Məhkəmə qərarları › İş №2(103)-770/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-770/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-770/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-770/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 31 dekabr 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rusumun və vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, cəmi 66180 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 66000 manat pul verməlidir. Cavabdeh iddiaçıya 66000 manat pulun verməli olduğunu, onun özü tərəfindən yazmış olduğu qəbzdə da aydın görsənir. İddiaçıya verilməli olan məbləğin yaranma mənşəyi ilə əlaqədar olaraq bildirir ki, 2010-cü ildə özünə ev almaq istəmişdir. Bununla əlaqədar olaraq cavabdehin qardaşı olan X3 mənzil almaq üçün 75760 manat pul vermişdir. Lakin o, iddiaçını aldatmış və mənzili ala bilməmişdir. Aparılan cinayət işi ilə bağlı apellyasiya məhkəmə istintaqı zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, ərizə yaz X4 tərəfindən vurulmuş ziyan ödənilmişdir və sonra şəxsən özü 66000 manatı 1 il ərzində qaytaracaqdır. Lakin indiyə kimi heç nə yoxdur. Dəfələrlə cavabdehə həmin məbləğin verilməsi ilə əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə 66000 manat pulu verməkdən boyun qaçırır. Pulun verilməsi barədə müvafiq orqanlara dəfələrlə müraciət etsə də, bunun məhkəməyə aid olunduğu bildirilmişdir. Bütün bunlar maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. Bunları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1479/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 66.000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat, cəmi 66180 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir (Hakim: Anar İbadzadə).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməməsini xahiş etmişdir.

5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarından da aydın olduğu kimi iddiaçı tələb etdiyi pul vəsaitini cavabdehə deyil onun qardaşına vermişdir. Həmin pul vəsaitini isə qardaşı ev almaq məqsədilə borca götürmüş, geri qaytarmamışdır. Bununla bağlı olaraq şəxs (qardaşı) barəsində cinayət işi açılmış, onun əməlinə hüquqi qiymət verilərək hökm çıxarılmışdır. Həmin hökmdə də sözü gedən mübahisə predmeti olan pul vəsaiti ilə bağlı məsələyə də aydınlıq gətirilmiş, zərərçəkmiş şəxsə (hazırki iş üzrə iddiaçıya) geri qaytarılması öz əksini tapmışdır. Bundan savayı, iddiaçı tərəf məhkəmə prosesi zamanı digər bir ziddiyyətli izahat verərək qardaşına ev alınması məqsədilə vermiş olduğu pul vəsaitinin "xxxx" MTK-da cavabdehə verdiyini bildirmişdir. Cavabdeh ümumiyyətlə mənzillərin satışı ilə məşğul olan həmin şirkəti tanımamış, onun yerləşdiyi ünvanı, fəaliyyəti barədə məlumatlı olmamışdır. Necə ola bilər ki, tanımadığı bir ünvana gedərək pul vəsaitini qəbul etmiş olsun? Həmçinin, iddiaçı tərəf irəli sürdüyü mülahizəni də əsaslandıra bilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi bu izahatda absurd olub, ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözü gedən norma hazırki mülki iş üzrə tətbiq edilə bilməz. Belə ki, maddi normanın məzmunundan da aydın olduğu kimi öhdəliyin icra edilməməsi konkret üzərinə götürülmüş öhdəlikdən bəhs edir. Cavabdeh isə öhdəliyin icra edilməməsi kimi qiymətləndiriləcək hər hansı bir öhdəlik öz üzərimə götüməmiş, hər hansı bir vəd verməmişdir. Göründüyü kimi, hazırki mülki işdə öhdəliklə bağlı normalar tətbiq edilsə də, onun tətbiq edilməsinə əsas olan halların mövcud olmaması məhkəmənin diqqətindən yayınmışdır. Hazırki mübahisə ilə əlaqədar olaraq iddiaçı tərəfin cavabdehin qardaşına verdiyi pul vəsaitinin qaytarılmaması ilə bağlı olaraq digər məhkəmələrin icraatında cinayət işi olmuşdur. Həmin cinayət işi ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılmış, iddiaçı tərəf zərərçəkmiş qismində tanınaraq tərəfin verdiyi pul vəsaitinin ona geri qaytarılması hökmdə öz əksini tapmışdır. Belə olduğu halda iddiaçı tərəfin verdiyi pul vəsaiti iki dəfə ona geri qaytarılmış olur. Bu isə qanun pozuntusunun bariz nümunəsidir. Bu məsələ məhkəmənin diqqətinə dəfələrlə çatdırılmış, iddiaçı tərəfin tələbinin əsassız olduğu bildirilmişdir. Bundan başqa, məhkəmə mövcud olan qəbzin məzmununun borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərə uyğun gəldiyini qeyd etmişdir. Mülki qanunvericilik isə borc müqaviləsini konkret xarakterizə etmiş, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını müvafiq olaraq pulu borc verənə qaytarmağı öhdəsinə götürməli olduğunu vurğulamışdır. Cavabdeh ümumiyyətlə, sözü gedən əlyazmanı qəbul etmir. Göründüyü kimi hazırki mülki iş üzrə borc müqaviləsi və onun şərtlərinin pozulması halı mövcud deyildir. Buna görə də məhkəmənin qəbul etdiyi qətnamə tamamilə əsassızdır və məhkəmə qaydasında ləğv olunmalıdır. Cavabdeh iddiaçıdan hər hansı bir pul vəsaitini almamış, aldığı pul vəsaitinin ödənilməsi müqabilində öhdəlik götürməmişdir. Belə olan halda, məhkəmə necə ola bilərki sözü gedən mübahisəni borc müqaviləsi üzrə meydana gələn mübahisə kimi qiymətləndirmiş, eyni zamanda qanunvericiliyə uyğun olaraq borc müqaviləsinin şərtlərinə uyğun sövdələşmənin olması qənaətinə gəlmişdir?. Borc müqaviləsinə əsasən, bir tərəfə şərtləşdirilmiş borc predmetini borc alana verir, borc alan isə borc müqaviləsinin predmetinin qəbul edi lməsi halında öz üzərinə öhdəlik götürür, razılaşdırılmış vaxtda və qaydada qəbul edilən pulu geri qaytarmağı vəd edir. Hazırki mübahisə üzrə nə borc müqaviləsi, nə borc predmeti, nə də borc müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü bir öhdəlik yoxdur. Hətta tərəfin özünündə qeyd etdiyi kimi pul vəsaiti qardaşının xeyrinə borca verilmişdir. Məhz bu nöqteyi nəzərdən məhkəmə mülki işə tam araşdırıraraq mülki qanunvericilik üzrə pozulmuş hər hansı bir hüququnun olmamasını aydınlaşdırmalı və ona uyğun yekun akt qəbul etməli idi. Məhkəmə isə yalnızca birtərəfli işə baxaraq prosessual qanunvericliyin tələbini kobud surətdə pozmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili S.Əkbərov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

14. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Odur ki, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçı 2010-cü ildə özünə ev almaq istəmişdir. Bununla əlaqədar olaraq cavabdehin qardaşı olan X3 mənzil almaq üçün 75760 manat pul vermişdir. Daha sonra X2 barəsində Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Aparılan cinayət işi ilə bağlı apellyasiya məhkəmə istintaqı zaman cavabdeh iddiaçıya bildirmişdir ki, X4 tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair ərizə yazsın və sonra şəxsən özü 66000 manatı 1 il ərzində qaytaracaqdır. İddiaçı ilə cavabdeh 17 sentyabr 2019-cu il tarixli qəbzi imzalamışlar və həmin qəbzdən görünür ki, cavabdeh iddiaçıya 66000 manat borcludur və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür.

19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “...Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənəddəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1145 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya 66000 manat məbləğində borcu olması iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır”.

20. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini mülki qanunvericiliyin tələblərinə zidd hesab edir.

21. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gələrkən yalnız qəbzə və həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını göstərən ekspert rəyinə əsaslanmış, borc münasibətinin mənbəyini araşdırmamışdır.

22. İş materiallarından və iddia tələbinin məzmunundan görünür ki, cavabdeh iddiaçıya 66000 manat ödəməyi qardaşı Bəhruzun iddiaçıdan pul almasına görə öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində, cavabdeh işə apellyasiya şikayətində pulun həqiqətən də Quliyev Bəhruza verildiyini bildirilmişdir.

23. Göründüyü kimi, iddiaçının pulu Quliyev Bəhruza verməsi işin mübahsiələndirilməyən halını təşkil edir.

24. Kollegiya hesab edir ki, hazırda iddiaçının 66000 manat məbləğində pul vəsaiti tələb etməsi üçün istinad etdiyi qəbz borc münasibətlərinin əlamətlərini özündə ehtiva etmir və uydurma əqddir.

25. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

26. Qeyd edilən normanın tələbindən də aydın olur ki, iş materiallarında istinad edilən qəbz iddiaçı və cavabdeh borc münasibətinin tərəfi olduğu üçün deyil, iddiaçı tərəfindən Quliyev Bəhruza verilmiş pula görə görünüş üçün bağlanmış və əslində Cavabdeh deyil, Quliyev Bəhruza verilmiş pulun ödənilməsini təmin etmək məqsədi daşımışdır. Bu səbəbdən də, həmin əqd etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz.

27. Belə ki, Mülki Məcəllənin 522.1-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

28. Həmin Məcəllənin 522.2-ci maddəsinə görə isə, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

29. İş materiallarında borclunun əvəz edilməsi və öhdəliyin hazırki cavabdehə keçməsini və kreditorun buna razılıq verməsini göstərən hər hansı üçtərəfli razılaşma aşkar edilmir. Mülki Məcəllənin qeyd edilən müddəası borclunun əvəz edilməsini kreditorun razılığı və müqavilənin olması ilə şərtləndirdiyindən, həmin müddəanın tələbləri hazırki mülki iş üzrə tərəflərin münasibətinə tətbiq edilə bilməz. Belə olduğu təqdirdə, Quliyev Bəhruza verilmiş borcun Cavabdeh tələb edilməsi əsassızdır.

30. Cavabdeh apellyasiya şikayətində həmin qəbzi özü imzalamadığını bildirsə də, iş materiallarında olan ekspert rəyindən görünür ki, qəbzdə olan imza cavabdehə məxsusdur. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin rəyə istinad edilməsi məqsədəmüvafiqdir.

31. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əvvəla hökmdə hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində hər hansı bir şikayət və tələbinin olmaması onun iddia tələbindən imtina kimi qiymətləndirilə bilməz. İş materiallarında, həmçinin hökmdə İddiaçı cinayət işi üzrə icraat zamanı iddia tələbindən yazılı şəkildə imtina etməsi barədə hər hansı bir sənəd aşkar edilməmiş, həmçinin onun iddiadan imtinasının qəbul edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı mövcud deyildir.

32. Halbuki, Cinayət Prosessual Məcəllənin 180.1-ci maddəsinə əsasən, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.

33. Göründüyü kimi, İddiaçı cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs qismində Quliyev Bəhruza qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirməsi onun daha az cəza almasına şərait yaratmaq məqsədi daşımışdır. Çünki, o həmin vaxt borcunun Cavabdeh tərəfindən ödəniləcəyinə inanırdı.

34. Beləliklə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən borc qəbzi əslində iddiaçı və cavabdehin öhdəlik münasibətini əks etdirmədiyindən uydurma əqd kimi qiymətləndirilməli, bu səbəbdən də hər hansı hüquqi nəticəyə səbəb ola bilmədiyindən, eyni zamanda, cavabdehin cinayət mühakimə icraatı zamanı iddia tələbindən imtina etməsi və bu imtinanın təsdiq edilməsinə dair məhkəmə qərarı olmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

38. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar