həbsdə olduğu müddətdə qohumların xeyir məclislərində də iştirak edə bilməmişdir. Bu da ona və ailəsinə əlavə mənəvi iztirablar vermişdir. Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə 2.500 manat maddi ziyan və 500 manat mənəvi ziyan məbləğində kompensasiyanın ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin tam təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, maddi zərər tələbini təmin etməməklə ədalətsizliyə yol verdiyini, mənəvi zərərin məbləğini isə düzgün müəyyənləşdirmədiyini irəli sürmüşdür. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadan ümumi ifadələrə əsaslanaraq ona maddi və mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəlmiş, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbini nəzərə almamış, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etməmiş, bununla bağlı izah verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdehin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, məhkəmə iddiaçının xeyrinə 2500 manat mələğində maddi ziyanın əvəzini tutsa da, bu mövqeyini əsasladırmamış, hansı meyara görə göstərilən məbləğin hesablanmasını izah etməmişdir. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 1(002)-15/2020-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 noyabr 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan 08 fevral 2019-cu il tarixli qətimkan tədbiri seçmə barədə qərarından görünür ki, İddiaçı barəsində “başqa yerə getməmək haqqımda iltizam” qətimkan tədbiri seçilmişdir. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18.02.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Bu kontekstdə kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, qanunsuz həbsə alınması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, özünün və ailə üzvlərinin barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Kollegiya hüququn ümumi prinsipləri nəzərə alınmaqla iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyan məbləğinin ağlabatanlıq meyarından irəli gəlməklə hesab edir ki, 1000 manat məbləğində müəyyən edilməsini işin halları baxımından daha ədalətli və ağlabatandır. Kollegiya, həmçinin, hesab edir ki, iddia tələbi əmək haqqına aid hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İB TTİ-nin 12 fevral 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 17.06.2016-cı il tarixdən “Azəriqaz” İB Təmir Tikinti İdarəsində 5-ci dərəcəli təmirçi işləyir. 02.11.2018-ci il tarixdən 22.12.2020-ci il tarixədək İddiaçı işə çıxmamış, sonradan onun işdə olmadığı dövrlər üzürlü hesab edilərək 23.12.2020-ci il tarixdən işləməyə davam etmişdir. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq həbsdə saxlanıldığı müddət ərzində və daha sonra “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyinə görə özündən asılı olmayan səbəblərə görə işə çıxa bilmədiyindən və əmək haqqı almaqdan məhrum olduğundan 02.11.2018-ci il tarixdən 22.12.2020-ci il tarixədək (25 ay, 20 gün) ona orta hesabnan ödənilməli olan aylıq 440 manat əmək haqqı da cavabdehdən onun xeyrinə tutulmalıdır (440x25 ay,20 gün=11293). Bununla belə kollegiya hesab edir ki, işlədiyi hər bir gün üçün yemək pulu cavabdehdən tutula bilməz. Belə ki, göründüyü kimi həmin pul məbləği işçinin işlədiyi günlər üçün hesablanıb verilir; iddiaçı isə həmin müddətlərdə işləmədiyi üçün yemək pulunun hesablanması tələbi əsaslı deyildir. Digər tərəfdən iddiaçı özü də hesablanmasında yemək pulunu hesablamamışdır, həbsdə olduğu müddət ərzində isə həbsdə saxlanılan müəssisə tərəfindən yeməknən təmin olunmuşdur. Bundan başqa kollegiya hesab edir ki, iddia tələbi 10.000 manat maddi ziyanın ödənilməsinə aid hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı maddi ziyanın əvəzi olaraq 10.000 manat pulun ona ödənilməsini tələb etsə də, bu tələbini əsaslandırmamış, maddi ziyanın nədən ibarət olması və ona hansı məbləğdə maddi ziyan dəyməsini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2629/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının məbləği olan 11293 (on bir min iki yüz doxsan üç) manat və mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində kompensasiya ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar