Məhkəmə qərarları › İş №2(103)-7687/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7687/2021

22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7687/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(001)- 2777/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən 51 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün cavabdehin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 02 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4- cü bina, 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən 51 saylı mənzili pulunu tam ödəyərək almışdır. Mənzili 02 noyabr 2007-ci il tarixdən aldığı ilk gündən cavabdeh onun hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa, aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) "xxxx" MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün "xxxx" MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti X4 19 fevral 2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzlilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin fərmandan sonra mənzilinə çıxarış alınması üçün dəfələrlə cavabdehə Çıxarışın alınması üçün protokoldan çıxarışı və digər lazım olan sənədləri verilməsinə dair yazılı müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf həmin müraciətlərin yalnız birinə cavab vermişdir. Həmin yazılı cavabda sənədlərin verilməməsinin əsası kimi, MTK tərəfindən yazılmış uydurma borc məbləğinin istənilməsi və tərəfindən ödənilməsini tələb etməsidir. Cavabdeh heç bir əsas olmadan aldığı mənzilə heç bir borcu olmadığı təqdirdə çıxarışını almaq üçün protokoldan çıxarışı və digər lazımı sənədləri vermək üçün ondan və bina sakinlərindən qeyri-qanuni əsası olmayan kommunal pulu adı ilə pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməmişdir. Ölkə başçısının məlum fərmanından sonra cavabdeh özündən uydurma heç bir qanuna uyğun gəlməyən məbləği ondan və digər sakinlərdən tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il, tarixli 2(001)- 2777/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən 51 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokolundan çıxarışının İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2777/2021 saylı iş üzrə 08.04.2021-ci il tarixli qətnaməsininin əsassız olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2777/2021 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsi qanunsuzdur və ləğv edilməlidir. Birinci İnstansiya Məhkəməsi birtərəfli qaydada mübahisəni araşdırmaqla qərəzli mövqe nümayiş etdirmişdir. Komunal xidmət haqqı yaşayış mənzillərinin hər kvadratına 30 qəpik müəyyən edilmişdir ki, cavabdehin mənzili 136.981 kv/m olduğundan (136.98x0.3=41.094) cavabdehin mənzilinə düşən aylıq komunal xidmətlərə görə ödəniş 41.094 manat təşkil edir. Bu gunə ödənilməmiş cəmi borc 4305 manat təşkil edir. Beləliklə yaşayış kompleksində 465 yaşayış təyinatlı mənzil mövcuddur. Hazırda 357 mənzildə yaşayış mövcuddur. Toplanan komunal xidmət haqları hesabına çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər, pilləkan meydançaları, pilləkanlar, liftlər, digər umumi xidmət ərazilərinin təmizlənməsi, zibillərin daşınması, ümumi istifadə olunan ərazilərin işıqlandırılması, liftlərə nəzarət və lazım olduqda texniki xidmət, şaxtalar, su ambarı, nasosxana, hidroforlara, umumi həyətin təmizlənməsi və abadlaşdırılması, mühafizəsi və sair xidmətlər daxildir. Həmçinin bu illər ərzində MTK-nın işçilərinin (sədr, mühasib, komendant, elektrik, santexnik, 2 mühafizə, 2 xadimə, mexanik və fəhlə) əmək haqları ödənilmişdir. Həmçinin ümumi istifadə olunan ərazilərin işıqlandırılması ücün "Azərişığa", zibillərin daşınması üçün Binəqədi rayon Mənzil Kommunal Təsərüffatı Birliyinə məişət tullantılarının daşınması üçün, "xxxx" MMC-yə liftlərə göstərdiyi xidmətə görə hər ay "xxxx" MTK tərəfindən ödənişlər də olunur. "xxxx" MTK tərəfindən göstərilən xidmət haqları cavabdeh tərəfindən ödənilməməsi "xxxx" MTKnın Vergi və digər təşkilatlara qarşı borclarının yaranmasına səbəb olmuşdur. Birinci İnstansiya məhkəməsi tərəfindən tutulmuş mövqenin Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsinin əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 02 noyabr 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 4, blok 1, mərtəbə 3, ümumi sahəsi 136,98 kv.m yaşayış sahəsi, 4 otaqlı, 1 nömrəli yaşayış mənzilini payçıya verməyi öz öhdəsinə götürür. Payçı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 600 manat olmaqla, ümumilikdə icraçıya 82188 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsində MTK verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 02 noyabr 2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı qıznın həqiqətən də ev 4, 1ci blok, 3-ci mərtəbə, 136,98 kv.m sahəsi olan 4 otaqlı 1 saylı mənzili MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd 4 otaqlı mənzil üçün borcu yoxdur; İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvanlanmış ərizənin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı məlum fərmanına uyğun olaraq onların binası da istismara qəbul edilmişdir. Asan Xidmətə müraciət etsə də, ona protokoldan çıxarış olmadan çıxarış ala bilməyəcəyini bildirmişlər. Ona görə də yaşadığı ev üçün çıxarışın alınması üçün lazım olan protokoldan çıxarışı 15 iş günü ərzində ona təqdim edilməsi xahiş edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi ilə 02 noyabr 2017-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 4, blok 1, mərtəbə 3, ümumi sahəsi 136,98 kv.m yaşayış sahəsi, 4 otaqlı, 1 nömrəli yaşayış mənzilini payçıya verməyi və yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürür, payçı isə isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 600 manat olmaqla, ümumilikdə icraçıya 82188 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 02 noyabr 2017-ci il tarixli arayışa əsasən payçı İddiaçı qeyd olunan mənzil üçün borcu yoxdur. Hazırda iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini bildirərək, cavabdehdən mübahisəli mənzilin dövlət qeydiyyatına alınması üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir; 109-4.1 və 109-4.1.3-ci maddələrinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvünün hüququdur; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 02 noyabr 2007-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən müqavilədə göstərilən yaşayış sahəsinə görə tam ödəniş edilmiş, lakin iddiaçının qeyd olunan yaşayış sahəsinin üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hazırda iddiaçıya bunun üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı lazımdır. Bundan başqa, iddiaçının kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ da vardır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi də öhdəsinə götürmüşdür. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Kommunal xidmətlərə görə kooperativ üzvlərinin borcunun olması MTK-ya müvafiq sənədlərin verilməsindən imtina etməsi üçün əsas vermir, bu hal müvafiq tələblə bağlı yeni iddianın predmetidir, yəni MTKnın hazırki mübahisədə ləngitmə hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). İşin hallarından göründüyü kimi nə müqavilədə, nə də Mülki Məcəllədə MTK-nın belə bir hüququ təsbit edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən 51 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokolundan çıxarışının İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(006)-2777/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar