Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-768/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4334/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 1(012)-229/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Abşeron Rayon Məhkəməsinin bu hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.
2. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 3 ay 27 gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi kimi 21.600 manat, mənəvi zərərə görə 50.000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin 1(012)- 229/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim Ş.Nəcəfova) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçının müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-229/2022 saylı hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-290/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş, ona CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. O, 2012-ci ildən həbs edildiyi günə kimi fərdi sahibakarlıq fəaliyyəti ilə məşğul olmuş, 2016-cı ildən Xırdalan şəhəri, Heydar Əliyev prospektində yerləşən “Toğrul kişi geyimləri ayaqqabı evi” mağazasında fəaliyyət göstərmişdir. O, 10 yanvar 2016-cı il tarixdə vətəndaş Gülüsümxanım Quliyeva ilə notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən, Gülüsümxanım Quliyevanın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X4 küçəsi, bina 142, giriş 1 ünvanda yerləşən ümumi sahəsi 97.94 kv.m olan qeyri-yaşayış sahəsini ona xx.xx.2026-cı il tarixə kimi icarəyə vermişdir. Aylıq icarə haqqı isə 1000 manat müəyyən olunmuşdur. Bundan başqa, onun tutulduğu gün mağazada 50.000 (əlli min) manat dəyərində özünə məxsus və 15.000 (on beş min) manat dəyərində nisyə aldığı geyim və ayaqqabı olmuşdur. Barəsində cinayət işinin istintaqı aparıldığı, ona CM-nin 178-ci maddəsi ilə ittiham elan olunduqdan sonra və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxdıqdan sonra Yadigar Həsənov və qeyriləri tərəfindən onun barəsində məqsədli şəkildə yalan məlumatlar yayıldığı üçün onun işgüzar nüfuzuna xələl gəlmişdir. Bu isə bir sıra vətəndaşların mağazaya gəlib alış-veriş etməməsinə səbəb olmuşdur. Bundan başqa, ona CM-nin 178-ci maddəsi ilə ittiham elan olunduqdan sonra nisyə mal aldığı sahibkarların bir hissəsi ona verdiyi malları geri almışlar ki, bu da normal işin pozulmasına və satışın azalmasına səbəb olmuşdur. İttiham hökmü çıxarıldıqdan sonra mağazada olan kişi geyimləri və ayaqqabıları başqa şəkildə realizə edilə bilməmişdir. Bundan başqa, mağazada olan kişi geyimləri və ayaqqabılar mövsümlük olduğu üçün və mövsümündə satıla bilmədiyi üçün, növbəti ildə həmin malların satılması mümkünsüz olmuşdur. CM-nin 178-ci maddəsi ilə ittiham olunması və ittiham hökmünün çıxarılması onun sahibkarlıq fəaliyyətinə zərər vurmaqla yanaşı, barəsində mənfi fikirin formalaşmasına səbəb olmuşdur. Barəsində formalaşan mənfi fikri aradan qaldırmaq onun üçün çox çətin olacaqdır. Qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və 4 aya yaxın müddətdə həbsdə qalması ona maddi və mənəvi ziyan vurmaqla yanaşı, sağlamlığına da pis təsir göstərmişdir. Bundan başqa, o, hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və bu müqavilə üçün 600 manat pul ödəmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4334/2022 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 500 manat və mənəvi zərərə görə 4.000 manat, ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi işin araşdırılması zamanı müəyyən edilmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 4.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən məbləğdə maddi itkilərə məruz qalmasını, bununla təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilmədiyindən iddia bu hissədə qismən, yəni iddiaçının vəkilə xidmət haqqı olaraq ödədiyi pulu həcmində təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********/393685892 nömrəli və xx.xx.2022-ci il tarixli, 24032 nömrəli qəbzlərinə əsasən iddiaçının Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına müvafiq olaraq 300 manat və 200 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir.
8. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 1101.1-ci, AR Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(006)-4334/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda, son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
18. 21.1-ci maddəsinə əsasən 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1100-cü madəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. 1101.1-ci madəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
24. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin:
25. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
26. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
27. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
28. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
29. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
30. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
AR Mülki Prosessual Məcəlləsi
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. İşin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-229/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Abşeron Rayon Məhkəməsinin bu hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-290/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.
36. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 3 ay 27 gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Hazırkı işin hallarına (iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək azadlıqdan məhrum edilməsi və 3 ay 27 gün müddətində istintaq təcridxanasında saxlanılması, bununla da onun həmin müddətlərdə sərbəst hərəkət etmək imkanının və azadlığının məhdudlaşdırılması, sonradan isə ona həmin cinayət işi üzrə bəraət verilməsi) Konstitusiya Məhkəməsinin bu qərarında əks olunmuş hüquqi mövqedən yanaşdıqda belə nəticəyə gəlmək olur ki, istintaq və məhkəmə orqanlarının qeyd edilən hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasına dair iddiası əsaslı olmuşdur.
40. Belə ki, iddiaçının ona aidiyyatı olmayan cinayət əməli üzrə məhkum olunması və uzun müddət ərzində istintaq təcridxanasında saxlanılması onun adətən öyrəşdiyi həyat tərzinin kəskin dəyişməsi, əhəmiyyətli məhrumiyyətlərə uğraması, habelə öz vəziyyəti ilə bağlı inamsazlıq hissinin yaranması ilə nəticələnmiş olur ki, bu halların birlikdə mövcud olması şəxsi mənəvi iztirablara və sarsıntılara məruz qoyur.
41. Belə olan halda isə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məruz qaldığı mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb etmək hüququ yaranmış olur.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
43. Kollegiya iddiaçının 3 ay 27 gün müddətində həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 4.000 manat müəyyən edilməsini də əsaslı hesab edir.
44. Məhkəmə maddi ziyanın qismən təmin edilməsi hissəsində də məhkəmənin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının qanunsuz olaraq həbsdə saxlandığı müddətdə hüquqi yardıma görə vəkilə 300 manat və 200 manat olmaqla, ümumilikdə 500 manat pul vəsaiti ödəməsi iş materialları ilə təsdiqini tapır.
45. Cavabdeh apellyasiya şikayətində Maliyyə Nazirliyinin heç bir delikt törətmədiyi halda yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirildiyini və kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyətinin olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, bu hal iddianın rədd edilməsi üçün əsas deyildir.
46. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
47. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
48. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
49. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
50. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, nazirlik Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazılayan və dövlət düdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimləməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
51. Göründüyü kimi, burada Maliyyə Nazirliyi delikt törədən deyil, deliktə görə dövlət büdcəsindən ödənilməli olan vəsaiti idarə edən səlahiyyətli dövlət orqanı olaraq hazırkı mülki prosesə cavabdeh qismində cəlb edilmişdir.
52. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
53. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.
54. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər – qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb edilməməsi qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir.
55. Habelə, birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.
56. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan, MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4334/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.