Məhkəmə qərarları › İş №2(103)-7698/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7698/2022

22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7698/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə və əlavə tikililərə istifadə hüququn tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)-1115/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə və əlavə tikililərə istifadə hüququn tanınması” tələbinə dair qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(003)-1115/2022 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Cavabdeh 10 oktyabr 2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, qətnamə 15 avqust 2022-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qətnamə 15 avqust 2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Cavabdeh şikayətində qətnamənin onun elektron kabinetinə 15 avqust 2022-ci il tarixdə yerləşdirilməsini mübahisələndirməmiş, yalnız qətnaməni poçt vasitəsilə 10 sentyabr 2022-ci il tarixə almasını əsas gətirərək apellyasiya şikayətini 10 oktyabr 2022-ci il tarixdə verməsini, bu səbəbdən də prosessual müddəti ötürməməsini göstərmişdir. Məhkəmə kollegiyasına şikayətinin dəlili ilə razılaşmayaraq yuxarıda qeyd edilənləri bir daha təkrarlayaraq bildirir ki, qətnamə 15 avqust 2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuşdur. Belə olan halda qətnamənin poçt vasitəsilə də sonradan alınması vəziyyəti dəyişdirmir. Yəni, bu hal prosessual müddətin axımının məhz qətnamənin ikinci dəfə (poçt vasitəsilə) alınması tarixindən hesablanmalı olması anlamına gəlmir. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün 15 sentyabr 2022-ci il tarixi olmuş, cavabdeh isə şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, 10 oktyabr 2022-ci il tarixdə vermişdir. Göründüyü kimi, hazırkı arpellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən verilmiş şikayətin qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə və əlavə tikililərə istifadə hüququn tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)-1115/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar