Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7677/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh2 və qeyrisinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 Firmasının nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Firmasına və digərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.800 (on üç min səkkiz yüz) manat maddi ziyan, 10.000 (on min) manat mənəvi zərər, 111,50 (yüz on bir manat əlli qəpik) manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaiti olmaqla ümumilikdə 23.941,50 (iyirmi üç min doqquz yüz qırx bir manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın Cavabdeh1 firmasına münasibətdə qismən təmin olunması, Cavabdeh1 firmasından 7202 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 7702 (yeddi min yeddi yüz iki) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iİddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və vəkilə göstərilmiş yardıma görə 111,50 (bir yüz on bir manat əlli qəpik) məbləğində pulun Cavabdeh1 firmasından İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 20 (iyirmi) manat hissəsinin İddiaçı özünə aid edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun Cavabdeh1 firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh1 Firmasının nümayəndəsi, eyni zamanda vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Firmasının nümayəndəsi, eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili qismində Vəkil2 tərəfindən imzalanmışdır. Lakin nümayəndənin adına verilmiş 05 mart 2021-ci il tarixli etibarnamədə (iş v. 192) onun məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti göstərilməmişdir. Həmin etibarnamədə nümayəndənin cavabdehin adından «mülki işləri və cinayət işlərini aparmağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etmək» səlahiyyətində olması göstərilsə də, bu səlahiyyət MPM-nin 74-cü maddəsinin tələbləri baxımından məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti özündə ehtiva etmir. Çünki qeyd edilən prosessual norma müzakirə edilən səlahiyyətin nümayəndəyə verilən etibarnamədə xüsusi qaydada, yəni ayrıca, aşkar və aydın şəkildə qeyd olunmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələbinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Odur ki, qeyd edilən vəziyyəti nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi eyni zamanda vəkili tərəfindən imzalanmış apellyasiya şikayəti, cavabdehin adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsaapellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə eyni zamanda iddiaçının apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, apellyasiyanın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, apellyasiya şikayəti buna hüququ olan şəxs tərəfindən və qanunda nəzərdə tutulmuş müddətdə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı iddiaçının apellyasiya şikayətinə münasibətdə mümkün olsa da, Cavabdeh1 firmasının apellyasiya şikayətinə münasibətdə qeyri-mümkündür. Apellyasiya Cavabdeh1 firmasına münasibətdə qeyri-mümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, Cavabdeh1 firmasının apellyasiya şikayətinin qaytarılması üçün iş Suraxanı Rayon Məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan Cavabdeh1 firması tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, iddiaçıya aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, Kollegiya hesab edir ki, Cavabdeh1 firmasının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh2 və qeyrisinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Firmasının nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7677/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7677/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver