Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7690/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)- 3310/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbi"nə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona, yəni direktoru və təsisçisi olduğu "xxxx" MMC-yə vurulmuş 48.580 manat məbləğində zərərin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)- 3310/2022 nömrəli qərardadı ilə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilmişdir.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırda tələb etdiyi 48.580 manat Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan ümumi iddia məbləğinin 133.360 manatın daxilində olmaqla (bunu iddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir), ona artıq hüquqi qiymət verilmiş və bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırda İddiaçı mübahisələndirdiyi hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin məhkəmə baxışına qəbulu barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində maddi ziyan, itirilmiş mənfəət (əldən çıxmış fayda) olan 48580 manatın rədd edilməsi barədə bir cümlə də olsun yazılmamışdır. Belə ki, həmin qətnamədə məhkəmə tərəfindən 2000 manatın təmin edilməsi üçün təqdim edilmiş hüquqi yardımın göstərilməsi, həmçinin poçt, teleqraf, telefon və s. xərclərinin sənədlərini sübut kimi qəbul edilərək MPM-in 14.2-ci maddəsinə əsasən ondan istifadə edildiyi halda, maddi ziyan olan itirilmiş mənfəət (əldən çıxmış fayda) kimi ödənilməsi iddia olunan 48580 manatın sübutu kimi təqdim olunmuş MEM-nin 07 fevral 2014-cü il tarixli, 20896 nömrəli ekspert rəyinə heç bir münasibət bildirilməmişdir, hansı ki, həmin rəyin iş materiallarının içərisində olduğu qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir. Münasibət bildirilməyən həmin hissə barədə əlavə qətnamənin çıxarılması üçün ərizə ilə müraciət etsə də məhkəmə tərəfindən ərizədən imtina edilməsi haqqında 20 fevral 2018-ci il tarixli qərardad qəbul etmişdir. Apellyasiya və Ali Məhkəmələrə etdiyi şikayətlərə baxılan zaman da itirilmiş mənfəət (əldən çıxmış fayda) kimi ödənilməsi iddia olunan 48580 mant haqqında bir münasibət bldirilməmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(006)- 3310/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
10. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
11. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 133.360 manat ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiasını həmçinin onunla əsaslandırmışdır ki, MEM-nin 07 fevral 2014-cü il tarixli, 20896 nömrəli ekspert rəyindən görünür ki, 01 yanvar-31 iyul 2011-ci il dövrü ərzində iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin mənfəəti 8719.38 manat təşkil etmişdir. Hər bir aya 1245.63 manat düşmək hesabı ilə təhqiqat başlanan gündən Suraxanı rayon Məhkəməsinin qərar verdiyi günədək, yəni 39 ay ərzində təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyan 48580 manat təşkil edir. Bununla yanaşı məhkəmə məsrəfləri və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, eyni zamanda 39 aylıq dövr ərzində iddiaçının hüquqlarının müdafiəsi üçün sərf olunan rabitə və digər xərclər kimi cəm olaraq 3100 manat sərf edilmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi ziyan, maddi ziyandan az olmamaq şərti ilə 51680 manat, psixoloji və fiziki sarsıntıya görə isə vurulmuş zərər 30000 manat civarında ona ödənilməlidir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-643/2018 saylı qətnaməsi ilə həmin iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən İddiaçı xeyrinə 2000 manat məbləğində pulun tutulması qət edilmişdir.
15. Həmin qətnamədən görünür ki, məhkəmə hesab etmişdir ki, iddiaçının ona vurulmuş 133.360 manat məbləğində ziyanın tutulması barədə tələbi qismən 2000 manat məbləğində təmin edilməlidir. İddia məbləği qalan hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir.
16. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçı həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin – itirilmiş mənfəət olan 48580 manat maddi ziyan, 54680 manat mənəvi ziyan və 30000 manat psixoloji və fiziki sarsıntıya görə ziyan olan hissəsinə münasibət bildirilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-643/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Həmin qətnamədən görünür ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cinayət məsuliyyətinə cəlb edilməsi və uzun müddət araşdırma aparılması nəticəsində ona 2000 manatdan əlavə, 131.360 manat maddi-mənəvi zərər dəyməsini bildirsə də, istinad etdiyi məbləğlə və əsaslarla bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir.
19. İddiaçı qeyd olunan qətnamə ilə də razılaşmamış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi qismən – mənəvi zərərin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə apellyasiya baxışına qaytarılmışdır.
20. Kassasiya instansiya məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, “məhkəmə kollegiyası mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunmasına dair hissə istisna olmaqla iddia tələbinin qalan hissələri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və düzgün nəticəyə gəlmişdir”.
21. Qeyd olunan mülki işə təkrar olaraq apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-643/2018 saylı qətnaməsi qismən, mənəvi zərərin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iddia bu hissədə qismən, 1000 (bir min) manat məbləğində təmin edilmişdir, qalan hissədə, yəni maddi ziyanın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Bununla yanaşı hazırki iş üzrə birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı qeyd etmişdir ki, “hazırda tələb etdiyi 48.580 manat Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan ümumi iddia məbləğinin 133.360 manatın daxilində olmuşdur”
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir.
24. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işin sadalanan halları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış qətnamələrlə iddiaçının hazırda mübahisələndiriyi - təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona, yəni direktoru və təsisçisi olduğu "xxxx" MMC-yə vurulmuş 48.580 manat məbləğində zərərin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə iddiasına qiymət verilmiş, yekun olaraq həmin hissədə kassasiya instansiyası məhkəməsi (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı) apellyasiya instansiya məhkəməsinin (Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi) gəldiyi nəticə ilə razılaşmışdır. Həmin hissədə apellyasiya instansiya məhkəməsi isə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cinayət məsuliyyətinə cəlb edilməsi və uzun müddət araşdırma aparılması nəticəsində ona 2000 manatdan əlavə, 131.360 manat maddi-mənəvi zərər dəyməsini bildirsə də, istinad etdiyi məbləğlə və əsaslarla bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
28. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)-3310/2022 nömrəli qərardadın dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov